Psixoloqun qəbulunda, arxiv şəkli

Aqilə işarə, axmağa kötək - xoşbəxt, uğurlu, varlı olmağın bir sirri var

87
(Yenilənib 17:00 31.07.2019)
Çox təhlükəli haldır ki, yeniyetmələr özlərini kriminal aləmin avtoritetlərinə bənzədir və bununla da fəxr edirlər

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 31 iyul — Sputnik. Son zamanlar insanlarda müşahidə edilən aqressiya, qəzəb, kin, nifrət ailələrdə müxtəlif cinayətlərin baş verməsinə səbəb olur. İnsanların psixologiyasında müşahidə edilən bu kimi halların səbəbi nədir? Bu qədər kin nədən qaynaqlanır? Nə kimi fəsadları ola bilər?

Sputnik Azərbaycan bu suallara cavab tapmaq üçün Avropa Nevrologiya Akademiyasının üzvü Qalib Əsədovla söhbətləşib.

Həkim-nevropatoloq Qalib Əsədov
© Photo : Q.Əsədovun şəxsi arxivindən
Həkim-nevropatoloq Qalib Əsədov

- Qalib həkim, son zamanlar insanlarda güclü aqressiya müşahidə edilir. Buna səbəb nədir?

- Gəlin əvvəlcə müəyyənləşdirək ki, ümumiyyətlə aqressiya nədir? Başqasına qarşı qərəzli münasibət, hiddət, nifrət, müxtəlif neqativ münasibətlər və hisslər aqressiv göstəricilərdir. Axır zamanlar insanlarda olan aqressiya dərəcəsi xeyli yüksəlib. Burada birinci olaraq onu deyim ki, əsas günah məhz uşaqların tərbiyəsində baş vermiş səhvlərdir.

İndiki uşaqlar heç bir əziyyət görmürlər. Ata-anaları onların hər istədiklərini yerinə yetirirlər. Hətta bu, o həddə çatıb ki, uşaq gecə yarısı ayağını yerə döyüb, nəsə istəyirsə, valideynləri dərhal gedib onun arzusunu yerinə yetirirlər. Nəticədə uşaqda belə bir fikir formalaşır ki, problemini həll etmək üçün, istədiyinə nail olmaq üçün qışqırmaq, haray-həşir salmaq lazımdır. Məhz onların ərköyün böyüdülməsi, hər istədiklərinin yerinə yetirilməsi nəticəsində onlar elə formalaşırlar ki, kiçik bir problemi faciə kimi qəbul edirlər.

Cəmiyyətə, bu problem yaradan insanlara qarşı hiddət, qəzəb yaranır və arzularına çatmaq üçün bəzən şiddətə əl atırlar. 

İkinci olaraq, məktəblərdə təlim-tərbiyə işlərinin düzgün təşkil olunmamasını demək olar. Bildiyimiz kimi, bütün məktəblərdə psixoloqlar var. Bəs onlar vəzifələrini düzgün yerinə yetirirlərmi? 

Müxtəlif konfranslar, tədbirlər, tematik işlərin keçirilməsi, çətin tərbiyə olunan uşaqlarla, onların valideynləri ilə fərdi söhbətlər nə dərəcədə aparılır? Keçmişdə pionerlər, komsomol təşkilatları var idi. Uşaqlarla iş aparılır, onlara yaxşılıq, dostluq etmək, vətənpərvər olmaq təbliğ olunurdu. Amma indi məktəblərdə bu iş aparılmır və hər kəs öz eqosuna xidmət edərək sadəcə öz həyatını yaşayır.

İndi aqressivliyi xüsusilə çox yayan kütləvi informasiya vasitələridir. İndiki gənc nəsildə "rembolar", "rokki balboalar", "bryus lilər", "polad alemdarlar" və "mematilər" yetişir, yəni uşaqların idealları məhz bu personajlardır. Onlar isə problemi ancaq öldürməklə, döyməklə və müxtəlif aqressiv üsullarla həll edirlər. Buna baxan gənclər də problemlərini məhz bu yolla həll etməyə çalışırlar. Düzdür, keçmişdə də döyüş filmləri var idi. Amma orada düşüncə, məntiq, intellekt ön planda göstərilirdi. Çox təhlükəli haldır ki, yeniyetmələr özlərini kriminal aləmin avtoritetlərinə bənzədir və bununla da fəxr edirlər.

Bu gün idmanın döyüş növləri daha çox reklam olunduğu halda, elmlə bağlı olan və intellektual verilişlər efirlərdə yox dərəcəsindədir. Bu gün bizim ölkəmizdə 700 bal yığan və ya Oksford, Kembric, Harvard kimi universitetlərdə təhsil alan tələbələr var. İdmançılarımızı hamı tanıdığı halda, bu tələbələrin, bu savadlı gənclərin adları heç kimə məlum deyil. 

Amma mən deyərdim ki, həmin gənclər hansısa Olimpiya çempionundan daha üstün və ölkə üçün də daha gərəklidirlər. Bu intellektualların lazımi səviyyədə təbliğ olunması uşaqlarda oxumaq həvəsini daha da artırar, savadlı adam isə heç vaxt aqressiv ola bilməz.

Aqressiyanı yaradan səbəblərdən biri də dinin radikal qoludur. Hansı din olmasından asılı olmayaraq radikalizm aqressiya ilə qardaşdır.

- Aqressiya ilə əsəbləşməyin nə fərqi var?

- Ümumiyyətlə, əsəbləşmək hər bir insana xas olan keyfiyyətdir. Sadəcə, müdrik insan əsəblərini cilovlamağı bacarır. Müdrik olmaq üçün də oxumaq lazımdır.

Təhsilin səviyyəsi aşağıdırsa, belə cəmiyyətdə cahil insanların sayı artır. Bu cür insanlar da əsəblərini cilovlaya bilmir, əsəbləşdikdə çılğın, emosional reaksiya verirlər. Baxın, məsələn, toylarda hansısa bir bəhanə ilə, adətən, kim dalaşır? Savadsız, mədəniyyəti, təhsili aşağı olanlar. Ziyalı isə nəyin bahasına olursa-olsun, əsəblərini cilovlaya bilir. Və yaxud da balaca uşaqlar həmişə dalaşırlar. İnsan yaşa dolduqca, kamilləşdikcə daha ağıllı olur. Müdrik insanlar isə problemlərini sakit yolla həll edirlər.

- Niyə insan düşünür ki, aqressiya ilə hər istədiyini edə bilər?

- Uşaqlıqdan belə öyrənir. Beyin uğurlu və uğursuz proqramları həmişə yadda saxlayır. Əgər uşaq körpə vaxtı aqressiv davranış sərgilədikdə onun istədiyi həyata keçirsə, beyin bu proqramı yadda saxlayır. Bundan sonra o, ömrünün sonuna qədər hədəfə çatmaq üçün məhz aqressiya nümayiş etdirəcək.

İkinci səbəb kimi kütləvi informasiya vasitələrində aqressiyanın təbliğini qeyd etmək istərdim. Elm insanları təbliğ olunmalıdır. Bizim Azərbaycan televiziyasında bircə dənə də olsun elmi-kütləvi veriliş deyə bilərsinizmi? Ancaq ailə-məişət problemləridir efirlərdə. Düzdür, bu cür sosial verilişlər də lazımdır, amma elmi də unutmamaq gərəkdir. Gəncləri oxumağa, təhsilə həvəsləndirmək lazımdır. Valideynlər uşaqlara qarşı daha diqqətli davranmalıdırlar. Heç bir halda uşağa nəzarəti itirməməlidirlər. Qalmaqallar, şou xatirinə təşkil olunan, insanlara aqressiv fikirlər aşılayan verilişlərdən imtina olunmalıdır.

- Aqressiyanın fəsadları nə ola bilər?

- Aqressiya ilk növbədə fərdin özünə zərərdir. Onun karyerada irəliləməsinə, daha yüksək zirvələrə doğru getməsinə ən böyük zərbəni məhz aqressiv münasibət vurur. Beləliklə, nevrotik insanlar ətrafımızda çoxalır. Yuxusu pozulur, kiçik bir arzuları həyata keçmədikdə dişi bağırsağını kəsir, bunun günahını özündə yox, başqasında, cəmiyyətdə, zəmanədə və s. görür. Bu cür əsəbi həyat tərzi isə gələcəkdə kifayət qədər ciddi somatik xəstəliklərin - şəkərli diabet, mədə yarası, xərçəng və s. - yaranması üçün stimuldur.

- Fikir verirsinizsə, ölkədə hər kəs hər şeydən narazıdır. Buna səbəb nədir?

- Hamı deməzdim. Hər şey də deməzdim. Ümumiyyətlə, narazı, deyingən adam nə olmasından asılı olmayaraq deyinəcək. Həyatda optimist düşünən kifayət qədər insan var. Konkret hadisədən, ya şəxsdən narazı qalmaq olar. Amma əgər adam hər şeydən narazıdırsa, deməli, problem onun özündədir.

87
Teqlər:
valideyn, uşaq, aqressiya, ailə, psixoloq