Oğru, arxiv şəkli

Verdin - adındır, yedin - dadındır, yaya saxladın - oğrunun

621
(Yenilənib 18:35 26.08.2019)
Evin açarını qapının yanında gizlətmək, avtomobilin şüşəsinin və qapısının açıq qoyulması yoldan keçən üçün həmin yerdə olan əmlakı talamağa maneə yaratmır

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 27 avqust — Sputnik. Yay aylarında oğurluq faktlarının sayı artır. Ekspertlər bunu isti aylarda vətəndaşların istrahətdə olub, mənzillərini boş qoymaları ilə əlaqələndirirlər.

Belə ki, işığı yanmayan, kiminsə girib-çıxmadığı evlər oğrular tərəfindən nəzarətə götürülür və əgər ev 2-3 gün boş qalırsa, həmin evlərə oğurluğa gedilir.

Sputnik Azərbaycan mövzu ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat şöbəsinin rəisi Elşad Hacıyevlə danışıb.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev
© Sputnik / Irade JELIL
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev

E.Hacıyevin sözlərinə görə, oğurluq böyük ictimai təhlükəli cinayətlər kateqoriyasına aid deyil, ancaq cəmiyyəti narahat edir, polisi qayğılandırır. Əsasən yay aylarında yaşayış evlərinin istirahət məqsədilə tərk edilməsi ictimai təhlükəli əməllərə meylli adamlar üçün viktimoloji, başqa sözlə, "münbit" şərait yaradır: "Evdə adam olmadığını, mühafizə edilmədiyini yəqinləşdirdikdən sonra evə qeyri-qanuni yolla girilməklə talanması müşahidə olunur.

Cəmiyyəti təhdid edən oğurluğa qarşı mübarizədə profilaktikaya, yəni qabaqlayıcı tədbirlərə hər bir vətəndaş özü həssas yanaşmalıdır. Yaşayış və qeyri-yaşayış sahələrinin mühafizəsi üçün tövsiyə edirik ki, mühafizə polisinin müvafiq xidmətlərindən yararlansınlar.

Evində on min manatlarla əmlakını nəzarətsiz qoyub, yaşayış yerini qısa müddətə tərk edən sakinlərimiz nədənsə öz məsuliyyətlərini, başqa sözlə, öz əmlakına münasibətdə sayıqlığı arxa plana çəkirlər. Bu barədə mətbuata mütəmadi məlumatlar veririk, açıq çağırışlar edirik, deyirik ki, əmlakınıza qarşı münasibətdə biganə olmayın".

Polis mayoru qeyd edib ki, bəzən məsələyə yalnız "polisin işi", "polisin vəzifəsi" nöqteyi-nəzərini əsas götürməklə yanaşırlar.

"Diqqətə çatdırım ki, paytaxtda polis tərəfindən mühafizə olunan yaşayış və qeyri-yaşayış sahələrində talanma ilə bağlı fakt ümumiyyətlə qeyd alınmayıb, mühafizə olunan yerlərdə oğurluğa cəhdlərin qarşısı dərhal alınaraq, şübhəli şəxslər saxlanılaraq müvafiq polis bölmələrinə təqdim olunublar. Mühafizə olunan yerlərə kənar şəxslərin müdaxiləsinə qarşı polisin yaxınlaşması 2-5 dəqiqə ərzində təmin olunur. Qorunan yerə kənar müdaxilə olunan kimi həyəcan siqnalı ilə ünvanın koordinatları verilir. Niyə dövlətin yaratdığı bu imkanlara sakinlərimiz kütləvi maraq göstərmirlər?" - deyə Hacıyev sual edir.

E.Hacıyevin sözlərinə görə, viktimoloji cinayətlərin açılması olduqca mürəkkəb prosesdir: "Evin açarını qapının yanında gizlətmək, avtomobilin şüşəsinin və qapısının açıq qoyulması və digər hallar yoldan keçən üçün həmin yerdə olan əmlakı talamağa maneə yaratmır, yaxud dolayısı ilə həmin əmlakın sahibi özü oğruya bu fürsəti verir. Mühafizə olunmayan, işıqlandırılmayan küçələrdə avtomobilin görünən yerində qiymətli əşyaların saxlanılması da kənardan diqqəti çəkir. Bakıda qeydə alınan bir hadisəni misal çəkim: paytaxt sakinlərindən biri olduqca qiymətli avtomobilini evindən uzaq yerdə, mühafizə olunmayan, işıqlandırılmayan yerdə saxlayaraq tərk edib. Avtomobilin oturacağının üzərində olan zibil-tullantı paketi diqqət cəlb etdiyinə görə həmin avtomobilin şüşəsi naməlum şəxs tərəfindən sındırılaraq, o paket oradan oğurlanıb. Nəticədə isə avtomobilə maddi ziyan dəyib".

Yolu bağlamaq adəti, ümumidən oğurlamaq istəyi, ictimai davranış məsələsi...>>

Həmsöhbətimiz bildirir ki, bununla bağlı polisə xeyli faktlar daxil olur.

"Biz buna təsadüfi oğurluqlar da deyirik. Deməli, buradan da aydın məzmun ortaya çıxır ki, həm də vətəndaşlar öz əmlaklarına qarşı münasibətdə məsuliyyətli olmalı, polisin önləyici tövsiyələrinə diqqət göstərməlidirlər", - deyə Hacıyev əlavə edib.

621
Teqlər:
mühafizə, polis, mənzil, oğurluq, oğru
Əlaqədar
Avtoservisdən külli miqdarda pul oğurlandı, oğru da usta çıxdı
Yaxşılığa yamanlıq - Azyaşlı bacı-qardaşın itkin düşməsinin detalları
Keçmiş arvadının dükanına basqın edən kişi peşəkar oğru imiş

Topçu Vüsal məsələsində son nöqtə qoyuldu - "Məqsədimiz..."

1
"Az-Granata" MMC-nin PR meneceri: "Bu şəkilin seçilməsində məqsəd Azərbaycan Ordusunun mərdliyini, cəsarətini nümayiş etdirmək idi".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 30 noyabr — Sputnik. Vətən müharibəsinin qəhrəmanlarından olan topçu Vüsal Şahkərimovu məşhurlaşdıran fotonun spirtli içki şüşəsinin üzərinə vurulması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. İctimaiyyətdə qəhrəman topçunun şəklinin spirtli içki şüşəsində əks olunması geniş narazılığa səbəb olub. Əsgərin atası İslam Şahkərimov bildirib ki, şərab istehsalçılarına şifahi şəkildə razılıq verib: "Bir az əvvəl həmin adamlar yenə mənə zəng etmişdilər. Dedilər ki, Vüsal özü bu məsələyə nə deyir, əsas odur. Mən də belə düşünürəm ki, razılıq verməklə səhv etmişəm. Görürəm ki, camaatdan da xeyli narazılıq var. Elə az əvvəl Vüsalla da danışdım. Dedi ki, fotomun içki şüşəsinin üstünə vurulmasına etiraz edirəm".

"Az-Granata" MMC-nin PR meneceri Ülvi Günəşli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, artıq topçu Vüsal Şahkərimovla bağlı məsələ bağlanıb: "Qeyd edim ki, üzərində topçu Vüsal Şahkərimovun şəkli olan spirtli içki istehsala verilməmişdi. Sadəcə olaraq bu barədə məlumat paylaşılmışdı. "Az-Granata" MMC Vüsalın valideyni ilə danışaraq həm şifahi, həmçinin də rəsmi razılığını almışdı. Sadəcə olaraq bu məsələdə ictimaiyyətin fikrini nəzərə aldıq. Həmçinin topçumuz özü də şəklinin spirtli içki şüşəsində olmasına razı olmayıb. Biz də bütün bunları nəzərə alaraq bu məsələni qapatdıq".

Ü.Günəşli iddia edir ki, əslində bu məsələdə şirkətin məqsədi tamamilə başqa olub: "Bizim fikrimiz ictimaiyyətə düzgün çatdırılmadı. Şirkətimiz Vüsalın şəklinin vurulduğu kitabların çapına da sponsorluq etmək niyyətində idi. Bizim qədim tarixi adları daşıyan məhsullarımız var. Həmin məhsullar gələn qonaqlara təqdim edildikdə tariximizlə bağlı məlumatlar da verilir. Bizim üzərində topçu olan spirtli içkini bir dəfə istehsal etmək fikrimiz vardı. Bu şəkilin seçilməsində məqsəd Azərbaycan Ordusunun mərdliyini, cəsarətini nümayiş etdirmək idi".

Qeyd edək ki, əslən Xaçmaz rayonundan olan 19 yaşlı topçu Vüsal Şahkərimov Vətən müharibəsinin minlərlə qəhrəmanından biridir.

1

Azərbaycanda minaların partlaması nəticəsində 535 mülki şəxs ölüb

1
Əhmədov qeyd edib ki, Agentlik tərəfindən vətəndaşların təhlükəli, naməlum əşyalara, hərbi sursatlara və qurğulara toxunmamaları ilə bağlı maarifləndirmə işləri aparılır.

BAKI, 30 noyabr — Sputnik. 1999-2020-ci illər ərzində Azərbaycanda minaların partlaması nəticəsində 535 nəfər mülki şəxs həlak olub, 2418 nəfər yaralanıb.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov deyib.

O qeyd edib ki, Agentlik tərəfindən vətəndaşların təhlükəli, naməlum əşyalara, hərbi sursatlara və qurğulara toxunmamaları ilə bağlı maarifləndirmə işləri aparılır.

Q.Əhmədov qeyd edib ki, bununla bağlı vətəndaşların rayon polis idarəsinə və icra hakimiyyətinə məlumat vermələri xahiş olunur.

1