CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni təhsil müəssisəsini hər kəs səhv salır - bağçadır, yoxsa məktəb?

© AR Ministry of EducationДошкольная группа, фото из архива
Дошкольная группа, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Burada körpələr uşaq bağçasındakı kimi yemək və yatmaqla təmin olunmurlar və valideynlərin təhsil prosesində iştirakı vacib və mütləqdir

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 25 oktyabr — Sputnik. "İcma əsaslı məktəbəqədər təhsil" pilot layihəsi çərçivəsində hazırda 32 rayon (şəhər) üzrə ümumilikdə 320 icma əsaslı məktəbəqədər təhsil qrupu fəaliyyət göstərir. Sputnik Azərbaycan Təhsil Nazirliyinin məlumatına istinadla xəbər verir ki, 6197 nəfər 3 və 4 yaşlı uşaq bu qruplarda məktəbəqədər təhsilə cəlb edilib. Layihə çərçivəsində təlimlərdə iştirak etmiş 320 tərbiyəçi bu qruplarda çalışır.

Bakı məktəblərin birində tədris prosesi, arxiv şəkli - Sputnik Azərbaycan
ELM
Vəziyyət heç də acınacaqlı deyil, amma üzərində düşünüləsi məqamlar da var

3 və 4 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb edilməsi birmənalı qarşılanmır. Hələ başı oyuncaqlardan ayılmayan uşağın təhsilə cəlb edilməsini normal hesab etməyən şəxslər də az deyil.

Sputnik Azərbaycan bu məsələni araşdırıb. Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu il 120 minə yaxın beş yaşlı uşaq məktəbə cəlb olunub. Bu da həmən yaş həddinə aid uşaqların 50 faizə yaxını deməkdir.

Bununla yanaşı, 2-5 yaşlı 130 min uşaq da bağçalara cəlb olunub: "Amma ölkədə bağçalara uşaqların cəlb olunma faizi azdır. Bir çox rayonlarda uşaqlar bu imkandan bağçalar olmadığı üçün məhrumdur. İcma əsaslı məktəbəqədər təhsil qruplarının yaradılmasında əsas məqsəd məktəbəqədər təhsil müəssisələri ilə əhatə olunmayan yerlərdə 3-4 yaşlı uşaqlara məktəbəqədər təhsil imkanı qazandırmaq, eyni zamanda məktəbəqədər təhsilin keyfiyyətinin yaxşılaşdırılması, azyaşlıların ibtidai sinfə fiziki və psixoloji hazırlıqlı olmasına imkan yaradacaq".

K.Əsədov hesab edir ki, 3-4 yaşlı uşaqlar üçün təqdim olunan məşğələlər zamanı uşaqların 4 inkişaf dinamikası - sosial-emosional inkişaf, idrak və ümumi bilik, yaradıcı və fiziki inkişafı izlənilir ki, bu da erkən yaşlarda uşaqların istedadını ortaya çıxarmağa və yönləndirməyə imkan verəcək:

"Hesab edirəm ki, azyaşlıların təhsil müəssisələrinə cəlb olunması təhsilin əlçatımlılığı və əhatə dairəsinin genişləndirilməsi baxımından olduqca müsbət addımdır".

Məsələ ilə bağlı Təhsil Nazirliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, məktəbəqədər təhsil, evdəki öyrənmə mühiti və valideynlərin uşaqların öyrənmə prosesində yaxından iştirakı şagirdlərin nailiyyətlərinə təsir edən əsas elementlərdir. Belə ki, beynəlxalq qiymətləndirmələrə görə, erkən uşaq inkişafı şagirdlərin gələcəkdə tədris materiallarını daha yaxşı qavramalarına ciddi təsir göstərir.

Qeyd edilib ki, layihənin məqsədi ölkəmizdə məktəbəqədər təhsil müəssisələri ilə əhatə olunmayan yerlərdə məktəbəqədər təhsilə daha çox 3 və 4 yaşlı uşağın cəlb olunması, eyni zamanda məktəbəqədər təhsilin keyfiyyətinin yaxşılaşdırılmasında vətəndaş cəmiyyəti nümayəndələri və icma əsaslı qrupların, o cümlədən valideynlərin rolunu artırmaqdır.

Paytaxtın bir məktəbində "çevriliş" ediblər>>

"Öyrənmə və idrak inkişafı uşaq anadan olan kimi dərhal başlayır. Uşağın ilk 3 ili beyin və neyronların inkişafının başlandığı dövrdür. İlk 5 yaşda uşaqların həm özləri, həm də ətraf haqqında öyrəndikləri gələcək həyatlarının əsasını təşkil edir. Bu mərhələdə uşaqlar ətrafındakı adamlarla münasibətlər qurur, gələcək təhsil mərhələsi üçün ilk addımlarını atırlar. 

Erkən yaş uşaq inkişafı üzrə mütəxəssislərin fikrinə görə, məktəbəqədər təhsil proqramları uşağın sosial, emosional inkişafına təsir edir, uşaqların gələcəkdə məktəbə hazırlıq üçün daha yaxşı davranışa malik olması; özlərini ifadə edə bilməsi; cəmiyyətdə özünü bir fərd kimi qəbul etməsi; öz istedad və bacarıqlarından xəbərdar olması; bacarıqların daha yaxşı tərzdə üzə çıxmasına zəmin yaradır", - deyə məlumatda bildirilib.

Qeyd edilib ki, bu qruplar İcma əsaslı məktəbəqədər Uşaq Təhsil Mərkəzləridir və məktəbəqədər təhsildən (uşaq bağçası) aşağıdakılara görə fərqlənir:

1. Uşaqlar mərkəzdə yalnız 2-2,5 saat olurlar.

2. Bu müddət ərzində bir-biri ilə inteqrasiya təşkil edən, idrak-ümumi bilik, sosial-emosional, yaradıcı, fiziki, ətraf mühitlə bağlı inkişafı əhatə edən məşğələlər keçirilir.

3. Uşaq bağçasındakı kimi yemək və yatmaqla təmin olunmurlar.

4. Valideynlərin prosesdə iştirakı vacib və mütləqdir.

Məktəbli qız, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakıda qaraçı qızı sənədi olmadığı üçün şagird ola bilmir

5. Valideynlər üçün maarifləndirici görüşlər keçirilir.

6. Məşğələlərdə tərbiyəçi-müəllimlə birlikdə fəal iştirak edirlər.

Həmçinin bildirilib ki, bu mərkəzlərdə uşaqlar yazmaq, oxumaq öyrənmirlər, hərf keçmirlər, riyaziyyatla bağlı minimum biliklər əldə edirlər – 10-a qədər rəqəmləri tanımaq, saymaq, həndəsi fiqurlar (dairə, kvadrat, düzbucaqlı), az, çox, böyük, kiçik terminləri ilə tanış olurlar: "Buradakı biliklər və məlumatlar əyləncə formalarında verilir, bu yaş üçün vacib sayılan fiziki hərəkətlərə, oyunlara üstünlük verilir, uşaqlar bir-birlərindən, ətraf mühitdən öyrənirlər, sosiallaşırlar, davranış qaydalarını öyrənirlər. Mərkəzlərdə dərslik, dəftər, qələm yoxdur. Yalnız onların xırda motorikasının inkişafı üçün, yaradıcılıqları üçün rəngli karandaşlar, plastilin, pazl (mozaika), sulu boya, rəngli kağızlar, böyük motorikanın inkişafı üçün isveç divarı, toplar və digər fiziki oyunlar üçün avadanlıqlar, ümumi bilik və idrak inkişafı üçün leqolar, tərəvəzlər, heyvanlar və digər oyuncaqlar var".

Xəbər lenti
0