Dendrologiya İnstitutunun ərazisinin vəziyyəti

Yoxa çıxan gözəllik - Mərdəkanda baş verir?

929
(Yenilənib 13:19 07.08.2019)
Əraziyə üfunət qoxusundan yaxın düşmək mümkün deyil

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 7 avqust — Sputnik. Mərdəkan dendrarisi, daha doğrusu, Azərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutunun ərazisi 1895-1920-ci illərdə neft milyonçusu Murtuza Muxtarovun şəxsi bağı olub. Uzun illər müxtəlif qurumların balansında olan dendrari 2014-cü ildən Dendrologiya İnstitutu adına layiq görülüb. Qeyd edək ki, hazırda institut Dünya Botanika Bağlarının üzvüdür.

Azərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutunun ərazisinə giriş
© Sputnik / Irade JELIL
Azərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutunun ərazisinə giriş

Dendrari - yunan sözündən götürülüb, "dendron" - "ağac" deməkdir. Dendraridə müxtəlif coğrafi zonalardan olan ağac və kolları açıq yerdə becərirlər.

Bir neçə gün əvvəl Sputnik Azərbaycan-ın əməkdaşı dendraridə olub.

Murtuza Muxtarovun bağ evi
© Sputnik / Irade JELIL
Murtuza Muxtarovun bağ evi

Dendrologiya İnstitutunun qarşısında avtomobillərin saxlanması üçün nəzərdə tutulmuş yerdə böyük bir zibillik var. Bilinir ki, yaxınlıqda yaşayan əhali məişət tullantılarını zibil üçün nəzərdə tutulan urnalara deyil, birbaşa bu əraziyə atır. Məişət tullantılarının ətrafına isə sahibsiz heyvanlar yığılır. Əraziyə üfunət qoxusundan yaxın düşmək mümkün deyil. Əvvəllər burada camaşırxana olub. İndi isə həmin bina xarabalığa çevrilib.

İnstitutun girişinə kassa qoyulub. Burada 9 yaşına kimi uşaqlar üçün giriş haqqı 1 manat, 9 yaşından böyüklər üçün - 2, əcnəbilər üçün isə 5 manat nəzərdə tutulub.

Murtuza Muxtarovun büstü
© Sputnik / Irade JELIL
Murtuza Muxtarovun büstü

İnstituta daxil olub, ətrafı gəzdikdə abadlıq işləri ilə yanaşı, nəzarətdən kənarda qalmış yerlər də gözdən qaçmır.

Məsələn, "Kaktusariya" adlanan istixana yerinin tavanı, demək olar ki, çöküb. Əhənglə boyanmış pəncərələrdən baxdıqda bir neçə kaktus dibçəyi nəzərə çarpır.

Kaktusariyanın qarşısındakı hovuzun suyu isə, güman ki, illərdir dəyişdirilmir. Suyun üzündə yığılan kif və çirkab bunu sübut edir.

Bağı gəzdikcə susuz qalmış fəvvarələr, süni şəlalələr gözdən qaçmır. Hiss edilir ki, bağ uzun müddətdir ki, susuzluq yaşayır.

  • Dendrologiya İnstitutunun ərazisinin vəziyyəti
    Dendrologiya İnstitutunun ərazisinin vəziyyəti
    © Sputnik / Irade JELIL
  • Dendrologiya İnstitutunun ərazisinin vəziyyəti
    Dendrologiya İnstitutunun ərazisinin vəziyyəti
    © Sputnik / Irade JELIL
  • Dendrologiya İnstitutunun ərazisinin vəziyyəti
    Dendrologiya İnstitutunun ərazisinin vəziyyəti
    © Sputnik / Irade JELIL
  • Dendrologiya İnstitutunun ərazisinin vəziyyəti
    Dendrologiya İnstitutunun ərazisinin vəziyyəti
    © Sputnik / Irade JELIL
  • Dendrologiya İnstitutunun ərazisinin vəziyyəti
    Dendrologiya İnstitutunun ərazisinin vəziyyəti
    © Sputnik / Irade JELIL
  • Dendrologiya İnstitutunun ərazisinin vəziyyəti
    Dendrologiya İnstitutunun ərazisinin vəziyyəti
    © Sputnik / Irade JELIL
  • Dendrologiya İnstitutunun ərazisinin vəziyyəti
    Dendrologiya İnstitutunun ərazisinin vəziyyəti
    © Sputnik / Irade JELIL
1 / 7
© Sputnik / Irade JELIL
Dendrologiya İnstitutunun ərazisinin vəziyyəti

Əvvəllər burada kafe və yeməkxanalar fəaliyyət göstərirdi. Bağın ziyarətçiləri də çox olurdu. İndi isə ancaq bir kafe işləyir. Oraya çox adam maraq göstərmir. Dendrari baxımsız olduğu üçün ziyarətçiləri də gözə dəymir.

Bağı gəzdikcə böyük hovuzların da susuz qaldığını görürük. Bir sözlə, baxılmayan bağ dağa dönüb. Yəni bir vaxtlar hər kəsə təriflədiyimiz dendrarini indi istirahət üçün yer axtaranlara məsləhət görməyə dilimiz ağrıyar.

Ümid edirik ki, müvafiq qurum Dünya Botanika Bağlarının üzvü olan dendrarinin zamanla məhv olmasına göz yummayacaq. Bu gün isə görünən odur ki, bağda ən böyük problem su qıtlığıdır.

929
Teqlər:
park, bağ, Mərdəkan
Əlaqədar
Şəki Xan sarayının açılacağı tarix məlum oldu
Çıraqqala - Sıldırımlar arasında məhv olan tarixdən REPORTAJ
Şimal-qərb bölgəsindəki bu abidələr dağılır - SOS
İlham Əliyev, arxiv şəkli

İlham Əliyev: Mən xoşbəxt adamam ki, dörd dəfə Məkkə ziyarətində olmuşam

3
(Yenilənib 17:15 24.11.2020)
Biz bunu birliyimiz sayəsində qazanmışıq, gücümüz sayəsində qazanmışıq. Heç kim bizə kömək etməyib. Əksinə, ancaq maneçilik törədib. Gün gələcək, bu barədə də ətraflı danışacağam".

BAKI, 24 noyabr — Sputnik. "Bu gün mən Ağdam məscidinə Məkkədən gətirdiyim "Qurani-Kərim"i bağışladım. Mən xoşbəxt adamam ki, dörd dəfə Məkkə ziyarətində olmuşam. Bir dəfə rəhmətlik atamla, üç dəfə isə Prezident kimi. Xoşbəxtəm ki, mən ailə üzvlərimlə bərabər müqəddəs Kəbənin içində dualar etmişəm. Hər bir insanın ürəyində nə varsa, mənim ürəyimdə də eyni duyğulardır. Etdiyim duaların arasında birinci duam torpaqlarımızın işğaldan azad edilməsi idi. Allahdan xahiş edirdim, mənə güc versin ki, biz torpaqları işğalçılardan azad edək, o xoşbəxtliyi bizə nəsib etsin, biz yenə də dədə-baba torpağımıza qayıdaq".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Ağdam məscidinin qarşısında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Bu gün burada, vandallar tərəfindən dağılmış məscidin önündə deyirəm ki, xoşbəxt adamam. Bir daha Allaha şükür edirəm ki, mənim dualarımı eşidib, bu gücü mənə verib. Biz gücümüzü səfərbər edərək bax, bu tarixi günləri yaşayırıq. Bu, həqiqətən də tarixi günlərdir. Bəlkə də çoxəsrlik Azərbaycan tarixində buna bənzər şərəfli və qürurlu günlər olmayıb. Biz bunu birliyimiz sayəsində qazanmışıq, gücümüz sayəsində qazanmışıq. Heç kim bizə kömək etməyib. Əksinə, ancaq maneçilik törədib. Gün gələcək, bu barədə də ətraflı danışacağam".

3
Dəmiryol Xətti, arxiv şəkli

Bərdədən Ağdama qatarlar işləyəcək

3
Ümumi uzunluğu 45 km olan Bərdə–Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərbaycan Dəmir Yolları”na ilkin olaraq 5,0 (beş) milyon manat ayrılacaq

BAKI, 24 noyabr - Sputnik. Prezident İlham Əliyev Bərdə-Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Sərəncamda deyilir: “2020-ci il sentyabrın 27-də başlanmış Vətən müharibəsi Azərbaycan xalqının tarixi Qələbəsi ilə başa çatmış, Ağdam rayonunun erməni təcavüzünə məruz qalmış bütün əraziləri də işğaldan azad edilmişdir.

Rayonun 27 il ərzində işğal altında saxlanılmış ərazilərində, Ağdam şəhəri də daxil olmaqla bütün yaşayış məntəqələri, o cümlədən həyati vacib təsərrüfat sahələri, yaşayış evləri tamamilə dağıdılmış, ətraf mühitə, tarixi-mədəniyyət və dini abidələrə ciddi ziyan vurulmuşdur.

Ağdam rayonunun işğal altında olmayan 44 yaşayış məntəqəsində son illərdə müxtəlif dövlət proqramları çərçivəsində geniş tikinti-bərpa və abadlıq-quruculuq işləri görülmüş, Olimpiya İdman Kompleksi, Muğam Mərkəzi, Mərkəzi Rayon Xəstəxanası və digər sosialyönümlü obyektlər tikilmiş, Ağdam Dövlət Dram Teatrının binası əsaslı təmir olunmuş, xalçaçılıq müəssisəsi yaradılmışdır. 6600-dən çox məcburi köçkün ailəsi üçün salınmış 18 yeni qəsəbədə 18 ümumtəhsil və 3 musiqi məktəbi, 12 tibb və 10 məktəbəqədər təhsil müəssisəsi inşa edilmiş, qaz, elektrik, içməli su xətləri çəkilmiş, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, digər mühüm layihələr həyata keçirilmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, bu istiqamətdə aparılan işlərin davam etdirilməsi, işğaldan azad olunmuş ərazilərin bərpası və Ağdam rayonunun dayanıqlı sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədilə qərara alıram:

1. Ümumi uzunluğu 45,0 kilometr olan Bərdə–Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə bu Sərəncamın 1-ci hissəsində göstərilən dəmir yolu xəttinin tikintisinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutsun.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.

3
Teqlər:
Sərəncam, Prezident İlham Əliyev, layihə, tikinti, dəmiryolu, Ağdam, Bərdə