Mənzillərin açarları, arxiv şəkli

Mənzil almaq asanlaşacaq - Millət vəkilinin dediyi olarsa...

812
(Yenilənib 15:56 18.09.2019)
Sosial evi güzəştli şərtlərlə əldə edən şəxslərin bir qismi onu daha baha qiymətə kirayə kimi təklif edərək, qazanc əldə etməyə çalışır

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 18 sentyabr — Sputnik. Sosial evlərin inşası nəhayət ki, ev arzusunda olanların mənzil sahibinə çevriləcəyinə inam yaratsa da, bu layihə də ümidləri doğrultmadı. Bu gün sosial ev alanların mütləq əksəriyyətinin aldığı mənzili kirayə verməsi, onların nəinki sosial evə, ümumiyyətlə evə ehtiyaclarının olmadığını üzə çıxarıb. Son günlər sosial evlərin bir qisminin kirayə kimi təklif edilməsi məsələsi artıq geniş müzakirələrə səbəb olub. Belə ki, əmlak satışı və kirayəsi ilə məşğul olan internet səhifələrində sosial evlərin kirayə təklif edilməsi halları artıb. Sosial evi güzəştli şərtlərlə əldə edən şəxslərin bir qismi onu daha baha qiymətə kirayə kimi təklif edərək, qazanc əldə etməyə çalışır.

İqtisadçı Vüqar Bayramov da sosial evlərin mənzilə ehtiyacı olmayanlara satılmasının evsizləri bu sosial layihədən faydalanmaqdan məhrum etdiyini deyir. Sputnik Azərbaycan-a bu barədə danışan iqtisadçı bildirir ki, burada Mənzil İnşaatı Dövlət Agentliyini (MİDA) günahlandırmaq doğru olmaz: "MİDA mənzilləri inşa edir və sosial ipoteka krediti ilə satışını həyata keçirir. Aydındır ki, agentlik mənzilə sahib olan şəxsdən evi kirayə verməməyi tələb edə bilməz. Sosial ipoteka kreditlərini əldə etmək üçün başqa mənzilə sahib olmaq məhdudiyyət yaratmadığı üçün bəzi hallarda bir neçə evi olanlar da sosial evləri alıb əlavə qazanc əldə etməyə çalışırlar".

Ekspert bildirib ki, sosial evlərin fəlsəfəsi evi olanlara əlavə mənzil vermək deyil, evsizləri mənzillə təmin etməkdir: "Bu baxımdan, sosial evlərin kommersiya məqsədilə istifadə olunması nəinki arzuolunan deyil, həmçinin yolverilməz olmalıdır. Nəticədə, belə hallarda evsiz vətəndaş mənzil sahibi olmaqda çətinlik çəkir, başqası isə "ev kolleksiyası" yaradır: evlərinin sayını artıraraq kirayədən gəlir əldə edir. Belə halların qarşısının alınması üçün nələrin edilməsinə ehtiyac var?

Əvvəlla, evi olan şəxslərin sosial evlərə müraciəti məhdudlaşdırılmalıdır. Sosial evlər evi olan deyil, yalnız mənzili olmayana təklif olunmalıdır. Burada müraciət edənin deyil, ailə üzvlərinin adına mənzil olub-olmamasına da baxılmalıdır. İkincisi, qanunvericiliklə agentliyə mənzilləri təyinatı üzrə istifadəyə nəzarət hüququ verilməlidir. Doğrudur, iddia oluna bilər ki, mənzildən necə istifadə etmək ev sahibinin hüququdur. Amma nəzərə almaq lazımdır ki, sosial evlər dövlət vəsaiti hesabına inşa edilir və evlərə sahiblikdə sosial ədalət əsas prioritet olaraq qalmalıdır. Belə mexanizm isə sosial evlərin gəlir mənbəyinə çevrilməsini minimumlaşdırar. Bütün bunlar isə gələcəkdə sosial evlərin kirayə təklif edən internet səhifələrini "bəzəməsinin" qarşısını ala bilər".

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sosial mənzilləri evi olanların alması yaxşı hal deyil. Bununla belə, millət vəkili evi olanların sosial ev almaq imkanının qanunla məhdudlaşdırılmasının effekt verməyəcəyi fikrindədir: "Bu gün sosial evlərin satışında şəffaflıq tam təmin olunub. Evlərin satışının elektronlaşdırılması nəticəsində bu gün kriteriyalara uyğun olan şəxslərdən kim tez düyməni sıxırsa, o da evə sahib ola bilir. Amma onlar arasında evi olanlar da var. Bunun qarşısını isə almaq bir qədər çətindir. Hətta evi olanların sosial ev almasına qadağa qoyulsa belə, insanlar müxtəlif variantlara əl atacaqlar. Öz mənzillərini başqalarının adına keçirdib bu layihədə yenə də iştirak edəcəklər. Ona görə də, düşünmürəm ki, bu qadağa effekt versin".

V.Əhmədov bununla belə sosial evlərlə bağlı bəzi kriteriyalara dəyişiklik edilməsinin vacib olduğunu söyləyir. Deputat deyir ki, bu gün evi olmayan, 40-41 yaşında müdafiə edib elmlər doktoru adı alanlar var. Sosial mənzillərlə bağlı kriteriyalarda yaş həddi 35 olduğundan, onlar bu layihədən yararlana bilmirlər: "

Məsələn, kateqoriyada 35 yaşlı gənc ailənin üzvü qeyd olunur. Həmin şərtlərə uyğun gələn 36 yaşlı vətəndaş sosial mənzil sahibi olmaq şansını itirir. Çünki qanuna görə 35 yaşını keçənlər gənc sayılmır. Düşünürəm ki, yaş məhdudiyyətinə baxmaq lazımdır. Ümumiyyətlə güzəştli mənzil sahibi olanların kateqoriyasının əhatəsi genişləndirilməlidir. Yaş həddi götürülməlidir, yaxud artırılmalıdır".

Qeyd edək ki, hazırda aşağıdakı kateqoriyadan olanlar güşətli mənzil sahibi olmaq hüququna malikdirlər. Buraya yaşı 35-dən yuxarı olmayan gənc ailənin üzvü olan aşağıdakı şəxslər, şəhid ailəsinin üzvü (əri/arvadı, övladları), Milli Qəhrəman (özü, əri/arvadı, övladları), məcburi köçkün və ya ona bərabər tutulan şəxs, ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs, ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs, fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs, idman sahəsində xüsusi xidmətləri olan şəxslər (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçıları (I, II və III yerlər), yaşından və ailə vəziyyətindən asılı olmayan aşağıdakı digər şəxslər, elmlər doktoru elmi dərəcəsi olan şəxs, ən azı 15 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxslər daxildir. Ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları ("Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunun 41.0.6-cı, 41.0.7—ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla), ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs, ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər də sosial ev almaq üçün müraciət edə bilərlər. Qeyd edək ki, MİDA-nın təklif etdiyi 1 otaqlı mənzillərin qiyməti – 29 925 manatdan, 2 otaqlı mənzillərin qiyməti – 47 652 manatdan, 3 otaqlı mənzillərin qiyməti – 65 997 manatdan başlayır.

812