Bakıda yağışlı hava

Hava şəraiti kəskin dəyişəcək - payız elə ilk gün "hirsini tökəcək"

69
(Yenilənib 15:14 20.09.2019)
Sentyabrın 21-i axşama doğru, 22-si gecə və səhər yağış yağacağı, gecə saatlarında bəzi yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı ehtimal olunur

BAKI, 20 sentyabr — Sputnik. Sentyabrın 21-i səhərdən Mərkəzi Rusiyadan hərəkət edən soyuq atmosfer cərəyanlarının ölkə ərazisinə daxil olması nəticəsində hava şəraitinin dəyişiləcəyi, əlverişsiz keçəcəyi, havanın temperaturunun ötən günlə müqayisədə 8-10 dərəcə aşağı enəcəyi gözlənilir.

Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata istinadla xəbər verir ki, son günlərdə havanın temperaturu iqlim normasından 4 dərəcəyədək yüksək idi.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, sentyabrın 21-i səhər saatlarından başlayaraq şimal-qərb küləyinin 18-23 m/s olacaq, arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir, gündüz yarımadanın bəzi yerlərində arabir 35-38 m/s-dək şiddətlənəcəyi ehtimalı var. Güclü küləyin sentyabrın 22-si səhərədək davam edəcəyi gözlənilir. Sentyabrın 21-i axşama doğru, 22-i gecə və səhər yağış yağacağı, gecə saatlarında bəzi yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı ehtimal olunur.

Azərbaycanın rayonlarında sentyabrın 21-i şimal və qərb rayonlarından başlayaraq sentyabrın 22-si gündüzədək havanın qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyinin 15-20 m/s, arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir, sentyabrın 21-də isə bəzi Kür vadisi rayonlarda arabir 35-38 m/s-dək şiddətlənəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

69
Teqlər:
hava proqnozu, hava