CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tapmaca kimi köhnə problem: Yerləri var, amma onların deyil

© Sputnik / Musa MuradliÖrüş sahəsi
Örüş sahəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Rayon adı daşıyan kəndin sakinləri artıq prokurorluq orqanlarına da şikayət ediblər

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 27 iyul — Sputnik. Bərdə rayonunun Saatlı kəndində yaşayanları narahat edən ən əsas məsələ heyvanlarını otarmaq üçün ayrılmış örüş sahəsinin zəbt olunmasıdır. Kənd sakinləri Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildiriblər ki, 1997-ci ildə torpaq islahatı aparılan zaman Bərdə rayon Aqrar İslahat Komissiyası Saatlı sakinlərinə örüş sahəsi ayırıb. Kənd camaatı ayrılan bu örüşdə 7 il ərzində heyvanlarını otarıb. 2004-cü ildə isə həmin ərazi kənd sakinlərinin iradəsinə zidd olaraq ayrı-ayrı şəxslərin istifadəsinə verilib. O gündən başlayaraq Saatlı sakinləri saxladıqları mal-qaranı yolların qırağında, əkin üçün nəzərdə tutulmuş şəxsi torpaqlarında otarmağa məcbur olublar.

Kənd sakinləri onlara ayrılmış örüş sahəsinin istifadəyə qaytarılması üçün əlaqədar təşkilatlara, o cümlədən Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciətlər ünvanlayıblar.

© Sputnik / Musa MuradliSaatlı kənd sakinləri üçün ayrılmış örüş sahəsində pambıq, yonca, taxıl becərilir
Tapmaca kimi köhnə problem: Yerləri var, amma onların deyil - Sputnik Azərbaycan
Saatlı kənd sakinləri üçün ayrılmış örüş sahəsində pambıq, yonca, taxıl becərilir

Örüş tələb edənlərdən biri olan Mətləb Lətifov yaranmış vəziyyətdən danışıb: “9 hektardan çox örüş sahəmiz ola-ola meydançada qoyun otarırıq. Elxan və Məcid adlı iki nəfər örüşümüzü zəbt etdiyinə görə mal-qaranı otarmağa yer tapmırıq. Bu barədə bütün əlaqədar orqanlara, hüquq-mühafizə orqanlarına müraciət edib, köməklik istəmişik”.

Mətləb Lətifov örüş sahəsinin satıldığını, həmin ərazini zəbt edənlərin özbaşına hərəkət etmədiklərini iddia edib. O, adlarını çəkdiyi şəxslərin örüş sahəsini ələ keçirməkdən ötrü saxta sənədlər düzəltdiklərini, kəndin otlaq sahəsinə tam qanunsuz yiyələndiklərini bildirib.

Saatlılar örüşün qaytarılması tələbini üç aydır başladıblar. Onların əlaqədar orqanlara müraciətləri də artıq bəhrəsini verməkdədir. Kənd sakini Hətəm Əliyevin bildirdiyinə görə, məsələ rayon prokurorluğunda araşdırılır.

“Qonşu kəndlərin hər birində örüş yeri var. Həsənqaya, Mirəsəfli, Qəhrəmanlı kəndlərində örüş yerləri olduğu halda Saatlı kəndində mal-qara otarmağa yer yoxdur. Hansı ki, 7 il bizə ayrılmış örüş sahəsində heyvanlarımızı otarmışıq. İndi kənd bələdiyyəsinin sədri, İcra Hakimiyyətinin kənd üzrə nümayəndəsi deyirlər ki, örüş üçün ayrılan sahə 9,30 ha deyil, guya 1,50 hektar olub. Hansı ki, 7 il həmin sahədə heyvanlarımızı otarmışıq” – deyə kənd sakini bildirir.

Kənd sakinləri ilə söhbət zamanı məlum olub ki, örüş sahəsi indiki bələdiyyə sədrindən əvvəl bölüşdürülüb. Onlar Bərdə Rayon İcra Hakimiyyətinə də müraciət edərək, örüş sahəsinin kənd camaatına qaytarılmasını xahiş ediblər. Ancaq onlara köməklik göstərilməyib. Əvəzində məhkəməyə müraciət etmək məsləhət görülüb.

© Sputnik / Musa MuradliÖrüş sahəsi
Tapmaca kimi köhnə problem: Yerləri var, amma onların deyil - Sputnik Azərbaycan
Örüş sahəsi

Zaur Mətləboğlu bildirir ki, onun əsas məşğuliyyəti qoyun saxlamaqdır. Amma heyvanları otarmağa ayrılan örüş sahəsi zəbt olunub.

“Mən qoyun saxlamaqla dolanıram. 100 baş qoyunum var. Bəzi məmurlar örüş sahəmizi satıb, yeyiblər. Hansı ki, həmin sahəni ayıran zaman hər kəsin payından 4 sot kəsib, ümumi örüş sahəsi formalaşdırıblar” – deyə müsahibimiz vurğulayıb.

Kənd sakini dövlətin özünəməşğulluğa yaratdığı şəraiti xatırladaraq, vətəndaşlara dəstək göstərildiyini deyib. Ancaq onlar dövlətdən pul yardımı yox, lazım olan şəraitin yaradılmasını istəyirlər. O, örüş sahələri olsa, daha çox qoyun saxlaya biləcəklərini bildirib: “Üç uşağım var. Onları saxlamaq, böyütmək üçün nə etməliyəm? Örüşdən ötrü kiminləsə dalaşmalıyam? Qanuni yolla örüş sahəsinin kənd camaatının istifadəsinə qaytarılmasını istəyirik”.

Kənd sakini Dilqəm Qarayev isə Saatlı kəndindəki örüş sahəsinin ayrılması haqqında qərara aydınlıq gətirib: “1997-ci ildə torpaq islahatı aparılarkən kənd sakinlərinin hər birinin payından kəsilməklə 9.30 hektar örüş sahəsinə ayrılıb. Örüş sahəsi nə bələdiyyənin ehtiyat fondundan, nə də inkişaf fondundandır. Bizim pay torpağımızdandır. 6-7 il orada heyvan otarmışıq. Aidiyyatı qurumlar aydınlaşdırsınlar görək, 7 il bu örüş sahəsindən istifadə etdiyimiz halda, niyə əlimizdən alınıb bir neçə adama verilib?”

© Sputnik / Musa MuradliEtiraz edən kənd sakinləri
Etiraz edən kənd sakinləri - Sputnik Azərbaycan
1/3
Etiraz edən kənd sakinləri
© Sputnik / Musa MuradliEtiraz edən kənd sakinləri
Etiraz edən kənd sakinləri - Sputnik Azərbaycan
2/3
Etiraz edən kənd sakinləri
© Sputnik / Musa MuradliEtiraz edən kənd sakinləri
Etiraz edən kənd sakinləri - Sputnik Azərbaycan
3/3
Etiraz edən kənd sakinləri
1/3
Etiraz edən kənd sakinləri
2/3
Etiraz edən kənd sakinləri
3/3
Etiraz edən kənd sakinləri

Bərdə rayon Həsənqaya kənd bələdiyyəsinin sədri Mayıl Qurbanov bildirib ki, Saatlı kənd bələdiyyəsi əvvəllər ayrı bələdiyyə olub. Sonradan Həsənqaya bələdiyyəsinə birləşdirilib. Birləşməyə qədər Saatlı bələdiyyəsindəki baş verənlərdən məlumatlı deyil: “Hazırda bələdiyyə ərazisindəki örüş probleminə görə kənd sakinlərinin müraciəti əsasında Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır. Örüş sahəsi deyilən yerə verilmiş sənədlərin hüquqi qüvvəsi yoxlanılır. Əgər oradakı istifadəçilərin sənədləri etibarsız olsa, iddia olunan örüş sahəsi sakinlərin istifadəsinə qaytarılacaq”.

Bələdiyyə sədri kənd sakinlərinin örüş sahəsinə görə heyvan saxlamaqla bağlı üzləşdikləri çətinliyi təsdiqləyib. O özü də kənd camaatının örüş tələbini haqlı sayır.

Ümid edirik ki, Bərdə rayonunun Saatlı kənd sakinlərinin haqlı tələbi təmin olunacaq. Hər kəs özünəməşğulluqla daha səmərəli şəkildə məşğul ola biləcək. Bununla da onlar həm öz güzəranlarını yaxşılaşdıracaqlar, həm də dövlətin ərzaq tədarükünə daha çox fayda vermiş olacaqlar.

Xəbər lenti
0