Aşura günü paytaxt Bakıda

Baş yarıb, qan tökən yoxdur, amma körpələr yenə ordadır

746
(Yenilənib 14:29 10.09.2019)
Aşura mərasiminə qatılanlar əvvəlcə Bibiheybət kompleksində Həkimə xanımın qəbrini ziyarət edir, daha sonra isə istəyənlər məsciddə təşkil olunmuş mərsiyəxanaya üz tuturdular

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 10 sentyabr — Sputnik. Artıq bir neçə ildir ki, ölkəmizdə Aşura mərasimləri fərqli formada keçirilir. İndi Aşura günü əzadarlıq edənlərə, baş yarıb, qan tökənlərə, zəncir vurub bədənin müxtəlif əzalarına işgəncə verənlərə çox az yerlərdə rast gəlinir.

Bu gün də paytaxtda müxtəlif məscidlərdə Aşura mərasimi keçirilib. Sputnik Azərbaycan-ın əməkdaşı paytaxt sakinlərinin Aşura günü ən çox üz tutduğu məkanlardan olan Bibiheybət məscidində olaraq Aşura mərasimini izləyib.

Artıq səhər saatlarından başlayaraq şəhərin mərkəzindən Salyan yolu və Lökbatan dairəsindən əks istiqamətə avtomobil sıxlığı müşahidə olunurdu. Bibiheybət məscidinin yerləşdiyi əraziyə isə xeyli sayda Əlahiddə Çevik Polis Alayı taborunun şəxsi heyəti, eləcə də yol polisləri cəlb olunmuşdu. Aşura günü olduğundan, Bibiheybət məscidinə axın müşahidə edilirdi. Odur ki, adi günlərdən fərqli olaraq məscidin giriş qapısı ilə yanaşı, çıxış qapısı da açılmışdı.

Aşura günü paytaxt Bakıda
© Sputnik / Zulfiyya Guluyeva.
Bibiheybət məscidində qadınlar

Aşura mərasiminə gələnlərin çoxunu yaşlı insanlar təşkil etsə də, azyaşlılara, hətta körpə uşaqla məscidə gələnlər də az deyildi. Aşura mərasiminə qatılanlar əvvəlcə Bibiheybət kompleksində Həkimə xanımın qəbrini ziyarət edir, daha sonra isə istəyənlər məsciddə təşkil olunmuş mərsiyəxanaya üz tuturdular. Apardığımız müşahidələr göstərdi ki, məscidə gələnlərin çox az qismi mərsiyə deyilən hissəyə keçərək Aşura ilə bağlı düzənləmiş dini ayinə qatılırdı. Aşura günü bu məscidə üz tutanların çoxu daha çox ibadət zalına keçir, dualar edirdilər.

Əlində zəncir əzadarlıq edənlər demək olar ki, yox idi. İnsanlar yalnız sinə mərasimlərini yerinə yetirərək mərsiyələri təkrarlayırdılar. Təəssüf ki, onların arasında azyaşlı və uşaqlar da az deyildi.

Aşura günü paytaxt Bakıda
© Sputnik / Zulfiyya Guluyeva.
Aşura günü qan verən şəxs

Əvvəlki illərdə olduğu kimi bu il də məscidin həyətində şərbət paylayanırdı. Eyni zamanda məscidin bir neçə yerində nəzir qutuları yerləşdirilmişdi. Bununla belə insanlar arasında dolaşaraq bu günün "fəzilətindən" yararlanan dilənçilər də az deyildi.

Məscidə gələnlərə kompleksin aşağı hissəsində qanvermə aksiyasının keçirildiyi barədə məlumat verilir, qan vermək arzusunda olanlar həmin istiqamətə yönləndirilirdi. Qanvermə aksiyasının keçirildiyi hissəyə gedərkən yolda həmsöhbət olduğumuz, özünü İmam Hüseyn aşiqi kimi təqdim edən Rəşad Həsənov deyir ki, 9 yaşından Aşura məclislərinə qatılır. İndi isə 21 yaşında olan həmsöhbətimiz bu gün qanvermə aksiyasında iştirak edəcəyini söyləyir: "Biz, hər il ailəlikcə Aşura məclislərində iştirak edirik. Əvvəllər zəncir vurub İmam Hüseyn yolunda əzadarlıq edirdik. İndi deyirlər ki, o qanı İmam Hüseyn adına ehtiyacı olanlara verin. Mənim fikrimcə də, bu daha savabdır. Mən də 18 yaşımdan Aşura günü qanvermə aksiyalarına qatılıram. Bu gün də dostlarımla qanvermə aksiyasında iştirak edəcəyik".

Aşura günü paytaxt Bakıda
© Sputnik / Zulfiyya Guluyeva.
Sinə mərasimində iştirak edən azyaşlılar

Digər məscidlərdə olduğu kimi Bibiheybət məscidində də qanvermə arzusunda olanlar üçün normal şərait yaradıldığının şahidi oluruq. Hətta qan verənlər üçün məsciddə ayrıca süfrə də açılmışdı. Məscidə təhkim olunan Qan Bankının nümayəndəsi Nabat Xəlilova Spitnik Azərbaycan-ın əməkdaşı ilə söhbətində bildirdi ki, qanvermə aksiyasına səhər saat 08:00-dan başlanılıb. N. Xəlilova məscidə 6 tibb bacısı, 4 kiçik tibb bacısı, 2 nəfər laborant, 2 tibbi qeydiyyatçının təhkim olunduğunu söylədi. Həmsöhbətimiz bildirdi ki, saat 10:00-a qədər qanvermə aksiyasında 50-dən çox insan iştirak edib. Onun sözlərinə görə, qanvermə üçün müraciət edən hər bir şəxsdən 300 qram qan alınır: "Qan verənlərin hər birinin şəxsiyyəti qeydiyyata alınır, xəstəlikləri barədə sorğu-sual olunurlar. 18 yaşdan 65 yaşa qədər sağlam olan hər bir şəxs qan verə bilər. Əgər 60 yaşa qədər heç vaxt qanvermədə iştirak etməyibsə, o yaşdan sonra qan verə bilməz. Ən son qanvermə arzusunda olan şəxs gələnədək biz burada fəaliyyətimizi davam etdirəcəyik".

Aşura günü paytaxt Bakıda
© Sputnik / Zulfiyya Guluyeva.
Aşura günü paytaxt Bakıda

Qeyd edək ki, Azərbaycanda Aşura günü ilə əlaqədar Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədilə könüllü qanvermə aksiyası keçirilir. Aksiyalar Bakı şəhəri üzrə Binəqədi rayonu "İmam Əli məscidi", Xəzər rayonu 14 saylı Birləşmiş Şəhər xəstəxanası, "Mir Mövsüm ağa Ziyarətgahı", Nəsimi rayonu "Əjdər bəy məscidi" (mərasim zalı), 20 saylı şəhər poliklinikası, Nizami rayonu "Şah Abbas məscidi", Sabunçu rayonu "Rəhimə xanım ziyarətgahı", Səbail rayonu "Bibiheybət məscid ziyarətgahı", Suraxanı rayonu "Qaracuxur məscidi", Yasamal rayonu "Təzəpir məscidi", "Hacı Soltanəli məscidi", "Hacı Cavad məscidi", regionlar üzrə isə Gəncə şəhəri "İmamzadə kompleksi", Lənkəran şəhəri "Böyük bazar məscidi", Mingəçevir şəhəri "Heydər məscidi", Sumqayıt şəhər "Cümə məscidi", Şəki şəhəri "İmam Əli məscidi", Mərkəzi Qan bankının Şırvan bölməsi, Ağcabədi Mərkəzi rayon xəstəxanası, Ağsu Mərkəzi rayon xəstəxanası, Beyləqan Mərkəzi rayon xəstəxanası, Bərdə rayonu "Bərdə İmamzadəsi", Biləsuvar rayonu "Cümə məscidi", Göyçay Əbdülfəzlil Abbas məscidi, Cəlilabad Mərkəzi rayon xəstəxanası, Xaçmaz şəhər məscidi, Qan bankının Quba bölgəsi, Masallı şəhər Cümə məscidi, Salyan rayonu "Hacı Tağı məscidi", Şirvan şəhər məscidi, Nizami rayon "Sahibəzzaman məscidi", Sabunçu rayon İmam Riza məscidində təşkil olunub.

Qeyd edək ki, Aşura mərasimləri ilə əlaqədar ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini ilə əlaqədar paytaxt polisi gücləndirilmiş iş rejimində çalışır. Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Bakının bütün məscid və ziyarətgahların ətrafında ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə ərazilərə əlavə polis naryadları cəlb olunub.Dini ayinlərin keçiriləcəyi yerlərdə ictimai qaydanın və ictimai təhlükəsizliyin etibarlı təminatı həyata keçilməklə, müəyyən edilən ünvanlardan kənarda mərasimlərin, küçə yürüşlərinin keçirilməsinə imkan verilməyəcək.

Aşura günü paytaxt Bakıda
© Sputnik / Zulfiyya Guluyeva.
Qan nümunələri

Xatırladaq ki, bu gün Məhərrəm ayın 10-cu günü Aşuradır. 680-ci ildə Kərbəla şəhəri yaxınlığında imam Hüseynin kiçik dəstəsi Yezidin dəstəsi ilə qeyri-bərabər döyüşə girib və şəhid olub. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının fitvasında bildirilib ki, Aşura mərasimləri, mövcud qanunvericiliyə əsasən, məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməlidir.

746