Seysmoqraf, arxiv şəkli

Azərbaycanda zəlzələ oldu

25
(Yenilənib 18:11 11.09.2019)
Zəlzələ episentrdə və ətraf yaşayış məntəqələrində 3 bala qədər hiss olunub

BAKI, 11 sentyabr — Sputnik. Lənkəran rayonunda zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Sputnik Azərbaycan-a verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 16:56:49-da Lənkəran stansiyasından 4 km cənubda Lənkəran ərazisində qeydə alınıb.

Zəlzələ episentrdə və ətraf yaşayış məntəqələrində 3 bala qədər hiss olunub. Yeraltı təkanın maqnitudası 3.8, dərinliyi 20 kilometr olub.

25
Prezidenti İlham Əliyev “Qobu Park-3” yaşayış kompleksinin açılışında

Dövlət başçısı: "Əminəm ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək"

2
(Yenilənib 21:52 28.05.2020)
Bəzən belə fikirlər səsləndirilir ki, bəzi köçkünlər torpaqlar işğaldan azad olunandan sonra qayıtmaya bilərlər.

BAKI, 28 may — Sputnik. "Ancaq onu da bilməliyik və bütün Azərbaycan xalqı bilməlidir ki, bu, sizin üçün müvəqqəti yaşayış yeridir. Torpaqlarımız işğaldan azad ediləndən sonra biz bu gün hələ də işğal altında olan torpaqlarda buna oxşar gözəl binalar, şəhərciklər tikəcəyik, ermənilər tərəfindən dağılmış şəhərlərimizi yenidən quracağıq".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış "Qobu Park-3" yaşayış kompleksinin açılışında çıxışı zamanı deyib.

Dövlət başçısı deyib: "Ermənilər tərəfindən dağıdılmış və məhv edilmiş milli irsimiz sənədləşdirilib. Biz öz tarixi keçmişimizi yaxşı bilirik və yaxşı bilirik ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. İşğal olunmuş torpaqlar azad ediləndən sonra bütün binalar yenidən qurulacaq, o cümlədən dağılmış tarixi abidələrin mövcudluğunu əks etdirən əməli memarlıq tədbirlərinin görülməsi də nəzərdə tutulur.

Mən tam əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, bunu deməyə əsas verən bir çox amillər var - bizim hərbi gücümüz və biz bunu göstərmişik. 2016-cı və 2018-ci illərdə uğurlu hərbi əməliyyatlar nəticəsində minlərlə hektar torpaq işğalçılardan azad edildi. Cocuq Mərcanlı kəndinin timsalında biz görürük ki, işğaldan azad olunacaq digər torpaqlarda hansı işlər görüləcək və hansı sürətlə görüləcəkdir. Biz Cocuq Mərcanlını uğurlu hərbi qələbədən sonra cəmi bir il ərzində yenidən qurduq və indi orada həyat qaynayır, köçkünlər öz doğma torpağına qayıdıblar.

Bəzən belə fikirlər səsləndirilir ki, bəzi köçkünlər torpaqlar işğaldan azad olunandan sonra qayıtmaya bilərlər. Amma mən tam əminəm ki, bütün köçkünlər öz doğma torpaqlarına qayıdacaqlar, necə ki, Cəbrayıl köçkünləri. Onlar uzun illər başqa yerlərdə yaşayıblar, o cümlədən Bakı şəhərində. Ancaq imkan olan kimi onlar hətta növbəyə durmuşdular ki, tezliklə öz doğma torpağına qayıtsınlar. Eyni zamanda, işğaldan azad olunan Şıxarx qəsəbəsi. İndi orada da böyük şəhərcik salınıb. O, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində yerləşən Azərbaycanın tarixi məkanıdır, işğaldan azad olunan ərazidə böyük şəhərcik salınıb. Biz bu gün işğal altında olan bütün digər torpaqlarda da bərpa işləri görəcəyik. Azərbaycan öz suverenliyini təmin edəcəkdir.

Yenə də deyirəm, hərbi güc, bizim beynəlxalq mövqelərimiz, beynəlxalq təşkilatların münaqişə ilə bağlı sərgilədiyi mövqe. Xüsusilə son illər ərzində demək olar ki, bütün beynəlxalq təşkilatlar ölkəmizin ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir, dünyanın bütün aparıcı ölkələri, həmçinin. Bu yaxınlarda Dağlıq Qarabağda keçirilmiş qondarma "prezident seçkiləri" bunu bir daha göstərdi. O saxta prezidenti, dırnaqarası prezidenti heç kim tanımadı. Dünyanın aparıcı ölkələri açıq formada bəyanat verdilər. ATƏT-in Minsk qrupunun həmsədrləri - Amerika, Fransa, Rusiya, ondan sonra Avropa İttifaqı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti və digər təşkilatlar bəyanat verdilər ki, bu seçkilər tanınmır, Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Ona görə beynəlxalq hüquq, hərbi qüdrətimiz, eyni zamanda, iqtisadi üstünlüyümüz, əlbəttə ki, torpaqlarımızın azad olunmasında əsas rol oynayacaqdır. Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc amili ön plana çıxır, bəzi ölkələr, hətta böyük demokratik ənənələri olan ölkələr də bəzi hallarda beynəlxalq hüquqa məhəl qoymadan öz maraqlarını təmin edirlər. Nəyin hesabına? Gücün hesabına. Ona görə ordu quruculuğu mənim Prezident kimi fəaliyyətimdə həmişə ön plandadır. Bu gün biz elə bir qüdrətli ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Əlbəttə ki, sadaladığım bütün bu müsbət amillər, eyni zamanda, demoqrafik vəziyyət bizim üstünlüyümüzü bundan sonra da təmin edəcək. Dağlıq Qarabağ probleminin həlli tarixi məsələdir və biz bu məsələni birdəfəlik və tam həll etməliyik. Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunmalıdır.

Bu gün müzakirə edilən və danışıqlar masasında olan məhz mərhələli həldir. Baxmayaraq ki, Ermənistanın rəhbərliyi öz rəsmi populist çıxışlarında bunu inkar etməyə çalışır, ancaq mahiyyət etibarilə danışıqlar çərçivəsində həmin bu mərhələli həll məsələsi müzakirə edilir. Burada da riyakarlıq edir, öz xalqını aldadır, vasitəçiləri aldatmaq istəyir. Mərhələli həldən başqa heç bir həll mümkün deyil, o da nə deməkdir? Birinci mərhələdə torpaqların bir hissəsi işğaldan azad olunur. Bundan başqa variant ola bilməz. Amma mənim dediyim söz odur ki, bu, ancaq mərhələli yanaşma ola bilər.

Bizim məqsədimiz, əsas amalımız suverenliyimizi tam və birdəfəlik təmin etməkdir və biz bunu edəcəyik. Heç kimdə şübhə olmasın. Sadəcə, daha güclü olmalıyıq, məsələnin həlli üçün vaxtı və geosiyasi vəziyyəti düzgün qiymətləndirməliyik. Mənim fikrim budur və bilirəm ki, Azərbaycan xalqı mənim mövqeyimi dəstəkləyir. Mən bunu dəfələrlə bildirmişəm və bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ məsələsi ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər. Bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi".

2
Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Qobu Park-3” yaşayış kompleksinin açılışında

İlham Əliyev Mehriban Əliyeva yeni yaşayış kompleksinin açılışını ediblər

9
(Yenilənib 20:58 28.05.2020)
Layihə rəhbəri Kamil Əliyev dövlət başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təməli ötən ilin iyulunda qoyulan kompleksdə yaradılan şərait barədə məlumat verib.

BAKI, 28 may — Sputnik. Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış "Qobu Park-3" yaşayış kompleksinin mayın 28-də açılışı olub.

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev və "Paşa Holding" şirkətinin nümayəndəsi, layihə rəhbəri Kamil Əliyev dövlət başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təməli ötən ilin iyulunda qoyulan kompleksdə yaradılan şərait barədə məlumat veriblər.

Bildirilib ki, sifarişçisi "Paşa Holding", podratçısı isə "Kristal Abşeron" MTK olan yeni qəsəbə Lökbatanda istifadəyə verilən "Qobu Park-1" və "Qobu Park-2" yaşayış komplekslərinin yanında inşa edilib. Bütün bu yaşayış komplekslərinin inşası Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilib.

© Official website of President of Azerbaijan Republic
Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Qobu Park-3” yaşayış kompleksinin açılışında

Qeyd edilib ki, məcburi köçkünlər üçün salınan bu yaşayış komplekslərinin yeri əvvəllər baxımsız sahə olub. Burada yaşamaq üçün heç bir sosial infrastruktur mövcud olmayıb. 2018-ci ildə bu ərazidə "Qobu Park-1", ötən il isə "Qobu Park-2" yaşayış kompleksləri istifadəyə verilib. Birinci yaşayış kompleksində 1 026 ailəlik doqquzmərtəbəli 11 yaşayış binası, ikinci yaşayış kompleksində isə 1 300 ailəlik onmərtəbəli 13 bina inşa olunub. Bu komplekslərin ərazisində məktəblər, uşaq bağçaları, poliklinika, tibb, poçt məntəqələri, idman zalları və digər zəruri sosial infrastruktur obyektləri yaradılıb. "Qobu Park-3" yaşayış kompleksində onmərtəbəli 13 yaşayış binası inşa olunub.

Dövlət başçısına və birinci xanıma ərazidə özəl şirkətlər tərəfindən inşa olunan yaşayış kompleksi barədə də məlumat verilib. Bildirilib ki, burada 2 bina inşa olunur və bu binalarda 100-ə yaxın mənzil olacaq.

Kompleksin ərazisində 280 yerlik uşaq bağçası inşa olunub.

© Official website of President of Azerbaijan Republic
Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Qobu Park-3” yaşayış kompleksinin açılışında

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva uşaq bağçasında yaradılan şəraitlə tanış olublar.

Məlumat verilib ki, bağçada balacalara bilik öyrətməklə yanaşı, onların istedadlarını üzə çıxarmaq, potensiallarını aşkarlamaq üçün hərtərəfli imkan var.

Qeyd edək ki, gələcəyimiz olan körpələrin sağlam və bilikli böyüməsi üçün son illərdə dövlət səviyyəsində və Heydər Əliyev Fondu tərəfindən olduqca əhəmiyyətli layihələr icra olunur. Bütün bunlar göstərir ki, ölkədə həyata keçirilən strategiyanın əsas prioritetlərindən biri də uşaqların sağlam, firavan böyüməsi, gələcəklərinin tam təmin olunmasıdır. Həyata keçirilən bütün bu mühüm layihələr uşaqların sosial müdafiəsinin daha da möhkəmləndirilməsi istiqamətində Azərbaycanda aparılan siyasətin uğurlu və ardıcıl olduğunu nümayiş etdirir.

Dövlət başçısı və birinci xanım kompleksdə inşa olunan Füzuli rayon 4 saylı tam orta məktəbində yaradılan şəraitlə də tanış olublar.

© Official website of President of Azerbaijan Republic
Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Qobu Park-3” yaşayış kompleksinin açılışında

Bildirilib ki, 960 yerlik məktəb binası zəruri tədris avadanlığı ilə təchiz edilib, şagirdlərin yüksək səviyyədə təhsil alması üçün hərtərəfli imkan yaradılıb.

Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə təhsil sahəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni təhsil ocaqlarının inşası, mövcud məktəb binalarının müasir səviyyədə yenilənməsi baxımından çox mühüm layihələr icra olunub. Dövlət səviyyəsində bu istiqamətdə görülən işlərə birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da böyük töhfələr verib. Belə müasir məktəb binasının inşası bir daha göstərir ki, ölkədə təhsilin inkişafı istiqamətində atılan addımlardan doğma yurdlarından didərgin düşən soydaşlarımız da yüksək səviyyədə bəhrələnirlər.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin layihəsi olan "Xarı bülbül" xalçaçılıq və naxış emalatxanası haqqında məlumat verilib.

© Official website of President of Azerbaijan Republic
Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Qobu Park-3” yaşayış kompleksinin açılışında

Qeyd edilib ki, ilk dəfə həyata keçirilən bu layihənin məqsədi məcburi köçkünlərin məşğulluğunun artırılması, sosial rifah halının daha da yaxşılaşdırılmasıdır. Burada həm xalça toxumağın sirləri öyrədiləcək, həm də istehsal prosesi təmin ediləcək. Layihəyə il ərzində "Qobu Park-1", "Qobu Park-2" və "Qobu Park-3" yaşayış komplekslərində, həmçinin Qaradağ rayonu ərazisində yaşayan 70 məcburi köçkün cəlb ediləcək. Toxuculuğun sirlərinə daha dərindən yiyələnənlər emalatxanalarda müəllim kimi çalışacaq, digərləri isə evlərində dəzgahlarla təmin olunacaqlar. Onlar hədiyyəlik xalçalar toxuyacaqlar. Layihə çərçivəsində xalçaların satışı da təmin ediləcək. Emalatxanada Qarabağın maddi-mədəni irsinə aid zərgərlik nümunələrinin hazırlanması da planlaşdırılır. Məhsullar yerli bazarla yanaşı, məcburi köçkünlərin əl işləri kimi xarici bazara da çıxarılacaq. Burada uşaqlar üçün ustad dərslərinin, rəsm dərnəyinin və xarici dil kurslarının təşkili də nəzərdə tutulur.

"Qobu Park-3" yaşayış kompleksində inşa olunan mənzillərlə tanışlıq zamanı dövlətimizin başçısına və birinci xanıma məlumat verildi ki, kompleksdəki mənzillərin ümumi sayı 1336-dır. Onların 156-sı bir, 580-i iki, 384-ü üç, 216-sı dördotaqlıdır. Bütün mənzillər mətbəx mebeli, soyuducu, fərdi kombi sistemi ilə təchiz edilib. Bu kompleksə əsasən Yasamal rayonundakı yataqxanalarda məskunlaşan məcburi köçkünlərin köçürülməsi nəzərdə tutulub.

© Official website of President of Azerbaijan Republic
“Qobu Park-3” yaşayış kompleksi

Qeyd edək ki, "Qobu Park-3" yaşayış kompleksi qaçqın və məcburi köçkünlər üçün salınmış 111-ci qəsəbədir. Kompleksin ərazisində istehsalat sahələri, ticarət obyektləri və digər zəruri infrastruktur yaradılıb. Ərazidə sakinlərin asudə vaxtının səmərəli təşkili məqsədilə istirahət parkı salınıb, uşaq əyləncə meydançaları quraşdırılıb, geniş yaşıllıq və işıqlandırma işləri görülüb. Burada həm də 3 idman meydançası və 360 yerlik açıq avtomobil dayanacağı sakinlərin ixtiyarına veriləcək.

Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya kompleksdə reallaşdırılan iki biznes layihəsi barədə də məlumat verilib.

Qeyd olunub ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı çərçivəsində reallaşdırılan layihələr məcburi köçkünlərin məşğulluğunun biznes-layihələr vasitəsilə təmin olunması məqsədi daşıyır. İlk dəfədir ki, qaçqın və məcburi köçkünlərin məskunlaşdığı ərazidə istehsal müəssisələri qurulub. Yumşaq, plastik oyuncaqlar və tekstil məhsullarının istehsal olunacağı müəssisədə 40-dan çox iş yerinin yaradılması nəzərdə tutulur. Müəssisədə gün ərzində 1000-ə yaxın yumşaq və 500-ə yaxın plastik oyuncaq istehsal ediləcək. Yumşaq oyuncaq təxminən 15-20, plastikdə oyuncaqlar isə 10 çeşiddə olacaq.

© Official website of President of Azerbaijan Republic
Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Qobu Park-3” yaşayış kompleksinin açılışında

Sterilizə olunmuş tibbi ləvazimatların istehsalı müəssisəsində isə tibbi heyət üçün üst geyimləri və kombinezonlar istehsal ediləcək. Burada 25 nəfər işlə təmin olunacaq. Müəssisələrdə çalışacaq işçi heyətin 80 faizi "Qobu Park 3"ün sakinlərindən formalaşdırılacaq. Şirkətlər icarə xərclərindən azad olunub ki, bu da müvafiq layihələrin kompleksdə reallaşdırılmasını sahibkarlar üçün cəlbedici edir. Layihələr yalnız sosial əhəmiyyəti ilə seçilmir. Onlar, eyni zamanda, biznes yönümlüdür. Belə ki, hər iki müəssisədə istehsal olunacaq məhsullar rəqabətqabiliyyətlidir və idxalı əvəz edəcək.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyev məcburi köçkünlərlə görüşüblər.

Dövlət başçısı görüşdə çıxış edib.

© Official website of President of Azerbaijan Republic
Prezidenti İlham Əliyev “Qobu Park-3” yaşayış kompleksinin açılışında

Qeyd edək ki, dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsi, pandemiyanın qlobal iqtisadiyyatın müxtəlif sahələrinə vurduğu ciddi zərbələrə baxmayaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda sosial-iqtisadi inkişafa hesablanan layihələrin uğurlu icrası ardıcıllıqla davam etdirilir. Bunun nəticəsini hər bir vətəndaş, o cümlədən qaçqın və məcburi köçkünlər öz həyatlarında hiss edirlər. Ölkədə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biri də bu qəbildən olan soydaşlarımızın sosial problemlərinin həllidir. Bununla bağlı dövlətimizin başçısı tərəfindən ümumilikdə 2004-2019-cu illər ərzində 75 fərman və sərəncam imzalanıb, Dövlət Proqramı təsdiqlənib.

Həyata keçirilən tədbirlər nəticəsində bu günədək 315 min məcburi köçkünün, yəni, 62 min 494 ailənin mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva da qaçqın və məcburi köçkünlərin sosial məsələlərinin həllinə olduqca həssaslıqla yanaşır, bu qəbildən olan soydaşlarımızın həyat şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması, sosial rifahının daha da yüksəldilməsi məsələsinə xüsusi qayğı göstərir. Bu qayğı özünü yeni inşa olunan "Qobu Park-3" yaşayış kompleksində də aydın nümayiş etdirir.

9