Tovuz rayonunun Çataq kəndi

Ölkənin altı milyon əhalisi təhlükə ilə üz-üzədir

568
(Yenilənib 19:32 26.07.2019)
Biz həm problemi yaradırıq, həm də hər il dövlət büdcəsindən milyardlarla vəsaiti onun həllinə sərf edirik

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 26 iyul — Sputnik. "Ölkəmizin torpaq fondunun 43%-i eroziyaya uğrayan sahələrdir. Bunun da təxminən 3 milyon hektarı su eroziyasına məruz qalıb. Təbii ki, bu torpaqların bərpası zaman tələb edir. Bu istiqamətdə də işlər davam etdiriləcək".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin sektor müdiri, "Səhralaşma ilə mübarizə haqqında" Konvensiyasının Azərbaycan üzrə koordinatoru Sadiq Salmanov Azərbaycanda səhralaşma problemi, quraqlığa gətirib çıxaran səbəblər və s. məsələlərə həsr olunmuş tədbirdə danışıb.

Azərsu ASC-nın əməkdaşları yeni boru xətti çəkirlər, arxiv şəkli
© "Azərsu" ASC-nın mətbuat xidməti.

O qeyd edib ki, Azərbaycanın əsasən Aran zonasında şoranlaşma baş verir. Buraya Ucar, Kürdəmir, Yevlax, Bərdə, İmişli, Sabirabad rayonları aiddir. Ölkədə şoranlaşmış torpaqların sahəsi təxminən 1,2 milyon hektara yaxındır.

Azərbaycanda səhralaşmaya səbəb nədir? Hansı fəsadları ola bilər?  Sputnik Azərbaycan bu məsələyə aydınlıq gətirməyə çalışıb.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov açıqlamasında bildirib ki, Azərbaycanın 36 inzibati rayonu səhralaşma təhlükəsi olan zonada yerləşir: "Səhralaşmanın müxtəlif - zəif, orta və yüksək - səviyyələri var. Biz bunları nəzərə alaraq, səhralaşmanın təhlükəsindən danışırıq. Bu ərazilər əsasən Azərbaycanın düzənlik, alçaq dağlıq və dağətəyi rayonlarını əhatə edir. Həmin ərazilər Naxçıvan ərazisində bir qədər yüksəyə, 2000 metrə qədər qalxır. Talış dağlarında da eyni hündürlükdə səhralaşma prosesini izləmək mümkündür. Həmin rayonlarda səhralaşmaya səbəb əsasən təbii amillərdir. Yəni iqlimin aridliyi, landşaftın yarımquraq olması və landşaft tiplərinin geniş yayılması ilə əlaqədardır".

M. İsmayılov qeyd edib ki, bu prosesləri antropogen amillər sürətləndirir:

"Həmin coğrafi ərazilərdə ölkə əhalisinin ən çox - 6 milyona yaxın - hissəsi yaşayır. Buraya Abşeron yarımadası da aiddir. Tarixi dövrlər ərzində bu proses başlayıb və davam edir. Bizim eranın I əsrində Strabon Kür-Araz ovalığına gələndə qeyd edirdi ki, "mən burada çox məhsuldar üzüm, zeytun bağları gördüm". Ancaq biz bunları indi çox az görürük".

Sektor müdiri bildirib ki, Tuqay meşələrinin tamamilə qırılması ilə ekoloji tarazlıq pozulub.

"Tuqay meşələrinə təkcə Kür qırağında deyil, Kürün qədim yataqlarında da rast gəlmək mümkün idi. Bəzi rayonlarda - Ağcabədidə, İmişlidə, Tuqayın qədim Kür dərəsində bu meşələrin qalıqlarına rast gəlmək olur. Amma bunlar da çox yerdə qırılıb. Bəzi ərazilərdə Sultanbud meşələri vardı. İndi həmin meşələr də ağır vəziyyətdədir. Araşdırmalarımıza görə, bu meşələri təşkil edən saqqız ağacları yoxa çıxmaq üzrədir. Bizim alçaq dağlıq zonalarda çox böyük ari meşə zonaları var idi. 

Bunlar Acınohurdan Ağstafa rayonu ərazisinə qədər davam edirdi. Sonradan meşələr tamamilə qırıldı. Tədqiqatlar göstərir ki, Azərbaycanın ən qədim məskunlaşma sahələri elə oralar olub. Arxeoloji materialları araşdırsaq, Acınohur və Ceyrançöldə Azərbaycanın ən qədim yaşayış məntəqələrinin olduğu aşkara çıxar. Sonradan meşələr qırılıb, səhralaşma güclənib və insanlar bu ərazidən köçmək məcburiyyətində qalıblar", - M. İsmayılov əlavə edib.

Onun sözlərinə görə, səhralaşmanın qarşısını almaq məqsədilə çayların rejimini tənzimləmək üçün iri su anbarları yaradıldı.

"İri su anbarları çay yataqları boyunca suyun azalmasına, yığılan su isə qrunt sularının səviyyəsinin xeyli qalxmasına şərait yaratdı. Qrunt sularının yığılması isə öz növbəsində şoranlaşmaya, bataqlıqlaşmaya səbəb olub. Buna görə də hazırda Kür-Araz ovalığında bir milyon hektardan çox ərazi müxtəlif dərəcədə şoranlaşmaya məruz qalıb. Bu torpaqların yuyulması, yenidən kənd təsərrüfatına qaytarılması milyardlarla pul tələb edir", - İsmayılov vurğulayıb.

O qeyd edib ki, səhralaşmanı yaradan amillərdən biri də texnogen fəaliyyətlərdir: "Məsələn, biz asfalt örtüyünü genişləndirərək səhralaşma üçün şərait yaradırıq. Yaşayış məskənlərini genişləndiririk, daha çox ərazini evlərin altına veririk. Bunun özü də səhralaşmadır. Səhralaşma landşaftın məhsuldarlığını itirməsi deməkdir".

M.İsmayılov əlavə edib ki, neft hasilatı ilə əlaqədar Neftçala-Salyan ərazilərində, Abşeron yarımadasında, Qobustanda səhralaşmaya məruz qalan geniş ərazilər var. Onları yenidən dövriyyəyə qaytarmaq milyonlarla vəsait tələb edir: "Hökumət bu problemin qarşısını almaq üçün tədbirlər görür. Şəhərlərdə parklar salınır, ağaclar əkilir, meşə zolaqları salınır. Bunlar səhralaşmaya qarşı görülən tədbirlərdir və bu tədbirlərə görə hər il dövlət büdcəsindən milyardlarla vəsait xərclənir. Biz həm səhralaşmanı yaradırıq, həm də pul ayırıb bu problemi aradan qaldırmağa çalışırıq. Sonu isə fəlakətli ola bilər".

Qeyd edək ki, dünyanın səhralıq ərazilərində vaxtilə ekoloji tarazlıq olub, səhralaşmanın genişlənməsi ərazilərin tərk edilməsinə səbəb olub. Səhralaşma təhlükəsi hazırda bizim rayonlar üçün aktualdır. Və buna görə landşaft planlaşdırılmasının aparılması vacibdir. Bu prosesin qarşısı alınmasa, yaşaya bilmərik.

Hazırda dünyada torpaqların deqradasiyası əsas problemlərdən biridir. Bu, ilk növbədə, ərzaq təhlükəsizliyi və ekosistemin pozulmasına gətirib çıxarır.

568
Teqlər:
Azərbaycan, bataqlıq, quraqlıq, səhra, ekologiya