Tullantılar, arxiv şəkli

Demədi deməyin, bunu etsəniz, cərimələnəcəksiniz

54
(Yenilənib 22:49 08.10.2019)
Yaşayış məntəqələrinin və müəssisələrin əraziləri, bina və tikililərin yanğına qarşı ara məsafələri vaxtında yanar tullantılardan, zibildən, quru otlardan, tökülmüş yarpaqlardan və digər yanar materiallardan təmizlənməlidir

BAKI, 8 oktyabr — Sputnik. Yanğınların təhlili göstərir ki, açıq sahələrdə, zibil yığılmış ərazilərdə, qamışlıq və kol-kosda baş vermiş yanğınların statistikasında son zamanlar artım dinamikası müşahidə olunur. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda qeyd edilib.

Bəzi hallarda yanğının eyni ünvanda dövrü olaraq təkrarən qeydə alınmasını nəzərə alaraq, bildiririk ki, Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydalarının ərazinin saxlanılmasına dair yanğın təhlükəsizliyi tələbinə görə, yaşayış məntəqələrinin və müəssisələrin əraziləri, bina və tikililərin yanğına qarşı ara məsafələri vaxtında yanar tullantılardan, zibildən, quru otlardan, tökülmüş yarpaqlardan və digər yanar materiallardan təmizlənməlidir. Sözügedən tələb icra edilmədiyi təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518-ci maddəsinə uyğun olaraq, "Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi"nə görə inzibati məsuliyyət nəzərdə tutulub.

Bildiririk ki, yuxarıda qeyd olunan səbəblərdən baş verən yanğın hadisələrinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunur, nəticədə bu işlərə əlavə güc sərf edilir, texnika aşınır, dövlət büdcəsindən külli miqdarda vəsaitin xərclənməsinə səbəb olur.

Yanğın nəzarəti funksiyasını həyata keçirən orqan olaraq mütəmadi olaraq tərəfimizdən yanğın təhlükəli sahələr müəyyən olunur və bu nöqsanların aradan qaldırılması məqsədilə aidiyyəti üzrə rəsmi müraciətlər edilir. Hazırda respublikanın şəhər və rayonlarında yerli icra strukturları və bələdiyyələrin iştirakı ilə əvvəlcədən müəyyən edilib, təyinatı üzrə zibilxana kimi nəzərdə tutulmayan ünvanlardan məişət tullantılarının, həmçinin yolların və müxtəlif təyinatlı obyektlərin bilavasitə yaxınlığında olan quru kol-kos və s. ərazilərin təmizlənməsi, müvafiq yerlərə daşınması işləri həyata keçirilir.

54
Bərdə rayonunun Çələbilər kəndində artezian quyusu

Sovet vaxtında qadağan edilən su indi qızıl qiymətinədir - tapa bilənə halal olsun

65
(Yenilənib 19:40 14.08.2020)
Bərdə rayonunun Çələbilər kəndinin əhalisi hələ sovet dövründə içilməsi məsləhət bilinməyən su ilə dolanır. O suyu əldə etmək isə başqa bir macəradır.

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 14 avqust — Sputnik. Bərdə rayonunun Çələbilər kəndində içməli sudan ötrü sakinlər sözün həqiqi mənasında haray çəkirlər. İçməli su götürmək üçün adamlar qablarını kəndin mərkəzindəki arteziandan doldururlar. Bu barədə Sputnik Azərbaycan-a danışan kənd sakinləri hazırda istifadə olunan artezian quyusunun 1972-ci ildə əkin sahələrini suvarmaq məqsədilə qazıldığını deyiblər. 1200 nəfər çələbili aradan 50 il keçməsinə baxmayaraq indi də bu artezianın ümidinə qalıb. Kənddə yaşayanlar arasında yod xassəli xəstəliklərin artmasını da onlar məhz içdikləri suyun normaya uyğun olmaması ilə bağlayırlar.

Çələbilər kənd sakini Etibar Zakirov əsas problemlərindən birincisinin içməli su olduğunu deyir: "Biz də istəyirik ki, rahatlığımız olsun, təzə artezian quyusu qazılıb, küçələrimizə su verilsin. Hər birimizin evinə verilməsə də, iki-üç evdən bir küçələrdə içməli su kranları quraşdırılsın. Başqa kəndlərdə olduğu kimi, bizim də içməli su ilə təmin olunmağımıza köməklik göstərilsin".

Onun sözlərinə görə, əkin-biçinlə məşğul olduqlarından qızmar günəş altında tarlada işləyib, evə qayıdanda əl-üz yumağa, içməyə su tapa bilmirlər. İstirahət vaxtını da kəndin mərkəzindəki arteziandan su götürmək üçün gedib-qayıtmağa sərf edirlər -  sabahı gün də eyni mənzərə.

© Sputnik / Musa Muradli
Bərdə rayonunun Çələbilər kəndində artezian quyusu

"İçməli su sarıdan çətinlik çəkirik. Qadınlarımız tarlalarda işləyib evə qayıdır, sonra da uzaq məsafədən yorğun gəlib buradan su aparırlar. Ona görə də evlərə içməli su çəkilsə, yaxşı olar. Əgər bu mümkün deyilsə, evlərin yaxınlığında bulaqların qurulması da bizi qane edir. Yetər ki, kəndimizin içməli su problemi azacıq da olsa, yüngülləşsin", - Çələbilər kənd sakini Elzamin Şirinov şikayətlənir.

Elzamin Şirinov bildirir ki, içməli suyu daşımaq üçün çox vaxt həyat yoldaşına kömək edir. Gecə vaxtı itlərin hücumundan ehtiyatlandığı üçün həyat yoldaşının əvəzinə su aparmağa gəlir. Kənd yerlərində adətən suyu hər evin öz xanımı səhəng, ya da güyümlə daşıyır. Çələbilər kəndində də içməli suyun evlərdən uzaqda yerləşməsi bilavasitə qadınların qayğısını artırıb.

Çələbilər kəndinin digər sakini Zahir Mahmudov sosial inkişafdan geridə qaldıqlarını söyləyir: "İndiki vaxtda kəndlərin sosial inkişafı istiqamətində layihələr gerçəkləşdirilir, amma biz hələ də içməli su problemi yaşayırıq".

Zahir Mahmudovun sözlərinə görə məsələ ilə bağlı yerli hakimiyyət orqanlarına müraciətlər edib, yuxarı hakimiyyət orqanlarına da məktub göndəriblər. Ümid edir ki, içməli su ilə bağlı çətinliklərinin aradan qaldırılmasında onlara lazım olan dəstək veriləcək.

"Tarladan evə dönəndə birinci su içib, sərinləməyə ehtiyac duyduğun halda biz bu imkandan məhrumuq. Başqa kəndlərdə sakinlərin problemləri tədricən həll olunur. Evlərə, küçələrə su çəkilir. Bizim kəndimizdə isə içməli su problemi qalır", – Sahibə Əzizovanın gileyini həmkəndliləri Nuridə Behbudova və Çimnaz Rəsulova da təkrarlayırlar.

Çələbilər kənd sakinlərinin adından yuxarı hakimiyyət orqanlarına məktub yazan Mübariz Əzizov bildirir ki, hələ ötən ilin aprel-mart ayında "Azərsu" ASC-yə və daha yuxarı instansiyalara problemlərinin həllinə dəstək olmaq üçün müraciət ediblər. Məktuba cavab gəlsə də bu günə qədər iş görülməyib.

© Sputnik / Musa Muradli
Bərdə rayonunun Çələbilər kəndində artezian quyusu

"Kəndimizdə 147 şagird var. Uşağımız da, böyüyümüz də - hamı bu iylənmiş sudan istifadə edir. Bu da bizim sağlamlığımıza zərərdir. Sovet hökumətinin vaxtında hətta bu sudan içmək qadağan edilmişdi. Analiz nəticələrinə görə, içməli su kimi yararsız olduğu müəyyənləşdirilmişdi. Bu quyu ancaq əkin suvarmaq üçün qazılıb", - deyə Mübariz Əzizov əlavə edib.

Bərdə rayon İcra Hakimiyyəti başçısının Çələbilər kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Faiq Musayev Sputnik Azərbaycan-a bildirib ki, kəndin içməli su problemi həm başçının, həm də deputat Zahid Orucun nəzərinə çatdırılıb. Məsələ ilə bağlı "Azərsu"nun mütəxəssisləri kənddə olublar. Çələbilər kəndindəki içməli su problemi artıq nəzarətdədir. Güman etmək olar ki, məsələ müsbət həllini tapacaq.

65
Əlaqədar
Vaxtında edilmiş ixtira: Cəlilabad sakini azərbaycanlıları su qıtlığından qurtaracaq
Cənub Muğan kanalı quruyub – Onlarla kənd susuz qalıb
Neftçalalılar üçün su gəldi, amma heç gözləmədikləri yerdən
İstəmirəm qram-qram... Yeddi çaydan bir qurtum ala bilməyənlərin əsəbi tarıma çəkilib
Vəziyyət gərgindir - Kranlara su noyabrda gələ bilər
Nişan üzükləri, arxiv şəkli

Evli olmayanları tapıb evləndirirlər

6
(Yenilənib 19:30 14.08.2020)
"Qeydiyyat şöbəsi tərəfindən onların tibbi müayinədən keçirilməsinə köməkliklər edilib və ərizələri qəbul olunaraq nikahları bağlanıb" - Reyhan Kərimova

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 14 avqust — Sputnik. "Ədliyyə Nazirliyinin əməkdaşları tərəfindən bölgələrdə doğumun qeydiyyata alınması ilə yanaşı, qeyri-rəsmi nikahlarla bağlı olaraq da maariflənmə işləri aparılır və rəsmi nikahın mahiyyəti, bu zaman həm tərəflərin, həm də bu münasibətdən doğulan körpənin bütün hüquqlarının qorunmasının önəmi haqda məlumat verilir".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhan Kərimova deyib. O bildirib ki, 2019-cu ildə 1395, cari ilin 6 ayında isə 454 faktiki nikah münasibətində olan belə ailələr aşkarlanıb: "Qeydiyyat şöbəsi tərəfindən onların tibbi müayinədən keçirilməsinə köməkliklər edilib və ərizələri qəbul olunaraq nikahları bağlanıb".

6
Əlaqədar
Nikaha hazırlaşanların sayı artdı - Aralarında xoş olmayan xəbər alanlar da var
Azərbaycanda boşanmalar niyə artır - Düzəlmişdi hər yarağımız...
Erkən nikahlarla bağlı mövzular dərsliklərə nə məqsədlə salınıb
Azərbaycanlı müğənni karantini gözləməkdən yoruldu və ərə getdi
BMT: Dünyada cinsi ayrıseçkilik səbəbindən "itirilmiş" qızların sayı 140 milyondur
Neft nasosu və tanker, arxiv şəkli

İqtisadiyyat siyasəti sıxışdırıb: ABŞ Rusiyanın ən yaxşı müştəriləri sırasında

0
(Yenilənib 19:45 14.08.2020)
ABŞ özünü Venesuelanın ağır neftindən məhrum edib. Səudiyyə Ərəbistanı isə hasilatı artırmır. Nəticədə iqtisadiyyat siyasəti sıxışdırıb və ABŞ Rusiyaya müraciət etmək məcburiyyətində qalıb.

BAKI, 14 avqust — Sputnik, Natalya Dembinskaya. Yarım il ərzində ABŞ Rusiyadan 9 milyon tondan artıq neft məhsulu alıb — bu, 2004-cü ildən bəri rekord göstəricidir. Eyni zamanda, Vaşinqton Avropanın Rusiyanın enerji resurslarından asılılığının güclənməsinə imkan verməmək üçün "Şimal Axını 2" layihəsini hər vəchlə dayandırmağa çalışır. Bəs niyə amerikalılar özləri Rusiyanın enerji resurslarını alırlar? Cavabı RİA Novosti-də.

Rekord ixrac

Rusiya yanvar-iyul aylarında ABŞ-a neft məhsullarının satışından 2,2 milyard dollar qazanıb – bunlar Federal Gömrük Xidmətinin məlumatlarıdır. Okeanın o tayına 7,46 milyon tondan çox neft məhsulu göndərilib ki, bu da ümumi ixracın 12 faizidir. Hamıdan çox Niderland alıb – 12,19 milyon ton, amerikalılar ikinci yerdədirlər, üçüncü isə 4,4 milyon ton ilə Maltadır.

Özü də Niderland və Malta tranzit hablarıdır – oradan neft məhsulları başqa ölkələrə göndərilir. Yəni ABŞ-a faktiki ixrac daha da yüksək ola bilər, çünki Federal Gömrük Xidməti bu cür tədarükləri nəzərə almır.

Həqiqətən də ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına görə, ilin ilk beş ayında Rusiya neftinin Amerika tərəfindən idxalı 68 milyon barelə və ya 9,3 milyon tona çatıb. Bu, Federal Gömrük Xidmətinin altı ay üçün olan rəqəmlərindən çoxdur, çünki EIA göndərən ölkəni deyil, istehsalçını qeyd edir.

Bundan başqa, iyulda amerikalılar Rusiya mazutunun tədarükünü artırıblar — iyuna nisbətən 16 faiz çox.

Əvəz etmək üçün heç nə yoxdur

Məsələ bundadır ki, ABŞ özünü Venesuelanın ağır neftindən məhrum edib. Bir sıra neft emalı müəssisələrinin texnologiyası isə yalnız Perm hövzəsindən və Qərbi Texasdan gələn yüngül neftdən istifadə etməyə imkan vermir. Onu Venesueladan alınan ağır neftlə qarışdırmaq lazımdır. Lakin Trampın Venesuelanın PVSDA dövlət şirkətinə qarşı sanksiyalar tətbiq etməsindən sonra Amerikanın neft emalı zavodlarında xammalla bağlı ciddi problemlər yaranıb.

"Citgo Petroleum", "Valero Energy", "Chevron" da daxil olmaqla Meksika körfəzi və şərq sahillərinin zavodları ən çətin vəziyyətə düşüb.

Səudiyyə Ərəbistanının kimyəvi tərkibcə yaxın olan nefti alternativ ola bilərdi, lakin səudiyyəlilər hasilatı artırmaqdan imtina ediblər. Nəticədə iqtisadiyyat siyasəti sıxışdırıb – ABŞ Rusiyaya müraciət etmək məcburiyyətində qalıb.

"Vaşinqton "Qazprom"un "Şimal Axını 2" kəmərinin tikintisinin başa çatdırmasına imkan verməmək üçün əlindən gələni edir. Lakin bu, iqtisadi maraqların üst-üstə düşməsi halında əməkdaşlığa mane olmur", - "Alpari" İnformasiya-Analitik Mərkəzinin rəhbəri Aleksandr Razuvayev qeyd edib.

"Dünyada baş verən son geosiyasi hadisələr neft bazarını Rusiyanın xeyrinə dəyişib. Çünki ABŞ digər iki ölkədən tədarükdən imtina edib və onlara qarşı sanksiyalar tətbiq edib. Beləliklə, "Urals" nefti yeganə əlverişli ağır neft növünə çevrilib", - "A3F Group" şirkətlər qrupunun həmtəsisçisi Aleksandr Dujnikov deyib.

Uyğun xüsusiyyətlərinə əlavə olaraq, Rusiya xammalı qiymətinə görə cəlbedicidir. Maliyyə Nazirliyinin məlumatına görə, yanvar-iyul aylarında "Urals" markasının bir bareli orta hesabla 40,34 dollara satılıb, ötən ilin yanvar-iyul aylarında isə qiymət 65,27 dollar olub.

Bundan əlavə, neft yükünün daşınma qiyməti əhəmiyyətli dərəcədə azalıb. Karantindən çıxdıqdan sonra isə yanacaq istehlakı artıb – insanlar daha çox hərəkət etməyə və təyyarələrdə uçmağa başlayıblar.

Sənaye böhranı

Neft qiymətlərinin çökməsi səbəbindən ABŞ-da qazma qurğularının sayı minimuma enib. "Dakota Access" neft kəməri ekoloji qanunvericiliyin pozulması səbəbindən bağlanıb.

Gündəlik hasilat 13,1 milyondan 11,1 milyon barelə düşüb. Üstəlik, bu, ABŞ-ın ən məhsuldar şist hövzələri olan Perm, İql-Ford, Bakken, Niobrom, Anadarko, Appalaç və Heynsvil hövzələrində də müşahidə olunur. EIA-nın avqustun 11-də nəşr etdiyi proqnoza görə, bu il sənayenin orta istehsal gücü gündə 11,26 milyon barel, 2021-ci ildə isə 11,14 milyon barel təşkil edəcək. Dekabradək məhz amerikalılar dünya neft tədarükünün azaldılmasına ən böyük töhfəni verəcəklər. Bunu EIA proqnozlaşdırır.

"Haynes & Boone" şirkətinin məlumatına görə, yanvardan etibarən ümumi borcu 25,2 milyard dollar olan 36 neft-qaz şirkəti müflisləşmə prosedurunu işə salıb. Onların arasında ən böyük şist şirkətlərindən biri "Whiting Petroleum", həmçinin "California Resources" və şist sənayesinin pioneri "Chesapeake Enеrgy" var. İyunda başqa bir böyük şist istehsalçısı - "Extraction Oil & Gas" borc faizlərini vaxtında ödəyə bilməyib və iflas proseduruna başlamaq üçün məhkəməyə müraciət edib.

"Rystad Energy" şirkətinin qiymətləndirmələrinə görə, ilin sonuna qədər, demək olar ki, Amerikanın 150 neft-qaz şirkəti özünü iqtisadi cəhətdən müflis elan edəcək.

ABŞ-da şist hasilatı gündə beş milyon bareldən aşağı düşə bilər. "ShaleProfile Analytics" proqnozlaşdırır ki, nəticədə sənaye istehsal güclərinin üçdə birini itirəcək.

0
Mövzu:
Neft qiymətləri ətrafındakı ajiotaj
Əlaqədar
Era sona yaxınlaşır: böyük neft şoku yaşanacaq
Şist kollapsı: ABŞ neft hasilatının düşməsi üzrə rekordsmen olacaq
Vaşinqton Avropanı həqiqətən cəzalandırmaq qərarına gəlib
Qərar verilib: Çini on ölkə boğacaq. Rusiyanı da dəvət edəcəklər?
Rəqabətə tab gətirmədi: Avropa və Asiya Amerikanın maye qazından imtina edir