CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İki milyon əcnəbidən seçilən azərbaycanlı: "Üç il sonra maaşı qaytarırlar"

© Facebook / Nihat KhalilzadeKoreyanın İcra Hakimiyyətində işləyən azərbaycanlı Nihat Xəlilzadə
Koreyanın İcra Hakimiyyətində işləyən azərbaycanlı Nihat Xəlilzadə - Sputnik Azərbaycan
Abunə olmaq
Nihat Xəlilzadə Koreyada yaşayan 200 azərbaycanlıdan biridir. Artıq 10 ildir ki, bu ölkədə yaşayan Nihat burada Aəzrbaycanın adına az işlər görməyib

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 8 oktyabr — Sputnik. Həyat risk edənləri daha çox mükafatlandırır desək, yanılmarıq. Çünki bəzən ani qərar, risk hesab edərək atdığımız addımlar bizə daha çox uğur gətirir. Elə 10 il öncə, yəni 17 yaşında Koreyaya gələrək burada biznes və karyera quran həmsöhbətimiz Nihat Xəlilzadə də hekayəsi uğurlu olan şəxslərdəndir. O, hazırda Koreyada yaşayan 200 azərbaycanlıdan biridir.

Onunla söhbətə də elə yaş məsələsindən başladıq.

-  10 ildir ki, Koreyadayam. Burada kimsə mənə yaşla bağlı sual verəndə bir qədər duruxuram. Çünki Koreyada yaş Azərbaycanda olduğu kimi deyil, bir qədər fərqli hesablanır. Koreyada uşaq doğularkən artıq bir yaşlı hesab edilir. Bu səbəbdən Azərbaycana görə, mənim yaşım 27, Koreyaya görə isə 28 hesab olunur. 

- Bir az özünüz, təhsiliniz haqda danışardınız.

- 1992-ci ildə Masallı rayon Təzə Alvadı kəndində anadan olub, 1997-ci ildə elə burada təhsil almağa başlamışam. 2000-ci ildən etibarən təhsilimi Bakı şəhərindəki Ankara məktəb-liseyində davam etdirmişəm. 2008-ci ildə Qafqaz Universitetində Riyaziyyat və İnformatika ixtisası üzrə ingiliscə pulsuz təhsilə başlasam da, 2011-ci ildə Koreya dövlət təqaüdü qazandığım üçün buradakı təhsilimi yarımçıq qoyub Koreya Respublikasına yollandım. 2011-2012-ci illərdə Koreya dilini Tequ şəhəri Keimyunq Universitetində öyrəndim. Sonra Seulda Koreyanın informasiya texnologiyaları üzrə ən məşhur universitetlərindən biri olan Hanyanq Universitetində Kompüter Elmləri ixtisası üzrə Koreya dilində təhsil almağa başladım.

© Facebook / Nihat KhalilzadeNihat Xəlilzadə Masallı rayon Təzə Alvadı kəndində anadan olub
İki milyon əcnəbidən seçilən azərbaycanlı: Üç il sonra maaşı qaytarırlar - Sputnik Azərbaycan
Nihat Xəlilzadə Masallı rayon Təzə Alvadı kəndində anadan olub

- Maraqlıdır, necə oldu ki, birdən-birə Koreyada təhsil almağı planlaşdırdınız?

- Koreyaya gedişim qəfil oldu. Xaricdə təhsillə maraqlanırdım, bir dostum mənə Koreyaya üz tutmağı məsləhət gördü. Bir gün anama bu haqda danışanda dedi, bəsdir. Bir neçə gün sonra isə artıq onlara sağ ol deyib, üzümü bu ölkəyə tutdum. Digər ölkələrdən fərqli olaraq Koreyaya üstünlük verməyimin səbəbi isə burada oxuyanlara təhsil haqqından əlavə yaşayış üçün aylıq 800 dollar pulun verilməsi idi. Artıq bu zaman ailədən kömək almağa ehtiyac olmur.

Amma etiraf edim ki, buraya gələndə tamamilə ac qaldığım günlər də oldu. Onda düşündüm, dedim, kaş gəlməzdim. Amma artıq buna peşman deyiləm. Çünki hazırda Koreya Respublikası Seul İcra Hakimiyyəti Xaricilərin Konsulluğunun Vitse-prezidenti, Qanqnam Bələdiyyəsi Qlobal Mərkəzin direktoru kimi çalışıram. Qanqnam və Seulda əcnəbilərlə bağlı müxtəlif problemləri biz həll edirik.

- Dili necə, çətindirmi?

- Mənim üçün bu dilin qrammatikası Azərbaycan dili ilə demək olar ki, eynidir. Bu gün Koreya əlifbası dünyanın ən məntiqli əlifbası hesab edilir. Bütün günü Koreya dilində, əcnəbilərlə görüşdə isə ingiliscə danışsam da, 10 ildir burada yaşamağıma rəğmən Azərbaycan dilini yadırğamıram. Bunun üçün müxtəlif yollara əl atıram. Məktəb və universitetlərdə Azərbaycanla bağlı müxtəlif dərslər verirəm. O cümlədən sərgilərdə, təlimlərdə də Azərbaycanla bağlı müxtəlif məlumatlar verirəm. Bu cür dərslər bəzən icra hakimiyyəti, Gənclər Təşkilatı, yaxud da UNESCO tərəfindən maliyyələşdirilir. Bundan əlavə, həm də motivasiya dərsləri keçirəm. Burada məqsəd gəncləri qlobal həyata hazırlamaqdır.

© Facebook / Nihat KhalilzadeNihat Xəlilzadə Seul şəhərində Koreyanın İnformasiya Texnologiyaları üzrə ən məhşur universitetlərindən biri olan Hanyanq Universitetində Komputer Elmləri ixtisası üzrə Koreya dilində təhsil alıb
İki milyon əcnəbidən seçilən azərbaycanlı: Üç il sonra maaşı qaytarırlar - Sputnik Azərbaycan
Nihat Xəlilzadə Seul şəhərində Koreyanın İnformasiya Texnologiyaları üzrə ən məhşur universitetlərindən biri olan Hanyanq Universitetində Komputer Elmləri ixtisası üzrə Koreya dilində təhsil alıb

- Bəs Koreya mətbəxi? Azərbaycan xörəklərinin tez-tezmi xiffətini çəkdirir?

- Buraya təzə gələndə bəzi dadlar mənə tamamilə yad idi. Onlardan biri də məşhur kimçi salatı (kələm, tərəvəz və souslardan ibarət salat - red.) idi. Onu ilk dəfə yeyəndə həyata nifrət etmişdim. Sonradan məcburiyyət qarşısında qalıb onu da yeməyə başladım. Çünki artıq beşinci il idi ki, burada yaşayırdım.

Əslində, Azərbaycanda elə bilirlər ki, Koreyada Çində olduğu kimi, ilan, qurbağa yeyirlər. Bu belə deyil. Onların mətbəxlərində bizim yeməklərə uyğun olanları da var. Qədim mətbəxi olan Koreyada xörəklərin çoxu otlardan ibarət olub. Biz isə çox vaxt evdə Azərbaycanın milli xörəklərini bişiririk. Koreyalılar çörək yeyən olmasalar da, bu nemət heç zaman bizim evimizdən əskik olmur.

- Deyəsən, koreyalılar o qədər də qonaqpərvər deyillər?

- Koreya xalqı hələ ki, əcnəbilərə açıq deyil. Hər hansı əcnəbi buranın vətəndaşı olduqdan sonra da cəmiyyət tərəfindən asanlıqla qəbul olunmur və ona əcnəbi kimi baxılır. Bizə heç bir güzəşt yoxdur. Çünki Koreya çoxmillətli deyil, təkmillətli xalq olub. Statistikaya görə, burada 50 milyon əhalinin 2 milyon yarımı əcnəbidir. Bu 2 milyon 500 min arasında seçilmək imkanı olsa, bu zaman çox böyük uğurlar əldə etmək olar. Amma ümid edirəm ki, yaxın 5-10 ildə ölkədə vəziyyət dəyişəcək. Çünki artıq burada insanlar övlad planlaşdırmaq, cütlüklər isə ailə qurmaq istəmirlər. Belə olan halda əhalinin sayı azalacaq və əcnəbilərə ehtiyac duyulacaq. Bu zaman ailəli, övladı olan əcnəbilərə daha çox üstünlük veriləcək.

- Dünyanın ən bahalı beş şəhərindən biri olan Seulda əmək haqqı necədir, ehtiyacları qarşılamaq mümkün olurmu?

- Burada arzuolunmaz suallardan biri məhz əmək haqqının nə qədər olması ilə bağlıdır. Amma Azərbaycanla müqayisədə maaşlar ehtiyacları qarşılayır. Burada bir saat üçün veriləcək ən aşağı əmək haqqı 8 dollardır. İllik olaraq orta maaş isə 35 min dollardır. Bu maaş isə rahat yaşamağa, ehtiyacları qarşılamağa imkan verir.  Koreyada əmək haqqı Azərbaycandan qat-qat yüksəkdir. Amma bir çətinlik də var. Azərbaycanda meyvəni kilo ilə, burada isə dənə-dənə alırıq.

© Facebook / Nihat KhalilzadeNihat Xəlilzadə ailəsi ilə birgə
İki milyon əcnəbidən seçilən azərbaycanlı: Üç il sonra maaşı qaytarırlar - Sputnik Azərbaycan
Nihat Xəlilzadə ailəsi ilə birgə

- Burada işə düzələrkən hansı yaşda olan şəxslərə daha çox üstünlük verilir?

- Koreyada ən işlək əhali 30-35 yaş təbəqəsində olanlardır. Amma buna baxmayaraq, bu ölkədə, demək olar ki, əhalinin hər bir yaş təbəqəsi üçün xüsusi güzəştlər var. Məsələn, 65 yaşda pensiyaya çıxdıqdan sonra onlar üçün ictimai nəqliyyat pulsuz olur. Bundan başqa, hökumət tərəfindən həmin şəxslərə müxtəlif texnoloji bacarıqlar öyrədilir. Bu şəxslərə yeni şirkətlərdə işə girmək üçün şanslar yaradılır.

 - Bu 10 il ərzində gördüyünüz işlərdən də danışardınız.

- Buraya gələndə, yəni tələbəliyimin ilk illərində, məşhur Maraş dondurmasından satıb saatına 6 dollar qazanırdım. Bu mənim ilk gəlirim idi, 3 saata 18 dollar qazanmışdım. Təhsil aldığım müddətdə isə özüm burada "Baku" adlanan bir restoran da açmışdım. Bu restoran 3 universitetin əhatəsində idi. Restoranımıza ən çox müraciət edənlər isə ruslar idilər.

Sonrakı illərdə Azərbaycan-Koreya əlaqələrini özündə ehtiva edən şirkət açdım. Azərbaycana idxal-ixracla da məşğul olmuşam. Lakin artıq bu işlə məşğul deyiləm. Çünki bunun üçün həm vaxtım yoxdur, həm də işi böyütmək məsələsi bir qədər çətindir. Burada böyük bizneslərin qurulması üçün tamamilə formalaşan bir bazar yoxdur.

Artıq təhsilimi bitirəndə işim vardı. Mən Seul Şəhər Planlaşdırılması İdarəsinin 120 nəfərdən ibarət heyətində tək əcnəbiyəm. Bu planlaşdırmada məqsəd isə Seulun 2040-cı ilədək əhalinin istək və arzularına uyğun bir şəhərə çevrilməsidir. Bunun üçün sorğu da keçirilib, hazırladığımız planlaşdırma işləri də yekunlaşmaq üzrədir. Onu icra başçısı şəxsən özü gələrək qiymətləndirəcək.

- Magistr diplom müdafiəsi üçün mövzunuz nədir?

 İxtisasca jurnalist olan Ağa Mehdi noyabrda Avropanın 10 ölkəsinin diqqətini çəkəcək maraqlı bir yürüşə start verəcək - Sputnik Azərbaycan
CƏMİYYƏT
Avropanı qarış-qarış gəzib, pul xərcləyəcək – Hamısını da öz cibindən

 - Sunqşil Universitetində İnformasiya Texnologiyaları və Menecment üzrə magistr təhsili alıram. Təhsilimi yekunlaşdırmaq üçün bir araşdırma etməliyəm. Onun mövzusu isə hazırda Koreyada immiqrasiya sistemi və bunun inkişafı üçün planlaşdırma işləridir. 

 - İki ölkə arasında biznesin qurulması üçün imkanlar varmı? 

- Məncə, bunun üçün elə də geniş imkanlar yoxdur. Buna təəssüf edirəm.

- Azərbaycanla bağlı olan nə üçün daha çox darıxırsınız? 

- Azərbaycanın adət-ənənələri gözəldir. Burada ailəmlə birgə qalsam da, hər zaman bu ənənələrə sadiq olmağa çalışıram. Məsələn, Azərbaycandan fərqli olaraq burada yaşlılara yol vermirlər. Bəzən bu cür şeylər üçün də çox darıxıram.

- Fərqli olan nədir?

- Mənim üçün əsas fərq zaman amilinə bağlıdır. İki ölkə arasında hiss etdiyim ən böyük fərq odur ki, Azərbaycanda vaxtın çox olduğunu, zamanın gec keçdiyini düşünürsən, amma Koreyada belə deyil, vaxt sürətlə gedir. Siz Koreyada kimisə boş-bekar oturan görə bilməzsiniz. Koreyanın müxtəlif şəhərlərində, xüsusən də Seulda həyat çox dinamikdir. Bu isə çox müsbət tendensiyadır. Hər bir insan durmadan özünü inkişaf elətdirə bilir. Burada insanlar sıfırdan başlayaraq nə zamansa böyük uğur qazanacaqlarına inanırlar. Azərbaycanda isə gənclər arasında mən bu inamı görə bilməmişəm. Burada əhali boş vaxtlarında kitab oxumağı, nəsə fayda verə biləcək bir işlə məşğul olmağı çox sevir.

- Koreya tələbələr üçün mükəmməl ölkə hesab edilə bilər, deyirlər...

© Facebook / Nihat KhalilzadeNihat Xəlilzadə 10 ildir ki, Koreyadadır
İki milyon əcnəbidən seçilən azərbaycanlı: Üç il sonra maaşı qaytarırlar - Sputnik Azərbaycan
Nihat Xəlilzadə 10 ildir ki, Koreyadadır

- Burada hansısa şirkət yenicə məzun olan bir şəxsi işə götürdükdə o zaman büdcəsi olmadığı halda, bunun üçün dövlətdən yardım ala bilir. Məsələn, şirkətdə işləyən tələbənin maaşı 3 min dollardırsa, bu zaman onun yarısı dövlət, digər hissəsi isə şirkət tərəfindən ödənilir. Beləcə, şirkət xərclərinə qənaət etmiş olur, dövlət isə gəncləri işə təşviq edir. Onlar ixtisaslaşdığı üçün artıq müəyyən müddətdən sonra özləri üçün nəsə qura bilirlər.

Ümumiyyətlə, burada gənclərin, tələbələrin probleminin həlli üçün proqramlar var. Bu proqramların yaradılmasının səbəbi odur ki, gənclər işə qəbul olunduqdan müəyyən müddət sonra həmin işdə işləmək istəmirlər. Bu isə şirkət üçün böyük ziyan deməkdir. Dövlət bu problemin həlli üçün yeni proqram təqdim edərək qeyd edir ki, əgər bir şirkətdə 3 il işləsəniz, o zaman 3 il ərzində aldığınız maaş sonradan sizə "geri qaytarılacaq". Yəni həmin şəxs 3 ildən sonra aylıq olaraq artıq ikiqat maaş almağa başlayır.

Xəbər lenti
0