CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tər töküb işləyənlərin “qanı” yerdə qalmayacaq – Hər şey mühafizə olunacaq

© AFP 2023 / Johannes EISELE Bənna, arxiv şəkli
Bənna, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Əgər aparıcı dövlətlərdə milli gəlirin, ÜDM-in təxminən 70 faizə yaxını əməyin ödənilməsinə yönəldilirsə, bizdə bu, uzun illər 20-25 faiz təşkil edib"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 13 oktyabr — Sputnik. Nazirlər Kabinetinin qərarı ilə sentyabrın 27-də Dövlət Əməyin Mühafizəsi Fondu yaradılıb və Əsasnaməsi təsdiq edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, Fondun məqsədi ölkədə əməyin mühafizəsi sahəsində vahid dövlət siyasətinə uyğun olaraq həyata keçirilən əməyin mühafizəsi tədbirlərinə maddi-texniki dəstək verməkdir. Fondun idarə edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən həyata keçiriləcək.

Пачки азербайджанских манатов и калькулятор - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Azərbaycanda minimum əmək haqqı artdı

Fondun yaradılması ilə bağlı Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyib ki, uzun illər ölkəmizdə əmək sahəsində ciddi problemlər var idi: "Çünki Sovet İttifaqı dağılandan sonra Azərbaycanda milli gəlirin ödənilməsi ənənəvi olaraq aşağı göstəricilər ilə ifadə olunurdu. Ona görə də son illərdə, hətta son aylarda dövlət başçısı tərəfindən sosial paketə aid bir sıra silsilə tipli qərarların verilməsi onu deməyə əsas verir ki, artıq bu sahə prioritet istiqamətə çevrilməkdədir. Belə olan halda əməkhaqqı, əməyin ödənilməsi rəqəmləri yüksəlməlidir. Çünki əməkhaqqının ümumi daxili məhsula (ÜDM), milli gəlirə nisbəti baxımından çox ciddi addımlar atmalıyıq".

O bildirib ki, digər tərəfdən, bu addımların atılması əməyin mühafizəsi ilə bağlı məsələlərin daha da aktuallaşmasını diktə edir: "Bütövlükdə dünya iqtisadiyyatında baş verən proseslər insan kapitalının, əmək haqlarının yüksəldilməsi istiqamətində hərəkət edir. Azərbaycan bu işlərdən kənarda qala bilməz. Əgər aparıcı dövlətlərdə milli gəlirin, ÜDM-in təxminən 70 faizə yaxını əməyin ödənilməsinə yönəldilirsə, bizdə bu, uzun illər 20-25 faiz təşkil edib. Bu baxımdan əmək demək olar ki, ən çətin vəziyyətdə olan istehsal komponentidir. Ona görə də bu istiqamətdə görülən tədbirlərə ciddi ehtiyac var".

"Bu Fondun yaradılması institusional bir addımdır. Amma bunun nə qədər effektiv olacağını indidən demək çətindir. Çünki ən yaxşı institutların belə idarə edilməsində effektivlik olmayanda iqtisadiyyata mənfi nəticələrin gətirdiyinin şahidi olmuşuq. Yeni institut olan bu Fondun müəyyən xərcləri olacaq və bu dövlətin üzərinə düşəcək. Bu baxımdan ən mühüm məqam Fondun effektivliyinin təmin olunmasıdır. Əgər effektivlik təmin olunsa, burada fəaliyyət üçün böyük sahə var, amma yenə də çox şey menecmentdən, idarəetmədən asılı olacaq", – deyə ekspert qeyd edib.

O əlavə edib ki, Fondun vəsaitindən əməyin mühafizəsi normaları, standartlarının hazırlanmasında istifadə edilməsi lazımlı məsələdir: "Bu gün Azərbaycanda əməyin mühafizəsi ilə bağlı bir çox metodik göstərişlər, onunla bağlı hazırlanmış metodologiya köhnəlib. Aidiyyəti qurumlar burada ciddi şəkildə iştirak etməlidirlər. Bütövlükdə yanaşma düzgündür və bu istiqamətdə islahatlara ehtiyac var".

Передача денег из рук в руки - Sputnik Azərbaycan
CƏMİYYƏT
Əmək Müfəttişliyi məvaciblə bağlı işəgötürənlərə xəbərdarlıq etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, hazırda yeni Fondun fəaliyyətə başlaması üçün təşkilati işlər aparılır: "Belə bir Fondun yaradılması ölkəmizdə işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsinin dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu göstərir. Əməyin mühafizəsi üzrə elmi tədqiqat işlərinin maliyyələşdirilməsi Fondun vəsaitindən istifadənin istiqamətlərindən biri kimi müəyyən olunub. Bu da əməyin mühafizəsi sisteminin təkmilləşdirilməsinə yönələn yeni elmi araşdırmaların aparılmasını və geniş miqyas almasını stimullaşdıracaq. Ölkədə əməyin mühafizəsi üzrə kadr potensialının artırılması, iqtisadiyyatın müxtəlif sahələrində əməyin təhlükəsizliyi üzrə mütəxəssislərin hazırlanması kimi mühüm istiqamətdə də Fondun vəsaitindən istifadə olunacaq".

Bildirilib ki, qeyd edilən vəsait həmçinin əməyin mühafizəsi normaları, standartları və qaydalarının hazırlanmasına, əməyin mühafizəsi sahəsində təbliğat və maarifləndirmə işlərinə, bu sahədə fəaliyyət göstərən dövlət orqanlarının maddi-texniki bazasının yaradılmasına və inkişafına yönəldiləcək. O cümlədən müvafiq sahədə müasir tələblərə cavab verən və əməyin mühafizəsi üzrə fəaliyyət sferasında tətbiqi zəruri olan texnoloji qurğuların, cihazların, avadanlıqların və s. alınmasında yeni yaradılan Fond mühüm dəstək rolunu oynayacaq.

Qeyd edilib ki, əməyin mühafizəsi sahəsində nəzarət və monitorinqlərin təşkili və həyata keçirilməsi, əmək münasibətləri, məşğulluq, sosial müdafiə və təminat istiqamətdə dövlət və regional proqramların hazırlanması və yerinə yetirilməsi, habelə digər istiqamətlərdə Dövlət Əməyin Mühafizəsi Fondunun maliyyə dəstəyi təmin olunacaq.

Fondun vəsaiti istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanı həyata keçirən sığortaçıların könüllü ödəmələrindən, eləcə də müəssisələrin və vətəndaşların könüllü şəkildə ödədikləri vəsaitlərdən və başqa ödəmələrdən formalaşacaq.

Yaxın vaxtlarda işəgötürənlər "Əmək müqaviləsi bildirişləri" altsistemində əmək müqavilələrini qeydiyyata alarkən, paralel olaraq işçilərini istehsalatda bədbəxt hadisələrdən elektron formada icbari sığorta edə biləcəklər.

Yeni Fond ölkəmizdə əməyin mühafizəsi tədbirlərinə sistemli şəkildə maddi-texniki dəstəyi təmin etməklə, işçilərin həyat və sağlamlığının qorunması kimi vacib məqsədə xidmət edəcək. İş yerlərində əməyin mühafizəsi norma və standartlarının təmin olunmasının istehsalatda əmək məhsuldarlığının artımına da müsbət təsiri nəzərə alındıqda, yeni Fondun iqtisadi əhəmiyyəti də özünü göstərəcək.

Qeyd edək ki Fondun vəsaitlərindən istifadə olunması haqqında ilin yekunlarına görə hesabat ƏƏSMN tərəfindən hazırlanaraq Maliyyə Nazirliyinə təqdim olunacaq. Fondda olan vəsaitlərdən səmərəli istifadə olunmasına ƏƏSMN və Maliyyə Nazirliyi tərəfindən nəzarət ediləcək.

Xəbər lenti
0