Plastik maddədən hazırlanan musiqi alətlər

Stradivari bilsə, ikinci dəfə ölərdi - azərbaycanlı müəllimdən qeyri-adi təklif

6316
(Yenilənib 19:09 18.09.2019)
"Biz nəyisə itirdikdən sonra bar-bar bağırırıq ki, "bu bizimdir". Əvvəldən planımızı elə quraq ki, sonradan peşman olmayaq"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 18 sentyabr — Sputnik. Səbuhi Abdullayev Şəki şəhərində anadan olub. İxtisasca dil-ədəbiyyat müəllimi olsa da, bəzi səbəblərdən bu sahədə çalışmayıb. Hal-hazırda Bakı şəhərində yaşayan qəhrəmanımız sözün əsl mənasında təxəyyülünün və baş tutmayan xəyallarının qurbanı olub desək, heç də yanılmarıq. 

Səbuhi Abdullayev öz ideyalarının arxasınca getmək istəsə də, müəyyən maneələrlə qarşılaşıb. O, fikirlərini Sputnik Azərbaycan-la bölüşüb. Qəhrəmanımızın ən çox mübarizə apardığı ideyası isə tədris üçün nəzərdə tutulan musiqi alətlərinin hazırlanma üsuludur: "Azərbaycanın dörd bir yanında musiqi məktəbləri var. Həmin məktəblərdə tar, kamança, nəfəs alətləri tədris olunur. Hər il yüzdən artıq uşaq həmin məktəblərə daxil olur. Valideynlər də müvafiq musiqi alətlərini almağa məcbur olurlar. Məgər o uşaqların hamısı musiqiçi olurlar? - Xeyr. 100-dən 10-u davam etdirir. Hələ bəlkə də az. Amma bu qədər musiqi aləti alınır. Bir tar - bir ağac deməkdir. Musiqi alətləri elə-belə ağacdan hazırlanmır. Bir tar üçün 40 illik ağacı kəsmək olmaz. Görün indi ildə nə qədər ağac musiqi alətlərinə görə məhv olur".

Səbuhi Abdullayevin plastik maddədən hazırladığı musiqi alət
© Sputnik / Shahperi Abbasova
Səbuhi Abdullayevin plastik maddədən hazırladığı musiqi alət

Həmsöhbətimiz çıxış yolunu musiqi alətlərinin plastik maddədən hazırlanmasında görür: "Təlim tarlarının hazırlanması layihəsi üçün bir neçə yerə müraciət elədim. Amma cavabsız qaldı. Çünki məktub ünvanına yetişmədi. Məktubumu Prezidentə ünvanlamışdım, yönləndirdilər Şəki və Cəbrayıl rayonlarının İcra hakimiyyətlərinə. Onlar da məni "yola verdi". Həmin təlim tarları heç də ağacdan hazırlanan tarlardan geri qalmır. Bu üsul dünya praktikasında var. Ötən əsrin 60-cı illərində balalaykanı plastik maddədən hazırlamışdılar".

Müsahibimiz dahi şairimiz Mikayıl Müşviqin məşhur "Oxu, tar" şeirinin misralarının tarın arxa hissəsində yerləşdirilməsini də təklif edib. Lakin, necə deyərlər, bu arzusu da ürəyində qalıb: "Müşviqin "Oxu, tar, oxu, tar, səni kim unudar?" misralarını tarın arxa hissəsinə həkk etdirmək istədim. Tarı əlinə alan uşaq hər dəfə o misraları görərsə, bu onun beyninə həkk olunacaq. Bu, həm də Müşviqin adının əbədiləşdirmək üçün bir addımdır".

 Səbuhi Abdullayev Müşviqin Oxu, tar, oxu, tar, səni kim unudar? misraları nümunələri hazırlayıb
© Sputnik / Shahperi Abbasova
Səbuhi Abdullayev Müşviqin "Oxu, tar, oxu, tar, səni kim unudar?" misraları nümunələri hazırlayıb

Mənfur qonşularımız torpaq iddiaları etdikləri kimi, zaman-zaman musiqimizə də əl atırlar. Müsahibimiz bunun qismən də olsa qarşısını almağın yolunu təklif etsə də, arzusu ürəyində qalıb: "Təklif etdim ki, tarın üzərində səkkizguşəli ulduz və ay həkk olunsun. Tarı əlinə alan xarici də o saat onun bizə məxsus olduğunu anlasın. Nümunə də hazırlatdım. Dedilər, "vəsaitimiz yoxdur". Axı bu o qədər də vəsait tələb etmir! Biz nəyisə itirdikdən sonra bar-bar bağırırıq ki, "bu bizimdir". Əvvəldən planımızı elə quraq ki, sonradan peşman olmayaq".

Qəhrəmanımız kamança alətinin də çanağının plastik maddədən düzəldilməsinə çalışıb, amma buna da nail ola bilməyib. O, bundan başqa, tarixi şəxsiyyətlərimizin təsviri olan kiçik molbertlərin hazırlanması üçün də təklif irəli sürüb: "Kiçik molbertlər hazırladım, gələn turistlərə təklif etmək üçün. Orada dahi şəxsiyyətlərimizin portretləri və onlar haqda qısa məlumat yer ala bilərdi. İngilis, rus və ana dilimizdə. Bu məsələyə də laqeyd yanaşıldı. Biz bilirik ki, mədəniyyətin təbliğinə vəsait ayrılır. Təklifim çox böyük vəsait tələb etmir. Ayrılan pullar kimlərinsə cibinə deyil, mədəniyyətimizin inkişafına yönəlsə, həm ölkəmiz tanınar, həm də xalq yararlanar".

Plastik maddədən hazırlanan musiqi alətlər
© Sputnik / Shahperi Abbasova
Plastik maddədən hazırlanan musiqi alətlər

2012-ci ildə "Avroviziya" mahnı müsabiqəsinə ev sahibliyi etdiyimiz dövrdə də Səbuhi müəllim öz töhfəsini vermək istəyib. Amma necə deyərlər, sən saydığını say:

""Avroviziya" ərəfəsində suvenir tar hazırlatdım, onun içində mikrosxem olacaqdı. O mikrosxemdə Azərbaycan haqda məlumat və milli musiqilərimiz yer alacaqdı. 25 mindən çox xarici gəlmişdi, bunlardan 5 mini öz ölkələrinə suvenir tar aparsaydı, bunun özü də ölkəmizin tanınmasına zəmin yaradardı. Mən onu İranda hazırlatdım, bunun üçün 20 min manat kredit götürdüm. Mədəniyyət Nazirliyində baxdılar, dedilər, yaxşıdır. Məsələ maddiyyata keçəndə geri çəkildilər. Kredit aldığım bank məni 31 dekabrda evdən çıxartdı. Dedim, barı Həmrəylik günü etməyin".

Hərtərəfli şəxsiyyət olan S.Abdullayev kənd təsərrüfatının inkişafı ilə bağlı bir sıra təkliflər irəli sürüb: "Şəkinin bəzi kəndələrində, xüsusilə Qaradağlıda, 100 hektar ərazi yalnız qamışdan ibarətdir. Mən təklif elədim ki, həmin əraziyə ətirşah bitkisi əkilsin. Ətirşah yağı olduqca qiymətlidir. İstehsal olunsa, bundan xeyli pul qazanarıq.

 Bunun üçün münbit torpaq lazım deyil. Mirzə Fətəli Axundovun bir sözü vardı, deyirdi, "yaxşı işin toxumunu əkmək sənə qismətdir, bəhrəsini gözləmə". Mən də ideyalarımı verirəm, nə vaxt gerçəkləşəcəyini isə Allah bilir". 

Səbuhi müəllim son illər gənclərin və uşaqların intiharının səbəbini işsizlik və vaxtın səmərəli keçməməsində görür: "Təklif etdim ki, yayda uşaqların vaxtının səmərəli keçirilməsi üçün düşərgələr açılsın. Orada uşaqlar həm də sənət öyrənsinlər. Universitet oxumayan uşaqlar gələcəkdə işsiz qalmasınlar. Bundan başqa, həmin yerlərdə üzgüçülük hovuzları yaratmaq olardı, uşaqlarımız üzgüçülüyü öyrənsinlər. Azərbaycanlıların çoxu üzməyi bacarmır. Həmin hovuzlarda uşaq yaşlarından üzgüçülüyü öyrənə bilərlər. Hər gün intihar xəbəri eşidirik. Bunun başlıca səbəbi işsizlik və gənclərin, uşaqların vaxtının boş keçməsidir. Onları qınayırıq ki, boş-bekar gəzirlər. Axı biz onlara heç nə təklif etmirik. Bəs, nə etsinlər? Çoxu da müxtəlif dini cərəyanların qurbanı olub. Bunun hamısının günahkarı bizik - cəmiyyətimiz və işini düzgün yerinə yetirməyən, ancaq öz mənafeyini düşünən yerli məmurlar".

6316
Teqlər:
musiqi məktəbi, kaman, tar, plastik, musiqi aləti, musiqi, ideya
Mövzu:
Sözlə deyə bilmədiklərimizin izharı - sənət (27)
Əlaqədar
Azərbaycanlı aktyorun ixtira etdiyi musiqi alətləri – qeyri-adi səslər... – VİDEO
Fransız musiqiçi: "Balabanı ilk dəfə Parisdə Alim Qasımovun konsertində eşitmişəm"
Moldovalı musiqiçidən “Sən gəlməz oldun”
Berlin, arxiv şəkli

İstanbuldan sonra Berlin: yenə xaricdə istirahətlə "yandıracaqlar"?

1
(Yenilənib 12:29 09.07.2020)
Bakı-Berlin reysi ilə Almaniyada daimi və ya müvəqqəti yaşamaq hüququ olan sərnişinlər (tələbələr daxil olmaqla), habelə Avropa İttifaqı ölkələrinin vətəndaşları daşınacaqlar.

 

BAKI, 9 iyul — Sputnik. İyulun 17-dən etibarən Milli aviadaşıyıcı AZAL Bakı-Berlin-Bakı marşrutu üzrə xüsusi reyslər həyata keçirməyə başlayacaq. Uçuşlar avqustun 28-dək həftədə bir dəfə - cümə günləri həyata keçiriləcək.

Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, həmin marşrut üzrə aviabilet satışı xüsusi şərtlərə riayət edilməklə həyata keçiriləcək.

Bakı-Berlin reysi ilə Almaniyada daimi və ya müvəqqəti yaşamaq hüququ olan sərnişinlər (tələbələr daxil olmaqla), habelə Avropa İttifaqı ölkələrinin vətəndaşları daşınacaqlar.

Berlin-Bakı reysinə Azərbaycan vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayış üçün icazəsi olan digər dövlətlərin vətəndaşları buraxılacaqlar.

Aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytında əldə etmək olar. ⠀

Xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələr ekonom sinif üzrə aviabilet alışı zamanı 30% həcmində güzəştdən yararlana biləcəklər. Güzəştli aviabiletin rəsmiləşdirilməsi proseduru üzrə videotəlimatla, İstanbul-Bakı reysi ilə eyni qaydada, burada tanış ola bilərsiniz: 

Xatırladırıq ki, uçuşlara yalnız koronavirus (COVID-19) testindən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlər buraxılacaqlar. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş, həkim göndərişi olmadan sərnişinlərin COVID-19 üçün yoxlamadan keçə biləcəyi laboratoriyaların siyahısı aşağıda qeyd olunub:

- Referans laboratoriyası;

- Leyla klinikası;

- Memorial klinikası;

- Bona Dea xəstəxanası;

- İnci laboratoriyası;

- Bakı Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi (XTİNM);

- Kaspian Hospital;

- UltraLab.

Uçuşdan 48 saat əvvəl alınmış arayış mövcud olduğu və Almaniyanın tələblərinə uyğun gəldiyi halda və ya sərnişin uçub gəldiyi zaman laboratoriyaya müraciət edərək neqativ test əldə etdiyi təqdirdə ondan ikihəftəlik özünütəcrid rejiminə riayət etmək tələb olunmayacaq.

Almaniyada və Avropa İttifaqının digər üzv ölkələrində olan sərnişinlər COVID-19 virusuna dair testdən həmin ölkələrdə müvafiq qaydada akkreditə olunmuş və sözügedən testi etmək səlahiyyətində olan tibb müəssisələrindən birində keçməlidirlər. Almaniyada mövcud olan belə tibb müəssisələri barədə məlumat bu internet səhifəsindən, digər Aİ ölkələri ilə bağlı müvafiq məlumat isə həmin ölkələrin rəsmi qurumlarının internet səhifələrindən əldə edilə bilər.

Daha əvvəl xəbər verildiyi kimi, COVID-19 pandemiyası dövründə həyata keçirilən reyslərdə həm gediş və gəliş hava limanında, həm də təyyarənin göyərtəsində xüsusi qaydalar tətbiq olunur. "Azərbaycan Hava Yolları" tərəfindən videotəlimat hazırlanmışdır: 

1
Əlaqədar
AZAL İstanbula əlavə xüsusi reys yerinə yetirəcək
İstanbula getmək istəyənlərin nəzərinə - Biletlərin satışı başladı
AZAL sərnişinlərə bilet alışı ilə bağlı müraciət edib
Polis postu, arxiv şəkli

Azərbaycanın bir rayonuna giriş-çıxış məhdudlaşdırıldı - koronavirusa görə

21
(Yenilənib 12:43 09.07.2020)
Xüsusi icazəsi olmadan rayon ərazisinə daxil olmaq istəyən digər rayon və şəhərlərin sakinləri saxlanılır və sakini olduqları rayon və şəhərlərə yönləndirilirlər

BAKI, 9 iyul — Sputnik. Xaçmazda sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar polis əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə elan edilən xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən genişmiqyaslı tədbirlər davam etdirilir.

Belə ki, həyata keçirilən tədbirlər çərçivəsində rayon ərazisinə giriş-çıxış məhdudlaşdırılıb. Bu ərazilərdə müvəqqəti stasionar postlar qurulub, nəqliyyat vasitələrinin hərəkətinə ciddi nəzarət olunur. Xüsusi icazəsi olmadan rayon ərazisinə daxil olmaq istəyən digər rayon və şəhərlərin sakinləri saxlanılır və sakini olduqları rayon və şəhərlərə yönləndirilirlər.

21
Teqlər:
post, polis, Azərbaycan, Xaçmaz, Koronavirus, COVID-19
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Əlaqədar
Koronavirusa yoluxanların sayı 12 milyonu keçdi
Səhiyyə Nazirliyi koronavirus xəstələrinin evdə müalicə prosedurunu açıqladı
Yaponiya mədəniyyəti koronavirusun qarşısını necə aldı - Yaponlar kimi niyə ola bilmirik?
Koronavirusdan sağalan insanlar yenidən yoluxa bilərlər
Azərbaycana koronavirusa görə xarici mütəxəssislər gətirildi