Sahildə ölü balıq, arxiv şəkli

Balıqların kütləvi ölüm səbəbi nədir? - SOCAR açıqlama verdi

646
(Yenilənib 15:36 07.08.2019)
Bu səbəbdən də küləkli hava zamanı qəzalı quyulardan və təbii çirkləndirmə mənbələri olan qrifonlardan  sızmalar baş verir

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 7 avqust — Sputnik. Neft Daşları ərazisində çoxlu miqdarda ölmüş balıq (zalom, kütüm, şamayka və s.) müşahidə olunub. Bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının (NHMT) rəhbəri Mirvari Qəhrəmanlı məlumat verib. O qeyd edib ki, balıqların məhv olmasına səbəb dənizə buraxılan lay suları, çənlərin yuyulması nəticəsində dənizə axıdılan tullantılar, kimyəvi maddələr, neft axıntıları və sairdir: “Bu ərazidə dənizin dibi qayalıq olduğundan may-avqust aylarında çoxlu sayda balıq kürü tökmək üçün bu qayalıqlara gəlir. Ölən balıqların say çoxluğunun səbəbi də bununla əlaqədardır”.

Sputnik Azərbaycan məsələ ilə bağlı Dövlət Neft Şirkəti (SOCAR) ilə əlaqə saxlayıb. SOCAR-ın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Əhmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu barədə məlumat yayıldıqdan sonra "Azneft" İB-nin əməkdaşları Ekologiya Nazirliyinin nümayəndələri ilə birgə əraziyə baxış keçiriblər. Şöbə rəhbərinin sözlərinə görə, "Neft Daşları" neft və qaz çıxarma idarəsində (NQÇİ) neftlə birlikdə hasil olunan lay sularının idarə edilməsi məqsədilə 11.07.2017-ci il tarixindən etibarən müasir standartlara cavab verən, Böyük Britaniyanın FLS şirkətinin istehsalı olan lay sularının utilizasiya qurğusu xarici mütəxəssislərin iştirakı ilə istismara verilib: “Qurğuda orta hesabla gündəlik 1650 m³ lay suyu neftdən və mexaniki qarışıqlardan təmizləndikdən sonra 13 ədəd utilizə quyusu vasitəsilə laylara vurulur. Həmçinin NQÇİ-nin özül və meydançalarında quyuların əsaslı və yeraltı təmiri zamanı formalaşan istehsalat sularının idarə olunması məqsədilə qapalı yuma sistemləri də mövcuddur. Təmir zamanı formalaşan istehsalat çirkab suları qapalı sistemdə idarə olunur”.

Cəsəd suya qarışıb, su cəsədə: İnsanlar da ordan balıq yeyir>>

İ. Əhmədov Neft Daşları akvatoriyasında müşahidə olunan neft ləkələrinə gəlincə bildirib ki, bu sovet dövründən “miras” qalmış məsələdir: ““Azneft" İB-nin strukturuna daxil olan "Neft Daşları" NQÇİ-nin fəaliyyət zonasında görünən neft ləkələri ilə bağlı bildirmək istərdik ki, NQÇİ-nin istehsalat sahələrində uzun illər boyunca Sovet dönəmindən miras qalmış texnogen qəzalar nəticəsində qəzalı vəziyyətə düşmüş, lüləsi su altında olan quyular mövcuddur. Bundan əlavə, Neft Daşları və Palçıq Pilpiləsi yataqlarında 11 ədəd  aktiv qrifon mənbəyi qeydiyyatdadır. Bu səbəbdən də küləkli hava zamanı qəzalı quyulardan və təbii çirkləndirmə mənbələri olan qrifonlardan sızmalar baş verir. Xəzər dənizinə lay sularının axıdılması birmənalı olaraq qətiyyən mümkün deyil və yolverilməzdir. Bu da böyük miqdarda olan məsələ deyil ki, balıqların ölümünə səbəb olsun”.

646
Teqlər:
ölüm, açıqlama, SOCAR, Xəzər dənizi, balıq
Əlaqədar
Bakı çimərliklərində ölü balıqlar sahili "bəzəyir" - səbəb nədir?
Pirşağının ölü balıqları bazara çıxa bilər - qanun susur, qurumlar "oynayır"