Usta Musa Qaracayev oğlu Zaurla birgə

Qaya parçalarından abi-həyat süzənlər - bu ailə çörəyi daşdan çıxarır

1018
(Yenilənib 19:25 26.09.2019)
"Daşın hansı rəngdə olmasının fərqi yoxdur. Əsas odur ki, keçə daş olsun. Belə daşdan çıxan su həm sərin, həm də təmiz olur"

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 26 sentyabr — Sputnik. Su həyat mənbəyidir. Bunun üçün o, təmiz halda qəbul edilməlidir. Məhz bu səbəbdən tarix boyu insanlar suyu təmizləyən qurğular yaratmağa çalışıblar. Bu icadlardan ən qədimi və effektivliyini qoruyub saxlayanlardan biri də ölkəmizdə kustar üsulla hazırlanan su daşlarıdır.

Söhbət xüsusi daşlardan hazırlanan su qablarından gedir. Bu daşlar suyu süzüb saflaşdıraraq təmizləyir və içməli hala salır. İnsanların sağlamlığı üçün düşünülən bu qablar xüsusi ustalar tərəfindən hazırlanır. Qazax rayonunda yaşayan Qaracayevlər ailəsinin üzvləri kimi.

Ata və oğul birlikdə qaya parçalarından su süzən daş qablar düzəldirlər
© Sputnik / Ilham Mustafa
Ata və oğul birlikdə qaya parçalarından su süzən daş qablar düzəldirlər

Bu ailənin çörəyi sözün əsl mənasında daşdan çıxır. Ailə başçısı Musa Qaracayev uzun illərdir ki, bu peşəni oğlu Zaurla birgə yaşadır. Ata və oğul birlikdə qaya parçalarından su süzən daş qablar düzəldirlər. Daşlar yonulub lazımi hala salınır, istənilən forma və ölçü verilir. Daha sonra isə istifadəyə hazır vəziyyətə gətirilir. Sputnik Azərbaycan-ın bölgə müxbirilə söhbətində Musa Qaracayev bu peşəyə gənc yaşlarında keçirdiyi xəstəlikdən sonra yiyələndiyini danışıb.

“Uzun müddət böyrək ağrılarından əziyyət çəkmişəm. Getmədiyim sanatoriya qalmamışdı. Nə qədər müalicə alsam da, xeyri olmadı. Tbilisidə sanatoriyada olanda orada Kurqanidze soyadlı həkim vardı. Mənə məsləhət gördü ki, su daşı tapım və onun suyundan istifadə edim. Ondan sonra məndə bu daşlara maraq yarandı. Özüm xeyrini gördükdən sonra daha çox insana çatdırmaq üçün istehsalı ilə məşğul olmağa başladım”, - M.Qaracayev deyir.

Ailə başçısı Musa Qaracayev uzun illərdir ki, bu peşəni oğlu Zaurla birgə yaşadır
© Sputnik / Ilham Mustafa
Ailə başçısı Musa Qaracayev uzun illərdir ki, bu peşəni oğlu Zaurla birgə yaşadır

Daş ağır olduğundan və sırf əl əməyindən istifadə edildiyindən bu peşə böyük zəhmət tələb edir. Bu səbəbdən də atasının sənətini hazırda oğlu Zaur Qaracayev davam etdirir. Kiçik yaşlarından bu peşənin sirlərinə sahiblənən Z.Qaracayev onun faydalarını önə çəkir: “Daşdan süzülən su insanın sağlamlığına çox xeyirdir. Böyrəyi, öd kisəsini təmizləyir. Nə qədər bulanıq su töksən, göz yaşı kimi təmiz su süzülür. Çaydanda ərp, gəc yaratmır. Əksinə, onları qoparır”.

Daş ağır olduğundan və sırf əl əməyindən istifadə edildiyindən bu peşə böyük zəhmət tələb edir
© Sputnik / Ilham Mustafa
Daş ağır olduğundan və sırf əl əməyindən istifadə edildiyindən bu peşə böyük zəhmət tələb edir

Daşları qayalardan qopardıqdan sonra usta onu evindəki emalatxanasında hamarlayıb lazımi hala gətirir. Su daşlarının rənginin müxtəlif olmasını isə sənətkar xammalların müxtəlif kəndlərdəki dağ və qaya parçalarından əldə edilməsilə izah edir.

“Daşın hansı rəngdə olmasının fərqi yoxdur. Əsas odur ki, keçə daş olsun. Belə daşdan çıxan su həm sərin, həm də təmiz olur. Daşın məsamələri əhəmiyyətlidir. Xırda məsaməli daşlar suyu daha keyfiyyətli süzür. Ona görə yaxşı daş hazırlamaq üçün yaxşı xammal axtarıb tapmalısan”, - deyə Musa Qaracayev əlavə edir.

Daş ustaları bir su daşının 1-3 gün müddətində ərsəyə gəldiyini deyirlər. Hər daşın su tutumu sifarişə əsasən müəyyənləşdirilir və qiyməti də elə su tutumuna görə qoyulur.

Suyu təmizləyən daşlar
© Sputnik / Ilham Mustafa
Suyu təmizləyən daşlar

“Ən kiçik su qabı 5 litr olur, böyükləri isə 25-30 litr su tutur. Qiymətlər 50 - 300 manat arasında dəyişir. Daşları istifadə edərkən onun sadəcə təmiz saxlanmasına diqqət yetirmək kifayət edir. Çünki filtr rolu oynayan daşın içərisində suyun çirkli hissəsi qalır və bu da vaxtında təmizlənməlidir”, - deyə M.Qaracayev izah edir.

Qaracayevlər ailəsi su daşlarının satışında çətinlik yaşamırlar. Məhsullarının əsasən ölkə paytaxtında satıldığını deyən ustalar bəzən Gürcüstan və İrandan da sifariş qəbul etdiklərini söyləyirlər.

1018
Teqlər:
daş, Qazax, usta, sənətkar, su
Əlaqədar
Misgər emalatxanasında bir gün
Alov, çəkic, zindan və közərmiş dəmirin yaratdığı "musiqi" - FOTO
Darısqal eyvandan dünyaya yayılan sənət: O əsərləri heç kim düzəldə bilmir - FOTOLAR
Bağlar su problemi yaşayır, rəsmilər isə deyirlər ki…
Su qədər ömrümüz olsun - bəs pulu nə olsun?
Kadir Doğulu və Neslihan Atagül

"Səfirin qızı" rolunun ifaçısı serialdan ayrılıb

0
(Yenilənib 06:58 26.01.2021)
Neslihan Atagülun son durumu "Instagram" izləyicilərini məyus edib və onlar aktrisaya şəfa diləyiblər.

BAKI, 26 yanvar — Sputnik. Səhhətində ciddi problemlər yarandığı üçün "Sefirin Kızı" serialından ayrılan Neslihan Atagül ilə bağlı yeni xəbər var.

Sputnik Azərbaycan xəbər verir ki, aktrisanın xəstəxanadan görüntüsü yayılıb. Onun bu halı "Instagram" izləyicilərini məyus edib və onlar aktrisaya şəfa diləyiblər. Aktrisa xəstəxanadan video çəkərək hazırda vəziyyətinin yaxşı olduğunu, müalicənin davam edəcəyini bildirib.

Məlumat üçün bildirək ki, gənc aktrisa bağırsaq sızması sindromundan əziyyət çəkir. Bu səbəbdən sürətlə arıqlayan Neslihan hətta çəkilişlərə son verib və "Sefirin kızı" serialından ayrılıb.

0

Xırdalanda partlamış evin dağıntıları altından qadın meyiti çıxarılıb

73
(Yenilənib 00:34 26.01.2021)
Dağıntılar altından bir nəfərin cəsədi çıxarılıb. Həmin şəxsin 1988-ci il təvəllüdlü Musayeva Aytən Tacəddin qızı olduğu bildirilir.

BAKI, 26 yanvar - Sputnik. Xırdalanda partlayışda həlak olan qadının nəşi dağıntılar altından çıxardılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Xırdalanda baş verən partlayışda 1988-ci il təvəllüdlü Aytən Tacəddin qızı Musayeva faciəli şəkildə dünyasını dəyişib. Bu barədə Sputnik Abşeron MRX-nın direktoru Mehriban Qaralova məlumat verib. O, bildirib ki, Xırdalanda baş vermiş hadisə nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, onlardan biri uşaqdır.

Partlayış zamanı xəsarət alanlardan biri Musayev Vüsal Firuddin oğlunun həyat yoldaşı Aytən Musayeva dağıntılar altından ölü tapılıb. Onun azyaşlı qızının axtarışları davam edir. Oğlu 10 yaşlı Musayev Firuddin Vüsal oğlu və həyat yoldaşı xəstəxanada müalicə alırlar.

Partlayış zamanı xəsarət alanlar 1983-cü il təvəllüdlü Musayev Vüsal Firuddin oğlu, onun 10 yaşlı oğlu, 2009-cu il təvəllüdlü Musayev Firuddin Vüsal oğlu, 8 yaşlı qızı, 2012-ci il təvəllüdlü Musayeva Fatimə Vüsal qızı, Musayeva Ziyafət Qafar qızı və Gözəl Səmədovadır.

Dağıntılar altından çıxarılan digər şəxslər 1968-ci il təvəllüdlü Ələzova Simayə Mövlud qızı, 2006-cı il təvəllüdlü Şükürzadə Xədicə Bəxtiyar qızı,  1989-cu il təvəllüdlü Əliyev Emil Arif oğlu və 1988-ci il təvəllüdlü Hüseynov Arif Əbülfəz oğludur. 

Qeyd edək ki, 25 yanvar 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə uçqunla nəticələnən partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, dərhal əraziyə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, uçqun ikimərtəbəli fərdi yaşayış evində baş verib.

Partlayış dalğasının təsirindən yaxınlıqdakı binaların şüşələri sınıb. FHN-in əməkdaşları tərəfindən operativ axtarış-xilasetmə əməliyyatı davam edir.

 

73