Tullantılar, arxiv şəkli

Baş qarışıb arayışa, zibil çıxıb boğaza: bu qurumların işə yaradığını kim bilir?

70
(Yenilənib 15:43 05.10.2019)
İqtisadçı Samir Əliyev bildirib ki, bələdiyyələr nazirlik cərimə etdiyi halda bir dəfə cəriməni ödəyə bilir. İkinci dəfə cərimə edildiyi təqdirdə ödəyə bilmir

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 5 oktyabr — Sputnik. "Buzovna ərazisində müəyyən yerlər may, avqust, sentyabr aylarında tullantılardan təmizlənib. Lakin hər dəfə aksiyalar zamanı eyni ərazidə daha çox tullantının toplandığının şahidi olmuşuq. Yəni zibil azalmır ki, azalmır. Niyə, nə vaxtadək? Yəqin ki, yanaşmamız dəyişənədək. Yəqin, hər kəs mənimlə razılaşar ki, özümüz təbiəti bu günə qoyuruq. Evimizin içindəki zibili çıxarıb, kandara atırıq, ətrafı çirkləndiririk. Görəsən, niyə biz özümüz özümüzə bu qədər biganəyik, niyə təbiətimizə laqeydik?

Təbiətimizə münasibətimiz dəyişmədikcə, istirahət etdiyimiz ərazilər də daxil, ayağımızın dəydiyi hər yerdə ürək açmayan mənzərənin, tullantıların şahidi olacağıq. Təəssüf yaradan da odur ki, bu haqda davamlı olaraq danışılır, yazılır, təbliğat aparılır, örnək üçün təmizlik aksiyaları keçirilir. Amma yenə də öz ətrafımıza, dənizə, meşəyə biganəlik, tullantıların haraya gəldi atılması davam edir.

İstirahət etdiyimiz əraziləri niyə bu günə salırıq? Nə vaxta qədər belə yanaşma olacaq? Qoruyub saxlamağa borclu olduğumuzu ya unuduruq, ya da heç məhəl qoymadan, sabahı fikirləşmədən həyatımıza davam edirik".

Sputnik Azərbaycan bildirir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova danışıb. 

O qeyd edib ki, bu məsələdə hamı məsuliyyət daşıyır.

"Bunu təkcə bir qurumun işi və vəzifəsi hesab etməyək, hamılıqla məsələnin ciddiliyini başa düşək və əməli nümunə göstərək. Düzdür, bu, tullantıların idarə edilməsinə cavabdeh olan yerli bələdiyyələrin, icra nümayəndəliyinin səhlənkarlığı da var. Onların da bu məsələlərə diqqət yetirməsi olduqca vacibdir. Belə olsa, nəticə daha tez əldə ediləcək, hamımızın daha təmiz ətraf mühitdə yaşamasına birgə nail olacağıq və təmizlik aksiyalarının keçirilməsinə də ehtiyac qalmayacaq", - deyə İ.İbrahimova bildirib.

Bələdiyyələr və icra nümayəndəlikləri niyə öhdəliklərini yerinə yetirmirlər?

Sputnik Azərbaycan bu məsələni araşdırıb. Ekoloq Cəmşid Quliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bələdiyyə və icra nümayəndəlikləri öz vəzifə borclarına biganə yanaşırlar. Bu, ölkənin bütün ərazilərində müşahidə edilir: "Həqiqətən də ölkədə bələdiyyə və icra nümayəndəlikləri öz vəzifə borclarını icra etmirlər. Bu necə ola bilər axı? Məgər onlar öz səlahiyyətlərini və vəzifə borclarını bilmirlər? Və yaxud bilib, bunu qulaqardına vururlar".

Turizm cənnətini cəhənnəmə çevirənlər - niyə ancaq cəriməyə reaksiya veririk?>>

O qeyd edib ki, bələdiyyə və icra nümayəndəlikləri nəinki ətraf mühitlə bağlı olan məsələlərdə, eləcə də kəndlərin rifahı üçün onların birbaşa borclu olduğu işlərdə biganəlik nümayış etdirirlər. Küçələr bərbad vəziyyətdədir, heç bir abadlıq işləri aparılmır.

"Biz bələdiyyələri, icra nümayəndəliklərini arayış verən bir idarə kimi tanıyırıq. Arayış lazım olanda onlara müraciət edirik. Və yaxud bələdiyyələrin balansında olan torpaqların müəyyən işbazlarla əlbir olaraq satılmasına və ya icazə verilməsinə şahid oluruq. Bələdiyyə və icra nümayəndəliklərinin nə işə yaradığını kim bilir?" - deyə C.Quliyev vurğulayıb.

İqtisadçı Samir Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bələdiyyə və icra nümayəndəliklərinin məişət tullantılarının daşınması və yığılması kimi vəzifə öhdəliyi var: "Şəhər yerlərində - Bakı, Sumqayıt, Xırdalanda bu vəzifəni icra hakimiyyətləri həyata keçirir. Kənd yerlərində isə bu məsələ problem olaraq qalır. Əslində kənd yerlərində bu işi bələdiyyələr etməlidir. Bələdiyyələrin isə texnikası və imkanları olmadığına görə bu iş görülmür. Kənd əhalisi də məişət tullantılarını yerə basdırır və ya yandırır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə bu istiqamətdə nəzarəti və cərimələrin tətbiq edilməsini təmin edir".

S.Əliyev bildirib ki, bələdiyyələr nazirlik cərimə etdiyi halda bir dəfə cəriməni ödəyə bilir. İkinci dəfə cərimə edildiyi təqdirdə ödəyə bilmir. Buna görə də nazirlik cərimələrin tətbiq edilməsində maraqlı deyil.

"Biz bununla bağlı xüsusi təkliflər hazırlayırıq. Məişət tullantılarının yığılması, daşınması və təkrar emalı ilə bağlı işlər görülməlidir. Məişət tullantılarını təkrar emal edib, ondan faydalanmaq lazımdır", - deyə Əliyev əlavə edib.

Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə görə, sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

70
Teqlər:
icra nümayəndiliyi, bələdiyyə, məişət tullantları, tullantı, zibil
Əlaqədar
Vətəndaşlarda yaşıl və narıncı konteynerlərə marağı necə oyatmalı?!
Təkrarı olmayan tarixi abidə məhv edilir – Sakinlər qədim abidəni “zibil qutusuna”çevirib
Xəzəri çirkləndirən obyektlər bağlanır
İctimai çimərliklər təmizlənir
Texnika insana qarşı: Yeni zibilyığan maşınlar xadimələri işsiz qoyacaq?