Turist

İki aya etimad qazanırlar, üçüncüdə isə insanları soyurlar

215
(Yenilənib 09:18 13.08.2019)
Dövlət bu sahədə hər-hansı mexanizm işləyib hazırlamalıdır ki, dələduzluqla məşğul olan tur şirkətlərinin fəaliyyətinin qarşısını almaq mümkün olsun

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 13 avqust — Sputnik. Yay istirahət fəsli olduğundan, bu aylarda səyahət etmək üçün turizm şirkətlərinin xidmətlərindən yararlananların da sayı artır. Amma bu günlərdə  Azərbaycan Turizm Assosiasiyası (AZTA) turistləri şirkət seçimində daha diqqətli olmağa səsləyən bəyanatla çıxış edib. Məlumatda bildirilir ki, son zamanlar şirkətlərin keyfiyyətsiz və məsulliyətsiz fəaliyyətləri ilə bağlı assosiasiyaya şikayətlərin sayı durmadan artır. Bütün baş verənləri nəzərə alaraq, Assosiasiya turistlərə şirkət seçərkən daha diqqətli olmağı, yalnız tanınmış və kifayət qədər müştəri bazası olan şirkətlərlə əməkdaşlıq etməyi tövsiyə edib.

Sputnik Azərbaycan mövzunun aktuallığını nəzərə alaraq AZTA-nın rəhbəri Nahid Bağırovla əlaqə saxlayıb. N. Bağırov bildirib ki, son bir həftədir ki, turizm şirkətləri ilə bağlı AZTA-a daxil olan şikayətlərin sayında kəskin artım müşahidə olunur. N. Bağırovun sözlərinə görə, bazarda özlərini turizm şirkəti kimi təqdim edən dələduzlar peyda olub. Onlar turistlərin etimadından istifadə edərək onları aldadırlar: “Belə fırıldaqçılıqla məşğul olan turizm şirkətləri xarici ölkələrə çox ucuz qiymətə tur təşkil etdiklərini söyləyirlər. Maya qiymətindən aşağı təkliflər isə müştəriləri şirnikləndirir. Halbuki, onların otelləri belə olmur. Uçuşa bir həftə qalmış dələduzlar ofislərini və telefon nömrələrini bağlayaraq aradan çıxırlar”.

Həmsöhbətimiz deyir ki, belə dələduz şirkətlər avqust ayında daha da artır: “Onlar iyun və iyul aylarında fəaliyyət göstərərək müştərilərin etimadını qazanırlar. Sərfəli qiymətə xarici ölkələrdə beş ulduzlu otellərdə dincəlmək təklif edirlər. Müştəri bilet aldıqdan sonra isə öyrənir ki, bilet, bütün sənədlər saxtadır. Nə təyyarə bileti var, nə də ki, onların adına xaricdə oteldə yer bron edilib”.

AZTA sədri bildirir ki, bu hallar ölkədəki normal turizm şirkətlərinin də imicinə xələl gətirir: “Artıq bizə 15 nəfər belə dələduz tur şirkətləri ilə bağlı şikayət edib. Lakin bizim əlimizdə təsir mexanizm olmadığından müştərilərə bir köməkliyimiz də dəymir”.

Həmsöhbətimiz deyir ki, bu, Azərbaycanda turizm şirkətlərinin lisenziyasız fəaliyyətinə yaradılan azad sahibkarlıq mühitindən irəli gəlir: “Bir neçə ildir ki, Azərbaycanda turizm fəaliyyəti lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısından çıxarılıb. Azərbaycan prezidenti İlham Əliyevin “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” 21 dekabr 2015-ci il tarixli fərmanı ilə təsdiq edilən lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısında bu fəaliyyət növü əksini tapmayıb. İndiyə qədər turizm şirkətləri bu fəaliyyət üçün 5500 manat dövlət rüsumu ödənilməklə Mədəniyyət Nazirliyindən lisenziya alırdılar. Əvvəllər Mədəniyyət Nazirliyi turizm şirkətlərinə nəzarət edirdilər, yoxlayırdılar. Amma bu qərardan sonra özbaşına fəaliyyət göstərirlər. Biz bu fərmanı alqışlayırıq, ancaq bununla bağlı da müəyyən mexanizmlərin işlənməsini vacib hesab edirik. Bu halda, dələduzluq halları da artır. Dövlət bu sahədə hər-hansı mexanizm işləyib hazırlamalıdır ki, dələduzluqla məşğul olan tur şirkətlərinin fəaliyyətinin qarşısını almaq mümkün olsun. Çünki, elə turizm şirkətləri var ki, göstərdiyi fəaliyyət ilə başqa turizm şirkətinin imicinə xələl gətirirlər. Bu da ümumən bütün bazarın imicini aşağı salır”.

215

Əyripəncə turist: Şəkidə həngamə salan ayı müalicə edilir

144
(Yenilənib 21:39 05.06.2020)
Şəki şəhərinə təsadüfən gəlmiş ayı hal-hazırda müalicə edilir. Şəhərdə səs-küy saldıqdan sonra əyripəncənin indi özünü necə hiss etdiyini videomuzda izləyin.

Hal-hazırda ayı Altıağac milli parkının nəzdinkdəki Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzində saxlanılır. Baytar müayinəsindən sonra bəlli olub ki, ayının müəyyən travmaları var. Çox güman ki, onlar digər ayılarla “savaş” zamanı yaranıb. Hal-hazırda əyripəncənin həyatı üçün təhlükə yoxdur və müalicə kursundan sonra onu yenidən vəhşi təbiətə buraxacaqlar.

144
Məmur portfeli, arxiv şəkli

Həftəsonu onların fəaliyyətinə icazə veriləcək

6
Yalnız siyahısı Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən tərtib olunan və Elektron Hökumət Portalına daxil edilmiş növbətçi vəkillərin hərəkətinə icazə veriləcək.

BAKI, 5 iyun — Sputnik. Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində 6-8 iyun tarixləri arasında xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı hərəkət məhdudiyyəti məhkəmə hakimləri ilə bərabər Vəkillər Kollegiyasının (VK) üzvlərinə də şamil olunur.

Kollegiyadan Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakı şəhərində məhkəmə və digər əlaqəli qurumların da məhdud rejimdə fəaliyyət göstərəcəkləri nəzərə alınaraq yalnız siyahısı Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən tərtib olunan və Elektron Hökumət Portalına daxil edilmiş növbətçi vəkillərin hərəkətinə icazə veriləcək. Fəaliyyətinə icazə verilmiş vəkillərə əvvəlcədən məlumat veriləcək. Həmin vəkillər vəkillik fəaliyyətləri ilə bağlı tibbi maska və dezinfeksiyaedici vasitələrdən istifadə etməli və digər profilaktiki tələblərə riayət etməlidirlər.

6
Zaqatalaya mənzərə, arxiv şəkli

Cənubi Qafqazda ilk olaraq Azərbaycanda...

0
Səmədova onu da bildirib ki, layihə Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən maliyyələşdirilir və icra müddəti 4 ildir.

BAKI, 6 iyun — Sputnik. Azərbaycanda "Zaqatala–Balakən biosfer rezervatının yaradılması" layihəsinə start verilir. Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova bildirib.

O, qeyd edib ki, layihə çərçivəsində Zaqatala Dövlət Təbiət Qoruğunun bazasında yaradılacaq Zaqatala-Balakən biosfer rezervatı həmin bölgədə ekoturizmin inkişafına və yerli əhalinin məşğulluğunun artırılmasına şərait yaradacaq, insanların flora və faunaya zərər vermədən təbiət gözəlliklərini görməsi üçün hərəkət çığırları, seyr nöqtələri müəyyənləşdiriləcək. Qoruqdan fərqli olaraq biosfer rezervatın ərazisinə ekoturistlərin girişi açıq olacaq.

ETSN rəsmisi biosfer qoruğunun yaxın qonşularımız Türkiyə, Rusiya, Belarusiyada da mövcud olduğunu, lakin Cənubi Qafqaz regionunda ilk dəfə Azərbaycanda yaradılacağını vurğulayıb.

O qeyd edib ki, bununla da bölgədə ekoloji və kənd turizminin stimullaşdırılmasına, əhalinin sosial-iqtisadi rifahının yüksəldilməsinə şərait yaranacaq. Biosfer rezervatda müasir tələblərə cavab verən infrastruktur qurulacaq, alternativ və bərpa olunan enerji mənbələri ilə təmin olunacaq. Eyni zamanda, burada ekoloji təmiz məhsulların istehsalı üçün təsərrüfat yaradılacaq.

"Biosfer rezervatın özəlliklərindən biri də odur ki, burada istehsal olunan orqanik məhsullar qoruğun loqosu ilə qablaşdırılacaq və bir sıra ölkələrə ixrac olunan zaman gömrük rüsumundan azad olunacaq. Həmçinin, layihə çərçivəsində ətraf ərazilərdə təsərrüfat fəaliyyəti ilə məşğul olan şəxslərə kiçik həcmli qrantların verilməsi də planlaşdırılır".

A.Səmədova onu da bildirib ki, layihə Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən maliyyələşdirilir və icra müddəti 4 ildir.

0