Şəki Xan Sarayı

Şəki Xan Sarayında xəsarət alan yaralıların son durumu - NAZİRLİKDƏN AÇIQLAMA

25
(Yenilənib 12:54 25.07.2019)
Şəki Xan Sarayının qarşısında baş verən olayda xəsarət alan İlkin nə zaman evə buraxılacaq?

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 25 iyul — Sputnik. Xəbər verdiyimiz kimi, iyulun 14-də saat 12 radələrində Şəki Xan Sarayının qarşısında təxminən 500 yaşı olan iki çinar ağacından birinin budağının qırılaraq yerə düşməsi 19 nəfərin xəsarət almasına səbəb olmuşdu. Onlardan yalnız bir nəfər hadisədən bir neçə gün sonra dünyasını dəyişib.

Şəki Xan sarayı
© Official website of President of Azerbaijan Republic

Maraqlıdır, xəstəxanada müalicəsi davam etdirilən iki xəstənin durumu necədir?  Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, artıq bir müddətdir ki, Şəki Rayon Mərkəzi Xəstəxanasında müalicə alan, 1993-cü il təvəllüdlü Elxan Məmmədov evə buraxılıb.

Qeyd edək ki, ona onurğanın qapalı travması diaqnozu qoyulmuşdu.

Bakıda yerləşən 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə alan jurnalist İlkin Məmmədovun durumu haqda isə elə xəstəxananın baş həkiminin müavini Adil Salahov Sputnik Azərbaycan-a məlumat verib. O bildirib ki, hazırda İlkinin xəstəxanada müalicəsi davam edir: "İlkinin vəziyyəti yaxşıdır. Səhhətində günü-gündən irəliləyiş var. Onda qabırğaların hər iki tərəfdən sınığı vardı. Sol ayağında sümükdə çıxıntı vardı. Bədənində əzilmə vardı. Sınıqlar olduğu üçün hələ ki, onu ayağa qalxmağa qoymuruq. İlkin tam sağaldıqdan sonra rahatlıqla ayağa qalxacaq".

"Bu gedişlə, ehtimal ki, xəstə təxminən 10 gün də xəstəxanada qalacaq. Amma artıq kritik dövrlər geridə qalıb", - deyə A.Salahov əlavə edib.

25
Teqlər:
xəstəxana, yaralı, Şəki
Əlaqədar
Şəki Xan Sarayında heç kəsin gözləmədiyi faciə – VİDEO