Zibil qutusu, arxiv şəkli

Zibil gətir, yemək apar, milyonlarla kredit al, yandıra bilmə

97
(Yenilənib 01:18 28.07.2019)
Zibil də bir qazanc vasitəsidir, amma baxır, kim necə edir...

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 29 iyul — Sputnik. Bu gün dünyada bir çox ölkələr tullantılardan gəlir, fayda əldə edir. 

Hətta bu sırada kasıb ölkələrdən sayılan Hindistanın da adını qeyd edə bilərik. Hindistan hökuməti burada daha geniş yayılmış zibil çeşidlərindən biri olan plastik tullantıların qarşısını almaq üçün maraqlı bir addım atıb. Ölkənin Ambikapur şəhərində zibil kafesi açılıb. Oraya gələnlər plastik zibilləri yeməyə dəyişirlər. Bu kafedə nahar eləmək üçün bir kiloqram plastik tullantı vermək yetərlidir, səhər yeməyi isə yarım kiloqram plastik qaba başa gəlir.

Yerli hakimiyyətin fikrincə, bu üsulla həm şəhərdəki zibilliyi aradan qaldırmaq, həm də aclıq problemini həll etmək mümkündür. Hətta Hindistanda plastik tullantılardan istifadə etməklə bir neçə avtomagistral da qurulub. Bildirilir ki, belə yol örtüyü keyfiyyətinə görə asfaltdan daha uzunömürlüdür.

Artıq tullantılardan dünyanın müxtəlif ölkələrində həm də alternativ enerji mənbəyi kimi də istifadə olunur. Hətta bir çox dövlətlərdə bu sahəyə olan yatırımlar artmaqdadır.

Bəs bu sahədə ölkəmizdəki mövcud durum necədir, Azərbaycanda illik olaraq nə qədər zibil tullantısı olur?

Öncə Dünya Bankının məlumatlarına nəzər yetirək. Bu qurumun 2013-cü ilə dair hesabatına görə, bu gün Azərbaycana Bərk Tullantıların Vahid İdarə olunması layihəsi üçün əlavə maliyyə olaraq 47.1 milyon ABŞ dolları həcmində kredit ayrılıb. Dünya Bankının məlumatında qeyd olunur ki, 3 milyon insanın yaşadığı Bakıda illik olaraq 1.8 milyon ton bərk zibil tullantısı olur. Bu rəqəmin növbəti 20 il ərzində ikiqat artacağı proqnozlaşdırılır.

2016-cı ilin rəqəmlərinə görə, Azərbaycanda bərpa olunan enerji mənbələrindən istehsal 24.953 GVt/s (giga Vatt/saat) və ya umumi enerji istehsalının 8.8 faizini təşkil edib. Ayrılıqda su-elektrik stansiyalarından 1959.3 GVt/s, küləkdən 22.8 GVt/s, günəşdən 174.5 GVt/s və biokütlədən isə 35.3 GVt/s elektrik enerjisi istehsal olunub.

Alternativ enerji məsələləri üzrə ekspert Orxan Kazımzadə Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycandakı zibil tullantılarının həcmi və mövcud durum haqda danışıb: "Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məlumatına görə, təkcə ötən il ərzində Azərbaycanda 2.9 milyon ton zibil yığılıb.

Məlumata görə, bunun yalnız 60 faizindən enerji istehsalı üçün istifadə olunub. Artıq Azərbaycanda zibildən enerji almaq təcrübəsi var. "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyəti zibilləri yandıraraq ondan enerji əldə edir. Tullantılardan enerji almağın bir neçə yolu var ki, onlardan ən sadə üsulu onu yandırmaqdır. Lakin zibili yandırdıqda havaya istixana qazlarının buraxıldığını nəzərə alsaq, bunun o qədər də effektiv üsul olmadığını söyləyə bilərik".

"Alternativ enerji sahəsində istənilən layihənin reallaşdırılması mövcud qanunvericilikdən asılıdır. Lakin təəssüf ki, Azərbaycanda hələ ki, zibilin utilizasiyası ilə bağlı ganun və bunu təşviq edəcək mexanizmlər yoxdur.

Yaponiya, Koreya kimi ölkələrdə utilizasiya olunmuş zibilin hər tonuna görə dövlət şirkətə pul ödəyir və bundan əlavə, həmin zibildən enerji istehsal olunursa, bu enerjini xüsusi tariflərlə alır. Həmin ölkələrdə karbon vergisi mövcuddur. Buna görə də onlar havaya buraxdıqları karbon-dioksidin hər tonuna görə dövlətə əlavə ödəniş edirlər.

Bu səbəbdən də həmin ölkələrdə zibili yandırmaq o qədər də faydalı üsul hesab edilmir. Onlar fərqli üsullardan istifadə etməklə enerji istehsal edirlər", - deyə həmsöhbətimiz dünya təcrübəsindən danışarkən əlavə edib.

O bildirib ki, qanunvericilik olmadığı müddətdə bu layihələr rentabelli olmayacaq: "Yəni burada zibildən alınan enerji tarifləri və utilizasiya tariflərini nəzərdə tuturam".

Böyük Britaniyanın Oksford Universitetinin fəxri professoru Fəqan Əliyev isə son bir neçə ildə görülən işlərdən danışıb: "150 ildir ki, Bakıda cəmləşən neft tullantıları şəhər və ətraf ərazilərdə çox pis bir mənzərə yaradıb. Bir neçə il öncə Balaxanıda Fransanın məşhur şirkətləri ilə birgə bir layihəyə start verildi ki, bu da zibil tullantılarının idarəolunmasında müəyyən töhfələrini göstərdi. Lakin yarım milyard manatdan artıq dəyəri olan bu mərkəzdə yalnız bir rayonun tullantılarını qəbul edə bilirik. Bu, çox təəssüfləndirici amildir. Onu da qeyd edim ki, bu gün zibil tullantıları ilə biz bütünlükdə Bakını enerji ilə təmin edə bilərik".

97
Teqlər:
gəlir, enerji, tullantı, zibil

Həsənqaya yaxınlığında Ermənistan ordusunun mövqeləri darmadağın edilib

108
(Yenilənib 23:24 29.09.2020)
Ağır itkilərə məruz qalan düşmən ölən və yaralıların evakuasiyasını təşkil etmək üçün nəqliyyat vasitələri tapmaqda çətinlik çəkir

BAKI, 29 sentyabr - Sputnik. Azərbaycan Ordusunun artilleriya zərbələri nəticəsində Tərtər rayonunun Həsənqaya yaşayış məntəqəsi yaxınlığında yerləşən Ermənistan silahlı qüvvələrinin 5-ci motoatıcı alayının 1-ci taboru və Talış istiqamətində yerləşən 6-cı motoatıcı alayının 1-ci taborunun mövqeləri dağıdılıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Ağır itkilərə məruz qalan düşmən ölən və yaralıların evakuasiyasını təşkil etmək üçün nəqliyyat vasitələri tapmaqda çətinlik çəkir.

Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Mülki əhali və hərbi qulluqçular arasında itkilər və yaralılar barədə məlumat dəqiqləşdirilir.Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov isə açıqlamasında qeyd edib ki, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz azad edilib. A.Eyvazov bildirib ki, hazırkı məlumata görə, Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Şərvənj, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı kəndləri azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər nəzarətə götürülüb.

108
Teqlər:
artilleriya, Həsənqaya, Tərtər, Azərbaycan ordusu, cəbhə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi
Əlaqədar
Artilleriya bölmələrimiz Ermənistan ordusuna sarsıdıcı zərbələr endirir - VİDEO
Müdafiə Nazirliyi: Ermənistan ordusunun alay komandiri ağır yaralanıb
Füzuli istiqamətində Ermənistan SQ-nin əks-hücum cəhdi dəf edilib
Ermənistan ordusunun hərbi hissə komandiri Köçəryan məhv edilib
Müdafiə Nazirliyi: Ermənistan ordusunun polkovniki Karen Babayan məhv edilib
Qətər dövlətinin Əmiri Təmim bin Həməd Al Tani, arxiv şəkli

Qətər əmiri Azərbaycan Prezidentinə zəng etdi

23
Dövlətimizin başçısı vurğulayıb ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə bilər

BAKI, 29 sentyabr - Sputnik. Bu gün Qətər dövlətinin Əmiri Təmim bin Həməd Al Tani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Sputnik Azərbaycan bildirir ki, məlumatı Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb.

Söhbət zamanı iki ölkə arasında ikitərəfli münasibətlərlə bağlı məsələlər müzakirə edilib. Qətər dövlətinin Əmiri və Azərbaycan Respublikasının Prezidenti, eyni zamanda, Ermənistanla Azərbaycan arasında yaranmış gərginliyə dair məsələləri də müzakirə ediblər. Bu baxımdan Qətər dövlətinin Əmiri vəziyyəti sakitləşdirməyə, hər iki ölkənin və xalqın maraqlarının qorunması yolu ilə dialoq və diplomatik vasitələrlə iki ölkə arasında olan mübahisənin həlli üzərində işləməyə çağırıb.

Prezident İlham Əliyev bildirib ki, sentyabrın 27-də Ermənistan növbəti dəfə Azərbaycana qarşı hərbi təxribat törədib. Ermənistanın təmas xətti boyunca yerləşən yaşayış məntəqələrimizi və hərbi birləşmələrimizi ağır artilleriya qurğularından atəşə tutması nəticəsində mülki şəxslərimiz və hərbi qulluqçularımız həlak olub. Azərbaycan ordusu düşmənə layiqli cavab verərək uğurlu əks-hücum əməliyyatları həyata keçirir. Dövlətimizin başçısı vurğulayıb ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə bilər.

23
Teqlər:
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Prezident İlham Əliyev, Əmir, Azərbaycan, Qətər
Əlaqədar
İlham Əliyev: "Azərbaycan öz xalqını, öz insanlarını, öz torpağını müdafiə edir" – VİDEO
İlham Əliyev: "Bu dəfə biz onlara növbəti dərs verəcəyik"
Angela Merkel Prezident İlham Əliyevə zəng edib
İlham Əliyevlə BMT-nin Baş katibi arasında videokonfrans formatında görüş olub