CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu gün onların günüdür - Azərbaycanda kəndli qadınlar nə edirlər?

© Sputnik / Shahperi AbbasovaTükəzban Hüseynova
Tükəzban Hüseynova - Sputnik Azərbaycan
Abunə olmaq
BMT hesabatlarında qeyd olunur ki, qadınların torpaq əldə etmək imkanı olarsa, ev təsərrüfatlarının rifahı və kənd təsərrüfatının məhsuldarlığı daha da yaxşılaşar

 

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 14 oktyabr — Sputnik. Bu gün kənd qadınları dünya əhalisinin  ¼-ni təşkil edir. Buna baxmayaraq onlar digərləri ilə müqayisədə hüquqları daha çox pozulan tərəfdirlər. Ümumilikdə dünyada kənd təsərrüfatı sahəsində işləyənlərin 43 faizini təşkil edən qadınların əksəriyyəti çox vaxt torpağa sahiblənmək hüququna malik olmaq, su, gübrə və toxum almaq, kredit əldə etmək imkanlarından məhrum olurlar. Şəhər qadınları ilə müqayisədə belə qadınlar daha çox ödənişsiz işlərə cəlb olunur.

Araşdırmalar isə göstərir ki, bu gün kənd qadınları arasında yayılan ən böyük problem erkən evlilikdir. Bu qadınların hüquqlarının qorunması məqsədilə BMT 2008-ci ildən etibarən 15 oktyabrı Beynəlxalq Kənd Qadınları Günü kimi qeyd etmək barədə qərar verib. 

BMT hesabatlarında qeyd olunur ki, qadınların torpaq əldə etmək imkanı olarsa, ev təsərrüfatlarının rifahı və kənd təsərrüfatının məhsuldarlığı daha da yaxşılaşar. Hesablamalara görə, qadın fermerlər kişilərlə bərabər hüquqlara malik olsalar, müxtəlif üstünlüklər əldə edə bilsələr, məhsulun artımına, bununla da 150 milyondan artıq insanın aclıqla bağlı problemlərinin həllinə töhfə verə bilərlər. 

Maraqlıdır, Azərbaycanda kənd qadınlarının hüquqları, onların karyera imkanları necədir?

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdir müavini Aynur Veysəlova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu gün qadınların özlərini ifadə edə bilmələri üçün ölkəmizdə münbit şərait yaradılıb. Şəhərlərlə yanaşı, kəndlərdə də sahibkar qadınların sayı artmaqdadır. Elə Kəndli Qadınlar Assosasiyasının yaradılması da bu işə özünün müsbət töhfəsini verib.

Veysəlova kənd qadınlarının təhsil səviyyəsindən bəhs edərkən deyib ki, son illərdə ölkəmizdə kənd qızları arasında ali təhsil alanların sayında artım qeydə alınıb. Hətta gənc qızlar arasında xaricdə təhsil alanlar da var. O, buna Qubada doğulub-böyüyən Reyhan Camalovanı misal göstərib.

© Sputnik / Shahperi AbbasovaTükəzban Hüseynova
Bu gün onların günüdür - Azərbaycanda kəndli qadınlar nə edirlər? - Sputnik Azərbaycan
Tükəzban Hüseynova

Komitə nümayəndəsinin sözlərinə görə, onlar Dövlət İmtahan Mərkəzinin nəticələrini araşdıraraq hansı bölgələrdə öncəki illərlə müqayisədə qızların ali təhsil alma rəqəmlərində azalmaların olduğunu aşkarlayır, bu istiqamətdə müvafiq addımlar atırlar.

"Amma belə müsbət tendensiyalarla yanaşı, ali təhsil ala bilməyən qızlar da var. Bu, yanlış stereotiplərin nəticəsidir. Komitə üzərinə düşən öhdəliklərə əməl edərək onların təhsildən yayınmasının qarşısını almaq üçün müəyyən tədbirlər görür. Qızların təhsildən yayınmasının, erkən nikahlara cəlb olunmasının qarşısını almaq üçün maarifləndirici təlimləri davam etdirir, belə gənc qızların təhsil problemlərini həll edir, erkən nikaha cəlb olunma hallarının qarşısını alırıq. Bu istiqamətdə yerlərdə icra hakimiyyətlərinin yanında yaradılan monitorinq qrupları da müəyyən işlər görür”, - deyə o əlavə edib.

Veysəlova bu problemlə əlaqədar olaraq, “Kənd yerlərində qadınların sosial-iqtisadi həyata təşviqi” layihəsini də həyata keçirdiklərini deyib: "2011-ci ildən BMT-nin İnkişaf  Proqramı çərçivəsində start verilən bu layihəyə başlayanda, qarşımızda bir əsas sual dayanırdı: görəsən, bu qadınları layihəyə cəlb edə biləcəyikmi? Bu sualların yaranmasına əsas səbəb isə onların aztəminatlı ailələrdən olması, bir qisminin uğursuz ailələrdən çıxması, bəzilərinin isə məişət zorakılığının qurbanına çevrilməsi idi. Artıq 6 minədək qadın bu layihədən bəhrələnib ki, bu da kiçik rəqəm deyil. Bu, onların bilik və peşə təhsillərini artırdıqlarını göstərir. Hazırda həmin qadınlardan 145-i şəxsi biznesini quraraq fəaliyyətə başlayıb".

Komitə nümayəndəsinini dediyinə görə, təlimlər çərçivəsində bu qadınlara maliyyə resurslarını necə qura bilmələri, biliklərini necə artır bilmələri ilə bağlı mütəmadi məlumatlar verilir. Onlara maliyyə savadlılığı, toxumları necə seçmələri və s. kimi keyfiyyətlər aşılanır. Nəticədə həmin qadınlar özləri üçün yeni əmək bazarları axtarır, bacarıqlarını daha da inkişaf etdirirlər.

© Sputnik / Shahperi AbbasovaGüldən nənə
Bu gün onların günüdür - Azərbaycanda kəndli qadınlar nə edirlər? - Sputnik Azərbaycan
Güldən nənə

Veysəlova qeyd edib ki, bir müddət öncə qadın sahibkarlığının inkişafı üzrə forumda fermerlik fəaliyyəti ilə məşğul olan qadınların məhsullarının sərgisi təşkil olunub. Onlar digər kəndli qadınlar üçün də stimul yaradıblar. Bunun nəticəsidir ki, bir zaman işə ehtiyacı olan qadın indi işəgötürən qadına çevrilib. 

Erkən nikahlar və kənd yerlərində yaşayan qadınların hüquqları ilə bağlı məsələyə toxunan Komitə yetkilisi qeyd edib ki, ölkəmizdə erkən nikahların sayı bir neçə dəfə azalıb:

“2011-ci ildə 18 yaşadək nikaha daxil olan qızların sayı 5 min 138 idisə, 2018-ci ildə bu rəqəm cəmi 338 olub. Bu qadınların hüquqlarına gəldikdə isə deyə bilərəm ki, kənd yerlərində hüquqlarını bilən qadınların sayı azdır".

Veysəlova Komitənin bütün sahələrdə qadınları işə təşviq etdiyini də deyib. Onun sözlərinə görə, hazırda kənd qadınlarının təşviqi ilə bağlı“ABAD” (Ailə Biznesinə ASAN Dəstək) publik hüquqi şəxs və AR Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən də müəyyən işlər görülür. 401 "ABAD"çının təxminən 58%-ni  qadınlar təşkil edir. Onlardan 62-i müxtəlif regionlardandır.

Xəbər lenti
0