Ovçu, arxiv şəkli

Həftəsonu, payız, beşatılan: On gün qov, bir gün ov

1111
(Yenilənib 13:41 01.11.2019)
"Ov etmək üçün icazə"ləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yalnız regional ekologiya və təbii sərvətlər idarələrindən əldə etmək olar

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 1 noyabr — Sputnik. "Hər il mayın sonu - iyunun əvvəlində ov mövsümü açıq elan edilir və növbəti ilin mart ayının əvvələrinədək davam edir. Təbii amillər və heyvanların bioloji xüsusiyyətləri nəzərə alınaraq, hər bir ov obyekti üçün ovun vaxtı ayrıca müəyyən edilir və bunun üçün mərhələli şəkildə icazə verilir".

Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafi Departamentinin sektor müdiri Bəhruz Məhəmmədov danışıb.

O qeyd edib ki, Azərbaycan ərazisində Dağıstan turu, çöl donuzu, dovşan, bataqlıq qunduzu (nutriya), cüllüt (qırıldayan cüllüt, ağquyruq çökükburun, kiçik kroşnep və çöl hamarquyruq cüllütü istisna olmaqla), qaz (ağqaş və qırmızıdöş qaz istisna olmaqla), ördək (ağgöz qara ördək, göydimdik, qılquyruq ördək və mərmərcürə istisna olmaqla), qaşqaldaq, alabaxta, bildirçin ovlanmasına icazə verilir.

"Dağıstan turu – (iyun ayının əvvəlindən – oktyabr ayının birinci ongünlüyünədək), çöl donuzu – (sentyabr ayının ortalarından – dekabr ayının ikinci ongünlüyünədək), dovşan – (noyabr ayının ortalarından – yanvar ayının birinci ongünlüyünədək), bataqlıq qunduzu (nutriya) – (oktyabr ayının əvvəlindən – fevral ayının ortalarınadək), cüllüt – (sentyabr ayının ortalarından – noyabr ayının ikinci ongünlüyünədək), su-bataqlıq quşları (qaz, ördək və qaşqaldaq) – (oktyabr ayının birinci ongünlüyündən – mart ayının əvvəllərinədək), alabaxta və bildirçin – (avqust ayının ikinci ongünlüyündən – noyabr ayının ortalarınadək) ovlana bilər", - deyə Bəhruz Məhəmmədov qeyd edib.

Lisenziya yenə yoxdur – Başıbəlalı birlik üzvləri yenə çətinlik yaşayır>>

Onun sözlərinə görə, ov yalnız müvafiq ovçuluq təsərrüfalarında və xüsusi müəyyən olunmuş ov sahələrində aparılır, lakin cəbhə bölgəsinə yaxın olan inzibati rayonların ərazilərində, eləcə də, Xəzər dənizinin adalarında, yaşıl zonalarda, şəhərlərin və digər yaşayış məntəqələrinin, həmçinin kurortların ətrafında 1,5-2 kilometrə qədər olan sahələrdə, xüsusi mühafizə olunan təbiət ərazilərində və onların sanitariya-mühafizə zonalarında qadağandır:

"Ov fəaliyyətinin həyata keçirildiyi ərazilər ov obyektlərinin növündən və xüsusiyyətlərindən asılı olaraq dəyişir. Məsələn, Dağıstan turu dağlıq zonada yaşadığı üçün onun ovu yalnız dağlıq ərazilərdə (Quba, Şəki, Zaqatala, Oğuz, İsmayıllı) aparıla bilər. Təbii ki, su-bataqlıq quşlarının ovuna eyniadlı ərazilərdə, dovşan ovuna isə yarımsəhra ərazilərində icazə verilir".

B.Məhəmmədov əlavə edib ki, yerli vətəndaşlar üçün "Ov etmək üçün icazə"ləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yalnız regional ekologiya və təbii sərvətlər idarələrindən əldə etmək olar. Bunun üçün ovçu ovçuluq biletini və heyvanlar aləmindən istifadəyə görə müvafiq ödənişin qəbzini təqdim etməlidir: "Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində ov etmək üçün icazənin verilməsi" ilə bağlı sənədlərin qəbulu isə ASAN xidmət vasitəsilə həyata keçirilir".

1111
Əlaqədar
Oğuzda canavar dörd nəfəri yaraladı - ikisi uşaqdır
Ekologiyaya qənim kəsilmiş 700-dək şəxs məsuliyyətə cəlb olunub
Kürü təmizləyirlər: "Qohumlarınızla danışın"
Ovuna icazə verilən heyvanların siyahısı açıqlandı
Ovçunun hobbisi başına bəla oldu