Yüz illərin yadigarları olan çinar

"Qırmızı kitab"a düşən çinar kabusa çevrilib - FOTO

1045
(Yenilənib 15:56 20.08.2019)
Bərdənin Heydər Əliyev prospektində yaşayan beş evin adamları hər an qorxu içərisindədirlər. Çinar hər dəqiqə aşa bilər

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 20 avqust — Sputnik. Şəkidə baş verən məlum hadisədən sonra uca ağacların təhlükəsi barədə insanlar daha çox düşünməyə başlayıblar. Hər dəfə külək güclənəndə onunla bərabər stres də artır. Bu günlərdə havaların qeyri-sabit keçməsi, xüsusən də güclü küləklər iri gövdəli ağacların təhlükəsini bir az da aktuallaşdırdı.

Yüz illərin yadigarları olan çinarları Bərdənin bir çox yerlərində görmək olar. Bərdə Rayon Məhkəməsinin qarşısındakı çinarın təxminən 400 il yaşı var. Ona yaxın ərazidə daha bir neçə belə çinar bitib. Bu günlərdə onlardan biri içəridən çürüdüyündən öz-özünə alışıb. Texnikanın köməyi ilə çinar ağacı kəsilərək ərazidən götürülüb.

Bərdə Rayon Məhkəməsinin qarşısındakı çinar ağacı
© Sputnik / Musa Muradli
Bərdə Rayon Məhkəməsinin qarşısındakı çinar ağacı

Oxşar təhlükəni məhkəmə binasının yaxınlığındakı 4-5 evin sakinləri öz həyətlərindəki çinardan gözləyirlər. Şuşa şəhərindən məcburi köçkün olan Tofiq Əliyev onlara məxsus həyətdəki ağacı təhlükə mənbəyi adlandırıb: "Buraya gələndən xeyli ağac əkmişik. Yaşıllığa heç kim qənim kəsilə bilməz. Ulu öndərimizin bir kəlamı var: ağac kəsiləndə elə bilirəm, qolumu itirirəm. Bu sözdən sonra heç kim yaşıllığa qıymaz. Ancaq həyətimizdəki çinar ağacı 4 ailənin həyatı üçün təhlükə yaradır".

"Bəlkə də, bu evlər ağacdan əvvəl tikilib. Ya əksinə olub. İndi bu haqda mübahisə etməyin yeri deyil. Əsas odur ki, 4 ailənin 20-yə qədər üzvünün həyatı üçün təhlükə var. Əgər ağacı saxlayıb, evi söküb, başqa yerdə tikmək lazımdırsa, ona da razıyıq. Anamın 107 yaşı var. Əvvəllər onu açıq havaya çıxarardıq. İndi qorxudan evdə də sakit ola bilmir. Həyəcan keçirir. Deyir, bala, yaşım çox olsa da, can şirindir. Mənim yaşıma gələndə görəcəksiniz ki, insan yaşamaq istəyir. Yaşamaq gözəldir", - deyə T.Əliyev Sputnik Azərbaycan-ın müxbiri ilə söhbətində bildirib.

107 yaşlı Gülgəz Əliyeva
© Sputnik / Musa Muradli
107 yaşlı Gülgəz Əliyeva

Tofiqin anası, 107 yaşlı Gülgəz Əliyeva oğlunun sözünə qüvvət verir: "Çox qorxuram. Gecə sabaha qədər narahat oluram. Nəvələrimin taleyi xüsusilə məni narahat edir".

T.Əliyevin dediyinə görə, təhlükə yaradan şərq çinarı "Qırmızı kitab"a düşüb. Ağac dibindən pambıq kimi lopalanır: "Əlini atırsan, pambıq kimi ovxalanır. Ona görə də istəyirik ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən gəlib, baxıb rəy versinlər. Beş ildir ki, günü-gündən ağac içindən çürüyür. İndi demək olar ki, dairəvi olaraq yerdən əlaqəsi üzülür".

O, ağacın götürülməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etdiklərini bildirib. Nazirlikdən isə ağacın budanması tövsiyə olunub, kəsilməsinə icazə verilməyib.

Həyətin digər sakini Bəxtiyar Kərimov ağacın hər an yıxıla biləcəyini deyir. O, sözlərini təsdiq etmək üçün açıq oyuğu göstərir. Boyu 1,75 m olan adamın boyuna bərabərdir oyuq. Ağacın həm "qapı"sının, həm də "pəncərə"sinin olduğunu deyən B.Kərimov ailəsi üçün əndişəlidir: "Allah göstərməsin, ağac hər an evimizin üzərinə düşə bilər. Ailəmizin müqəddəratı təhlükə altındadır. Uşaq, körpə, hamımız laqeydliyin qurbanı ola bilərik. Ağacı heç kim kəsmək istəməz. Amma o, artıq həyatımız üçün təhlükəyə çevrilib. Dibindən ovulub, məhv olub gedir. Buna görə tədbir görülməlidir. Uzunömürlü olmağı, "Qırmızı kitab"a düşməyi ağacı bizim həyatımızdan qiymətli edə bilməz. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçiləri ağacı götürmək istəmirlərsə, onda bizi köçürsünlər. Axır ki, bizim təhlükəsizliyimizi təmin etsinlər".

Bərdə Rayon Məhkəməsinin qarşısındakı çinar ağacının təxminən 400 yaşı var
© Sputnik / Musa Muradli
Bərdə Rayon Məhkəməsinin qarşısındakı çinar ağacının təxminən 400 yaşı var

Mehman Rüstəmov isə bildirib ki, ev onlara babasından qalıb. Əvvəllər onlar burada rahat yaşasalar da, indi səksəkə içərisindədirlər: "Ailədə yeddi nəfərik. Həyat yoldaşım dializ xəstəsidir. Gələn deyir ki, bu ağacın 300 yaşı var, 500 deyən də var. "Qırmızı kitab"a düşüb. Ancaq bilməlidirlər ki, ağacın kökü ovulub, gedib. Ağacdan əsər-əlamət qalmayıb. Külək əsəndə evin içində yata bilmirik. Hamı çıxıb, aralıda durmağa çalışır. Gecələr də məcbur olub, təhlükəli olsa da, evimizdə qalırıq".

9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən əldə etdiyimiz məlumata görə, Ekologiya Nazirliyinin bir qrup mütəxəssisi sakinləri narahat edən təhlükə ilə bağlı şərq çinarına baxış keçirib. Bu ağacın sakinlərin həyatı üçün yaratdığı təhlükə təsdiqini tapıb. Yaxın vaxtlarda çinarın götürülməsi barədə rəy veriləcək.

1045
Teqlər:
təhlükə, Bərdə, Çinar ağacı, "Qırmızı kitab"
Əlaqədar
Ağacları ərazidən düzgün köçürməyən dövlət qurumunu məhkəməyə verirlər
Sumqayıtda küləyin qopardığı ağac budağı 10 yaşlı qıza xəsarət yetirdi
Yollardakı ölüm ağacları niyə budanmır - SƏBƏB
Şəhidin dəfni, arxiv şəkli

Şəhid ailələri müharibə əlilləri ilə bağlı tədbirlər planı hazırlandı

12
(Yenilənib 15:12 28.11.2020)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat verilib ki, həmin tədbirlər çərçivəsində onların məşğulluq imkanlarının da artırılması təmin olunacaq.

BAKI, 28 noyabr — Sputnik. Şəhid ailələri və müharibə əlillərinin məşğulluq imkanlarının artırılması üçün tədbirlər planı hazırlanıb. Bu barədə Sputnik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat verilib. Bildirilir ki, Plan işğaldan azad edilmiş ərazilərin, döyüş zonasına yaxın olmuş bölgələrin sakinlərini, erməni terrorundan zərər çəkmiş şəxsləri də əhatə edir.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi möhtəşəm Qələbəmizlə başa çatan Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailələrini, müharibə əlilləri və digər iştirakçılarını geniş sosial dəstək tədbirləri ilə əhatə edəcək. Həmin tədbirlər çərçivəsində onların məşğulluq imkanlarının da artırılması təmin olunacaq. Bu məqsədlə Tədbirlər Planı hazırlanıb.

Plan işğaldan azad edilmiş ərazilərin, döyüş zonasına yaxın olmuş bölgələrin sakinlərini, erməni terrorundan zərər çəkmiş şəxsləri də əhatə edir.

Tədbirlər Planında nəzərdə tutulur:

Şəhid ailələri, müharibə əlilləri və iştirakçılarının özünüməşğulluq proqramına qısa zamanda növbədənkənar cəlb edilməsi, onların istehsal-xidmət və kənd təsərrüfatı sahələri üzrə mal və materiallarla, avadanlıqlarla təmin edilməklə kiçik bizneslərinin yaradılması;

Döyüş zonasına yaxın olmuş bölgələrdə özünüməşğulluq proqramına cəlb olunan şəxslər üzrə kvotanın artırılması, proqram üzrə mal və materiallarla, avadanlıqlarla təminat işlərinin genişləndirilməsi;

Erməni terroru nəticəsində kiçik müəssisə və ailə təsərrüfatlarına ziyan dəymiş vətəndaşlara özünüməşğulluq proqramı çərçivəsində dəstəyin göstərilməsi;

Sosial iş yerlərində əməkhaqqının birgə maliyyələşdirilməsi proqramına şəhid ailələrinin, müharibə əlillərinin və iştirakçılarının növbədənkənar cəlb edilməsi, döyüş zonasına yaxın olmuş bölgələrdə bu proqram üzrə kvotaların artırılması;

Həssas qruplardan olanlar üçün nəzərdə tutulan kvotadan başqa, əlavə olaraq şəhid ailəsi üzvləri və müharibə əlilləri üçün iş yerləri yaradan işəgötürənlər üçün həmin iş yerləri üzrə əməkhaqqının 100%-dək maliyyələşdirilməsi layihəsinin hazırlanması və icrası və s.

12
Teqlər:
Ali Baş Komandan cənab İlham Əliyev, Azərbaycan prezidenti İlham Əliyev, İlham Əliyev, plan, şəhid ailələri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Oğuz meşələrində kəsilən qiymətli ağac növləri

"Bandotdel" meşədə əməliyyat keçirdi

11
Meşələrdə qiymətli növ ağacların qanunsuz kəsilərək emal sexlərinə satışı Oğuz rayon sakinləri Elşən Hüseynov və əvvəllər məhkum olunmuş Ehtibar Muxtarov tərəfindən həyata keçirilib.

BAKI, 28 noyabr — Sputnik. Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri ilə birgə ölkə ərazisində meşə massivlərində ağacların qanunsuz olaraq kəsilməsi, yaşıllıq sahələrinin məhv edilməsi ilə məşğul olan daha bir dəstənin üzvlərinə qarşı uğurlu əməliyyat həyata keçirilib. DİN Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Meşələrin İnkişafı Departamentinin əməkdaşlarından Oğuz rayonunun Filfilli, Xaçmaz və sair kəndlərinin ərazilərində yerləşən meşə zolaqlarında kütləvi şəkildə qanunsuz ağackəsmə əlamətlərinin müşahidə edilməsi barədə məlumat daxil olub. Hər iki qurumun əməkdaşları tərəfindən qeyd olunan xüsusatların hərtərəfli və obyektiv araşdırılması məqsədilə adıçəkilən kəndlərdə meşə zonaları nəzarətə götürülüb.

  • Oğuz meşələrində kəsilən qiymətli ağac növləri
    © AR Ministry of Internal Affairs
  • Oğuz meşələrində kəsilən qiymətli ağac növləri
    © AR Ministry of Internal Affairs
  • Saxlanılan şəxs Elşən Hüseynov
    © AR Ministry of Internal Affairs
  • Saxlanılan şəxs Etibar Muxtarov
    © AR Ministry of Internal Affairs
1 / 4
© AR Ministry of Internal Affairs
Oğuz meşələrində kəsilən qiymətli ağac növləri

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən əməliyyat tədbiri nəticəsində qısa zamanda müəyyən olunub ki, həmin meşələrdə qiymətli növ ağacların qanunsuz kəsilərək emal sexlərinə satışı Oğuz rayon sakinləri Elşən Hüseynov və əvvəllər məhkum olunmuş Ehtibar Muxtarov tərəfindən həyata keçirilib. Həmin şəxslər əməliyyat nəticəsində saxlanılaraq Baş İdarəyə gətiriliblər.

Elşən Hüseynov və Ehtibar Muxtarov tərəfindən qanunsuz olaraq kəsilmiş ağaclar, onların oduncaqlarının yeri və digər ləvazimatlar maddi sübut kimi Baş İdarənin əməkdaşları tərəfindən aşkar olunaraq götürülüb. Ekspert rəyi ilə məlum olmuşdur ki, bu şəxslər qanunla qorunan meşə sahələrinə külli miqdarda maddi ziyan vurublar. Həmçinin araşdırma zamanı dəstə üzvləri tərəfindən ağacların yaş halda kəsildiyi məlum olub. Onlar ifadələrində etdikləri cinayəti etiraf ediblər.

Qeyd olunan faktlarla bağlı dəstə üzvləri barəsində Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb. Hazırda cinayət işi üzrə bütün halların tam, hərtərəfli araşdırılması, eləcə də dəstənin digər üzvlərinin saxlanılması istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

11
Teqlər:
meşə ərazisi, meşə sahəsi, meşə, Oğuz rayonu, Ekologiya və Təbii Sərvətlər Nazirlyi, ekologiya, Daxili İşlər Nazirliyi
Baş nazir Əli Əsədov

İşğaldan azad olunmuş ərazilərlə bağlı konsepsiya Nazirlər Kabinetində müzakirə edilib

0
Videomüşavirədə Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən İqtisadi Şura işğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı konsepsiyasının əsas parametrlərini müzakirə edib.

 

BAKI, 28 noyabr — Sputnik. Noyabrın 27-də Baş nazir Əli Əsədovun sədrliyi ilə İqtisadi Şuranın videomüşavirə formatında növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən İqtisadi Şura işğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı konsepsiyasının əsas parametrlərini müzakirə edib.

Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafına dair digər məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.

0
Teqlər:
işğaldan azad edilmiş ərazilər, baş nazir, Əli Əsədov, Nazirlər Kabineti