Metro

Metropoliten sərnişinlərinə şad xəbər

39
(Yenilənib 17:12 09.08.2019)
Növbəti üç aqreqatla bağlı işlər davam edir

BAKI, 9 avqust — Sputnik. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin "Qara Qarayev" və "Memar Əcəmi" (Yaşıl xətt) stansiyalarında ventilyatorların yenilənməsi prosesi başa çatıb. "Bakı Metropoliteni" QSC-dən Sputnik Azərbaycan-a verilən xəbərə görə, bu stansiyalarda iyun ayının əvvəllərində iki yeni ventilyator istifadəyə verilib. Texnoloji prosesin tələblərinə uyğun olaraq quraşdırılan daha 2 ventilyator stansiyaların havalandırma şaxtalarını tam komplektləşdirib.

Qeyd olunur ki, Rusiyanın "Ventprom" maşınqayırma zavodunun istehsal etdiyi, elektrik mühərrikinin gücü 75 kVt, məhsuldarlığı 60-65 m3/san olan "VOM 24R" tipli güclü ventilyatorlar bu stansiyalarda və onlara yaxın tunel mənzillərində mikroiqlim şəraitinin daha da yaxşılaşdırılmasını təmin edəcək.

Yeni ventilyatorların quraşdırılması məqsədilə əvvəlcə köhnə avadanlıq sökülərək, şaxtalarda müvafiq təmir işləri aparılıb, yeni qurğunun özülü hazırlanıb. Daha sonra yeni ventilyatorların quraşdırılması, sazlanması, sınaq və tənzimlənmə işləri yerinə yetirilib.

Hazırda metropolitendə kabel şəbəkəsinin fiberoptik kabellər hesabına yeniləndirilməsi üzrə geniş miqyaslı işlər aparılır. Ventilyasiya sahəsində də optik kabellərin tətbiqi informasiyanın daha etibarlı, səmərəli, dəqiq ötürülməsinə, mərkəzləşmiş idarəetmənin yüksək səviyyədə təşkilinə imkan yaradır.

İstehsalçı ilə bağlanmış müqaviləyə görə, ventilyatorlar sifarişçinin təklif etdiyi texniki şərtlər nəzərə alınmaqla hazırlanıb və zavod şəraitində sifarişçi tərəfin iştirakı ilə sınaqdan keçirilib.

 Qurğuların bütün texniki parametrlərinin, idarəetmə lövhələrinin, nəzarət-məlumat vericilərinin "Bakı Metropoliteni" QSC-nin texniki tapşırıqlarına uyğunluğu yoxlanılıb. Yeni ventilyatorların məhsuldarlığı, texniki göstəriciləri Bakı metropoliteninin istismar şəraitinə tam uyğun və qənaətbəxşdir.

Yeni ventilyatorların iş rejimini (axından sovurmaya və əksinə) 30 saniyə ərzində dəyişmək mümkündür. Bu isə təhlükəsizliyin möhkəmləndirilməsi, fövqəladə hallarda bir rejimdən digərinə daha çevik keçidin təmin edilməsi baxımından çox əhəmiyyətli məsələdir. "Bakı Metropoliteni" QSC-nin texniki tapşırıqlarına görə, istehsalçı müəssisə ventilyatorun idarəetmə sistemlərini "Siemens" və "Schneider" şirkətlərinin avadanlıqları üzərində qurub. Həmçinin releləri, avtomat açarları və digər cihazları normal hərarət rejimində saxlamaq üçün idarəetmə paneli ventilyatorla, eyni zamanda avtomatik yanğınsöndürmə vasitəsi ilə təchiz edilib.

Tezlik çeviricisi ilə təmin olunmuş idarəetmə şkafları Ezernet tipli rabitə vasitəsi ilə dispetçer məntəqəsinə qoşulur. Optik kabellərlə yerinə yetirilən belə qoşulmanın bir çox üstünlükləri var. Əvvəlkindən fərqli olaraq bu sistem idarəetmə funksiyalarını xeyli genişləndirib. Belə ki, Ezernet xətti vasitəsilə ventilyatorun cərəyan tezliyini 0-dan 50 hersədək dəyişməklə hərəkət sürətini nizamlamaq, istənilən sürətdə ventilyatorun iş rejimini dəyişmək, effektliyini artırmaq üçün hava-klapanlarını idarə etmək, şiber mexanizminin vəziyyətinə, vurulan havanın təzyiqinə, miqdarına, ventilyatorun vibrasiya dərəcəsinə nəzarət etmək mümkündür.

Yeni ventilyatorların faydalı iş əmsalı, titrəyiş və səs-küy həddi və s. texniki göstəriciləri dünya standartlarının tələblərinə cavab verir. Səs-küyün normadan aşağı olmasına baxmayaraq, sentyabr ayında şaxtalarda müasir səsboğucuların, stansiya və yaxın tunellərdə təbii havalandırmanı təmin edən sistem və qurğuların quraşdırılmasına başlanılacaq.

Bu il alınmış 7 ventilyatordan qalan üçünün də quraşdırılması istiqamətində işlər planlı şəkildə davam edir. İki güclü ventilyatorun quraşdırılacağı "Ulduz-Nəriman Nərimanov" mənzil tunellərindəki şaxtada köhnə avadanlığın sökülməsinə başlanılıb. Qarşıdakı müddətdə "Nizami" stansiya tunelində yerləşən şaxtada da yeni ventilyator quraşdırılacaq.

39
Teqlər:
ventilyator, Bakı metrosu, metro
Xalq artisti Arif Babayev, arxiv şəkli

Xanəndə Arif Babayevdən üzücü xəbər

51
(Yenilənib 22:58 30.09.2020)
Yaşar Babayev: "Təəssüf ki, atam Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimizin işğaldan azad edilməsi xəbərindən bixəbərdir"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 30 sentyabr — Sputnik. Xalq artisti Arif Babayev bir neçə gün öncə insult keçirib. Xanəndənin səhhəti stabil olaraq qalır. Bu barədə Sputnik Azərbaycan-a Xalq artistinin oğlu Yaşar Babayev məlumat verib: "Arif Babayev hal-hazırda evdədir. Təəssüf ki, atam Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimizin işğaldan azad edilməsi xəbərindən bixəbərdir. Çünki, atam həmin hadisədən 1 gün qabaq xəstələnib. Ona həyəcanlanmaq olmaz, ona görə də bu xəbəri ona verməmişik. Çox sevincliyik, inanırıq ki, atam sağalana qədər torpaqlarımız işğaldan azad olar, biz də ona bu müjdəli xəbəri verərik".

Məlumat üçün bildirək ki, Arif Babayev XX əsrin ikinci yarısından etibarən Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən biri sayılır. Onun yaradıcılığında "Şur", "Seygah" muğam dəstgahları, "Arazbarı", "Qarabağ şikəstəsi" zərbi muğamları xüsusi yer tutur. Xüsusilə, "Seygah" muğamını Arif Babayev təkrarolunmaz bir üslubda oxuyub. Xanəndə həm də təsnif və xalq mahnılarının ifaçısı kimi çox sevilir.

O, müxtəlif illərdə "Azərbaycan SSR Əməkdar artisti", "Azərbaycan SSR Xalq artisti", "Şöhrət" ordeni, "İstiqlal" ordeni, "Qızıl çinar" beynəlxalq mükafatı və "Şərəf" ordeni ilə təltif olunub.

51
Azərbaycan bayrağı, arxiv şəkli

Ölkədə bayrağa həddindən artıq tələbat yaranıb: Qiymət baha, anbarlarsa boşdur

66
(Yenilənib 22:08 30.09.2020)
Məlahət Kəlbiyeva: "Ölkədə hərbi rejimlə əlaqədar bayraqlara təlabat artıb. Həddən artıq sifarişlər gəlir, inanın, çatdıra bilmirik".

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 30 sentyabr — Sputnik. Sentyabrın 27-dən Ermənistan-Azərbaycan təmas xəttində başlayan hərbi əməliyyatlar hamıda mübarizə ruhunu oyadıb. Kimi ön cəbhədə, kimi isə arxa cəbhədə Azərbaycanın torpaqlarının bütövlüyü uğrunda mübarizə aparır.

Bu gün şəhərin küçələrində, evlərin eyvanlarında, avtomobillərdə müqəddəs Azərbaycan və Türkiyə bayraqları dalğalanır.

Sosial şəbəkələrdə isə mağazalarda bayraqların qiymətlərinin bahalaşması ilə bağlı müzakirələr yer alır. Şəbəkə istifadəçiləri bayraqların qiymətinin 2-3 dəfə bahalaşdığını iddia edirlər.

Sputnik Azərbaycan bir neçə mağaza ilə əlaqə saxlayaraq məsələni dəqiqləşdirməyə çalışıb. Təbii olaraq, mağazalardan agentliyə bildiriblər ki, bayraqların qiymətində heç bir dəyişiklik olmayıb.

Bununla belə, bəzi mağazalarda bayraq satışı dayandırılıb. Mağazalar bunun səbəbini anbarlara yeni malların gətirilməməsi ilə izah ediblər. Satıcıların sözlərinə görə, hər gün vətəndaşlar bayraq üçün müraciət edirlər. Amma bayraqların qiymətində heç bir artım olmayıb.

Satıcılar hazırda anbarlarda bayrağın olmadığını da qeyd ediblər. 

Qiymətlərə gəlincə, masaüstü bayraqlar 3 manat, otaq üçün böyük ölçülü bayraqlar isə 25-90 manat arasında satılır.

Hərbi ekspert Ramil Məmmədlinin sözlərinə görə, indiki müharibə şəraitində bayraqların qiymətlərinin bahalaşması yolverilməzdir. Əksinə, bayraq istehsalı ilə məşğul olan müəssisələr, şəxslər vətənpərvərlik ruhunu yüksək tutmaq üçün bayraqların qiymətini ucuzlaşdırmalıdır ki, hər kəs alıb, evindən, eyvanından, avtomobilindən asa bilsin. 

"Azəratribut" MMC-nin təsisçisi Məlahət Kəlbiyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkədə hərbi rejimlə əlaqədar bayraqlara təlabat artıb:

"Həddən artıq sifarişlər gəlir. Nazirliklər, supermarket şəbəkələri, idarələr sifariş edir. İnanın, sifariş o qədər çoxdur ki, çatdıra bilmirik".

M.Kəlbiyeva qeyd edib ki, əksinə, vəziyyətlə əlaqədar olaraq bayraqların qiyməti ucuzlaşıb.

Onun sözlərinə görə, vətənin ağır günündə hamı bacardığı qədər yardım etməlidir: "Biz özümüz də ehtiyac olduğu təqdirdə bayraqları pulsuz veririk. Əvvəl 100 manata satdığımız bayraqları indi 50-60 manata satırıq. Belə günlərdə qazanc düşünmək olmaz. Bu, günahdır".

O qeyd edib ki, özü də sosial şəbəkələrdə müxtəlif mağaza və ticarət mərkəzlərində bayraqların baha satıldığı ilə bağlı məlumatlarla qarşılaşıb: "Bu, digər ölkələrdən gətirilmiş məhsullar ola bilər. Ancaq biz bacardığımız qədər bu günlərdə ucuz bayraqlarla xalqımıza dəstək verməyə çalışırıq".

66