Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədir

Şoyqunun müavini Bakıda hərbi-siyasi vəziyyəti müzakirə edib

24
(Yenilənib 20:12 14.08.2019)
Ruslan Salikov Azərbaycan dövlətinin rəhbərliyinə minnətdarlığını bildirib

BAKI, 14 avqust — Sputnik. Avqustun 14-də Azərbaycan Respublikası Müdafiə nazirinin müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev ölkəmizdə işgüzar səfərdə olan Rusiya Federasiyası Müdafiə nazirinin birinci müavini Ruslan Salikovun rəhbərlik etdiyi nümayəndə heyətilə görüşüb.

Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədir
© AR Ministry of Defense
Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədir

Sputnik Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, qonaqları salamlayan general-leytenant K.Vəliyev ölkələrimiz arasında əlaqələrin qurulmasında dövlət başçılarının böyük rol oynadıqlarını, əməkdaşlığın dostluq münasibətləri və qarşılıqlı etimad əsasında aparıldığını, bu əlaqələrin daim inkişaf etdiyini, eləcə də hərbi və hərbi-texniki sahədə əməkdaşlığın genişlənməsi baxımından zəruriliyini qeyd edib.

Bölgədəki hərbi-siyasi vəziyyətə və təhlükəsizlik məsələsinə toxunan general-leytenant K.Vəliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regional sabitliyə əsas təhlükə olduğunu, onun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə nail olunmasının vacibliyini vurğulayıb.

Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədir
© AR Ministry of Defense
Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədir

Rusiya Federasiyası Müdafiə nazirinin birinci müavini R.Salikov da ölkələrimiz arasındakı əlaqələrin tarixi köklərə əsaslandığını, hər iki ölkənin strateji tərəfdaş olduğunu qeyd edərək hərbi nümayəndələrin qarşılıqlı görüşlərinin təşkili və keçirilməsinin ikitərəfli münasibətlərin inkişafı baxımından mühüm rol oynadığını bildirib.

Sonda “Beynəlxalq Ordu Oyunları – 2019” yarışlarının əhəmiyyətindən danışan R.Salikov, “Dəniz Kuboku” müsabiqəsinə ev sahibliyi etdiyinə, tədbirin yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Azərbaycan dövlətinin rəhbərliyinə dərin minnətdarlığını bildirib.

24
Bakı məktəblərin birində, arxiv şəkli

Bu il Bakı məktəblərini bitirəcək şagirdlərin sayı açıqlandı

4
(Yenilənib 15:25 03.06.2020)
Bu göstərici nəzərdə tutulan şagird qəbulu proqnozunun təxminən 90 faizinə yaxındır. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

BAKI, 3 iyun — Sputnik. "2019-2020-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin IX siniflərini 30888, XI siniflərini isə 19736 nəfərin bitirməsi nəzərdə tutulur".

Sputnik Azərbaycan-a İdarədən verilən məlumatına görə, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. İyunun 2-si saat 19:00-a olan məlumata əsasən, paytaxt məktəblərinin birinci sinfinə 43408 uşaq üçün elektron sistem (www.mektebeqebul.edu.az ) vasitəsilə müraciət edilib. Bu göstərici nəzərdə tutulan şagird qəbulu proqnozunun təxminən 90 faizinə yaxındır.

4

Kiçik məhəllə üçün kitabxana: Gənc fəal öz yaşadığı qəsəbədə kitab rəfi quraşdırıb

15
(Yenilənib 15:07 03.06.2020)
Gənc fəal Ağa Mehdiyev ilk dəfə deyil ki, təşəbbüsləri ilə media qəhrəmanına çevrilir. Bu dəfə onun bizi nə ilə təəccübləndirdiyini videomuzda izləyin.

Ağa Mehdiyev yaşadığı Biləcəri qəsəbəsində özünün hazırladığı kitab rəfi quraşdırıb. Düzdür, ideya yeni deyil, amma daha öncələr bu cür rəflər yalnız şəhər mərkəzlərində və parklarda quraşdırılıb. Ağanın məqsədi isə bu cür “mobil kitabxanaların” daha çox kiçik icmalarda peyda olmasıdır.

“Bu layihədə əsas hədəf bundan ibarətdir ki, tədricən qonşuluqda olan məhəllələrdə də insanlar öz kitabxanalarını formalaşdırsınlar – öz icmaları, öz qonşuluqlarında olan insanlar üçün”, - deyə aktivist bizimlə bölüşüb.

Ağanın amalı uşaqlara seçim verməkdir. Uşaqlar çoxdan yerlərdə siqaret kötüyü, boş içki şüşələri görməyə vərdiş edib. Ağa isə onların kitab görə-görə, mütaliə edə-edə böyümələrini istəyir. İlk addımı da atmaqdan qorxmayıb.

Maraqlısı odur ki, bu təşəbbüs də məhz balacaların diqqətini cəlb edib. Çəkiliş zamanı kitabxana ilə maraqlanan uşaqlar bir-bir yaxınlaşıb. İlk öncə onların diqqətini rəfin maraqlı dizaynı cəlb etsə də, “məzmunu” da onları məyus etməyib.

Prinsip isə olduqca sadədir. Hər kəs istədiyi kitabı adi kitabxanalarda olduğu kimi 10 günlük götürə bilər – daha sonra qaytarmaq şərtilə. Hal-hazırda kitabların çoxu Ağanın özünə aiddir, amma onu dəstəkləyən nəşriyyatlar da az olmayıb. Gənc fəal yalnız doğma azərbaycan dilində deyil, ingilis, rus dilində kitablar da təklif etməyə çalışır.

Gör-götür dünyasıdır. Bizi yalnız gördüyümüz, eşitdiyimiz şeylər maraqlandıra bilər. Təsəvvür edin ki, hər gün evinizdən çıxarkən bu cür kitab rəfinin yanından keçirsiniz. Bir neçə gün işlərinizin dalınca qaçsanız da, bir gün mütləq ayaq saxlayıb onun içində nə olduğu ilə maraqlanacaqsınız. Çətini ilk addımı atmaqdır. Bu isə artıq Ağa tərəfindən atılıb.

15
Distant təhsil, arxiv şəkli

Onlayn təhsilin əsas düşmənləri üzə çıxdı - İki struktur

35
Günay Mahmudova: “Əgər internetlə bağlı problemlər olmasaydı, Qaxın bütün müəllimləri virtual təhsil prosesinə yüksək səviyyədə qoşulardı” 

Şahpəri Abbasova, Sputnik Azərbaycan 

BAKI, 3 iyun – Sputnik. Ötən gün Baş Nazir Əli Əsədov 2019-2020-ci tədris ilinin sonunadək Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması və bununla bağlı bütün tədbirlərin təxirə salınması ilə bağlı sərəncam verib.

Bu, Azərbaycan hökumətinin koronavirus (COVİD – 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin tərkib hissəsidir. Nazirlər Kabinetinin yanında operativ qərargah yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə mart ayının 3-dən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul edib.

Bəs görəsən, bu müddət ərzində rayonlarda və ucqar kəndlərdə yaşayan müəllimlər şagirdlərinin təhsildən geri qalmaması üçün hansı addımları atıblar? Bu suala cavab tapmaq üçün Qax rayon Təhsil Şöbəsi ilə əlaqə saxladıq. İctimaiyyətlə əlaqələr üzrə məsul şəxs Günay Mahmudova bildirdi ki, ucqar kəndlərdə yaşayan gənc müəllimlərlə yanaşı, yaşlı müəllimlər də karantin dövrünü səmərəli keçiriblər:

“Bizim rayonda 53 ümumtəhsil, 2 məktəbdənkənar və 36 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrin rayon mərkəzindən ən uzaq məsafədə və ucqarda yerləşəni Ağyazı kəndindədir. Bu kənd də rayon mərkəzindən 35 km uzaqlıqdadır. Burada məktəbin rəhbəri özü VI sinfə fizika dərsi keçir. Bu, məktəb rəhbərindən müəllimlərə örnək olacaq bir addımdır. Həmçinin, Güllük kənd ümumi orta məktəbinin direktoru Gülər İsmayılova Riyaziyyat müəllimidir, könüllü şəkildə şagirdlərlə onlayn dərs keçir. Qaşqaçay kəndində 50-dən yuxarı yaşı olan müəllimlər onlayn dərs keçirlər. Belə nümunələr çoxdur. Ucqar kənd məktəblərimizdə belə dərslərin dayanmaması, gənc müəllimlərlə yanaşı yaşlı nəsildən olan həmkarlarımızın da şagirdlərə onlayn dərs keçməsi, sevindirici haldır”.

Günay Mahmudova bildirib ki, ucqar kəndlərdə internetin olmaması bir sıra problemlər yaradır: “Bəziləri TİMS (Təhsilin İdarəolunmasının Məlumat Sistemi)

proqramı vasitəsilə, bəziləri də videoları çəkib valideynlərin vatsapına göndərməklə uşaqlara dərsi izah edirlər. Biz əlimizdən gəldiyi qədər çalışırıq ki, onlayn dərslər daha çox şagirdi əhatə etsin və hələlik 60 faizindən çoxunu əhatə etməyi bacarırıq. Əlbəttə, burada şərait problemi var. Ucqar kəndlərdə internetin yoxluğu, bəzi valideynlərin meqabaytla belə internetə çıxışının olmaması bəzi problemlərə yol açır. Bütün bunlara rəğmən, biz əlimizdən gələni etməyi çalışırıq”.

Mahmudovanın sözlərinə görə, Təhsil Nazirliyinin çox gözəl layihəsi var və buna bütün məktəblər qoşulur. Onlar gündəlik dərs cədvəlini paylaşırlar. Dərs vaxtı “Mədəniyyət” və “ARB” kanalında yayımlanır. Bu, uşaqlar üçün daha çox əlçatandır. Üstəlik, tv dərslər şagirdlərin də, valideynlərin də marağına səbəb olur.  Təhsil Nazirliyinin virtual məktəb layihəsində isə 50 mindən artıq şagird qeydiyyatdan keçib.

“Onların arasında bizim rayonun şagirdləri də var. Bu layihədə uşaqlar çalışmalar işləyirlər, virtual siniflər fəaliyyət göstərir, burada bizim də 10-dan çox müəllimimiz dərs deyir. Həmin layihədə könüllü olaraq dərs demək üçün bizə müraciət edən müəllimlərin sayı çoxdur. Onlar respublikanın müxtəlif rayonlarından olan şagirdlərə dərs deyəcəklər”, - deyə təhsil şöbəsinin əməkdaşı bildirib.

Mahmudova qeyd edib ki, rayonda fəaliyyət göstərən məktəbdənkənar müəssisələr də fəaliyyətini virtual olaraq davam etdirir: “Uşaq-Gənclər İnkişaf Mərkəzində teatr, səhnə, musiqi, rəqs, tikiş və s. dərnəklər var. Dərnək rəhbərləri hətta virtual olaraq rəqsin elementlərini öyrədirlər. Toxuculuq, əl işlərinin hazırlanması ilə bağlı videolarımız var ki, hətta dərnək üzvü olmayanlar belə o videolara baxıb öyrənə bilərlər”.

Təhsil şöbəsinin əməkdaşı virtual təhsil prosesinə qoşulmaq imkanı olmayan müəllimləri qınamadıqlarını da vurğulayıb. Çünki ölkənin hər yerində internetə çıxışın olmaması onların günahı deyil: “Əgər internetlə bağlı problemlər olmasaydı, bütün müəllimlərimiz virtual təhsil prosesinə yüksək səviyyədə qoşulardı”. 

Qax rayonunun Qaratala kənd tam orta məktəbinin müəllimi Nəhayət Hüseynova da Sputnik Azərbaycan-a virtual təhsil prosesinin çətinlikləri və üstün cəhətlərini izah edib. 40 ildir həmin məktəbdə riyaziyyat fənnindən dərs deyən Nəhayət müəllimənin sözlərinə görə, riyaziyyat elə bir fəndir ki, gərək onunla mütəmadi məşğul olasan, əks təqdirdə, şagirdlər bildiklərini də unudacaqlar.

Nəhayət Hüseynova
© Sputnik / Shahperi Abbasova
Qax rayonunun Qaratala kənd tam orta məktəbinin müəllimi Nəhayət Hüseynova

“Sözsüz ki, online dərslər ənənəvi dərsləri əvəz edə bilməz. Lakin bütün dünya bu gün koronavirusa qalib gəlməyə çalışır və canlı təmasları virtual təmaslarla əvəz edir. Biz də çalışırıq ki, karantin dövrünü səmərəli keçirək. Əvvəllər telefondan ancaq zəng üçün istifadə edirdim. Bu gün isə mobil  telefon həyatımın ayrılmaz hissəsinə çevrilib. Bütün günü şagirdlərlə vatsap vasitəsi ilə əlaqə saxlayıram, qruplar təşkil edib onlara dərs keçirəm”, - deyən kənd müəllimi əvvəllər online dərs metodunun qeyri-mümkün olduğunu düşünüb. Lakin sonra bu çətinliyi dəf edə bilib:

“Əvvəl düşünürdüm ki, virtual yolla dərs keçmək mümkün deyil. Riyaziyyat fənni tarix, ədəbiyyat deyil ki, monitorun qarşısında oturub uşaqlara dərsi danışasan. Ona görə də onlayn dərs mənə mücərrəd görünürdü. Fikirləşirdim ki, qrup yaratmaq, şagirdləri toplamaq da çətin olacaq. Amma gənc həmkarlarım sağ olsunlar, mənə kömək etdilər. Bir vaxt mənə mümkünsüz görünən məsələni mümkünə çevirdim. Demək ki, cəhd edəndə alınır. Bu gün şagirdlərlə daim əlaqə saxlayıram, çalışıram ki, onlar dərsdən geri qalmasınlar”.

Məktəbəqədər hazırlıq qrupunun rəhbəri Sənubər Abbasova da əməkdaşımızla söhbətində bildirib ki, şagirdlərlə onlayn məşğul olmaq olduqca çətindir:

“Karantin dövrü başlayanda çox narahat oldum. Düşünürdüm ki, mən onlarla necə məşğul olacağam? Axı onlar hələ azyaşlıdırlar. Bir müddət əziyyət çəkdim, amma sonradan öyrəşdim. Çalışıram ki, geri qalmasınlar. Valideynlərlə hər gün əlaqə saxlayıram, onlayn dərslər keçməyə çalışıram. Bəzən alınmır, internet, elektirik kəsilir, biz dərsi dayandırmalı oluruq. Bu zaman köməyimizə ancaq telefonla əlaqə çatır. Telefonla əlaqə saxlayıb onlara dərsi başa salıram”.

Söhbətləşdiyimiz təhsil işçiləri bildirdilər ki, əgər Qax rayonunda, kəndlərdə internet və elektrikin tez-tez kəsilməsi problemi olmasa, şagirdlərə virtual dərslərin keçilməsində ciddi problem yaşamazlar. Virtual təhsilin çatışmazlıqları ilə yanaşı üstün tərəfləri də var. Çünki şagirdlər virtual yolla əldə etdikləri materialları, müəllimlərin dərslərini təkrar-təkrar izləmək imkanına malik olurlar. Eyni zamanda bu, məktəbə gedib-gələrkən itirilən vaxta da qənaət etmək imkanı yaradır.

35