İxtisasca jurnalist olan Ağa Mehdi noyabrda Avropanın 10 ölkəsinin diqqətini çəkəcək maraqlı bir yürüşə start verəcək

Avropanı qarış-qarış gəzib, pul xərcləyəcək Hamısını da öz cibindən

805
(Yenilənib 18:43 17.09.2019)
Qəribə xobbisi olan azərbaycanlı: "Atdığım bu addım zamanı da Azərbaycanı tanımayanları ölkəmizlə tanış edəcəyəm"

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 18 sentyabr — Sputnik. “Çox gəzən daha çox bilər” – belə deyirlər. Budəfəki həmsöhbətimiz də çox bilir. Çünki dünyanın 30-dan artıq ölkəsini gəzib. Özünəməxsusluğu ilə fərqlənən Ağa Mehdi ixtisasca jurnalistdir. Həmsöhbətimiz noyabrda Avropanın 10 ölkəsinin diqqətini çəkəcək maraqlı bir yürüşə start verəcək. Yürüşün əsas mahiyyəti isə ekoloji sağlamlığa töhfə verməkdir.

Ağa Mehdi səfərə hazırlıq, planları, məqsədləri və biznes fəaliyyəti barədə Sputnik Azərbaycan-a danışıb:

- Piyada səfər olduğu üçün nədənsə ağlıma ilk gələn sual budur: görəsən, səfər neçə gün davam edəcək? İstəyərdim öncə elə bu sualdan başlayaq və bir qədər də məqsədlərdən danışaq.

Ağa Mehdi xüsusi bir hal olmasa, yürüşünü ancaq piyada davam edəcək
© Sputnik / Nigar Iskanderova.
Ağa Mehdi xüsusi bir hal olmasa, yürüşünü ancaq piyada davam edəcək

- Təxminən 6-7 ay davam edəcək səfərimin əsas özəlliyi bu müddətdə 11 ölkəni heç bir nəqliyyat vasitəsi olmadan, piyada gəzərək həmin ölkənin sakinlərinə, qonaqlarına bir nümunə olmaq, insanları düşündürməkdir. Məncə, düşünmək və düşündüyün yaxşı bir ənənəni tətbiq etmək, yəni təcrübədən keçirtmək çox önəmlidir. Bunun üçün ali təhsilin olub-olmaması önəmli deyil. Yetər ki, istəyək və sadəcə olaraq ekoloji sağlamlığımız üçün ayın ən azı 1 gününü tamamilə nəqliyyatsız təsəvvür edək. Baxın, bu gün dünya öncəki illərdə, hətta əsrlərdə olmayacaq qədər professorlar yetişdirib. Amma buna paralel olaraq da çoxsaylı problemlər var. Bəs bu gün belə problemlərin həll olunmamasının səbəbi nədir? Səbəb praktikanın olmamasıdır.

- Səfər çərçivəsində hansı ölkələrdən keçəcəksiniz?

- Səfərimə Estoniyadan start verəcəyəm. Sonra Rusiyadan - Kalininqraddan keçəcəyəm. Bundan başqa, Latviya, Litva, Polşa, Almaniya, Hollandiya, Belçikaya da yürüş edəcəyəm. Digər ölkələrdən fərqli olaraq daha çox Fransa daxilində yürüş edəcəyəm. İspaniya və Portuqaliyaya da səfər edəcəyəm.

- Heç velosipeddən də istifadə etməyəcəksiniz?

- Velosipedlə səfər etməyin üstünlükləri çox olsa da, ayaqla yürüş etməyi planlaşdırmışam. Xüsusi bir hal olmasa, yürüşümü ancaq piyada davam edəcəyəm.

- Xərclərlə bağlı öncədən təxmini bir hesablamanız varmı?

- Belə hesab edirəm ki, gün ərzində haradasa gecələməyə görə 40 avro, yemək və digər xərclərə görə isə əlavə olaraq 50 avro xərcləməli olacağam. Fikrimcə, gün ərzində qalmaq üçün qiyməti çox aşağı olan yerləri də seçmək olar. Amma belə olanda səs-küy mənim üçün əsas maneəyə çevrilir, dincəlmək, doyunca yuxu almaq imkanım olmadıqda isə növbəti günə daha yorğun başlamalı oluram. Bu səbəbdən də nəzərdə tutduğum ölkələri gəzmək və enerji yığmaq üçün gərək normal yuxu yatım.

- Hazırkı işiniz haqda danışaq... Axı insan işləməli, qazanmalıdır.

- Alman şirkətlərindən birində çalışıram. İşim əsasən internet üzərindən öhdəliklərimin yerini yetirilməsi, xarici ölkələrə səfərlərdən ibarətdir. Xüsusən Rusiya və Almaniya ən çox səfər etdiyim ölkələrdəndir.

- Bəs işsiz qalma ehtimalınız necə, varmı?

- Düşünürəm ki, bir sıra risklər var. Amma eyni zamanda da riskləri sevirəm. Potensialımın da nədən ibarət olduğunu bilirəm.

- Bu ilk belə aksiyadır?

- Bəli, bu mənim ilk belə aksiyamdır. İlk dəfədir ki, dünyanın 10 ölkəsini belə piyada gəzib-dolaşacağam. Sözsüz ki, nəsib olsa.

- Bu səfər həm də Azərbaycan adına xoşdur. Həm də ölkəmizin daha çox tanınması baxımından da müsbət bir addım kimi dəyərləndirilə bilər.

- Qeyd edim ki, bunadək olduğum 31 ölkədə Azərbaycanı tanımayanlarla çox qarşılaşmışam. Onlara ölkəmiz barədə məlumat verməyə çalışmışam. Atdığım bu addım zamanı da Azərbaycanı tanımayanları ölkəmizlə tanış edəcəyəm.

- Yəqin ki, xərcləriniz də şəxsi büdcənizdən qarşılanacaq.

- Bəli, bütün xərclərimi özüm qarşılayacağam.

- Səfərə çıxmaq üçün əsas nəyə diqqət etmək lazımdır?

- Bu cür səfərlərdə əsas diqqət ediləcək məqam geyimdir. Geyim elə olmalıdır ki, tərləsən belə, soyuq hava kütləsi bədəninə keçməsin. Bundan başqa, ayaqqabıların düzgün seçilməsi də önəm daşıyır. Bu cür ayaqqabıların satışı ilə məşğul olan İsveçrənin məşhur brendlərinin birində belə məhsulların qiyməti 300 avrodan başlayır. Əlbəttə, burada söhbət geyim, yaxud da ayaqqabının gözəl olmasından getmir.

- Səfərlərdə başınıza gələn maraqlı hadisələr olubmu?

- Bu cür səfərlərdə hətta oğurluq hadisələri ilə də rastlaşmışam. İcarəyə götürdüyüm velosipedi oğurlamışdılar, bu səbəbdən də mən təyyarəyə gecikmişdim. Buna görə, yenidən bilet almalı olmuşdum.

- Qısaca da olsa, bu yerə gəlmək üçün keçdiyiniz mərhələlərdən, elə ilk dəfə qazandığınız puldan danışaq.

- Sadə, varlı olmayan bir ailədə böyümüşəm. Tələbəlik illərində valideynlərim işləməyimə qarşı idilər, hər zaman evdəki son qəpiyi də mənə verərdilər ki, işləməyim, oxuyum. Amma onlar sadə vətəndaş olublar, belə sadə bir ailədə böyümüşəm. Bununla belə mən biznes haqda düşünürdüm. Bir dostumla bu haqda uzun müddət düşündük. Beləcə İtaliya bitkisi olan rukolanın əkilib becərilməsi ilə məşğul olmağa və bununla pul qazanmağa başladıq. Onu əkib-becərmək üçün torpağı münbit olan bir yer kimi Türkan qəsəbəsini seçdik. Hər gün onun əkilib-becərilməsi üçün ora gedirdik və təkcə getməyə görə təxminən 2 saatadək zamanımız gedirdi. Becərəndən sonra yığıb, paketləyib supermarketlərə paylayırdıq. İlk pulumu elə beləcə qazanmışam. Ailəmdəki mühit mənə təsir etmişdi. Anam hər zaman fədakarlıq edib, gecə 4-də durub şirniyyat bişirirdi ki, səhər məhsulları mağazalar üçün götürsünlər. Varlı ailədən olmadığım üçün həyatımın müxtəlif pillələrində çətinliklərlə qarşılaşmışam.

Dünyanın 30-dan artıq ölkəsini gəzən və özünəməxsusluğu ilə fərqlənən Ağa Mehdi
© Sputnik / Nigar Iskanderova.
Dünyanın 30-dan artıq ölkəsini gəzən və özünəməxsusluğu ilə fərqlənən Ağa Mehdi

- Gələcək məqsədiniz, planınız nədir?

- İşim mənə zövq versə də, məcburiyyətdən işlədiyimi deyərdim. Çünki daha çox elmə bağlı biriyəm. Gələcəyimi də elmdə görürəm. Gələcəkdə magistr və doktorantura təhsili almaqla daha da püxtələşmək istəyirəm. İstəmirəm ki, həyatım elə səfərlərdə keçsin.

805
 Pandemiya zamanı imtahan, arxiv şəkli

İmtahana hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılır

0
(Yenilənib 15:02 13.08.2020)
Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılır, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunur.

BAKI, 13 avqust — Sputnik. Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün cari və əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanları, I və IV ixtisas qrupları üzrə ali təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı və qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan (Azərbaycan və ya rus dili) keçirilir.

Bu barədə Sputnik Azərbaycan-a DİM-dən məlumat verilib. Məlumata görə, imtahanlar respublikanın 35 şəhər və rayonunda keçirilir.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 164 imtahan binası, 2877 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 164 ümumi imtahan rəhbəri, 490 imtahan rəhbəri, 3754 nəzarətçi–müəllim, 328 buraxılışı təşkil edən əməkdaş, 164 bina nümayəndəsi ayrılıb.

Bu gün keçirilən imtahanlarda 19197 nəfər abituriyentin imtahanlarda iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, növbəti imtahan sabah - avqustun 14-də keçiriləcək. Bu imtahanlarda isə 18102 nəfər iştirak edəcək. Ümumilikdə iki gün ərzində keçiriləcək imtahanlarda 37299 abituriyentin iştirakı nəzərdə tutulur. Bunlardan 14232 nəfər II ixtisas qrupu, 22607 nəfər III ixtisas qrupu üzrə qəbul imtahanının ikinci mərhələsini, 460 nəfər isə I və IV ixtisas qrupları üzrə əlavə xarici dil imtahanını verənlərdir.

Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılır, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunur. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılır.

0
Buludlu hava, arxiv şəkli

Rayonlarda yağış, paytaxtda isə külək olacaq

1
(Yenilənib 14:51 13.08.2020)
Tibbi-meteoroloji proqnoza gəldikdə isə, avqustun 14-15-də Abşeron yarımadasında güclənən xəzri küləyi fonunda iqlim normasına yaxın temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

BAKI, 13 avqust — Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir.

Sputnik Azərbaycan Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata istinadla xəbər verir ki, arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 21-24, gündüz 28-31, Bakıda gecə 21-23, gündüz 29-31 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 60-70 , gündüz 35-40 faiz təşkil edəcək.

Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq.

14 avqustda Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, şimal və qərb rayonlarında intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-23, gündüz 30-35, dağlarda gecə 11-15, gündüz 16-20 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəldikdə isə, avqustun 14-15-də Abşeron yarımadasında güclənən xəzri küləyi fonunda iqlim normasına yaxın temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

1