Avtobus, arxiv şəkli

Dərs başladı, onun problemləri də: Qabağa düşən isə taksilərdir

393
(Yenilənib 09:51 16.09.2019)
Çarəsiz qalan valideynlərin əksəriyyəti övladının məktəbə rahat və vaxtında gedib-gələ bilməsi üçün dərs ili boyunca taksi xidmətindən istifadə etməli olur

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 16 sentyabr — Sputnik. Yeni dərs ilinin başlanmasından sonra ictimai nəqliyyatda xaosun yaranacağı qaçılmazdır. Odur ki, son günlər gündəmə gələn məsələlərdən biri də, məktəb avtobuslarının fəaliyyətə başlamasıdır. Çünki, valideynləri məktəb ərəfəsi qayğılandıran əsas problemlərdən biri də, övladlarının ictimai nəqliyyatdan necə istifadə edəcəyidir. Danılmaz faktdır ki, yeni tədris ili başlayan kimi həm metroda, həmçinin də avtobuslarda basabas yaranır. Sentyabrın 15-dən sonra metro qatarlarına, sərnişin avtobuslarına minib-düşmək sözün əsl mənasında qəhrəmanlıq tələb edir. Pik saatlarda isə vəziyyət daha da dözülməz həddə çatır. Belə halda övladını məktəbə aparıb-gətirən valideynlər bəzən saatlarla ya avtobusun gəlişini gözləyir, yaxud da avtobusa rahat minmək üçün son dayanacağa qayıtmalı olurlar. Dünyanın bir sıra ölkələrində məktəblilərin rahat gediş-gəlişi məqsədilə məktəbli avtobusları xidmət göstərir. Azərbaycanda isə, məktəbli avtobusları ancaq bəzi özəl təhsil müəssisələrində təhsil alan şagirdlər üçün nəzərdə tutulub. Çarəsiz qalan valideynlərin əksəriyyəti övladının məktəbə rahat və vaxtında gedib-gələ bilməsi üçün dərs ili boyunca taksi xidmətindən istifadə etməli olur. Buna isə heç şübhəsiz ki, bütün valideynlərin maddi baxımdan imkanı çatmır.

Ekspertlər də, məktəbli avtobusu layihəsinin tətbiq edilməsinin vacib olduğu söyləyirlər. Nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı deyir ki, məktəbli avtobusu ilə bağlı təklif bir neçə ildir ki, qüvvədədir. Həmsöhbətimiz məktəbli avtobuslarının fəaliyyətinin uşaqların təhlükəsizliyi baxımından da vacib olduğunu söyləyir: “Dərslər başlayan kimi yollarda avtomobillərin intensivliyi artır. Həmçinin şagirdlərin də sərnişin avtobusları ilə gedib-gəlməsi çətinləşir. Elə valideynlər var ki, məcburiyyət qarşısında uşağı məktəbə aparıb-gətirmək üçün taksi tutmalı olur. Bu problem illərdir ki, davam edir. Düşünürəm ki, sərnişin avtobuslarının fəaliyyəti vacibdir”.

E. Muradlı bildirir ki, bunun üçün dövlət büdcəsindən vəsaitin ayrılmasına da ehtiyac yoxdur: “Onsuz da valideynlər öz övladlarını məktəbə aparıb-gətirdikləri halda şəhərdaxili və Bakıətrafı sərnişindaşıma tariflərinə uyğun məbləğ ödəyirlər. Ola bilər ki, belə bir marşurutlar sırf məktəblilər üçün açılsın. Hər bir şagird bu nəqliyyat vasitəsindən istifadə edərkəb gediş haqqını ödəsin. Əsas məqsəd burada odur ki, şagirdlər ictimai nəqliyyatda sıxlıqdan əziyyət çəkməsinlər. Özümüz də şahidi oluruq ki, dərslər başlayandan sonra məktəblilər belində çanta xüsusilə səhər və axşam pik saatlarında avtobusa minə bilmirlər. Yaxud da avtobusda sərnişin sıxlığı elə həddə olur ki, ayaqüstə uzun məsafə qət etməli olurlar. Bu problemi nəzərə alıb daşıyıcılar arasında belə bir xətt üzrə müsabiqə elan etmək olar”.

E. Muradlı deyir ki, bəzən məktəblilərin rahat gediş-gəlişi üçün sərnişin avtobusları üçün ayrıca zolaqların salınması təklif edilir: “Qeyd edim ki, paytatxda bəzi yollarda sərnişin avtobusları üçün əlavə zolaqlar var. Amma paytaxtın infrastrukturu bunu bütün yollarda etməyə imkan vermir. Ona görə də, ən uğurlu variant məktəbli avtobuslarının fəaliyyətidir”.

Bakı Nəqliyyat Agentliyindən isə Sputnik Azərbaycan-a bildirdilər ki, belə bir marşrutun açılması üçün onlara müraciət daxil olmayıb. Qeyd edək ki, qardaş Türkiyədə bu funksiyanı bələdiyyə avtobusları həyata keçirir. Bizdə isə bələdiyyələrin sərnişindaşıma sahəsində təcrübəsinə tək-tək hallarda rast gəlinir.

393