Ağcabədi tarix diyarşünaslıq Muzeyinin binası

Azərbaycanda "yunan şəhəri", almanları heyrətləndirən daşlar - tarixə baş vururuq

188
(Yenilənib 12:53 08.09.2019)
Ağcabədidəki qədim dövrə aid arxeoloji tapıntılar avropalı alimləri də maraqlandırıb. Alman arxeoloqlar "Kamiltəpə"də tapılan əşyalardan nümunələr götürərək araşdırma aparıb, onların e.ə. 5400-cü ilə aid olduğunu müəyyən ediblər

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 8 sentyabr — Sputnik. Azərbaycanın qədim yaşayış məskənlərindən olan Ağcabədi tarixlə maraqlanan turistlər üçün əsl tapıntıdır. Burada eneolit, tunc, antik dövrünə və orta əsrlərə aid yaşayış yerlərinin qalıqları – Kamiltəpə, Nərgiztəpə, Qaraköbər, Yantəpə, Qalatəpə və Gavur arxı diqqəti cəlb edir. Tarixçilər bu təpələri Misir ehramları ilə müqayisə edərək qeyd edirlər ki, hətta Gavur arxının Makedoniyalı İsgəndər tərəfindən təmir olunması güman olunduğu halda, XVI əsrdə Teymurləng tərəfindən tam təmir olunması tarixi faktdır.

Biz isə vaxtı bol olan  turistlərdən fərqli olaraq daha qısa yola əl atdıq. Ağcabədi haqqında maraqlı məlumatları toplayıb oxucularımızla bölüşmək üçün Sputnik Azərbaycan-ın bölgə müxbiri olan bəndəniz üz tutdu Tarix Diyarşünaslıq Muzeyinə.

Ağcabədi tarix diyarşünaslıq Muzeyində eksponatlar
Ağcabədi tarix diyarşünaslıq Muzeyində eksponatlar

İlk təəssürat pis deyil: müasir bina, geniş və yaraşıqlı baxış zalları maddi-mədəni irsimizə diqqət və qayğı göstərilməsi əminliyini yaradır. Girişdəki ördək, qartal müqəvvaları və qamışlardan təşkil edilmiş ekspozisiya diqqətimizi cəlb edir. Bizi qarşılayan bələdçi Səlminaz Rəhimova muzeyin təbiət bölməsində olduğumuzu izah edir.

Bələdçi ilə öncə muzeyin öz tarixindən danışırıq. "Ağcabədi rayon Tarix Diyarşünaslıq Muzeyi 1980-ci ildən fəaliyyət göstərir. Hal-hazırda muzeyimizdə 6 - təbiət, arxeologiya, etnoqrafiya, görkəmli şəxsiyyətlər, sovet dövrü və müstəqillik illərindən bəhs edən - ekspozisiya bölməsi var. Təbiət ekspozisiyası Ağcabədinin ərazisində 1960-cı ildə yaradılmış “Ağ göl” təbiət qoruğunun tanıdılması məqsədi daşıyır. 2003-cü ildən etibarən “Ağ göl” qoruğu Milli Park adını alıb. Ərazisi 17924 hektardır. Burada hər il 500 minə qədər 140 növdə quş məskunlaşır ki, onun da 30 növü Azərbaycanın "Qırmızı kitabı"na düşüb", - S.Rəhimova deyir.

Bələdçi Səlminaz Rəhimova
© Sputnik / Musa Muradli
Bələdçi Səlminaz Rəhimova

Muzeyin ən maraqlı eksponatı haqda soruşuruq. "Arxeologiya bölməsində eksponatlardan ən maraqlısı, demək olar ki, küp qəbirdir. Eramızdan əvvəl IV minilliyin sonu, III minilliyin əvvəlləri, tunc dövrünə aid olan eksponatdır. Həmin dövrdə dünyasını dəyişən insanları küpə qoyub dəfn edirmişlər. Küpün eni 3, hündürlüyü isə 1,5 metrdir. Ölən şəxsi küpə dizləri qatlanmış şəkildə, sağ, ya sol böyrü üstə yerləşdirirmişlər. Sonra alt, ya üst hissədən küpün açılmış hissəsi birləşdirilirmiş. Ölən adamın şəxsi əşyaları da küpün içərisinə qoyulurmuş”, - bələdçi izah edir.

Küp qəbir Ağcabədi  rayonunun Aran kəndi yaxınlığında yer şumlanarkən tapılıb. 30 ildir ki, muzeydə mühafizə olunur. Öyrənirik ki, ümumilikdə Aran kəndi arxeoloqlar üçün əsl "cənnət"dir: "Rayonumuzun Aran kəndi yaxınlığında "Kamiltəpə" abidəsi var ki, orada tapılan xeyli sayda əşya muzeyimizdə saxlanılır. Əşyalar daş və gildən hazırlanıb. Əksəriyyəti parçalanıb hissələrə bölündüyündən çox az qismi nümayiş olunur. Sapand daşları, bəzək əşyası olan pasxa muncuqları, daş balta neolit dövrünün əşyalarıdır".

Muzeyin ən qədim əşyaları çay daşından hazırlanmış balta, içi ovulmuş qab, kiçik gil dolça, daş həvəngdəstələrdir – hər birinin 6-7 min il yaşı var.

Ağcabədi tarix diyarşünaslıq Muzeyində eksponatlar
© Sputnik / Musa Muradli
Ağcabədi tarix diyarşünaslıq Muzeyində eksponatlar

Ağcabədidəki qədim dövrə aid arxeoloji tapıntılar avropalı alimləri də maraqlandırıb. Alman arxeoloqlar “Kamiltəpə”də tapılan əşyalardan nümunələr götürərək araşdırma aparıb, onların e.ə. 5400-cü ilə aid olduğunu müəyyən ediblər.

Muzeydə tunc dövrünə aid maraqlı eksponatlar da qorunur. "Sarıcalı, Boyat , Hindarx yaşayış məskənlərində tunc dövrünə aid əşyalar, eləcə də “Üçtəpə” kurqanında e.ə. VII əsrə aid olan Xəzər dövləti sərkərdəsinin qəbri aşkar edilib. Qəbirdəki əşyalar əsasında rəssam sərkərdənin təsvirini yaradıb, muzeyimizdə nümayiş olunur. Tunc dövrünə aid uşaq bəzək əşyaları da həmin ərazilərdən tapılıb", - bələdçi deyir.

Müxtəlif tarixi dövrlərə aid əşyaların fərqli xüsusiyyətlərindən danışan Səlminaz Rəhimova maraqlı fakta toxunur: "Salmanbəyli kəndi yaxınlığındakı Qalatəpə abidəsində bir neçə tarixi dövrə aid təbəqə aşkarlanıb. Üst təbəqə orta əsrlərə, altı metrdən aşağı təbəqə antik dövrə aid edilib. Alt təbəqədə antik dövrə aid şəhərin qalıqları aşkarlanıb. Həmin şəhəri Ayniyan adlandırırmışlar. Qafqaz Albaniyasına aid olan bu yaşayış məskəninə "yunan şəhəri" də deyirmişlər. Həmin dövrə aid əşyaları, saxsı qabları qırmızı rənglə boyayırmışlar. Bu xüsusiyyətinə görə əşyaların antik dövrə aid olduğunu dərhal müəyyən etmək olur".

Muzeyin eksponatları Azərbaycanın etnoqrafik mədəniyyətini, məişətini layiqincə tərənnüm edir. Orta əsrlərə aid milli geyimli qız, oğlan manekenləri, xalçalarla döşənmiş yerdə nümayiş olunan samovar, cəhrə, yun darağı, səhəng, başqa mis qablar maraqla izlənilir.

Ağcabədi tarix diyarşünaslıq Muzeyində eksponatlar
© Sputnik / Musa Muradli
Ağcabədi tarix diyarşünaslıq Muzeyində eksponatlar

Tanınmış şəxsiyyətlər bölməsində Üzeyir Hacıbəyliyə, Həmidə xanım Məmmədquluzadəyə həsr edilmiş guşələr var. İkinci Dünya Müharibəsində iştirak etmiş ağcabədililər və Sosialist Əməyi qəhrəmanları haqqında da geniş və hərtərəfli məlumatlar təqdim olunur.

Muzeydə təqdim olunan məlumatdan Ağcabədidəki ilk məktəbin 1883-cü ildə Şirin bəyin evində fəaliyyətə başlamasını öyrənirik. "11 nəfərdən ibarət sinfə yazıb-oxumaq öyrədilirdi. Məktəbin müəllimi isə Qori Müəllimlər Seminariyasını bitirmiş Əli Muxtarov olub", - deyə muzeyin bələdçisi bildirir.

Ağcabədidə mətbuatın tarixi haqqındakı məlumat da diqqətimizi cəlb edir. "1932-ci ildə “Azərbaycan pambıqçısı“ qəzeti çap olunub. 1966-cı ildə qəzet ”Surət” adlandırılıb, 1991-ci ildən isə “Aran“ adı ilə çap edilir", - deyə S.Rəhimova əlavə edir. 

Muzeydə Qarabağ uğrunda gedən döyüşlərdə həlak olan ağcabədililərdən bəhs edən guşənin təşkil olunması  vətənpərvərliyin təbliği baxımından əhəmiyyətlidir: "Qarabağ döyüşlərində 183 şəhidimiz olub ki, onlardan da 30 nəfəri itkindir. 3 nəfər ağcabədili isə - Sadiq Hüseynov, Etibar İsmayılov, Namiq Abdullayev -  Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. 2016-cı ilin aprel döyüşlərində şəhid olan ağcabədili Dilsuz Qarayev “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib".

Bələdçi ilə söhbətimiz zamanı muzeyin eksponatlarının ildən-ilə artdığını da öyrənirik. Ağcabədililər həvəslə muzeyin əşyalarının artırılmasına yardımçı olurlar. Hazırda burada qorunan 4800 eksponat ən qədim dövrdən indiyə qədər Ağcabədinin tarixi keçmişinə işıq tutur. Siz də gəlin, şəklini görmək, haqqında eşitmək ayrı, gerçək tarixə "toxunmaq" bir ayrı hiss bəxş edir.

188
Teqlər:
Ağcabədi, Tarix və Diyarşünaslıq Muzeyi, muzey, mədəniyyət, tarix
Əlaqədar
Azərbaycanda xilas edilmiş xəzinə: "Hissə-hissə çıxarmaq istəyirdilər"
Şimal-qərb bölgəsindəki bu abidələr dağılır - SOS
Tariximiz nəzarətsiz qalıb – Buradakı eksponatları asanlıqla oğurlamaq mümkündür
Ayasofya təhlükədə - Uça bilər
Darısqal eyvandan dünyaya yayılan sənət: O əsərləri heç kim düzəldə bilmir - FOTOLAR