Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov

Əli Həsənov: "Azərbaycanda azad sözə dövlət səviyyəsində yüksək əhəmiyyət verilir"

1509
(Yenilənib 11:23 12.09.2019)
Azərbaycan Prezidenti Heydər Əliyevin 1998-ci il avqustun 6-da imzaladığı Fərmanla KİV üzərində senzuranın ləğv edilməsi, azad və kənar təsir olmadan özünütənzimləyən medianın yaradılması üçün ölkədə geniş perspektivlər açılıb

BAKI, 12 sentyabr - Sputnik. "Azərbaycan milli mətbuatı yüz ildən artıq bir tarix çərçivəsində müxtəlif inkişaf mərhələlərini keçərək ictimai həyatımızın ayrılmaz tərkib hissəsinə və vətəndaş cəmiyyətinin hərəkətverici qüvvələrindən birinə çevrilib. 1991-ci ildə öz müstəqilliyini yenidən bərpa etdikdən sonra 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının yeni Konstitusiyasında fikir və söz azadlığının əsas insan hüquqları sırasında öz əksini tapması KİV-in inkişafında yeni tarixi mərhələnin bünövrəsini qoyub".

"Report"un xəbərinə görə, bunu Bakıda keçirilən Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısında Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov deyib.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan Prezidenti Heydər Əliyevin 1998-ci il avqustun 6-da imzaladığı Fərmanla KİV üzərində senzuranın ləğv edilməsi, azad və kənar təsir olmadan özünütənzimləyən medianın yaradılması üçün ölkədə geniş perspektivlər açılıb: "Sonrakı dövrdə kütləvi informasiya vasitələri, informasiyanın əldə olunması, milli teleradio yayımı, ictimai televiziya, informasiya azadlığı və digər sahələrlə bağlı yeni qanunların qəbul olunması KİV-in inkişafını təmin edən zəruri qanunvericilik bazası kimi çıxış etdi.

Ötən 25 il müddətində KİV-in maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ölkəmizdə mühüm addımlar atılıb. Azərbaycan Prezidentinin sərəncamları ilə 1998-ci ilin sonunda yerli KİV-lər əlavə dəyər vergisindən azad edilib, ölkəyə gətirilən çap məmulatlarına tətbiq edilən gömrük rüsumları ləğv olunub, media vasitələrinin dövlətə olan borcları silinib və əlavə olaraq onlara uzunmüddətli və güzəştli kreditlərin verilməsi işi təmin edilib.

Azərbaycanda KİV-lərin, xüsusən də yazılı medianın inkişafına mühüm təsir göstərən əsas addımlardan biri də 2008-ci il iyulun 30-da Azərbaycan Prezidentinin Sərəncamı ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın qəbul edilməsi və həmin sənədin tələblərinə uyğun olaraq 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması olub.

2009-cu ildən başlayaraq KİV layihələrinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən mediaya və jurnalistlərin ehtiyacı üçün on milyonlarla manat vəsait ayrılıb. Bundan başqa, Azərbaycan Prezidentinin sərəncamları ilə jurnalistlər üçün çoxmənzilli iki yaşayış binası tikilib istifadəyə verilib, üçüncünün tikintisi isə hazırda davam edir. 2000-ci ildən Azərbaycan milli mətbuatının yubileyləri mütəmadi olaraq dövlət səviyyəsində qeyd olunur. 2005, 2010, 2015 və 2016-cı illərdə yüzlərlə jurnalist fəxri ad və dövlət mükafatları ilə təltif olunublar. Bütün bunlar ölkənin informasiya tələbatının tam ödənilməsi üçün KİV-in fəaliyyətinə böyük stimul verib.

Bu gün Azərbaycanda fəaliyyət göstərən KİV-lər cəmiyyətdə baş verən hadisələri, dövlətin həyata keçirdiyi siyasəti, o cümlədən beynəlxalq aləmdə cərəyan edən prosesləri sərbəst və müstəqil şəkildə araşdırır, əhalinin rəyini öz səhifələrində əks etdirərək hakimiyyətin nəzərinə çatdırır. KİV-lər istədiyi informasiyaları sərbəst şəkildə toplayıb yaymaq, o cümlədən iqtidarın apardığı siyasəti tənqid etmək və yaxud dəstəkləmək imkanına malikdir.

Hazırda Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş KİV-lərin ümumi sayı 5000-dən çoxdur. KİV-lərin kəmiyyət göstəricilərinə görə Azərbaycan MDB və Şərqi Avropa ölkələri arasında birincilər sırasındadır. Ölkədə 40-dək gündəlik, 200-dən çox həftəlik və aylıq qəzet-jurnal və digər media nümunələri nəşr olunur. 300-ə yaxın xəbər və analitik internet saytı, 20-yə yaxın informasiya agentliyi, rayonlarda və bölgələrdə isə 100-ə yaxın KİV fəaliyyət göstərir.

Azərbaycanda 11 ümumrespublika, 4 peyk, 13 regional və 17 kabel televiziyası, 25 internet televiziyası,14 radio fəaliyyət göstərir. 2005-ci ildə ölkədə İctimai Televiziya və Radio Yayımları Şirkəti təsis edilib və hazırda uğurla fəaliyyət göstərir.

Azərbaycanda bu gün 50-dən artıq jurnalist təşkilatı qeydə alınıb, 30-dək təşkilat söz və məlumat azadlığının, mətbuatın iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin hüquqlarının müdafiəsi, cəmiyyətlə media arasında münasibətlərin tənzimlənməsi və digər məsələlərlə fəal məşğul olur. Mətbuat yayımını həyata keçirən müstəqil kommersiya şirkətlərinin sayı 23-ə çatıb.

Bir neçə kəlmə də Azərbaycanda internet və sosial şəbəkələrin fəaliyyəti haqqında məlumat vermək istəyirəm. Hazırda ölkəmizdə internet istifadəçilərinin sayı ümumi əhalinin 80 fazindən çoxdur və bu göstəricilərə görə biz dünya ölkələri sırasında birinci sıralarda bərqərar olmuşuq. ".az" domenində qeydiyyatdan keçmiş internet saytlarının sayı 20 mini ötüb.

Bununla yanaşı, Azərbaycanda azad sözə və fikrə dövlət səviyyəsində yüksək əhəmiyyət verilməsinin nəticəsidir ki, transmilli media qurumlarının ölkə ərazisində verilişlərinin yayılmasında heç bir məhdudiyyət yoxdur, eyni zamanda vətəndaşların “Facebook”, "Twitter", “Youtube”, “İnstaqram” kimi sosial şəbəkələrə sərbəst çıxışı təmin edilib. Sosial şəbəkə istifadəçilərinin sayı ölkədə 3 milyon nəfərdən çoxdur ki, bu da cəmi 10 milyon əhalisi olan bir ölkə üçün çox böyük göstəricidir. Sosial şəbəkələrə dövlət səviyyəsində verilən əhəmiyyətin nəticəsidir ki, Azərbaycan Prezidenti İlham Əliyevin özünün və əksər dövlət qurumlarının, ayrı-ayrı vəzifəli şəxslərin rəsmi sosial profilləri fəaliyyət göstərir. Hakimiyyət sosial şəbəkələrdə qaldırılan məsələlərə mütəmadi olaraq öz münasibətini bildirir, internetə məlumat mənbələrindən biri kimi yanaşır və ondan istifadə edir.

Müşahidələr və təhlillərdən aydın olur ki, son illərdə sosial şəbəkələr ictimai rəyin formalaşmasına təsir imkanlarını artırmağa çalışır. Lakin burada bir məqamı qeyd etməliyik ki, sosial şəbəkələrin rolunu müsbət xarakterizə edən cəhətlərlə yanaşı, mənfi meyllər də özünü göstərir. Sosial şəbəkələrin meydana gəlməsi bir tərəfdən söz və öz fikrini ifadə etmək azadlığının təmin olunmasında yeni perspektivlər açır. Digər tərəfdən sosial şəbəkələrlə insan hüquqları arasındakı qarşılıqlı təsir bəzən xoşagəlməz vəziyyət yaradır. Belə ki, sosial şəbəkələrdə insanların şərəf və ləyaqətinin alçaldılması halları baş verir ki, bu da insan hüquqlarının pozulması deməkdir. Təəssüf ki, bu cür mənfi hallar bəzən transmilli medianın fəaliyyətində də özünü göstərir. Transmilli media qurumlarının verilişlərinin ölkədə yayılmasının müsbət cəhəti bundan ibarətdir ki, əhali dünyada baş verən proseslərlə bağlı operativ məlumatlar əldə etmək imkanı qazanır. Burada özünü göstərən mənfi xüsusiyyət isə ondadır ki, bəzən müxtəlif siyasi dairələrin və yaxud lobbi qruplarının təsiri ilə transmilli media qurumları ictimai rəyi manipulyasiyaya məruz qoymağa çalışır, obyektivlik və bitərəflik kimi prinsiplərə zidd olaraq qərəzli, subyektiv informasiyalar yayır.

Yuxarıda dediklərimizi ümumiləşdirsək belə bir qənaətə gəlmək olar ki, Azərbaycan hakimiyyəti hazırda söz və mətbuat azadlığının, KİV-in inkişafının təmin edilməsini dövlət siyasətinin əsas istiqamətlərindən biri hesab edir. Bizim ölkə dünyanın və bölgəmizin azsaylı ölkələrindəndir ki, hələ 1998-ci ildə mətbuat və informasiya nazirliyini ləğv edib və mətbuatın dövlət tənzimlənməsindən birmənalı şəkildə imtina edib. Azərbaycan dövləti bu işi hazırda ölkə jurnalistlərinin öhdəsinə buraxıb ki, onlar da öz ümumi toplantılarında jurnalistlərin vahid ictimai təşkilatı olan Mətbuat Şurasını yaradıblar. KİV-lərin fəaliyyətinin dəstəklənməsi və siyasi plüralizmin genişləndirilməsi siyasətini də biz məhz yaratdığımız KİVDF fondu, o cümlədən Mətbuat Şurası vasitəsilə həyata keçirməyə çalışırıq. Mətbuat Şurası bəhs etdiyim istiqamətdə dövlətin əsas tərəfdaşıdır. Ölkə jurnalistlərinin ictimai maraqlarının yeganə təminatçısı kimi çıxış edən bu qurum uğurlu fəaliyyət göstərir və bugünkü möhtəşəm toplantı da bunun əyani sübutudur. Dünya ölkələrini təmsil edən əksər Mətbuat Şuralarını Bakıya toplamaq və milli-transmilli jurnalistikanın, azad medianın problem və uğurların müzakirə etmək bacarığı bunun göstəricisidir".

1509
İzləyici xəbər saytını oxuyur, arxiv şəkli

"Sarı" xəbər həmişə olmur: Sözünü çatdırmağın ağıllı yolları

2
Vebinarın spikerinin rəyinə görə, materialların tərtibatına düzgün yanaşma daha çox oxucunu əhatə etməyə imkan yaradır.

BAKI, 10 iyul — Sputnik. Xəbər oxucu diqqəti cəlb etmək üçün mütləq “sarı” olmalı deyil. Onu sadəcə düzgün tərtib etmək gərəkdir. Bu barədə SputnikPro-nun iyulun 10-da keçirilmiş növbəti vebinarında danışılıb. 

“Mətnin dizaynı: nəyi, harada, necə və nə üçün planlaşdırmaq lazımdır” onlayn sesisyasının spikeri Yuliya Atanova  "Rossiya seqodnya" BİA-nın dövlət media layihələrinin meneceri, eyni zamanda rusiyanın Arktikadakı iştirakına həsr olunmuş yeganə federal səviyyəli Arctic.ru informasiya layihəsinin rəhbəridir.

© Photo : Denis Lipa
"Rossiya seqodnya" BİA-nın dövlət media layihələrinin meneceri Yuliya Atanova

Yuliya artıq 10 ildən çoxdur ki, internet layihələrinin yaradılması, işə salınması və inkişafı ilə məşğul olur. O, Britaniyanın ali dizayn məktəbini "Media dizaynı" ixtisası üzrə bitirib. "Rəqəmsal jurnalistika",  “Sreda” ("Çərşənbə") yeni dizayn festivalı,  Media&Design Conference 2019 və həftəsonu dizaynı kimi layihələrdə spiker qismində iştirak edib.

Vebinarda ekspert bir sıra aspektləri nəzərdə saxlamağı vacib bildi və bunlardan ən önəmlisinin oxucuya müraciət olduğunu dedi (nəşrin tipindən asılı olaraq – ciddi agentlik, bloq, gənclər üçün sayt və s. – ya “sən”, ya da “siz” deyə müraciət etnək gərəkdir). Həmçinin, onun fikrincə, hər bir redaksiyada ayrıca KİV üçün səciyyəvi olan normaların (məsələn, ixtisarlar, hətta dırnaqların tipi və s.) qeyd olunduğu lüğət olsa, pis olmaz.

“Təsvirin ümumi rahatlığı və bütövlüyündən əlavə, bu sizə təzə işçiləri öyrətməkdə kömək edəcək. Hər şeyi bir-bir danışmaq əvəzinə, bunu bircə fayla toplayırsınız və iş asanlaşır. İnanın ki, bu, onların ilk yazılarındakı xətaların sayını xeyli azaldacaq”, - Y.Atanova deyib. 

Mətnin bilavasitə dizaynından danışarkən spiker qeyd edib ki, ən əhəmiyyətli məqam hərflərin ölçüsü, sətirlər arası interval və sətrin uzunluğudur.

“Heç rastınıza gəlibmi ki, hansısa saytı oxuyanda mətni sona çatdırmaq üçün həm iradənizi, həm də gözlərinizi gücə salasınız? Mən hər gün belə saytlarla qarşılaşıram və düzü, buna baxmaq özü adamın gözünü ağrıdır”, - Atanova qeyd edib.

Müxtəlif nəşrlər və şriftlər üçün ölçülər fərqli ola bilər, sözsüz ki, amma əsas qaydalar dəyişməz qalır:

1) Şriftin ölçüsü orta statistik oxucu üçün rahat olmalıdır. Əgər söhbət sosial şəbəkədən gedirsə, ən yaxşısı elə o şəbəkənin yaradıcılarının təklif etdiyi dəstdən istifadə etməkdir, çünki onların öz mütəxəssisləri onu təkmilləşdirmək üçün az iş görmürlər. Yəni yenidən velosiped ixtira etməyə gərək yoxdur.

2) Sətirlər arası interval oxumaq üçün rahat olmalıdır.

3) Sətrin uzunluğu: mətni çox dar sütuna yerləşdirməyə, ya da bütün ekran boyu dartmağa ehtiyac yoxdur. Üstəlik, əgər mətn xırda şriftlədirsə, mətn sütuna bölünməlidir, əgər iridirsə - əksinə. 

Yuliya Atanova mətnlləri müşayiət edən şəkillər barədə də danışdı. Materialın tipindən asılı olaraq bu, foto, illüstrasiya, hətta karikatura da ola bilər. Hərdən elə olur ki, materialın özü əhəmiyətli olmasa da, parlaq foto sayəsində daha çox nəzərə çarpır. Ona görə də material üçün şəkilləri doğru seçmək lazımdır.  ”Amma heç zaman müəlliflik hüququnu gözardı etmək olmaz”, - deyən spiker vebinar iştirakçılarına daim öz işlərində bir ilham mənbəyi tapmağı arzuladı. 

Unikal ustad dərslərindən ibarət SputnikPro Rusiyanın ən yaxşı mediamenecerlərinin və kütləvi informasiya vasitələrində böyük təcrübəsi olan aparıcı mütəxəssislərin təqdim etdiyi böyükmiqyaslı yeganə Rusiya layihəsidir.

Bu layihə artıq dünyanın 13 ölkəsində həyata keçirilib. 2018-ci ilin martından etibarən layihədə iki mindən çox jurnalist və mediamenecer, PR mütəxəssislər və mətbuat xidmətlərinin əməkdaşları, blogerlər və bu istiqamətdə təhsil alan tələbələr iştirak ediblər. Layihə ilə bağlı son yenilikləri "Facebook" səhifəsində izləyə bilərsiniz (https://www.facebook.com/SputnikProject/).

2
Səmra Rəhimli, arxiv şəkli

Azərbaycanlı müğənni həyatdan tez getmiş reperlərə yeni trek həsr edib

4
(Yenilənib 19:54 10.07.2020)
Səmra Rəhimli həyatdan tez getmiş reperlərin xatirəsinə həsr olunmuş "Göz" adlı kompozisiyasının onlayn təqdimatını keçirib, tezliklə hip-hop albomunu da təqdim edəcək.

 

BAKI, 10 iyul — Sputnik, Kəmalə Əliyeva. Azərbaycanlı müğənni Səmra Rəhimli yeni hip-hop albomundan "Göz" adlı kompozisiyasının onlayn təqdimatını keçirib.

İfaçı Sputnik Azərbaycan-a bildirib ki, mahnı həyatdan tez getmiş reperlərin xatirəsinə həsr olunub.

Layihənin prodüseri müğənninin anası İlahə Baxşıyeva olub. Bu kompozisiyanı yazdırmağa onu 20 yaşında qətlə yetirilmiş amerikalı reper XXXTENTACİON-ın (Jasey Duane Ricardo Onfray) "Moonlight" ("Ay işığı") adlı məşhur hiti ilhamlandırıb.

"Mən artıq bir ildir ki, albom üzərində çalışıram. Onun yerli şou-biznesdə analoqu yoxdur, çünki bu, Azərbaycanda ilk qadın hip-hop albomudur. Bura on trek daxil olacaq. Bu albomun üzərində gənc reper və musiqiçilərdən ibarət tam bir qrup işləyir: sözlərin müəllifi Clavis və OD, musiqinin müəllifi OD, aranjman Clavis, miks və masterinq isə Drek-dir", – deyə Rəhimli qeyd edib.

Qız etiraf edib ki, hip-hop həmişə onu cəlb edib. O, hətta məktəb illərində ingilis dilində rep oxuyur, populyar reperləri dinləyirmiş. Rəhimli həmişə Azərbaycan dilində rep kompozisiyası ifa etmək istəyib.

"İllər sonra mən sevimli hip-hopuma qayıtdım və bizimlə eyni dalğada olan insanları tapmazdan əvvəl anamla bu işə çox vaxt sərf etdik. Armas sinqlinin uğur qazanmasından sonra biz bu istiqamətdə işləri davam etdirməyə qərar verdik - yeni trekləri yazmağa başladıq və bir vaxt ayıldıq ki, artıq bütöv bir albom üçün material yığılıb", - deyə müğənni etiraf edib.

Səmra Rəhimli 19 oktyabr 1994-cü ildə Bakıda anadan olub. "O Səs Türkiyə" və "Səs Azərbaycan" layihələrinin iştirakçısı olan Səmra 2016-cı ildə Stokholm şəhərində keçirilən 61-ci "Avroviziya" Mahnı Müsabiqəsində Azərbaycanı "Miracle" mahnısı ilə təmsil edib. O, "Avroviziya-2016"nın final mərhələsində 17-ci yerdə qərarlaşıb.

Hazırda müğənni çıxış etməyə və yeni layihələr üzərində işləməyə davam edir.

4
Əlaqədar
Müğənni Bəxtiyarın keçmiş həyat yoldaşı onun koronavirusa yoluxduğuna inanmır
Azərbaycanlı müğənni ukraynalı opera müğənnisinə klip çəkib
Santa-Barbarada olmuşam! Tanınmış azərbaycanlı müğənnidən fərqli paylaşım
Hamının kefi qalxacaq! Dilarə Kazımova yay hitini təqdim edib
Ulduzlarımız karantində Bakıdan Türkiyəyə qaçırlar