BakuBus avtobusu, arxiv şəkli

Bakılıları bir həftəyə sevindirəcəklər: şəhərdən getmək asanlaşır

73
(Yenilənib 12:20 26.09.2019)
"Koroğlu" habında gözləmə zalları ilə yanaşı, idarəetmə otağı, tibb məntəqəsi, ana və uşaq otağı, sanitar qovşağı da inşa edilib

Zülfiyyə Quliyeva, Sputnik Azərbaycan

BAKI, 26 sentyabr — Sputnik. "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi gündə 270 min sərnişinə xidmət edəcək. "Sərnişinlərimizin müntəzəm marşrut avtobuslarından təhlükəsiz və rahat istifadəsini təşkil etmək daim dövlət başçısının diqqətindədir. İctimai nəqliyyat sistemində yenilik olan Nəqliyyat Mübadilə Mərkəzlərinin - habların yaradılması təşəbbüsü də bu diqqətin növbəti təzahürüdür". Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib.

M.Ağayev deyib ki, şəhər mobilliyinə nail olmaq, şəhərin mərkəzi hissəsində nəqliyyat sıxlığını aradan qaldırmaq və intermodal nəqliyyat əməliyyatlarını təmin etmək hab konsepsiyasının məqsədlərindəndir:

"Bakı şəhərinin ev sahibliyi etdiyi 1-ci Avropa və 4-cü İslam Həmrəyliyi Oyunları, eləcə də 2018-cı ildə enerji böhranı zamanı hab konsepsiyasının əhəmiyyəti bir daha təsdiq olundu. Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişmə nöqtəsi, Böyük Şor qovşağı, eləcə də metronun "Koroğlu" stansiyasının yaxınlığındakı "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi ilk hab olaraq 2016-cı ildə təşkil edilib.

Mərkəzin istifadəyə verilməsi istər yol hərəkətinin təşkili, istərsə də sərnişindaşıma sahəsinə öz müsbət töhfəsini verib. 2019-cu ildə "Koroğlu" habı əsaslı şəkildə yenidən qurulub və müasir nəqliyyat infrastrukturu yaradılıb. Mərkəzdə sərnişinlərin rahatlığını və təhlükəsizliyini təmin etmək məqsədi ilə 4 platformadan ibarət avtobus terminalı inşa edilib. Platformalarda müasir informasiya texnologiyaları avadanlıqları, soyutma və istimə sistemləri ilə təchiz edilmiş 10 gözləmə zalı var. Gözləmə zalları Azərbaycanın elm, ədəbiyyat, mədəniyyət, incəsənət, tarix, idman sahəsində əldə etdiyi uğurları, zəngin dəyərləri əks etdirən yazılı və qrafik məlumatlar əsasında tərtib edilib. Hər bir zalda maarifləndirici məlumatlarla yanaşı, kitab rəfləri də quraşdırılıb. Məqsəd sərnişinlərin kitab oxumağa marağını artırmaq, onların ideoloji tərbiyəsi və vətənpərvəliyinin gücləndirilməsinə töhfə verməkdir".

Onun sözlərinə görə, gözləmə zalları ilə yanaşı, mərkəzdə idarəetmə otağı, tibb məntəqəsi, ana və uşaq otağı, sanitar qovşağı inşa edilib:

"Mərkəzin əsas özəlliklərindən biri də ərazisində yaşıllıq zonası - istirahət parkının salınmasıdır. Burada iqlim şəraitinə uyğun ağaclar əkilib. Bakının müasir inkişaf edən simasına uyğun hazırlanan parkda vətəndaşların istirahəti üçün tam şərait yaradılıb. Mərkəzin ən mühüm cəhətlərindən biri də fiziki imkanları məhdud insanlar üçün əlçatanlığın təmin olunmasıdır. Hərəkət istiqamətləri boyunca xüsusi döşəmələr salınıb. Platformaların girişində əlil və uşaq arabalarının rahat hərəkəti üçün panduslar quraşdırılıb.

Bakıya yeni, çox iri avtobuslar gətirilib>>

Ətraf kənd və qəsəbələri şəhər mərkəzi ilə birləşdirən 30 müntəzəm marşrut xətti üzrə 430-a yaxın avtobusun fəaliyyət göstərdiyi mərkəzin xidmətlərindən gün ərzində 270 min nəfərə yaxın sərnişin istifadə edir. Burada hər bir marşrut xətti üzrə avtobuslar üçün dayanacaq yeri müəyyən edilib, məlumatlandırıcı lövhələr yerləşdirilib. Həmçinin, nağdsız ödənişin aparılmasına imkan verən avadanlıqlar – ödəmə terminalları quraşdırılıb, avtobusların giriş və çıxış istiqamətlərini, mərkəzin ərazisində hərəkət sxemini, konkret dayanacaq yerlərini bildirən yol nişanları və nişanlanma xətləri təchiz edilib, sərnişinlərin məsuliyyətini əks etdirən məlumatlar və qrafik təsvirlər yerləşdirilib. Mərkəzin ərazisində velosipedlər üçün parklama yeri də təmin edilib. Habın yaxınlığında taksi dayanacaqlarının təşkil edilməsi nəzərdə tutulur. Şəhərimzin sürətli sosial-iqtisadi inkişafı ilə ahəng təşkil edən "Koroğlu" hab konsepsiyası dövlətin öz vətəndaşlarına verdiyi yüksək dəyərin bariz nümunəsidir".

Onun sözlərinə görə, bu Mübadilə Mərkəzi 1 həftəyə tam istifadəyə veriləcək.

73
Teqlər:
BNA, avtobus, nəqliyyat, Bakı
Məmur tibbi əlçəklə, arxiv şəkli

Qaydalara əməl etməyən sahibkarlar sahibkarlıq subyektlərinin adları açıqlandı

2
Reyd keçirilən obyektlərdən 43-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb.

 

BAKI, 4 dekabr — Sputnik. Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə obyektlərində reydlər davam etdirilir. Agentlikdən aparılan reydlərlə bağlı Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, eləcə də koronavirus (COVID-19) yoluxmalarının artması müşahidə olunan şəhər və rayonlar (Gəncə, Şəmkir, Sabirabad, Ağstafa, Mingəçevir) üzrə 488 ictimai iaşə obyektində 901 monitorinq keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Reyd keçirilən obyektlərdən 43-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə obyektləri aşağıdakılardır.

Bakı şəhəri üzrə:

Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun ev.68 ünvanında yerləşən, hüquqi şəxs "Kobra" kiçik müəssisəsinə məxsus yeməkxana, Həsən Əliyev ev 90D ünvanında yerləşən, fiziki şəxs Məmmədov Şəadət Arif oğluna məxsus obyekt, A. M. Şərifzadə ev 33 ünvanında yerləşən, fiziki şəxs Hüseynov Sənan Rasim oğluna məxsus "Kaktus" restoranı, Nizami Rayonu, Qara Qarayev pr. ev.69 ünvanında yerləşən, fiziki şəxs Heydərov Sahib Sabir oğluna məxsus "Ləzzət dönər" evi, Nəsimi rayonu, Alı Mustafayev 37B ünvanında yerləşən, fiziki şəxs İsmayılov Pənah Ələddin oğluna məxsus kafe, Nəsimi rayonu, Alı Mustafayev 3 mkr ev.10 K ünvanında yerləşən, fiziki şəxs Arzu Ekici Bayraməli qızına məxsus kafe, Binəqədi rayonu, Süleyman Sani Axundov ev.1 A ünvanında yerləşən, fiziki şəxs Nəbiyev Səfa Rəşadət oğluna məxsus "Cıdır Düzü" restoranı, Yasamal rayonu, Şərifzadə ev.2 M. ünvanında yerləşən, fiziki şəxs Bayramov Qalib Taryel oğluna məxsus "Quzu Təndir" restoranı, G.Mehmandarov küçəsində yerləşən, fiziki şəxs Həsənov Nail Telman oğluna məxsus kafe, Səbail rayonu, Yusif Məmmədəliyev ev.19 m.1 A ünvanında yerləşən, fiziki şəxs Muradov Kamran Namiq oğluna məxsus "Nutelland" kafesi, hüquqi şəxs "Nabikoğlu" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus "Chef Baku" kafesi, Yeni Günəşli qesəbəsində yerləşən, fiziki şəxs Rüstəmov Samin Ələddin oğluna məxsus kafe, Lökbatan qəs., keçid 1596 ünvanında yerləşən, fiziki şəxs Əliyev Elməddin Nazim oğluna məxsus "Lion Garden" kafesi, Həsən Əliyev, ev 115A ünvanında yerləşən, fiziki şəxs Hüseynov Elvin Fuqan oğluna məxsus kafe, Sulutəpə qəs., R. Allahverdiyev 11 ünvanında yerləşən, fiziki şəxs Xəlilov Bəhmən Məhəmməd oğluna məxsus kafe, H.Cavid pr. ev 8 ünvanında yerləşən, fiziki şəxs Mahmudov Alsavad Xalid oğluna məxsus "Şaurma №1" restoranı, Səbail rayonu, Neftçi Qurban Abbasov küç., ev.24a ünvanında yerləşən, fiziki şəxs Məhərrəmov Elgün Zakir oğluna məxsus kafe, Səbail rayonu, Neftçi Qurban Abbasov küç., ev.7 M. ünvanında yerləşən, fiziki şəxs Hüseynov Xəyyam Hüseyn oğluna məxsus yeməkxana, Biləcəri, R.İsmayılov 8 ünvanında yerləşən, fiziki şəxs Namazov Telman Fərəc oğluna məxsus "Rəmiş" kafesi;

Sumqayıt şəhəri, 3-cü mkr ünvanında yerləşən, fiziki şəxs Rəhimov Zaur Tofiq oğluna məxsus "Köz Dönər" kafesi, 9-cu mkr ünvanında yerləşən, fiziki şəxs Şamıyev Elvin Rəhim oğluna məxsus "Hicaz Dönər" kafesi, 13-cü mkr ünvanında yerləşən, fiziki şəxs Əliyev İlham İsmayıl oğluna məxsus "Tea" kafesi, Səməd Vurğun ev.25 ünvanında yerləşən, fiziki şəxs Zamanov Rasim Nadir oğluna məxsus "Rəvan" çay evi, 17-ci mkr ünvanında yerləşən, fiziki şəxs Ağayev Seymur Engels oğluna məxsus "Ordubad" kafesi, 3 mkr. Bakı küçəsində yerləşən, fiziki şəxs Cəfərov Nurəddin Allahverdi oğluna məxsus "Lider Dönər" kafesi, 34-cü məh. ünvanında yerləşən, fiziki şəxs Bayramov Müşviq Etibar oğluna məxsus "Dönər Kabab" kafesi, 3-cü mkr ünvanında yerləşən, fiziki şəxs Şıxvəliyev İlham Gülməmməd oğluna məxsus "Bahar" kafesi, 40-cı məh. ünvanında yerləşən, fiziki şəxs Allahverdiyev Bəhram Sədirxan oğluna məxsus "Nərgiz" kafesi, Bədəlbəyli küç., ev 22 ünvanında yerləşən, fiziki şəxs Hacıyev Həsən Qaimşad oğluna məxsus "Nübar" kafesi;

Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, fiziki şəxs Mirzəyev Elçin Yaşar oğluna məxsus "Qədim Bakı" kafesi, Xırdalan şəhərində yerləşən, fiziki şəxs Bağırov Həşim Məmməd oğluna məxsus kafe, Mehdiabad qəsəbəsində yerləşən, fiziki şəxs Əlizadə Şahin Qərib oğluna məxsus "Zirvə" kafesi, Xırdalan şəh., H.Əliyev prospektində yerləşən, fiziki şəxs Soltanov Ramin Rəfayət oğluna məxsus "Aziz Baba" dönər evi, Saray ŞTQ-də yerləşən, fiziki şəxs Səmədov Rasim Rafiq oğluna məxsus "Ziya" kafesi, Buzovna ştq ev.342 M. ünvanında yerləşən, fiziki şəxs Əskərov Azər Firudin oğluna məxsus "Sherlocks" kafesi;

Digər şəhər və rayonlar üzrə:

Ağstafa şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən, fiziki şəxs Kosayev Qara Mirzə oğluna məxsus kafe;

Şəmkir, Dəllər qəsəbəsində yerləşən, fiziki şəxs Aslanov Rövşən Akif oğluna məxsus kafe; Gəncə şəhəri Ş.İ.Xətai 157 ünvanında yerləşən, fiziki şəxs Süleymanov Məmmədəli İslam oğluna məxsus kafe, Ş.İ.Xətai ev.0 M.0 ünvanında yerləşən, fiziki şəxs Tağızadə Heydər Fazil oğluna məxsus dönər evi, Təbriz küçəsi ev.315 ünvanında yerləşən, fiziki şəxs Qurbanov Kamran Sədrəddin oğluna məxsus yeməkxana;

Mingəçevir şəhərində yerləşən, fiziki şəxs Hacıyev Nurlan Arzuman oğluna məxsus obyekt, H.Hüseynov küç., ev.30 M. ünvanında yerləşən, fiziki şəxs Abbasov Rubail Yaşar oğluna məxsus restoran, Maqomayev 14 ünvanında yerləşən, fiziki şəxs Rövşən Bilalov Rasim oğluna məxsus kafe.

Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində yoxlama-nəzarət tədbirlərini davam etdirir və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.

2
Teqlər:
Nəsimi rayonu, Bakı şəhəri, sahibkarlıq subyektləri
Bayılda sürüşmə zonası

Təbiətlə məmurlar sanki Bayıl sakinlərinin qəsdinə durublar - FOTOLAR

10
(Yenilənib 22:32 04.12.2020)
"Bizə bildirdilər ki, burada yaşamaq həyatımız üçün təhlükəlidir. Amma bizim buradan başqa yerdə evimiz yoxdur. Ona görə də məcburuq burada yaşayaq".

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 4 dekabr — Sputnik. Bakının Bibiheybət qəsəbəsində yenidən torpaq uçqunu olub. Sputnik Azərbaycan bu barədə xəbər tutan kimi hadisə yerinə yollanıb. Bibiheybət məscidindən bir qədər aşağıda, yamacda baş verən torpaq uçqunu ərazidə olan evlərdə yaşayanlar üçün təhlükə yaradıb. Ərazidə yaşayan sakinlər Sputnik Azərbaycan-a bildiriblər ki, torpaq uçqunu gecə saatlarında baş verib. Bu səbəbdən də dövlət qurumları burada yaşayan insanlara evlərini tərk etməyi tövsiyyə edib.

  • Bayılda sürüşmə zonası
    © Sputnik / Irade JELIL
  • Bayılda sürüşmə zonası
    © Sputnik / Irade JELIL
  • Bayılda sürüşmə zonası
    © Sputnik / Irade JELIL
  • Bayılda sürüşmə zonası
    © Sputnik / Irade JELIL
  • Bayılda sürüşmə zonası
    © Sputnik / Irade JELIL
  • Bayılda sürüşmə zonası
    © Sputnik / Irade JELIL
1 / 6
© Sputnik / Irade JELIL
Bayılda sürüşmə zonası

Nazilə Məmmədova adlı sakin bildirib ki, bu ərazidə yerləşən evlərdə kirayə qalan sakinlər evlərdən köçüb: "Dövlət qurumlarının nümayəndələri gəlib əraziyə baxış keçirdilər. Bizə bildirdilər ki, burada yaşamaq həyatımız üçün təhlükəlidir. Amma bizim buradan başqa yerdə evimiz yoxdur. Ona görə də məcburuq burada yaşayaq" - deyə sakin bildirib.

Sakinlərlə söhbət əsnasında öyrəndik ki, ərazidəki evlərin heç birinin kupçası yoxdur. Odur ki, sakinlər əgər köçsələr, evlər sökülərsə onlara kompensasiya verilib-verilməyəcəyini bilmək istəyirlər: "Buradakı evlərin heç birinin sənədi yoxdur. Amma burada ev alsan, torpaq alsan bir kvadratmetri 2000 manatdır. Belə məlumatlar var ki, sökülərsə evlərə görə sakinlərə hər kvadrat metrə iki min manat ödəniləcək. Amma rəsmi qurumlar bizə bu barədə heç bir söz deməyiblər".

Sakinlər bildirir ki, yamacda yağıntılar çox olanda torpaq uçqunları baş verir. Amma onlar buna adətkərdə olublar: "Biz də istəyərik ki, bu təhlükəli yerdən köçək. Amma buna görə gərək bizə kompensasiya ödənilsin. Çünki, bizim başqa yerdə evimiz yoxdur. Nə də imkanımız yoxdur ki, köçüb başqa yerdə kirayə yaşayaq".

Sakinlər dövlət qurumlarının gələcəyi nəticəni gözlədiklərini söyləyiblər.

Məsələyə Səbail Rayon İcra Hakimiyyətindən münasibət bildirən olmadı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanladığımız sorğunun da cavabını gözləyirik.

10
Teqlər:
Səbail rayon İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bayıl, sürüşmə, torpaq uçqunu