Dərsliklər, arxiv şəkli

Azərbaycanda kitabsız tələbə ordusu var

109
Təhsil ekspertinin fikrincə, magistraturada oxuyan tələbə üçün dərslik yazmağa ehtiyac yoxdur, o, zəhmət çəkib özünə lazım olan informasiyanı internetdən almalıdır.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 22 sentyabr — Sputnik. Bir neçə gün əvvəl Milli Məclisin Elm və Təhsil komitəsinin sədri İsa Həbibbəyli Azərbaycanda ali məktəb dərsliklərində problemlər olduğunu qeyd edib. O bildirib ki, xüsusən təbiət elmləri və riyaziyyat sahəsində tərcümə edilmiş, köhnəlmiş ədəbiyyatlardan istifadə olunur.

İ.Həbibbəylinin sözlərinə görə, ali məktəblərin bakalavriat səviyyəsi üçün müəyyən dərsliklər olsa da, magistratura səviyyəsi üzrə dərsliklərin hazırlanması prosesi çox ləng gedir. Bəzən magistraturada bakalavriat səviyyəsi üçün olan dərsliklərdən istifadə edilir. Magistratura üçün nəzərdə tutulan proqramlar bakalavriatın proqramlardan fərqlənmir. Halbuki, bu proqramlar bir-birindən xeyli fərqləndirilməlidir. Magistratura üçün dərsliklərin hazırlanması prioritet olmalıdır.

Sputnik Azərbaycan bu problemlə bağlı ekspertlərin rəylərini öyrənib. 

Təhsil eksperti Şahlar Əsgərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, akademiyada ali məktəb dərsliklərinin nəşr edilməsi üçün elmi potensial var. Bunu publisistika xətrinə yox, konkret çatışmazlıqlar əsasında həll etmək lazımdır.

"Mən hesab edirəm ki, universitetlərdə "Fizika" dərsliklərinə ehtiyac yoxdur. Akademiyada magistratura var. Onlar özləri bu dərslikləri yazsalar, bundan hamı istifadə edə bilər. Bu məsələni diskussiyaya çevirmək yox, konkret həll etmək lazımdır", - deyə Əsgərov bildirib. 

Ekspert hesab edir ki, magistraturada dərsliyə heç ehtiyac yoxdur. Çünki bütün dünya kitabxanası magistraturanın dərsliyidir.

"Dil biliyi olan tələbələr üçün problem olmur. Xarici dil bilməyən tələbələr üçün isə dərsliyə ehtiyac var. Rus və ingilis dilində çox böyük dərsliklər var. Bakalavr səviyyəsində dərsliyə ehtiyac var, amma magistratura təhsilin son pilləsi olduğuna görə elmə yaxındır. Elmi ədəbiyyat isə həddən çoxdur. Bunu internetdə də tapmaq mümkündür", - deyə o, əlavə edib.

Təhsil eksperti Kamran Əsədov isə qeyd edib ki, bu gün ali məktəblərdə tələbələrin əsas problemi dərsliklərdir: "Özüm də dərsliklərlə bağlı hər il çətinlik çəkirəm, xüsusilə də sərbəst işləri yazmağın vaxtı gəlib çatanda. Hələ dərslik problemi azmış kimi müəllimlər də sovet dövründən qalma, kiril əlifbasıyla yazılmış kitabları məsləhət görürlər. Hansı ki, onlar da müasir dövrlə heç uyğunlaşmırlar. Bütün bunlar tələbənin oxumağa, öyrənməyə olan həvəsini öldürür".

K.Əsədov bildirir ki, ali məktəbdə müəllimlərin mühazirə mətnlərindən istifadə edirlər.

"Müəllimlər ədəbiyyat siyahısı kimi dərsliklərin adını yazdırırlar. Amma tələbələr mühazirələrlə kifayətlənirlər. Səbəb isə həmin dərsliklərin çox çətin tapılmasıdır. Ya tapılmır, ya da ki, olan materiallar rus dilindədir. Rus dilində olan dərsliklərin tərcüməsində problem olduğundan, tələbələr yetərli məlumatı əldə edə bilmir. Əlavə məlumat əldə etmək də bu dəqiqə müşkül məsələyə çevrilib. Texnologiyadan xəbərsiz keçmişin kitabları da tələbənin istəyi ilə tərs mütənasibdir. Latın qrafikasıyla yazılmış dərsliklərin isə əksəriyyəti tərcümələrdir. Həmin tərcümələrdə qrammatik səhvlərlə yanaşı, məna səhvləri də olur. Təəssüf ki, bu gün ali məktəblərdə dərsliklərin vəziyyəti ürəkaçan deyil", - deyə ekspert bildirib. 

Əsədov onu da qeyd edib ki, mövcud qanunvericiliyə əsasən tədris planında göstərilən fənlər üzrə mütəxəssislər tərəfindən ali təhsil müəssisələrinin tələbələri üçün dərsliklər hazırlanmalıdır.

"Vaxtilə SSRİ Pedaqoji Elmlər Akademiyası tərəfindən hazırlanan kitablardan istifadə olunurdu. Bu kitablar sırf pedaqoji elmlər üçün hazırlanırdı, biz də onların tərcümə olunmuş variantından istifadə edirdik. SSRİ dağılandan sonra öz dərsliklərimizi yaratmağa başladıq. Ölkəmizdə də dərsliklər yaratmaq təcrübəsi demək olar ki, yox idi. Həmişə hazır alıb, tərcümə edirdik. Ona görə də bu gün dərslik bizim üçün problemli məsələyə çevrilib", - deyə Əsədov qeyd edib.

Onun fikrincə, Boloniya sisteminə qoşulmuş ölkələrdə dərslik problemi olmamalıdır: "Boloniya sisteminin əsas tələblərindən biri təhsil müəssisələrinin tədris-təlim materialları ilə təmin olunmasıdır. Amma bizim universitetlərin kitabxanaları əvvəlki kimi deyil. Ona görə də tələbələr çıxılmaz vəziyyətdə qalırlar. Müəllim tələbəyə tapşırıq verir və deyir ki, materialı haradan tapırsan tap. Ona görə də tələbələrin problemi artır. Bu gün bizdəki orta məktəb dərslikləri də ali məktəb dərsliklərinin ixtisar olunmuş formasıdır. Görün vəziyyət hansı həddə çatıb ki, magistraturanın dərslikləri bakalavriatın dərslikləri ilə eynidir. Sadəcə bəzi xırda dəyişikliklər var".

109

İcra başçısının müavinini maşın vurdu

13
Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vahid İsaxan oğlu Həsənovu avtomobil vurub. 

BAKI, 9 avqust - Sputnik. Sabirabad Rayon İcra Hakimiyyəti başçısının müavinini avtomobil vurub. 

APA-nın məlumatına görə, Sabirabad Rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vahid İsaxan oğlu Həsənovu avtomobil vurub. 

V.Həsənov başından xəsarət alaraq Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

13

Pandemiyanın ən çox ziyan vurduğu sahə - Burada çalışanların yoluxma riski daha böyükdür

701
(Yenilənib 22:32 09.08.2020)
Bütün dünyanı bürüyən bu pandemiya təəssüf olsun ki, ölkəmizdən də yan keçməyib və daxili turizm böhran ilə üzləşib.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 9 avqust — Sputnik. Koronavirus pandemiyası bütün sahələrə təsir etdiyi kimi turizm sahəsindən də yan keçməyib. Bölgələrə gediş-gəlişin məhdud çərçivədə olması, bəzi bölgələrdə istirahət mərkəzlərinin, restoranların, otellərin fəaliyyətinin dayandırılması turizm sahəsini demək olar ki, dondurub.

Turizm eksperti Ramin Zamanovun fikrincə, pandemiya dövründə turizm sektoru arxa planda qalıb. Onun sözlərinə görə, bu sahədə çalışanların virusa yoluxma riski də böyükdür. Otellərdə, restoran və istirahət mərkəzlərində yoluxma ehtimalı daha böyükdür.

Ekspert deyir ki, rayonlara gediş-gəlişin məhdudiyyətlərlə olması, ölkədə koronavirusun yayılma səviyyəsini azaltma məqsədi daşıyır. Onun fikrincə, bəzi rayonlarda virusa yoluxma faktının az olması məhdudiyyətlərin nəticə verdiyini göstərir və daha uzun müddət davam etməsinə əsas yaradır.

"Rayonlarda olan otellərin əksəriyyəti demək olar ki, fəaliyyətini dayandırıb. İşlə bağlı regionlara üz tutanlar xüsusi icazə ilə həmin otellərdə qala bilər. Rayonlara istirahət məqsədi ilə gedib, oteldə qalmaq isə mümkün deyil" – o vurğulayıb.

Millət vəkili Malik Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, pandemiya təkcə bizi yox, bütün dünyanı iflic edib, 6 aya yaxındır bütün dünya ölkələrinin sərhədləri bağlıdır, sərhədlərin pandemiyadan əvvəlki vəziyyətə qayıtmaq ehtimalı hələ yoxdur: "Bəlkə də ən çox itki, ən böyük böhran ilə üzləşən turizm sektoru olub. Nəinki Azərbaycanda, bütün dünyada tarixdə belə hal olmayb".

Onun sözlərinə görə, pandemiya səbəbindən daxili turizm böhranla üzləşib.

Millət vəkili Azərbaycanda koronovirus pandemiyasının qarşısının alınması üçün görülən tədbirləri təqdirəlayiq hesab edir: "Koronavirusa qarşı mübarizədə imzalanan sərəncamlar, həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində ölkəmiz koronavirus pandemiyasına qarşı səmərəli mübarizə aparır. Ölkə başçısı pandemiyaya qarşı mübarizədə hər zaman vətəndaşların sağlamlığını ön planda tutub. Bu səbəbdən də bir sıra önləyici tədbirlər görülüb. Vətəndaşların sağlamlığını düşünərək, ölkə ərazisində xüsusi karantin rejimi tətbiq edilib və ölkə daxilindəki epidemiya demək olar ki, idarə olunan vəziyyətə gəlib".

M. Həsənov qeyd edib ki, bunun bariz nümunəsi son günlər yoluxma sayının azalması və sağalanların üstünlük təşkil etməsidir. Bütün bunları nəzərə alaraq ölkə əhalisinin sağlamlığı turizm sektorunda olan problemlərlə müqayisədə daha önəmlidir.

701
Belorusda seçkinin gedişi zamanı

Belarus MSK ilkin nəticələri açıqlayıb

0
Komissiyanın məlumatına görə, beş regionun səsvermələrinin nəticələrinə əsasən hazırkı dövlət başçısı Aleksandr Lukaşenko seçkilərdə liderdir.

BAKI, 10 avqust - Sputnik. Belarusun Mərkəzi Seçki Komissiyası bu gün ölkədə keçirilən prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb.

Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir.

Komissiyanın məlumatına görə, beş regionun səsvermələrinin nəticələrinə əsasən hazırkı dövlət başçısı Aleksandr Lukaşenko seçkilərdə liderdir. O, seçicilərin 82%-nin səslərini toplayıb. 

Qeyd edək ki, Lukaşenko altıncı dəfədir prezident seçkilərində namizəddir.  

0