Yeni dərs ili, arxiv şəkli

Dəyirman öz işində, çax-çax baş ağrıdır: Dərs ili məsələsi yenə gündəmə qayıdıb

403
(Yenilənib 19:53 05.09.2019)
Hamı sentyabr ayının 1-ni istəyir, Təhsil Nazirliyi isə hər şeyin çoxdan həll olunduğunu bəyan edir

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 5 sentyabr — Sputnik. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) dərs ilinin sentyabrın əvvəlindən başlanması ilə bağlı hökumətə növbəti dəfə çağırış edib. BAXCP İdarə Heyətinin bununla bağlı açıqlamasında deyilir: "Tədris prosesində uzunmüddətli fasilənin yaranması şagirdlərin oxuma və öyrənmə, dərs rejiminə alışmaq kimi təhsillə bağlı olan bir çox vərdişləri yadırğalamalarına səbəb olur. Məhz bu səbəbdən dünyanın əksər ölkələrində yay tətilinin müddəti 45 gündən çox deyil. Digər tərəfdən, son illərin hava proqnozu da sentyabrın ilk günlərindən havaların sərin keçdiyini göstərir".

Qeyd edək ki, dərs ilinin sentyabrın 1-dən başlanılması ilə bağlı dəfələrlə ictimaiyyət nümayəndələri tərəfindən təkliflər səsləndirilib. Amma hələlik Təhsil Nazirliyi bununla bağlı qərarını dəyişməyib. 2019-2020-ci tədris ili üzrə də Azərbaycanda dərslər sentyabrın 15-dən başlanacaq.

Bəs görəsən, gələcəkdə bu təklif nəzərə alına bilərmi?

Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Sona Əliyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanda dərslərin sentyabrın 15-dən başlanılması tədris ilinin müddətinin uzadılması ilə bağlıdır. S.Əliyeva deyir ki, əslində dərs ilinin sentyabrın 1-dən başlanması təklifini dəstəkləyir: "Mən də hesab edirəm ki, dərslər sentyabr ayının 1-dən başlayıb mayın 31-də başa çatsa daha yaxşı olar. Amma artıq Təhsil naziri Ceyhun Bayramov bu məsələ ilə bağlı geniş və əsaslandırılmış izah verib. Bununla belə, cəmiyyətdə yeni dərs ilinin sentyabr ayının 15-dən başlanılmasına münasibət birmənalı deyil. İnsanlar yay məzuniyyətlərini sentyabrın 1-ə kimi başa vururlar. Təhsilə sovet dövründə başlamış, müstəqillik dövründə başa vurmuş şəxs kimi deyə bilərəm ki, bizim də ailədə 1 sentyabr yeni dərs və iş ilinin başlanğıcı kimi qəbul olunurdu. Artıq bu tarixdə şagirdlərin məktəbə, valideynlərin isə məzuniyyəti başa vurub işə getməsi ilə bağlı vərdiş formalaşmışdı. 

Amma bir neçə ildir ki, məktəblilər dərsə getmək üçün sentyabrın 15-ni gözləməli olurlar. Mənim şəxsi fikrimə görə, dərslərin sentyabrın 1-dən başlaması daha yaxşı olardı. Bununla belə, bu məsələdə son qərar Təhsil Nazirliyinin olduğundan, bizim istəyimiz heç nəyi dəyişmir".

Psixoloq Samirə Abdullayeva isə dərslərin sentyabrın ortasından başlanılmasının uşaqlarda məktəbə hazırlıq əhval-ruhiyyəsinə təsir etdiyini söyləyir: "Sentyabr ayının 1-nin yeni dərs ilinin başlanılması üçün seçilməsi təsadüfi deyil. Bu tarix həm də yeni fəslin başlanğıcıdır. Sentyabr ayında insanların əksər hissəsi uzun məzuniyyətdən sonra iş həyatına qayıdır. Əvvəllər bu tarix uşaqların həyatında da əlamətdar gün sayılırdı. Çünki şagirdlər məktəbə, valideynlər isə işlərinə qayıdırdılar. Bir neçə ildir ki, bu düzən bir qədər pozulub. Valideynlər məzuniyyətdən işə qayıtsalar da, uşaqlar məktəbə getmək üçün 15 gün gözləməli olurlar. Nəticədə uşaqların 15 günlük tətil müddəti səmərəli keçmir. Halbuki, əvvəllər valideynlərin məzuniyyətləri uşaqların tətil müddətinə düşdüyündən, indikindən fərqli olaraq uşaqlar evdə valideynlərin işdən gələcəyini gözləmirdilər. Ona görə də, yeni dərs ilinin sentyabrın 1-dən başlanması daha məqsədəuyğun olardı".

Xatırladaq ki, Təhsil naziri Ceyhun Bayramov dərslərin sentyabrın 1-dən başlanması ilə bağlı sosial şəbəkələrdə ona ünvanlanan müraciətlərə münasibət bildirib. C.Bayramov deyib ki, nazirliyin bununla bağlı rəsmi mövqeyi dəfələrlə açıqlanıb: 

"2015-ci ildən etibarən Nazirlər Kabinetinin müvafiq qərarı ilə tədris ili sentyabrın 15-i başlayaraq, iyun ayının 14-nə kimi davam edir. Artıq yeni hazırlanan dərsliklər 32 deyil, 34 həftəlik tədris ili üçün nəzərdə tutulur. Bu illər ərzində yenilənməmiş dərsliklərlə bağlı Təhsil İnstitutu tərəfindən metodik tövsiyələr hazırlanaraq yerlərə göndərilib ki, mövcud dərsliklər 32 deyil, 34 həftəlik tədris ili üzrə təşkil olunsun".

Nazir həmçinin qeyd edib ki, dərs ilinin müddəti dəyişdirilərkən orta aylıq hava temperaturu ilə bağlı məlumatlar da nəzərə alınıb: "Sentyabrın ilk 2 həftəsi ilə iyunun ilk 2 həftəsinin orta aylıq temperaturları arasında fərq yoxdur. Orta aylıq temperatur hesablanarkən son 10 ilin temperaturu nəzərə alınıb. Digər göstərici isə havanın rütubətliliyi ilə bağlıdır. Havada rütubət nə qədər çox olarsa, isti havanı keçirmək bir o qədər çətin olur. Sentyabrın əvvəlində olan rütubət göstəricisi iyun ayının əvvəlində olan göstəricidən yüksəkdir".

403
Ümumvətəndaş pasport və pul, arxiv şəkli

Vətəndaşları "istirahətə" göndərəcəyini vəd edən qadın haqqında cinayət işi başlanıldı

4
(Yenilənib 19:05 10.08.2020)
İbtidai istintaq zamanı zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın 373 min manatının ödənilməsi təmin edilib.

BAKI, 10 avqust — Sputnik. "Daniz Travel" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru Azadə Səfərovanın qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciətlər əsasında araşdırma aparılmaqla fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, aparılmış istintaqla Azadə Səfərovanın öz qulluq mövqeyindən istifadə edərək Türkiyə Respublikasına tətilə göndərmək adı ilə ayrı-ayrı şəxslərin pul vəsaitlərini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etməsinə, bu qanunsuz hərəkətləri ilə ona etibar olunmuş 1 milyon 525 min manat məbləğində özgə əmlakını təkrarən xeyli miqdarda mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlara əsasən, Azadə Səfərovaya həmin Məcəllənin 179.2 (mənimsəmə və ya israf etmə şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla təkrar törədildikdə) və 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün 30 iyul 2020-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İbtidai istintaq zamanı zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın 373 min manatının ödənilməsi təmin edilib.

4
Əlaqədar
Masallıda vəzifəli şəxslər həbs olundular
Yüz manat ver, avtomobil gətirim... Alan yox, satan da belə satır
Az idi qəbir yeri satan, biri də çıxdı Yasamaldan
Bankın rəhbərlərindən biri filial müdirinə "atdı", indi də məhkəmə qarşısındadır
Səyahətə gedənlər aeroportda qaldılar - Onların bileti saxta imiş
Məmur, arxiv şəkli

Bərdə rayon Prokurorluğunda kadr dəyişikliyi olub

52
(Yenilənib 18:57 10.08.2020)
Bərdə rayon prokuroru Asəf Sarıkişiyev Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini təyin edilib.

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 10 avqust — Sputnik. Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin əmrinə əsasən, Rəşad İsgəndərov  Bərdə rayon prokuroru vəzifəsinə təyin edilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Bərdə rayon prokuroru Asəf Sarıkişiyev isə Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini təyin edilib.

Qeyd edək ki, Rəşad İsgəndərov bu təyinata qədər Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində çalışıb.

52
Əlaqədar
Baş Prokurorluqda dəyişikliklər: Üç aya 114 rəhbər vəzifəyə təyinat olub
Şirvanda vəzifəli şəxsə qarşı cinayət işi açıldı
Hərbi Prokurorluqda struktur dəyişikliyi: Təyinatlar var
Prokurorluqda kadr islahatları - Üç rayon və bir şəhərə təyinat var
Total dəyişiklik! Baş prokurordan yeni təyinatlar
ABŞ hərbçiləri, arxiv şəkli

Trampdan bahalı əməliyyat: bunun üçün pul tökmək günah deyil

0
(Yenilənib 19:08 10.08.2020)
ABŞ hərbçilərinin dislokasiyası xeyli xərc tələb edəcək, lakin istənilən halda bu, uzun illər ərzində onların Almaniyada qalmasına görə ödəniş etməkdən daha sərfəlidir.

BAKI, 10 avqust — Sputnik, İrina Alksnis. ABŞ-ın Müdafiə naziri Mark Esper bildirib ki, Amerika qoşunlarının Almaniyadan çıxarılması Rusiyanın qarşısının alınması strategiyasına uyğundur. Nazirin sərəncamında bəyan edilən bu mövqeni dəstəkləmək üçün yeganə bir arqumenti var: Birləşmiş Ştatlar əslində "daha çox qoşununu şərqə, Rusiya sərhədlərinə doğru çəkəcək". Dərd burasındadır ki, diqqətlə nəzərdən keçirsək, bu arqument yanlışdır və amerikalılar üçün son dərəcə xoş olmayan bir halı üzə çıxarır.

Almaniyanı təxminən 12 min hərbçi tərk edəcək. Onların əksəriyyəti – 6,4 min nəfər – ABŞ-a evə qayıdacaq. Qalanları İtaliya və Belçika da daxil olmaqla, digər Avropa ölkələrinə dislokasiya ediləcək. Polşaya isə – yəni düz Rusiya ilə sərhədə – yalnız min hərbçi göndəriləcək.

Bu rəqəmlər Esperin sözlərini elə də dəstəkləmir. Başqa cür ola da bilməzdi, çünki ABŞ-ın Almaniyadakı kontingenti ətrafında toqquşmaların NATO ilə Rusiya arasındakı qarşıdurmaya çox uzaq münasibəti var.

Hələ 2018-ci ilin iyununda "The Washington Post" Pentaqonun Avropada qoşunların irimiqyaslı dislokasiyasının dəyərini və nəticələrini təhlil etdiyi barədə yazıb. Qəzet iddia edib ki, Tramp həmin ilin əvvəlində bu ideyaya maraq göstərib. ABŞ Prezidentinin motivləri məhz müdafiəyə pul xərcləməkdən imtina edən NATO müttəfiqləri ilə bağlı olub. Bu, ilk növbədə Berlinə aid olub. Almaniya Şimali Atlantika Alyansının nizamnaməsinin tələbinə zidd olaraq illərdir ki, hərbi xərclərini ümumi daxili məhsulun 2 faizinə qədər artırmaqdan çəkinir.

Bir il əvvəl mövzu yenidən ictimailəşib. Həmin vaxt ABŞ-ın Almaniyadakı səfiri Riçard Qrenell ölkəsinin hərbi kontingentinin bir hissəsini Almaniyadan Polşaya çıxarmağa hazır olduğunu açıq şəkildə bəyan edib, çünki "almanların ticarət balansının profisitindən öz daxili məqsədləri üçün istifadə etdiyi bir vaxtda amerikalı vergi ödəyicisinin bundan sonra da Almaniyadakı 50 mindən çox amerikalıya görə pul ödəyəcəyini gözləmək təhqiramiz olardı".

Bu bəyanat Polşada ən qızğın və coşqun reaksiyaya səbəb olub. Ötən bir il ərzində polşalı siyasətçilər və media Almaniyanın əvəzinə məhz onların ölkəsinin Amerika hərbi qüvvələrinin Avropada cəmləşməsinin əsas yerinə çevriləcəyinə ümid edib. Məsələ hətta nüvə silahlarının dislokasiyası perspektivlərinin müzakirəsinə gəlib çatıb. Doğrudur, qeyd etmək lazımdır ki, bu danışıqlar boş yerdən peyda olmayıb, əksinə, hadisələrin bu cür inkişafına yol vermiş amerikalı rəsmilər tərəfindən təhrik edilib.

Ümumiyyətlə, faktları siyasi bəyanatlardan, planlardan və gözləntilərdən "təmizləsək", baş verənlərin mahiyyətini görərik.

Birləşmiş Ştatlar uzun illər boyu Almaniyanı dünyanın ən böyük iqtisadiyyatlarından biri kimi hərbi xərclərini kəskin şəkildə artırmağa məcbur etməyə çalışıb. Amerikalılar tərəfindən təhdidlər və təzyiqlər davam edib, amma onların səyləri nəticə verməyib: Vaşinqton Almaniya hakimiyyətini mövqeyindən tərpədə bilməyib.

Görünür, Donald Tramp, nəhayət ki, baş verənlərdən bezib və odur ki, indi ölkənin müdafiə naziri və digər rəsmilər dövlət başçısının Almaniyadan hərbçiləri çıxarmaqla bağlı qəbul etdiyi qərarı ört-basdır etməyə çalışırlar ki, Birləşmiş Ştatlar bu vəziyyətdə uduzmuş görünməsin.

Lakin Birləşmiş Ştatlar məhz uduzmuş görünür: Almanlardan arzu ediləni əldə etmək mümkün olmayıb. Bu, iqtisadiyyata əlavə investisiyalar gətirməyib.

Avropadakı hərbi kontingent kiçiləcək və bu, Rusiyanın öz nüfuzunu və gücünü artırması fonunda baş verəcək. Lakin qoşunların çıxarılması Almaniya üçün zəif "cəza"dır: Almaniya həqiqətən iş yerlərini və hərbi infrastruktura xidmət etməklə əldə edilən müəyyən qazancı itirəcək, lakin bu itkilər ölkənin Vaşinqtonun tələblərinə əməl etməsi halında üzləşəcəyi itkilərlə müqayisə edilə bilməz.

Qısaca, Polşaya əlavə min hərbçinin göndərilməsi ABŞ-a öz imicini qorumağa və Rusiyanın qarşısının alınması kursunu saxladığını bəyan etməyə imkan verən yeganə arqumentdir.

Yəqin ki, bütün bu hekayədə ən maraqlı sual Trampın niyə kontingenti Almaniyadan çıxarmağa dair qərar qəbul etməsidir. Axı ona pişiyi quyruğundan dartmağa heç nə mane olmurdu. Mənfi nəticələr də, görünür, az olacaqdı.

Belə görünür ki, cavabı Amerika Prezidentinin şəxsiyyətində və onun milli lider kimi qarşıya qoyduğu məqsədlərdə axtarmaq lazımdır. Bütün ekssentrikliyinə baxmayaraq Donald Tramp, əslində, Amerikanın yığılıb qalmış sistemli problemlərin həllinə istiqamətlənib – o cümlədən radikal tədbirlər yolu ilə.

Digər məsələlərlə yanaşı, Birləşmiş Ştatlar elə bir tələyə düşüb ki, onun iqtisadi maraqları və dünya fövqəldövləti kimi şöhrəti arasında birbaşa ziddiyyətlər yaranıb. Əslində, prezidentin narazılığı tamamilə ədalətlidir: Amerika yalnız Avropanın müdafiə funksiyalarını öz üzərinə götürməyib, həm də bu müdafiə üçün öz cibindən ödəyir, çünki köhnə dünyanın ən böyük və zəngin iqtisadiyyatları onun boynunda rahat şəkildə oturublar.

Şübhəsiz, onların heç birinin, o cümlədən Almaniyanın Rusiya tərəfindən özünə qarşı hərbi təhlükənin reallığına inanmaması burada öz rolunu oynayıb. Odur ki, amerikalılar Moskva ilə hərbi-siyasi oyunu davam etdirmək istəsələr, Avropa Vaşinqtonun tərəfində olmağa hazırdır, lakin Vaşinqton öz ambisiyaları üçün özü ödəməlidir.

ABŞ-ın qlobal fövqəldövlət statusu isə Amerika elitası üçün dəyərlidir və bunun üçün pul tökmək günah deyil – o cümlədən uğursuz layihələrə.

Yalnız bu mövqe Donald Trampa uyğun deyil. O, dəfələrlə və açıq şəkildə bəyan edib ki, dünya liderliyi Birləşmiş Ştatlara və onun iqtisadiyyatına konkret fayda gətirməlidir. Əgər bu baş vermirsə, onda supergüc olmaq faydasız və bahalı bir axmaqlıqdır, bu statusu dəstəkləməyə sərf olunan resursları isə daha mənalı sahələrə yönəltmək daha yaxşı olardı.

Hərbi kontingentin bir hissəsinin Almaniyadan çıxarılması haqqında qərar prinsipial məsələlərdə Trampın sözlərinin əməllərindən fərqlənmədiyinin növbəti nümunəsi oldu. O, Berlinin mövqe dəyişikliyinə nail ola bilməyəcəyini anlayaraq biznesmen kimi addım atdı və xərclərin azaldılması prosesinə başladı.

Hərbçilərin dislokasiyası ABŞ-dan xeyli xərc tələb edəcək, lakin istənilən halda bu, uzun illər ərzində onların Almaniyada qalmasına görə ödəniş etməkdən daha sərfəlidir. Buna görə də əminliklə demək olar ki, Donald Trampın qərarı iqtisadi cəhətdən səmərəlidir və ABŞ-ın milli maraqlarına uyğundur.

Paralel olaraq, bu qərar, əlbəttə ki, Birləşmiş Ştatların qlobal hegemonluğunun demontajını davam etdirir, onun zəifliyini, üzərinə götürdüyü maliyyə öhdəliklərinin yükünü çəkə bilmədiyini açıq şəkildə nümayiş etdirir.

0
Əlaqədar
Tramp NATO-nu ticarətlə qarışdırıb: Niyə Rusiyanı "Böyük yeddilik"də görmək istəmirlər
Trampın Putinə “son hədiyyəsi”
Dostluq ayrı, iş ayrı - NATO Rusiya-Ukrayna müharibəsinə qarışmayacaq
Tramp bu ölkədən on minədək amerikalı hərbçinin çıxarılmasını təsdiqlədi
Tramp ABŞ-ı NATO-dan çıxarmaq istəyib - "Şimal Axını-2"-yə görə