CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Su qədər ömrümüz olsun - bəs pulu nə olsun?

© © Azərsu ASC-nin mətbuat xidmətiTaxtakörpü su anbarı. Arxiv şəkli
Taxtakörpü su anbarı. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Azərsu" zərərlə işləməyin əsas səbəbi kimi su və kanalizasiya xidmətləri üzrə maya dəyərinin yüksək olduğunu göstərir"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 17 avqust — Sputnik. "Azərsu" ASC 2018-ci ili 480 milyon 201 min manat xalis zərər ilə başa vurub. Bu, 2017-ci illə müqayisədə 28 milyon 149 min manat azdır. "Azərsu" ASC 2017-ci ili 508 milyon 350 min manat zərər ilə bağlayıb.

Sputnik Azərbaycan qurumun illik hesabatına istinadla xəbər verir ki, 2017-ci illə müqayisədə 2018-ci ildə "Azərsu"nun satışdan gəlirləri 10 milyon 970 min manat artaraq 176 milyon 715 min manat təşkil edib. Qurumun cəmi xərcləri 684 milyon 904 min manat təşkil edib.

Kəndinin sakinləri 25 ildən artıqdır suvarma və içmək suyuna həsrətdirlər - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanın bu kəndində sizə kimsə içməyə bir stəkan su verməz

2018-ci il dekabrın 31-də "Azərsu" 918 milyon 625 min manat cəmi aktivlərə, 699 milyon 776 min manat cəmi öhdəliklərə malik olub. 2017-ci ildə qurum 694 milyon 439 min manat cəmi aktivlərə, 755 milyon 799 min manat cəmi öhdəliklərə malik olub.

Qurumun 2018-ci ili zərərlə başa vurması ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, uzun illərdir "Azərsu" ASC-nin zərərlə işləməsi davam edir: "Baxmayaraq ki, "Azərsu" ASC dövlət büdcəsindən dəfələrlə dotasiya alıb, hətta bir neçə dəfə "Azərsu" ASC-nin büdcəyə olan borcları silinib. Qurum zərərlə işləməyin əsas səbəbi kimi su və kanalizasiya xidmətləri üzrə maya dəyərinin yüksək olduğunu göstərir. Su dövlət şirkətinə pulsuz verilir, amma bu, vətəndaşlara və özəl müəssisələrə pulla satılırsa, nəyə görə maya dəyəri yüksək başa gəlir? Qurum bununla bağlı detallı açıqlama verməyib".

Onun sözlərinə görə, Azərbaycanda suyun qiymətləri o qədər də ucuz deyil:

"Düzdür, Avropa ölkələrinə nisbətən ucuzdur, amma Avropada insanların orta aylıq əmək haqqı, təqaüdü və digər qazancları da daha yüksəkdir. Gürcüstan, Rusiya, Türkmənistan, Qazaxıstan və digər MDB ölkələri ilə müqayisədə suyun qiyməti aşağı-yuxarı eyni səviyyədədir. Amma buna baxmayaraq "Azərsu" hələ də ziyanla işləyir".

Ekspertin fikrincə, qurumun ziyanla işləməyinin bir neçə səbəbi var: "İdarəetmə ilə bağlı problemlər var, xərclər optimallaşdırılmalıdır. Ziyanla işləməyin qarşısını alan ən yaxşı yollardan biri "Azərsu"nun törəmə müəssisələrinin və yaxud da regional şirkətlərinin özəl şirkətlərə uzun müddətli icarəyə verilməsidir. Və yaxud da qurumun qismən özəlləşdirilməsi ola bilər ki, bu da dövlət büdcəsi üzərindən yükü götürə bilər. Yəni "Azərsu"nun daha rentabelli şirkətə çevrilməsinə səbəb ola bilər. Uzun müddətdir bununla bağlı müzakirələr getsə də, dövlət şirkətlərinin qismən idarəetməyə verilməsi və yaxud qismən özəlləşdirilməsi məsələsi hələ də həllini tapmayıb".

Kim nə deyər bizdə olan qeyrətə - bulağa ad qoyub düşdük zillətə>>

Qeyd edək ki, qurumun illik hesabatında deyilir ki, "Azərsu"nun törəmə müəssisələri ("Qrup") 31 dekabr 2018-ci il tarixində başa çatan il üzrə 480 milyon 201 min manat (2017-ci ildə 508 milyon 350 min manat) məbləğində xalis zərər çəkib. Qrup su təchizatı və kanalizasiya xidmətləri üzrə dövlət inhisarının bir hissəsidir və dövlət Qrupun cari investisiya layihələri ilə yanaşı fəaliyyətinə kömək etmək məqsədi ilə maliyyələşdirməni davam etdirir. Qrup Azərbaycanda aktiv şəkildə yeni su kəmərlərinin və kanalizasiya sistemlərinin tikintisi sahəsində investisiya fəaliyyəti ilə məşğuldur və müntəzəm olaraq dövlətdən maddi yardım alır.

Hesabatda bildirilir ki, tarixən Qrupun əməliyyat zərərləri, əməliyyat fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti və dövriyyə vəsaitlərində çatışmazlıq olub. Buna əsas səbəb Tarif (qiymət) Şurası tərəfindən müəyyən olunan xidmətlər üzrə tariflərin Qrupun su və kanalizasiya xidmətləri üzrə tam maya dəyərindən aşağı olmasıdır. 

Azərsu ASC-nın əməkdaşları yeni boru xətti çəkirlər - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bağlar su problemi yaşayır, rəsmilər isə deyirlər ki…
Maliyyə Nazirliyinin 24 fevral 2019-cu il tarixli 03/02-05-98-102 nömrəli və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 19 fevral 2019-cu il tarixli İN-X/O-2234/2019 nömrəli məktublarına əsasən, 2018-ci il üzrə Qrup üçün 1 m3 su və kanalizasiya xidmətinin maya dəyəri 1.30 AZN, orta satış qiyməti isə 0.74 AZN olub. Hesabat ilində 1 m3 su və kanalizasiya xidmətinin maya dəyəri orta satış qiymətini 0.56 manat və ya 1.75 dəfə səviyyəsində üstələyib.

Hesabatda deyilir ki, rəhbərlik gələcəkdə pul vəsaitlərinin axınını təmin etmək məqsədilə yeni infrastruktur layihələrinin tikintisi, həmçinin, mövcud qurğuların təmiri ilə bağlı Master Plan işləyib hazırlayıb. Bu da Qrupa abunəçilərinin sayını artırmağa, debitor borclarını toplamağa, satış üzrə zərərlərini azaltmağa imkan yaradacaq. Bundan əlavə, 13 may 2016-cı il tarixində Tarif Şurası su və kanalizasiya xidmətləri üzrə müştərilərə tətbiq edilən satış tariflərinin artımını təsdiq edib. Bu yeni tariflər 16 may 2016-cı il tarixindən qüvvəyə minib. Nəticədə, hazırda tikilməkdə olan əsas layihələrin başa çatmasından sonra Qrupun maliyyə vəziyyətinin yaxşılaşmasına gətirib çıxaracaq. Qrup fəaliyyətini davam etdirmək və cari investisiya layihələrini başa çatdırmaq üçün dövlət tərəfindən təqdim olunan maliyyələşmələrdən asılı vəziyyətdə qalmaqdadır.

Şirkətlər gözlənilən addımı atırlar - Mədəmizə xeyirdir, cibimizə ziyan>>

"Azərsu" və onun törəmə müəssisələri ("Qrup") 11 iyun 2004-cü il tarixli Azərbaycan Prezidentinin Fərmanı ilə yaradılıb və Azərbaycanda fəaliyyət göstərməkdədir. Qrup dövlətə məxsusdur və Azərbaycanda su təchizatı, içməli suyun təchizatı və kanalizasiya xidmətlərinin həyata keçirilməsi sahəsində dövlət siyasətini və strategiyasını həyata keçirən təbii inhisarçıdır.

Qrupun əsas funksiyalarına suyun mənbələrdən çıxarılması, Azərbaycan ərazisində istehlakçılar tərəfindən istifadəsinin, paylanmasının və satışının mümkün olması üçün təmizlənməsi və suyun xüsusiyyətlərinin sabitləşdirilməsi daxildir.

Xəbər lenti
0