CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ciddi xəstəlik yayılıb: Buraxılmış səhv kütləvi tələfata səbəb ola bilər

© AFP 2023 / MARIO LAPORTAHeyvandarlıq təsərrüfatı, arxiv şəkli
Heyvandarlıq təsərrüfatı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Heyvanlarda bu gənələrin olmaması üçün xüsusilə yay aylarında onlar həftədə bir dəfə çimizdirilməlidir

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 30 avqust — Sputnik. Lerik rayonunun kəndlərində mal-qara arasında xəstəlik yayılıb. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, yoluxucu xəstəlikdən heyvanlar arasında tələfolma halı da qeydə alınıb. Xəstəlik rayonun Zeynəko və ətraf kəndlərində bir neçə təsərrüfatda müşahidə edilir.

Qeyd edək ki, keçən il qoyunlar arasında yayılan xəstəlik bu il iribuynuzlu heyvanlara da keçib. Xəstəliyə tutulan heyvanların hərarəti yüksək olur, bədənlərində şişlər əmələ gəlir, gözləri görmür və burunlarından su axır. Rayon Baytarlıq İdarəsindən bildirilib ki, heyvanlarda rast gəlinən xəstəliyin adı teyleriozdur və onun qarşısını almaq üçün ciddi tədbirlər görülür.

Bakıda heyvanlar üçün xüsusi avtomobil – “Zoo Taksi”  - Sputnik Azərbaycan
VİDEO
Bakıda heyvanlar üçün xüsusi avtomobil – “Zoo Taksi”

Sputnik Azərbaycan-ın əməkdaşı heyvanlar arasında qeydə alınmış bu xəstəliyin yayılma riskini araşdırıb. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin İnformasiya təminatı, ictimaiyyətlə əlaqələr və beynəlxalq əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Yolçu Xanvəli açıqlamasında bildirib ki, teylerioz qan-parazitar xəstəlikdir. Y.Xanvəli Lerikdə heyvanlar arasında yayılmış bu xəstəliyin el arasında "qızdırma xəstəliyi" adlandırıldığını söyləyib. Şöbənin baş məsləhətçisi deyir ki, xəstəliyi törədənlər gənələrdir: "Heyvanlarda bu gənələrin olmaması üçün xüsusilə yay aylarında onlar həftədə bir dəfə çimizdirilməlidir. Çünki yay dövründə respublikamızda heyvanlar arasında qan-parazitar xəstəlikləri geniş yayılır. Bunun da əmələ gəlməsində ektoparazitlərin rolu böyükdür. Məhz buna görə də ektoparazitlərlə mübarizə aparmaq üçün dezinseksiya – gənələrə qarşı mübarizə işləri aparılmalıdır. Heyvanlar akarasid maddələrlə - xlorofos, neosidol, diazinon, kreolin, ektovil, sytrin və s. ilə çimizdirilməlidir".

Y.Xanvəli deyir ki, bu maddələrdən hazırlanmış suda çimizdirilən heyvanların dərisinə yapışmış gənələr məhv olur. Agentliyin baş məsləhətçisi əks halda heyvanların dərisinə yapışmış gənələrin qırmızı qan hüceyrələrini sorduğunu söyləyir. Onun sözlərinə görə, bu zaman heyvanlarda qızdırma, qan azlığı, limfa düyünlərinin böyüməsi kimi əlamətlər üzə çıxır. Y.Xanvəli bildirir ki, gənələrin çoxalmaması üçün fermerlərə məlumat verilir.

Agentlik rəsmisi deyir ki, bu xəstəliyin heyvandan-heyvana yoluxma təhlükəsi yoxdur. Amma fermerlər heyvanların qidalanmasına, saxlanılma qaydalarına da əməl etməlidirlər. Y.Xanvəli ekoparazitlərlə mübarizə aparmaq işinin fermerlərin öz üzərinə düşdüyünü söyləyir. Həmsöhbətimiz deyir ki, bunun üçün dövlət tərəfindən dərmanlarla pulsuz təminat yoxdur. Belə ki, fermerlər müraciət etdikdə baytar tərəfindən resept yazılır və heyvanlar həmin məhlulda çimizdirilir. Y.Xanvəli bu zaman işçi məhlulun düzgün dozada hazırlanması və işləmənin açıq şəraitdə günün sərin vaxtlarında aparılmasına çox ciddi diqqət yetirilməli olduğunu söyləyir. Əks halda, hər hansı buraxılmış səhv heyvanların zəhərlənmədən kütləvi tələfatına səbəb ola bilər: 

Oğuzda meşə yanğını - Sputnik Azərbaycan
HADİSƏ
Oğuzda yanğın vəhşi heyvanları kəndlərə qovur - VİDEO, FOTO
"Ümumiyyətlə, dərman preparatları ilə heyvanların çimizdirilməsi baytar həkimin nəzarəti altında aparılmalıdır. Heyvan və quşlara hər hansı bir dərman maddəsi tətbiq edilərkən onun südündə, ətində və yumurtasında qalma müddətinə diqqət yetirməklə istifadə olunmalıdır. Son illərdə akarasidlər əleyhinə müasir preparatlar var ki, bu preparatlar heyvanların onurğa sütunu boyunca təlimat əsasında tökülməklə daha yüksək və uzunmüddətli təsir əldə etmək olar. Bunların süddə qalma müddəti və zəhərlənmə riski demək olar ki, yoxdur. Heyvan saxlanılan binalar və ətraf ərazilərdə də dezinseksiya işləri aparılmalıdır. Kimyəvi maddələrlə işləyən şəxslər işləmə haqda təlimatlandırılmalı və işə başlamazdan əvvəl xələt, rezin çəkmə, əlcək, qoruyucu eynək və respiratorla təmin olunmalıdırlar. Heyvanlarda çiləmə üsulu effektivlik nisbətinə görə çimizdirilmə üsulundan geri qalır, çünki bu üsul yun örtüyünün tamamilə islanmasını təmin etmir. Bu üsul yalnız qırxımdan sonra profilaktika məqsədilə istifadə oluna bilər. Püskürmə və çiləmə üsulları maksimal nəticə əldə etməyə imkan vermir. Ən kiçik püskürmə damcıları yalnız səth təbəqəsini doyurur, dərinin alt təbəqəsinə çatmır. Buna görə də püskürmə üsulu yalnız çimizdirilmənin qeyri-mümkün olduğu hallarda istifadə edilə bilər. Biz fermerlərə məsləhət görürük ki, heyvanların çimizdirilməsinə daha çox üstünlük versinlər".

Xəbər lenti
0