Hirkan Milli Parkı

"Hüzr dəftəri"ndən dünya sənədinə ya Hirkanda cücərən böyük ümidlər - FOTO

281
(Yenilənib 21:55 13.08.2019)
Biz turist gətirəndə onları kəndlərə yönəldirik ki, həsirdən, papaqdan, oradakı əl işlərindən və yaxud yığılmış meşə məhsullarından: armud, alma, yeralması və s. alsınlar ki, kəndlərin camaatı Hirkan Milli Parkına aqressiv mövqedə olmasın

BAKI, 13 avqust — Sputnik. Hirkan Milli Parkı adı gündəmdə tez-tez hallanan məkanlardandır. Ya kiminsə şikayəti xəbərini alırıq, ya da UNESCO-nun Mədəni İrs Siyahısına düşə bilmək imkanlarını müzakirə edirik.

Sputnik Azərbaycan-ın əməkdaşı Hirkan Milli Parkında olub, parkın direktoru ilə danışıb, cəmiyyətdə narahatlıq doğuran bəzi məsələlərə aydınlıq gətirib.

Hirkan Milli Parkı
© Sputnik / Irade JELIL
Hirkan Milli Parkı

Hirkan Milli Parkının direktoru Azər Mirzəyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, parkın nəzarət-buraxılış məntəqələri var. Bu məntəqələrin tikilməsində əsas məqsəd gələn turistlərə təlimat vermək, bilet satışını təşkil etmək və eyni zamanda meşələrdən qeyri-qanuni yolla əldə olunan  meşə məhsullarının çıxarılmasının qarşısını ala bilməkdir.

Hirkan Milli Parkının direktoru Azər Mirzəyev
© Sputnik / Irade JELIL
Hirkan Milli Parkının direktoru Azər Mirzəyev

Həmçinin, Hirkan Milli Parkının Lənkəran rayonu “Xanbulan” giriş qapısında, Osakücə meşəbəyliyi ərazisində və Astara rayonu üzrə “Alaşa” kəndində yerləşən nəzarət-buraxılış məntəqələri yenidən tam təmir olunub və 24 saatlıq iş fəaliyyəti bərpa edilib: "Hirkan Milli Parkının inzibati ərazisi, məsələn, Lənkəran ərazisindəki yer meşə ilə əhatə olunub və 30 hektardır. Əgər biz bu 30 hektarı ikimərtəbəli çəpərə ala bilsək, burada turistlərə meşənin dərinliyində gəzintilər təşkil etsək, işlərini qurtarandan sonra dincəlmələri üçün kotteclər tikə bilsək, kotteclərin ətrafına marallar və başqa heyvanat növlərini buraxa bilsək, şübhəsiz ki, bu, bizim işimizin gələcəkdə yaxşı mənada irəli getməsinə səbəb olacaq. Bundan əlavə, gördüyünüz kimi, bizim “Sağlam həyat” devizi altında bir marşrutumuz var, o marşrut 1500 km-dir. Həmin bu marşrutun istifadə etdiyi yolu biz tam asfaltlaya bilsək, velosipedlərin sürülməsini, turistlərin faytonla, at arabası ilə gəzintilərini təşkil edə bilsək, bunlar da işimizə daha əhəmiyyətli töhfələr verə bilər. Şübhəsiz ki, görüləcək işlərimiz çoxdur, amma bir sıra işləri də görmüşük”.

Hirkan Milli Parkı
© Sputnik / Irade JELIL
Hirkan Milli Parkı

A.Mirzəyevin sözlərinə görə, Hirkan Milli Parkının inzibati ərazisi 64 kəndin ərazisində yerləşir. İnsanlarla səmimi münasibət qurmaq üçün onlarla yaxın olmaq, şad və kədərli günlərində yanlarında olmaq lazımdır: Hirkan Milli Parkının rəhbərliyi olaraq mən bunu dəfələrlə müsahibələrimdə demişəm ki, 64 kəndin toylarına gedə bilməsəm də, hüzr mərasimlərinin hamısına getmişəm. Əlbəttə ki, orada Azər Mirzəyev yazılmır hüzr dəftərində, Hirkan Milli Parkının rəhbərliyi yazılır. Yəni bizim işimizin ana xəttini təbliğat təşkil edir. Bu təbliğatımızla, yəni hüzrlərə getməklə Hirkan Milli Parkının nüfuzunu artırmışıq, Hirkan Milli Parkının imicini yüksəltmişik və hər bir ailəyə, ailələrin hər bir üzvünə Hirkan Milli Parkının sevgisini aparmışıq. Şübhəsiz ki, oraya getdikdə kollektivlə gedirəm, Hirkan Milli Parkının rəhbərliyi kimi gedirəm. Bu təbliğatların nəticəsində bu gün Hirkan Milli Parkı, mən deyərdim ki, nəinki Azərbaycanda, bəlkə də Avropada nümunəvi bir parkdır”.

Hirkan Milli Parkı
© Sputnik / Irade JELIL
Hirkan Milli Parkı

Parkın direktoru bildirib ki, burada çoxlu flora və fauna növləri var. Son iki ildə bəbirlərin sayı ikidən altıya kimi artıb.

“Parkda güclü nizam-intizam və mühafizə rejimi yaradılıb. Ərazidə, demək olar ki, ağackəsmə və brakonyerlik halları baş verməyib. Əvvəllər ərazidə 3 fototələ yerləşdirildiyi halda, hal-hazırda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İDEA və WWF təşkilatlarının dəstəyi ilə Parka 20 ədəd fototələ gətirilib və müvafiq yerlərdə quraşdırılıb. Nizam-intizam və mühafizənin tam gücləndirilməsinin nəticəsi olaraq Parkın fauna aləmində müsbət dəyişikliklər özünü büruzə verib. Nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan bəbirin (balaları ilə birgə) ərazidə yerləşdirdiyimiz fototələlərə düşən görüntüləri gördüyümüz işin və mühafizənin yüksək səviyyədə qurulmasının bariz nümunəsidir. Bu gün Gürcüstanda, İranda, Türkiyədə olan milli parklar 300-400 fototələ ilə öz flora və fauna növünü nümayiş etdirə bilirsə, amma Hirkan Milli Parkında bu gün 20 fototələ ilə biz də onlarla rəqabətə girmişik. Yəni bizim komanda bu gün 20 fototələ ilə bəbirlərin döl artımını göstərə bilir. Məsələn, “Zəngəzur”u misal göstərə bilərəm ki, Naxçıvanda olan Milli Parkımızda, məndə olan məlumata görə, 200-ə yaxın fototələ vardır. Şübhəsiz, gələcəkdə bizdəki fototələlərin sayı artsa, biz qaban növlərini, cüyür növlərini, Suriya marallarının bir çox növlərini göstərə bilərik”.

Hirkan Milli Parkı
© Sputnik / Irade JELIL
Hirkan Milli Parkı

A.Mirzəyev qeyd edir ki, narahatedici problemlərdən biri də Hirkan Milli Parkının inzibati ərazisində qazlaşdırılmayan kəndlərin olmasıdır. Bu səbəbdən də istər-istəməz bu kəndlərin sakinləri Hirkan Milli Parkının yıxılmış ağaclarından odun kimi istifadə etməlidir. Milli parkların sərt qayda-qanunları olduğu kimi Hirkan Milli Parkının “Giriş qadağandır!”, “Ovlamaq olmaz!”, “Səs-küy salmaq olmaz!”, “Ağac kəsmək olmaz!” kimi və ümumiyyətlə, bir çox qadağaları vardır. Və bu qadağalar vətəndaşlarla konfliktə gətirib çıxarır.

“Amma buna baxmayaraq, biz vətəndaşlar arasında təbliğat aparırıq, həqiqətən də, bu milli parkın onlar və onların gələcək nəsilləri üçün yaradıldığını bildiririk. Və ən əsası da, biz turist gətirəndə onları kəndlərə yönəldirik, gələn avropalı, əcnəbi turistlər kəndlərdən nələrsə - həsirdən, papaqdan, oradakı əl işlərindən və yaxud yığılmış meşə məhsullarından: armud, alma, yeralması və s. alsınlar ki, kəndlərin camaatı Hirkan Milli Parkına aqressiv mövqedə olmasın. Görüləsi işlərimiz də, çətinliklərimiz də çoxdur. Bu gün Xanbulan gölünun ətrafında balıqtutma məntəqəsi yaratsaq və yaxud kanatlarla bağlı layihələr həyata keçirsək, yəni nəzərə alsaq ki, dənizlə meşə arasında 10 km var, şübhəsiz ki, turist sayında rekord göstərici əldə edə bilərik", - deyə Mirzəyev əlavə edib.

Hirkan Milli Parkı
© Sputnik / Irade JELIL
Hirkan Milli Parkı

Hirkan Milli parkına giriş 2 manatdır. Ancaq turistlərin sayı 3 nəfərdən çox olursa, bu zaman adambaşına 1,5 manat pul alınır.

Uşaqlara, məktəblilərə, imtiyazlı təbəqəyə isə giriş ödənişsizdir. Məqsəd odur ki, turist getsin, turist gətirsin. Yəni bu gün məqsəd Hirkan Milli Parkının büdcəsini çoxaltmaq deyil, parkın təbliğatıdır: “Yerli gənclərimiz, universitet və kolleclərdən gələn tələbələrimiz üçün də parka girişi və xidməti pulsuz həyata keçiririk. Sevindirici haldır ki, Azərbaycan üzrə “Ölkəmizi tanıdaq” layihəsi var, hər il 2000-3000 şagirdimizi Hirkan Milli Parkı haqqında məlumatlandırırıq. Hər bir turistə Hirkan Milli Parkının broşürlarını, bukletlərini veririk, məlumatlar Azərbaycan, rus, ingilis dilində yazılır ki, onlar Hirkan Milli Parkı haqqında doğru-dürüst məlumat alsınlar”.

Parkın digər problemlərindən biri isə bələdçi sayının az olmasıdır. Amma buna baxmayaraq, park rəhbərliyi buna da çarə tapıb. Belə ki, kəndlərdən könüllü bələdçilər yığılıb: “Bizim iki bələdçimiz var, amma çox yaxşı olardı ki, bələdçilərimizin sayı çoxalsın. Kənd ətrafında könüllü bələdçilər yığmışıq. Turistlər gələndə həmin könüllü bələdçilər onlara özəl olaraq xidmət göstərirlər, turistlər də xidmət müqabilində onlara ödəniş edirlər. Özəl işçilərin fəaliyyəti nizamnamə qayda-qanununda qeyd edilib”.

Zaman-zaman KİV-də Hirkan Milli Parkı haqqında müxtəlif xoşagəlməz məlumatlar yayılır. Parkın direktoru deyir ki, bu, Milli Parkın ağrılı tərəfidir.

Hirkan Milli Parkı
© Sputnik / Irade JELIL
Hirkan Milli Parkı

“Bu gün ağrılı yerlərimizdən biri də odur ki, mətbuat araşdırmadan məlumatlar yayır. Məsələn, bir vətəndaşı biz cərimə edirik, o da məsələn, Xəzər TV-yə zəng vurub deyir ki, meşələr qırılır. Biz həmin vətəndaşı tapdıq, Xəzər televiziyasının da əməkdaşlarını çağırdıq və vətəndaşın qabağa düşüb nəyisə göstərməsini təkidlə tələb etdik ki, bundan sonra yayımlansın. Amma vətəndaş meşənin dərinliyinə 200 metr getdikdən sonra fikrindən qaçdı. Yəni belə hallar çox tez-tez baş verir. Biz vətəndaşları cərimə edirik, onlar da bizim haqqımızda şər və böhtan xarakterli məlumat yayırlar.  Bu da Hirkan Milli Parkının iş prinsipinə çox mənfi təsir göstərir. Yersiz yoxlamalara vaxt gedir, işçilərimizin əsəbləri korlanır, görülən işlərə qarşı işçilərimizdə ruh düşkünlüyü yaranır, bu qədər əmək sərf edirik, təbiətə can yandırırıq, hər hansı bir vətəndaşın yalan məlumatı nəticəsində bizi yoxlayırlar, dəfələrlə incidirlər. Hər bir fakt araşdırılmalıdır, sonra sosial şəbəkələrdə yayımlanmalıdır”, - deyə direktor vurğulayıb.

Hirkan Milli Parkında dovşanların yaşadığı yer
© Sputnik / Irade JELIL
Hirkan Milli Parkında dovşanların yaşadığı yer

Parkın direktoru həmçinin əlavə edib ki, Hirkan Milli Parkında turizm marşrutlarının tam standarta uyğun fəaliyyət göstərməsi üçün mikroavtobuslara ehtiyac var: “Məsələn, turistlərimiz gələrkən bizim mikroavtobuslarımız olsun ki, onlara xidmət göstərək. İstərdim ki, bu gün Hirkan Milli Parkında görülən işlər sosial şəbəkələrdə, informasiya agentlikləri tərəfindən təbliğ olunsun. Vətən, xalqımız və dövlətimiz qarşısında xidmətlərimiz bizim müqəddəs borcumuzdur. İşlərimizin təbliğ olunmasına bizim daha çox ehtiyacımız var. Bizim yalnız və yalnız haqq və ədalətli araşdırmalara ehtiyacımız var”.

Qeyd edək ki, Hirkan Milli Parkı Azərbaycan Prezidentinin 81 saylı Sərəncamı ilə 2004-cü il fevralın 9-da 21435 ha sahədə, əvvəlki Hirkan dövlət təbiət qoruğuna Astara və Lənkəran meşə təsərrüfatlarının ərazilərinin birləşdirilməsi hesabına yaradılıb. 2008-ci ilin aprelindən başlayaraq Milli Parkın ərazisi Lənkəran Meşə Bərpası İdarəsinin hesabına daha da genişləndirilib. Hazırda ümümi ərazisi 40.358 hektardır.

Hirkan Milli Parkı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan dövlət müəssisəsidir.

Hirkan Milli Parkında ayı
© Sputnik / Irade JELIL
Hirkan Milli Parkında ayı

Təkcə 7 ay ərzində Parka 3010 nəfər ( 2746 yerli, 264 xarici ) turist gəlib, ekoturizm xidmətindən 2912 manat, ümumilikdə mühafizə nəticəsində Parkın hesabına 10097.40 manat məbləğində vəsait köçürülüb.

Hirkan qoruğu ərazisində üçüncü dövrə xas olan qiymətli ağac və kol cinsləri tədqiqatçılar tərəfindən həmişə öyrənilir və hal-hazırda Milli Parkın ərazisində bu istiqamətdə işlər aparılır. Qeyd edək ki, tədqiq olunmuş 160 növ ağac və kolların 36 növü relikt və endemikdir. Bitkilərdən Lənkəran akasiyası, xəzərlələyi, dəmirağac, şabalıdyarpaq palıd, pirkal, hirkan armudu, hirkan ənciri, hirkan biqəvəri, hirkan şumşadı, budaqlı danaya və s., fauna növlərindən Ön Asiya bəbiri, xallı maral, cüyür, tirəndaz, vaşaq, çöl donuzu və s. göstərmək olar.

Hirkan meşələri endemik və relikt bitki növlərinə, burada məskunlaşan nadir heyvan növlərinə və biomüxtəlifliyin rəngarəngliyinə görə unikal bir ərazidir. Bu unikallığın qorunub-saxlanması, ölkədaxili və xarici turistlərə tanıdılması, turistlərin əraziyə cəlb edilməsi istiqamətində işlər görülüb. Belə ki, 2016-cı ilin II rübündə Milli Parkda ekoturizmin inkişafı məqsədilə mövcud olan ekoturizm marşrutları boyu istiqamətgöstərici löhvələr yerləşdirilib.

”Xanbulan” (I və II), “Moskva” düzən meşə, “Şəlalə”, “İstisu”, “Sım-Şəlalə” və “Siyov-Dilmədi” marşrutlarında yenidən bərpa işləri aparılıb, istiqamətləndirici nişanlar qoyulub, piknik və oturacaq yerləri düzəldilib, rənglənmə və əhənglənmə işləri aparılıb və hazırda davam etdirilir. Hirkan Milli Parkının Lənkəran rayonu Burcəli kəndində yerləşən inzibatı binasının ətrafında “Sağlam həyat tərzi” marşrutu istifadəyə verilib, Lerik rayonu üzrə Zuvand və Rvarud marşrutları  üzrə istiqamətverici plakatlar yerləşdirilib.

Bu gün parkda turistlərin istirahəti və ziyarəti üçün tam şərait olmasa da, parka hər gün turist axını var. Və parkın direktoru deyir ki, qurumun problemləri öz həllini taparsa, turist sayı arta bilər.

281
Teqlər:
marşrut, problemlər, turizm, qoruq, Hirkan Milli Parkı
Mövzu:
Azərbaycanın görməli yerləri, turizm obyektləri (55)
Əlaqədar
Azərbaycanın iki tarixi abidəsi üçün şans - Mədəni İrs siyahısına daxil edilə bilər
Şəki Xan Sarayı dəvət edir
Yoxa çıxan gözəllik - Mərdəkanda nə baş verir?

Qəhrəmanlıq tariximizin "Ağ atlı oğlan"ı - Tiqana

164
(Yenilənib 21:15 23.10.2020)
Cəbrayıl sakini: "Cəbrayıla ayaqyalın gedəcəyəm. Kol-kos bassın, vecimə də deyil. Qurban olum Qarabağın kol-kosuna".

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 23 oktyabr — Sputnik. Hər kəs onu "Tiqana" adı ilə tanıyırdı. 15 yaşında oyuncaq avtomatını odlu silahla əvəzləyən Tiqana, yəni Samir Əliyev Cəbrayıl ərazisinin dağ, meşə yollarını yaxşı tanıdığı üçün kəşfiyyatçılara bələdçilik edirdi. O, eyni zamanda texniki vasitələrin olmadığı bir zamanda döyüşən əsgər və zabitlərin səhra poçtalyonu idi. Ailələrə, yaxınlarından xəbər tuta bilməyənlərə xəbər gətirib-aparırdı. Anası Aminə Əliyeva onun döyüş şücaətlərindən Sputnik Azərbaycan-a danışıb: "Biz Cəbrayılın Qaracallı kəndindənik. 1993-cü il idi. Səhər oğlum, yoldaşım, mən və balaca qızımla səhər yeməyi yeyirdik. Ermənilər atan kimi Samir tələsik çıxdı. Ayaqqabısının birinin ipini bağladı, heç o birisini bağlamadan qaçdı. Ona əsgər paltarı vermişdilər. Dedim, getmə. Dedi "gedəcəm". Ermənilər başımızdan güllələr tökürdülər. Kəndin üstünü sanki qara buludlar örtdü. Bizi maşına doldurub Arpadərəyə apardılar. Oradan da Mahmudlu stansiyasına apardılar. Bir müddət qaldıq orada".

Samirin valideynləri onu gecə saatlarına qədər gözlədilər. Amma ondan heç bir səs-soraq çıxmadı: "Gecə də evə gəlmədi. Neçə yerə zəng elədik, Samirdən xəbər ala bilmədik. Sən demə, saat 22-23 radələrində ermənilər onu vurublar. Samiri qan aparıb. Ermənilər oğlumu götürməyə imkan verməyiblərmiş. Onu güc-bəla ilə güllələrin altından çıxarıb xəstəxanaya aparıblar. Amma xəstəxanada can vermişdi".

Samiri xəstəxanaya gətirəndə həkimə deyib, "qoyma ölüm, mən müharibəyə getmək istəyirəm". Amma xeyri olmamışdı, vəfat etmişdi. Aminə xanım deyir ki, Samir birinci dəfə ayağından yaralananda qonşusu onu döyüşmək fikrindən daşındırmaq istəsə də, buna müvəffəq ola bilmir: "Qonşumuz xəstəxanada işləyirdi. Onun nəşini qonşumuz tanımışdı. Əvvəl də yaralanmışdı, ayağı və qolu yaralanmışdı. Qonşumuz deyib, "Samir, evin bir oğlusan, get evə". O da deyib, "yox, dağda yaralılar var. Özü yaralı ola-ola 60 yaralı, 40 meyit çıxarıb. Bir meyit qalmışdı, onu çıxaranda erməni Samiri vurmuşdu. Şişqayada yaralanandan sonra bizimkilər çətinliklə də olsa, onu çıxara biliblər. Xəstəxanada canını tapşırmışdı".

Tiqananın ağ atı onun ölümünə dözməyib qəbrinin üstündə can verib: "Samir meşədən ağ at tapmışdı, ermənilər atın bir gözünə güllə vurub çıxarmışdılar. Samir ölən gün at onun qəbrinin üstündə fırlandı, elə onun qəbri üstündəcə can verdi. Yoldaşım o atı da orada basdırdı, gəldik".

Qəhrəmanımız danışır ki, oğlu öz öləcəyi günü bilirdi: "Bir gün Samir gəldi ki, "mənim albomumu, paltarımı apar, Mahmudluya qoy". Bir gün də gəldi ki, heyvanları çıxardın. Heyvanları Beyləqana göndərdik. O bilirdi, amma demirdi. Samir öldüyü günü bilirdi. Qonşumuza demişdi ki, Mirələmin ilində mən öləcəm. Mirələm qonşumuz idi, 1992-ci ildə şəhid olmuşdu. Erməni ona 30 güllə vurmuşdu. O qədər güclü idi ki, 29 güllə vurulmuşdu, ölməmişdi, 30-cu güllədə canını tapşırmışdı. Onu erməni vurduqca "Qarabağ bizimdir" deyib. Ermənilər onun meyitini özləri ilə götürmüşdülər, bizimkilərin xeyli mücadiləsindən sonra onun nəşini aldılar. Onun əsl adı Sahib idi, ermənilər onu Sahib deyə çağırırdılar, amma biz ona Mirələm deyirdik. Ermənilər sonradan dedilər ki, bilsəydik, o, Sahibdir, verməzdik".

Oğlunun ölümündən bixəbər ana o anları danışdıqca göz yaşlarına hakim ola bilmədi. Aminə xanım tezliklə oğlunun məzarını görmək, ziyarət etmək arzusundadır: "Mənim heç nədən xəbərim yox idi. Hamı yığılmışdı Mahmudluya. Bir nəfər gəldi, baldızımı çağırdı, nəsə dedi. Baxdım ki, baldızımın rəngi sapsarı saraldı. Getdim yanına, dedim, "nə olub?" Heç nə demədi. Əlimi atdım üzümə, saçımı, başımı yoldum, dedim, "Samir ölüb". Elə bil, ürəyimə dammışdı. Ondan sonra camaat qarışdı bir-birinə. Oğlumu gətirib Mahmudlu stansiyasında dəfn etdik. 3 gündən sonra orada da atışma başladı, qaçdıq Beyləqana".

"Bir neçə gün Beyləqanda qalandan sonra gəldik Mahmudluya, hələ onda işğal olunmamışdı. Amma atışma davam edirdi. Gəldik, gördük, qəbrin bir tərəfi çöküb. Getdik İcra Hakimiyyətinə dedik, onlar da dedilər ki, sabah bir maşın, bir neçə kisə sement verərik, əsgərlərlə birlikdə qəbri düzəldərsiniz. Gəldik Beyləqana ki, səhər gedib qəbri düzəltdirərik. Səhər eşitdik ki, camaat İrana qaçıb. Qəbir elə qaldı orada. Beyləqanda bir müddət yaşadıqdan sonra Bakıya gəldik. Qızım bu hadisələrdən qorxub sarılıq xəstəliyinə tutuldu. Bir müddət yaşıllaşdırma idarəsində ərimlə mən az məvaciblə işləməyə başladıq. Sonra evlərdə qulluqçu işlədim".

© Sputnik / Shahperi Abbasova
Samir Əliyevin anası Aminə Əliyeva

Hər kəsin sevgisini qazanan Tiqana haqqında məqalələr, kitablar yazılıb, sənədli filmlər çəkilib: "15 yaşında könüllü getdi. Əvvəllər su, patron daşıyırdı. Sonradan digər döyüş yoldaşları kimi o da vuruşdu. Bir gün Şəmistan Əlizamanlı kəndə gəlmişdi. Kəndin ayağında bunu görür, istəyir, onunla görüşsün, bu qaçır dağa. Gedib əsgərlərə xəbər verir ki, Şəmistan gəlib. Şəmistan deyib ki, "mən onu dərədə gördüm, bu buraya haradan gəlib çatdı?" Samir o qədər cəld, qoçaq uşaq idi ki, heç nə gözünü qorxutmurdu. "Ağ atlı oğlan" filmi ona həsr olunub. Hər dəfə o filmə baxanda pis oluram, həm də fəxr edirəm".

Ona "Tiqana" ləqəbinin verilməsinin səbəbi barədə də danışdı şəhid anası: "Bəzən gecənin bir aləmi gəlirdi evə, rayondan kəndə. Ona o qədər deyirdik ki, "uşaqsan, getmə", amma bizi dinləmirdi. Onun qoçaqlığına və qara olduğuna görə Elmidar adlı həmkəndlimiz ona "Tiqana" ləqəbi qoymuşu. Fransız futbolçusu Jan Tiqanaya oxşayırdı, həm də çox yaxşı futbolçu idi Samir. Ona görə "Tiqana" deyirdilər. Rəhmətlik Həsən Turabov da çox istəyirdi onu".

Aminə nənə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində strateji cəhətdən əhəmiyyətli olan bir neçə nöqtələri, eləcə də bir neçə kəndimizin işğaldan azad olunması xəbərinə hədsiz sevinib: "Sevincdən az qala dəli olacaqdım. Kəndimiz Qaracallıya ayaqyalın gedəcəyəm. Deyirlər, "ayaqlarına kol batacaq, hər yer kol-kosdur". Deyirəm, "qoy batsın, vecimə də deyil. Qurban olum kəndimin kol-kosuna". Oralar cənnət idi. Torpaqları bərəkətli idi. O qədər gözəl, dadlı meyvələr yetişirdi ki, heç burada o meyvələr yoxdur, dadı o dad deyil. Ağzımızın dadı da gedib. Torpaqlar alınsın, hər şeyi burada qoyub gedəcəm. Heç nədə gözüm yoxdur. Necə ki, Bakıya gələndə 1 stəkan da gətirməmişdim, eləcə də Cəbrayıla qayıdacam. Gedəcəm, əkib-becərəcəm, toyuq-cücə saxlayıb özümü dolandıracam".

"Həyat yoldaşım Qarabağ deyə-deyə dünyadan köçdü. Onu burada dəfn eləmişik. Amma söz vermişəm, onun nəşini də burada saxlamayacam, aparıb kəndimizdə dəfn edəcəyəm. Köhnə xəstəxana təmir olunmuşdu. Orada yaşı mindən artıq olan çinar ağacı var idi, onun üstündə çayxana var idi, ikimərtəbəli idi, altında bulaq var idi. Bir möcüzə idi. Yoldaşım həmin restoranda aşpaz işləyirdi. Ermənilərin o ağacı məhv etdiyini eşidəndə yoldaşım heç dözmürdü", - deyə Aminə nənə əlavə edib.

Həmsöhbətimiz Cəbrayıl rayonunun gözəlliklərindən danışdı: "Xarı-bülbül Şuşada bitir deyirlər. Amma bizim kəndin hər tərəfində xarı-bülbül bitirdi. O qədər ağac var idi ki, evlər görünmürdü. Həyətimiz dolu idi meyvə ağacları ilə. Həyətimizdə narla əncir ağacının ortasında mis, alüminium, tunc qazanlarımı, şüşə çayniklərimi, samovarlarımı basdırmışam. Qismət olsun, torpaqlarımız azad olunsun, minalardan təmizlənsin, gedib qazım çıxarım onları. İnşallah, ermənilər o qabları tapmazlar. Oranı bu dəqiqə getsəm, taparam. Erməni atırdı, bilirdik ki, gec-tez gedəcəyik".

164
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Artıq qaçqın deyilik – Zəngilanlılar yurdlarına dönəcəkləri günü gözləyirlər - VİDEO
Cəbrayıllı alim: "Kəndimizi atəşə tutan Hadrut azad olunanda sevincim yerə-göyə sığmadı"
İyirmi yeddi il son ümidini sandıqda qoruyan köçkün: Daha dövlətə yük olmaq istəmirik
Bir igid ömrü torpağını gözləyənlər: "Ermənilər özləri orada yaşamağa ürək eləmirlər"
Qarabağa yol göründü: "Dişimlə-dırnağımla evimi tikərəm..." - FOTO

Operativ Qərargah vətəndaşlara müraciət etdi

32
2020-ci il 24 oktyabr saat 00:00-dan Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala rayonlarına və Mingəçevir şəhərinə operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, eləcə də yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla giriş-çıxış dayandırılır.

BAKI, 23 oktyabr - Sputnik. Nazirlər Kabineti yanında Operativ Qərargah karantin qaydalarının yenidən sərtləşdirilməsi ilə bağlı vətəndaşlara müraciət edib.

Sputnik Azərbaycan xəbər verir ki, müraciətdə deyilir:

"Hazırda dünya ölkələri üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmada artım müşahidə olunmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, bu günədək dünyada 42 milyondan çox şəxs COVID-19 infeksiyasına yoluxub, 1 milyondan çox insan isə bu xəstəlikdən vəfat edib.

Vətəndaşlarımızı COVID-19 virusu ilə mübarizə sahəsində mövcud karantin tələblərinə riayət etməyə, eləcə də qoruyucu maskalardan və digər zəruri tibbi-profilaktik vasitələrdən istifadə etməyə, ictimai yerlərdə kənar şəxslərlə minimum kontaktda olmağa çağırırıq".

Xatırladaq ki, ölkədə karantin qaydaları yenidən sərtləşdirilib. 2020-ci il 24 oktyabr saat 00:00-dan Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala rayonlarına və Mingəçevir şəhərinə operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, eləcə də yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla giriş-çıxış dayandırılır.

32

Cəbhəyanı bölgələrdə 175 partlamamış sursat, mərmi qalıqları dronlar zərərsizləşdirilib

0
Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 9 714 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

BAKI, 24 oktyabr - Sputnik. 23 oktyabr tarixində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Bərdə, Beyləqan, Füzuli, Goranboy, Naftalan və Tərtər rayonları ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən – 38 (otuz səkkiz) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 2 (iki) müraciət daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, daxil olmuş 40 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Arazbar, Böyük Kəhrizli, Hacılar, Qaradolaq, Yeni Qaradolaq, Yuxarı Qiyaməddinli kəndləri, Ağdam rayonunun Bəybabalar, Çəmənli, Mahrızlı kəndləri, Bərdə rayonunun Xantorpaq, Əlyanlı kəndləri, Beyləqan rayonunda “Mayak” adlanan əraziyə, Füzuli rayonunun Alxanlı, Böyük Bəhmənli kəndləri və Horadiz şəhəri, Goranboy rayonunun Tapqaraqoyunlu, Şəfəq, Səfibəyli, Hacalı kəndləri, Naftalan rayonunun Qaşaltı kəndi, Tərtər rayonunun Borsunlu, Yuxarı Sarıcalı kəndləri, Qızıloba qəsəbəsi, V.Orucov, H.Hacıyev, V.Hüseynov küçələrinə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 33 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılan əməliyyat-axtarış tədbirləri zamanı 175 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator və 35 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 1 ədəd raket, 1 ədəd 9N235 bombacığı və 2 ədəd dron zərərsizləşdirilib, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 9 714 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə