Çoxmərtəbəli yaşayış binasındakı otaq, arxiv şəkli

Tələbələr Bakıda kirayə ev tapmırlar - qiymətlər "günahkar" deyil

146
(Yenilənib 10:52 28.08.2019)
Rieltorun sözlərinə görə, bəzi ərazilərdə kirayə mənzillərə tələbatın artması ilə əlaqədar kirayə qiymətləri 80-150 manat arası bahalaşıb

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 23 avqust — Sputnik. Yeni dərs ilinin başlanması ərəfəsində kirayə mənzil bazarında canlanma yaranıb. Əmlak ekspertləri artıq Bakının bəzi ərazilərində mövsümlə əlaqədar kirayə qiymətlərində 15-20 faizlik bahalaşmanın müşahidə edildiyini bildirirlər.

Sputnik Azərbaycan-ın apardığı kiçik araşdırma zamanı isə ali məktəblərə qəbul ərəfəsi əksər valideynlərin paytaxtda kirayə ev tapmaqda çətinlik çəkdikləri üzə çıxıb. Rieltor Sarvan Kərimov son günlər onlara müracət edənlərin mütləq əksəriyyətinin tələbə olduğunu söyləyib. O, bildirib ki, ailəli şəxslərə kirayə ev verənlər çox olsa da, tələbə adı gələndə ev sahibləri "daş atıb, başlarını tuturlar": "Ailəli şəxslərə boş kirayə mənzil tapmaq daha asandır. Əsl problem tələbələrə kirayə mənzil tapmaqdadır.

Öncə qeyd edim ki, qiymətlər son 15 gündür ki, xeyli bahalaşıb. Kirayə mənzil axtaran tələbələrin çoxu metro stansiyalara yaxın ərazilərdən ev istəyirlər. Metro yaxınlıqlarında isə boş kirayə mənzil tapmaq müşkül məsələdir. Boş olanların qiyməti isə tələbələrin cibinə uyğun deyil.

Bu gün ən bahalı kirayə mənzillər şəhərin mərkəzində və metro yaxınlığında olan mənzillərdir. Problemin digər tərəfi isə tələbələrə ev vermək istəyənlərin az olmasıdır. Tələbə qızlara ev tapa bilsək də, oğlan tələbələri heç bir kirayənişin götürmək istəmir. Ona görə də hələ elə valideynlər var ki, övladlarına kirayə mənzil tapa bilməyiblər".

S. Kərimov deyir ki, bu gün "Xətai" metro stansiyasının yaxınlığında kirayə mənzillərin qiyməti 450-550 manat arasıdır. Paytaxtın Yasamal rayonu ərazisində qiymətlər 650-1000, Nərimanov rayonunda 600, Nizami rayonunda 450, Binəqədi rayonunda 400, "Sahil" metro stansiyası ətrafında isə 1500 manatdan başlayır.

Həmsöhbətimiz bildirir ki, hazırda qismən ucuz kirayə mənzillər Bakıətrafı qəsəbələrdədir. Rieltorun sözlərinə görə, bəzi ərazilərdə kirayə mənzillərə tələbatın artması ilə əlaqədar kirayə qiymətləri 80-150 manat arası bahalaşıb.

O, kirayə mənzil bazarında qiymət artımının yeni tikililərdəki mənzillərin kirayə verilməsi ilə də əlaqəli olduğunu söylədi. S. Kərimov deyir ki, bir neçə il öncə yeni tikililərdə kirayə mənzillərin payı çox az idi. Paytaxtda köhnə tikililər söküldükcə, yeni yaşayış binalarının kirayə mənzil bazarında payı artır. Bu isə qiymətlərə təsirsiz ötüşmür: "Köhnə binalarda kirayə mənzillər daha ucuz idi. Yeni tikililərdə kommunal xidmət haqları baha olduğundan, bu mənzilin kirayə qiymətinə təsir edir".

Mənzil bazarı üzrə ekspert Ramil Osmanlı isə kirayə mənzil bazarında qiymət artımının hər il tədris ili ərəfəsi qeydə alındığını söyləyir. Onun sözlərinə görə, bu hər il üçün xarakterik məsələdir: "Bu il də eyni vəziyyət müşahidə olunur. Çünki avqustun ikinci ongünlüyündə tələbələrin hansı ali məktəbə qəbul olduğu müəyyənləşir. Hər il analoji vəziyyətin müşahidə olunması tələbə yataqxanaları probleminin həll olunmadığını ortaya çıxardır".

Ekspert kirayə mənzilə sahiblənmək qaydalarını açıqladı – SİYAHI>>

R. Osmanlı deyir ki, paytaxtda kirayə mənzil qıtlığının və qiymətlərdə artımın əsas səbəbi köhnə yaşayış binalarının şəhərsalma tədbirləri ilə əlaqədar sökülməsidir. Həmsöhbətimiz bildirir ki, köhnə tikililər kirayə mənzil bazarında təklif portfelinin əsasını təşkil edir: "İlbəil kirayə mənzil bazarında təklif azalır. Bu köhnə tikililərin sökülməsi ilə əlaqədardır. Eyni zamanda son iki ildə müşahidə olunan tendensiyalar ondan ibarətdir ki, söküntü işləri ilə əlaqədar kirayə mənzil bazarında ev qıtlığı yaranıb. Üstəlik, tələbələr dərs ilini başa vurduqdan sonra mənzili boşaltmırlar. Onlar aylıq kirayə haqqını ödəyərək mənzili boş saxlayırlar. Bu da yeni gələn tələbələr üçün kirayə mənzil qıtlığına səbəb olur".

Kirayə ev
Karikatura
Kirayə ev

Təhsil üzrə ekspert Kamran Əsədov isə deyir ki,  kirayə mənzil bazarında qiymət artımının bir səbəbi də ali məktəblərə qəbul olunan abituriyentlərin sayının ilbəil artmasıdır:

"Qəbul planı 2017-ci illə müqayisədə 5.37 faiz artırılıb. 2018/2019-cu tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə qəbul üçün 45159 yer ayrılıb. Bu il ali təhsil müəssisələrinə qəbul planı 2018-ci illə müqayisədə daha çox idi. Ümumilikdə 2807 yer və ya 6.22% artım var idi. Dövlət sifarişi üzrə isə plan yerlərinin sayı kəskin artırılıb. 47966 plan yerindən 20189 yer dövlət sifarişli idi və ötən illə müqayisədə bu, 7985 yer və ya 65,43% artım deməkdir. Təbii ki, bu da kirayə mənzil bazarına tələbatı artırır".

Kirayə mənzil bazarında qiymətlər "ceyranın belində" olsa da, evlərini kirayə verən əmlak sahiblərinin heç də hamısı vergi ödəyicisi kimi qeydiyyata durmayıblar. Vergilər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, əmlak icarəsindən əldə edilən gəlir fiziki şəxsin qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəliri hesab edilir: "Fiziki şəxsə icarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi qeydiyyatda olduğu halda ödəmə mənbəyindən 14 faiz məbləğində vergi tutmalı və bu barədə vergi orqanına rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq hesabat təqdim etməlidir. İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi qeydiyyatda olmadığı halda, əmlakın sahibi vergi orqanında qeydiyyata durmalı, əldə etdiyi gəlirdən illik 14 faiz həcmində gəlir vergisi ödəməli və vergi orqanına "Gəlir vergisi bəyannaməsi" təqdim etməlidir.

Bu məqam Vergi Məcəlləsinin 99.3-cü maddəsində əksini tapıb. Məcəllənin 124-cü maddəsində isə göstərilib ki, daşınan və daşınmaz əmlak üçün icarə haqqından, həmçinin rezidentin və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənilən royaltidən gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. İcarə haqqı və royaltidən gəlir əldə edən fiziki şəxslərdən Vergi Məcəlləsinin 124.1-ci maddəsinə uyğun olaraq vergi tutulmuşdursa və ya onun tərəfindən ödənilmişdirsə, həmin gəlirlərdən bir daha vergi tutulmur. Vergi Məcəlləsinin 124.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında daşınmaz əmlakın (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna edilməklə) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləği bu Məcəllənin 14-cü maddəsinə uyğun olaraq, bazar qiyməti nəzərə alınmaqla müəyyən edilir".

146
Teqlər:
qıtlıq, bahalaşma, qiymətlər, Bakı, kirayə, tələbə
Əlaqədar
Bakının altı rayonunda binalar söküləcək - Siyahı
Bu ərazilərdə evlər və obyektlər söküləcək - Yarımstansiya tikiləcək
Tələbəsiz qalan universitetlər – Çarəsi var, iradə tələb olunur
5G K9 robotu, arxiv şəkli

Qazandığımızı tam itirə bilərik: təşəbbüsü robotlara verməklə...

19
(Yenilənib 11:19 13.08.2020)
Bu gün dünyada işsizlikdən əziyyət çəkən, gündəlik çörək tapa bilməyin milyonlarla insan var. Hər yeni robotlaşdırılmış sistem onların sayını birə-on artırır.

Rusiyada robotlar üçün gəlir vergisinin tətbiq edilməsi ideyası gündəmə gəlib. Rusiyanın Mütərəqqi Təhsil İnstitutu belə bir təkliflə Maliyyə Nazirliyinə müraciət edib. Analitiklərin fikrincə, süni intellektin inkişafı yaxın 15-20 ildə 20 milyon rusiyalını işsiz qoya bilər. Vergidən gələn məbləği satıcı, kassir, analitik, mühafizəçi peşələrində çalışan insanların başqa yöndə təhsil almasına yönəltmək mümkün olacaq.

“Terminator” filminin ilk versiyası nə qədər fantastik görünürdüsə...

Süni intellektin, robotların, “ağıllı əşyaların”, androidlərin tədricən insanı bir sıra sahələrdən sıxışdırıb çıxaracağı barədə yüzlərlə bədii və sənədli film çəkilib. 1984-cü ildə ekranlara çıxan, milyonların sevimlisinə çevrilən “Terminator” filminin ilk versiyası nə qədər fantastik görünürdüsə, müasir dövrün prizmasından bir o qədər də primitiv təsir bağışlayır. Bu gün artıq robotlaşdırılmış və avtomatlaşdırılmış zavodlar, internet və onun yaratdığı informasiya mühiti, evi tam idarə edən avadanlıq və yüzlərlə texnoloji yenilik reallaşıb.

Robotlar insanı, sözün əsl mənasında, sıxışdırıblar. Həyatını daha rahat və komfortlu görməyə can atan insan onu hər yerdə əvəzləyə biləcək texnologiya yaradıb, bu barədə hər gün bəh-bəhlə danışır da. Analitiklər robotların bəşəriyyətin gələcəyinə nə cür təsir edəcəyi ətrafında dayanmadan mübahisə edirlər. Tərəqqinin qarşısını almaq mümkünsüzdür, hər gün yeni texnologiya yaradılır və hər yeni texnologiya dünənin köhnəlmiş avadanlığını əvəzləyir. Hər yeni nəsil robotları daha mükəmməl və funksional fəaliyyət göstərir.

Fantastik filmlərdə gördüyümüz səhnələr reallaşa biləcəkmi?

Robotların insanı tam sıradan çıxarması, Yer üzündə milyardlarla insanı işsiz qoymağı mümkündürmü? Fantastik filmlərdə gördüyümüz səhnələr reallaşa biləcəkmi? Adətən yeni avadanlıq, texnologiya istehsal edən şirkətlər, bu sahədə çalışan insanlar tarixə istinad etməyi sevirlər. Antik dövrdə gəmi qulların vasitəsilə hərəkət edirdi, bir müddət sonra taqətdən düşənlərin yerini digərləri tuturdular. Tədricən yelkənli gəmilər meydana gəldi, onları buxarla işləyən gəmilər əvəzlədi. Hazırda atom enerjisi ilə hərəkət edən gəmilər yaradılıb. Okeanda üzən kiçik bir şəhərcikdir sanki.

Avtomobil, dəmir yolu, aviasiya nəqliyyatı inkişaf etdikcə bir çox peşələr sıradan çıxdı. Orada-burada nadir hallarda faytonlara rast gələ bilərik, o da elə-belə gözəllik üçündür. Robototexnikanın sürətli inkişafı bir tərəfdən bəşəriyyətə nə qədər xeyir versə də, bir o qədər də özü ilə problem gətirməkdədir. Bəzən problemin kökünü hələ də anlamırıq. Vaxtilə hər yeni yaranan texnologiya əsasən insanı ağır fiziki zəhmətdən azad edib. Əgər bir neçə əsr öncə dünya əhalisinin 90 faizi kənd təsərrüfatında çalışırdısa, hazırda bu göstərici 3-5 faizə enib. Yəni əvvəllər bu qədər insanın gördüyü işi hazırda müxtəlif növ texnikanın köməyi ilə reallaşdırırıq. Məhsulu da bazara çatdırmaq problem deyil, hər cür sürətli nəqliyyat növü icad olunub.

Robotlar insanı hansı sahələrdən uzaqlaşdırır? 

Ağır, fiziki əməkdən azad olan insan gücünü elmin, ədəbiyyatın, incəsənətin inkişafına yönəldib. Minlərlə böyük şəhər və meqapolisdə dünya əhalisinin böyük hissəsinin toplanmasına şərait yaradılıb. Amma robotlar bəşəriyyət üçün daha təhlükəlidir, çünki artıq insan həm fiziki əməkdən azad olub, həm də düşünmək funksiyasını süni intellektin idarə etdiyi sistemlərə ötürməklə məşğuldur. Robotlar insanı hansı sahələrdən uzaqlaşdırır? 

Sənaye miqyasında robotlar olduqca geniş istifadə edilir, zavod və fabriklərin bir çoxunda avtomatlaşdırılmış xətlər fəaliyyət göstərir. Hərdən reklamda da tez-tez “insan əli dəymədən istehsal edilib” ifadəsini eşidirik. Qida və alkoqol sənayesində, avtomobil, mobil telefon, smartfon, kompüter istehsalında çoxdan robotlar insanı əvəzləyib. Hətta son dövrlərdə sənaye müəssisələrini ABŞ-a qaytarmaq ideyasını dəstəkləyən Tramp administrasiyası ölkədə tam robotlaşdırılmış zavodların quraşdırılması üçün münbit şərait yaradıb, Çinin “Huawei” şirkətini ABŞ bazarından uzaqlaşdırmaqla İsveçin “Ericsson” şirkətinə ölkə daxilində tam robotlaşdırılmış müəssissə tikməyə imkan verib. Texas ştatında 2020-ci ildə fəaliyyətə başlayan bu “ağıllı fabrik” artıq 5G stansiyaları buraxır. 

Müasir robotlar nəyisə öyrənməkdə insanı qabaqlayır

Geyim istehsalı adətən dünyanın bir çox yerində milyonlarla insanı işlə təmin edirdi. Hazırda robotlar bu sahəni də tədricən ələ alırlar. Almaniyanın “Adidas” şirkəti dünyaca məşhur idman geyimi və ayaqqabılarını artıq Avropada robotların köməyi ilə istehsal etməyə başlayıb. ABŞ-da tam avtomatlaşıdırılmış geyim fabrikləri də fəaliyyət göstərir.

Robotlar insanı supermarket kassasında, avtomobil sükanı arxasında, təyyarənin idarə edilməsində, hərbi döyüş zonalarında əvəzləməkdədir. Özü də insanın yol verə biləcəyi səhvlərin heç birini etməz, etsə də, cəmi bir dəfə. Müasir robotlar nəyisə öyrənməkdə insanı qabaqlayır, gün-gündən mükəmməlləşirlər. Amma problem daha dərindir, çünki robotlar insanın məhz düşünmək imkanını əlindən alırlar. Bu, bəşəriyyət üçün sözün əsl mənasında təhlükədir. Belə olan halda insanın deqradasiyası, onun həm fiziki imkanlarının, həm də intellektual potensialının aşağı enməsi qaçılmazdır. Biliyi bir nəsildən digərinə ötürmək də zamanla əhəmiyyətsiz olacaq, süni intellektin qurduğu dünyada, onun yaratdığı sistemdə yaşamalı olacağıq. Heç bir fəaliyyət üçün səbəb olmayacaq.

Bəşəriyyətə nə qədər yazıçı, rəssam, heykəltəraş, bəstəkar lazımdır?

Həkimlər, hüquqşünaslar, jurnalistlər, tərcüməçilər, ümumiyyətlə, ofis işçilərinin əksəriyyəti işsiz qalacaq. Cərrahlıq edən robotlar, hüququ mükəmməl mənimsəyən, hər gün mətbuat üçün yüzlərlə xəbər yazan proqramlar yaradılıb. İnsana müəyyən dərəcədə özünü yaradıcılıqda ifadə etmək mümkün olacaq. Amma bəşəriyyətə nə qədər yazıçı, rəssam, heykəltəraş, bəstəkar lazımdır? Bəs qalan insanlar nə işlə məşğul olacaqlar?

Elə bu gün dünyada işsizlikdən əziyyət çəkən, gündəlik çörək tapa bilməyin milyonlarla insan var. Hər yeni robotlaşdırılmış sistem onların sayını birə-on artırır. Geyim hazırlamağın, smartfon və ya kompüter istehsal etməyin də mənası qalmayacaq. Bunu ala bilən insan yoxdursa, düzəltməyə dəyərmi? Bəşəriyyət artıq bu gün texnologiyanın yarada biləcəyi fəsadları aradan qaldırmaq yollarını araşdırmalıdır. Təşəbbüsü robotlara verməklə qazandığımızı tam itirə də bilərik.

19
Yemək yeyən insanlar, arxiv şəkli

Dağ kəndində karantin rejimini pozan kafe aşkarlanıb

12
(Yenilənib 10:45 13.08.2020)
Polis əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman rayonun Şəfəq kəndi ərazisində gizli şəkildə fəaliyyət göstərən kafe aşkarlayıb.

BAKI, 13 avqust — Sputnik. DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Sputnik Azərbayacan-a verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Goranboy rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tədbirləri davam etdirir.

Polis əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman rayonun Şəfəq kəndi ərazisində gizli şəkildə fəaliyyət göstərən kafe aşkarlayıb. Obyekt sahibi və müştərilər saxlanılaraq RPŞ-yə gətirilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.

12
Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli

Prezident İlham Əliyev Vladimir Putinə telefonla zəng edib

0
(Yenilənib 12:10 13.08.2020)
Prezident İlham Əliyev Ermənistanın bu hərbi hücumunun əsas məqsədinin üçüncü tərəfləri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək olduğunu qeyd edib.

BAKI, 13 avqust — Sputnik. Avqustun 12-də Azərbaycan Respublikasının Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Prezident İlham Əliyev Prezident Vladimir Putinə iyulun 12-16-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat barədə məlumat verib. Dövlət başçısı Ermənistanın növbəti təcavüz aktı nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının və bir nəfər mülki şəxsimizn həlak olduğunu vurğulayıb. Prezident İlham Əliyev Ermənistan silahlı qüvvələrinin sərhəd boyunca kəndləri və yaşayış məntəqələrini artilleriya atəşinə tutması nəticəsində bir çox evlərin dağıldığını və yararsız hala düşdüyünü bildirib.

Prezident İlham Əliyev Ermənistanın bu hərbi hücumunun əsas məqsədinin üçüncü tərəfləri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək olduğunu qeyd edib.

Dövlət başçısı Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatandan sonra, iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya Prezidentinin diqqətinə çatdırıb.

Prezident İlham Əliyev Ermənistan-Azərbaycan sərhədində baş verən hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edərək bu günə qədər Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu bildirib və telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğulayıb.

Telefon söhbəti zamanı ölkələr arasında ikitərəfli əməkdaşlığın gündəliyinə aid məsələlər müzakirə edilmiş və Azərbaycan-Rusiya tərəfdaşlığının bütün sahələrdə daha da möhkəmləndirilməsinə dair qarşılıqlı niyyət ifadə olunub.

Prezident İlham Əliyev Vladimir Putini Rusiyada COVİD-19-a qarşı peyvəndin qeydiyyata alınması ilə bağlı təbrik edib.

0