Müəllimlərin işə qəbulu

Planşet, "şparqalka", hicab - şagirdlərini geridə qoyan müəllimlərin imtahanından REPORTAJ

786
(Yenilənib 15:41 19.07.2019)
İmtahanın keçirildiyi məkanda nəzarətçilərlə söhbət zamanı öyrənirik ki, həmişə şagirdlərdən imtahan prosesində şəffaflıq tələb edən müəllimlərin bəziləri bu dəfə qaydaları özləri pozmağa cəhd ediblər

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 19 iyul — Sputnik. İmtahan həyəcanını adətən şagirdlər yaşayırlar. Bu dəfə isə onları müəllimlər əvəzlədilər. Azərbaycan Texniki Universitetinin idman zalının qarşısında, sözün əsl mənasında, izdiham hökm sürürdü. Valideynləri ilə imtahana gələn kim, əliuşaqlı imtahan zalının qarşısında gözləyən kim...

Müəllimlərin işə qəbulu
© AR Ministry of Education.
Müəllimlərin işə qəbulu

İsti havada buraya yığışanların isə bir məqsədi vardı - müəllimlərin işə qəbul imtahanında iştirak edib uğur qazanmaq. Biz jurnalistlərin məqsədi isə həmişəki kimi prosesləri müşahidə etmək, doğrunu doğru, əyrini əyri yazıb oxuculara təqdim etməkdir. Elə ona görə də müəllimlərin işə qəbulu üzrə imtahan prosesini izləmək üçün Təhsil Nazirliyinin təşkil etdiyi infoturu qaçırmayıb hadisə yerinə gəlmişdik.

Müəllimlərin işə qəbulla bağlı imtahanında nəzarətin güclü olduğu elə müəllimlərin sorğu-suala çəkildiyi məkanın mühafizəsindən bəlli idi. Jurnalist olduğumuzu desək də, bizi də imtahan verməyə gələn müəllimlər kimi sorğu-sual etməmiş içəri buraxmadılar. Amma bu, sən demə, yoxlamanın hələ el dili ilə desək, "jurnal"ıymış. Elə qapıdaca öyrənirik ki, müəllimlərin işə qəbul prosesində nəzarət çox ciddidir. Odur ki, imtahan zalına daxil olan bütün müəllimlərin üst-başı yoxlanılmamış imtahana buraxılmırlar. Nəticəsi də bol olub. Müəllim olmaq istəyənlərin bəzilərindən qulaqcıq, bəzilərindən "şparqalka", bəzilərindən isə digər saxtakarlıqlar aşkarlayıblar. Bu barədə bir qədər sonra...

Müəllimlərin işə qəbulu
© AR Ministry of Education.
Müəllimlərin işə qəbulu

Təhsil Nazirliyinin təşkil etdiyi növbəti mediaturda Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, filologiya üzrə fəlsəfə doktoru, "Kaspi" Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, "Kaspi" qəzetinin təsisçisi Sona Vəliyeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, eləcə də ictimai sektorun nümayəndələri də iştirak edirdilər. Məhəbbət Vəliyeva jurnalistlərə açıqlamasında bildirdi ki, Azərbaycan məktəblərinə ən yaxşı müəllimlərin seçilməsi və işlə təmin olunması Təhsil Nazirliyinin qarşısında duran prioritet istiqamətdir. Nazir müavini onu da qeyd etdi ki, imtahanda 48 mindən artıq müəllimin iştirak etməsi bu peşəyə marağın bariz nümunəsidir. Yüksək nəticə göstərərək məktəblərə gedən müəllimlər yaxın gələcəkdə ölkə təhsilinin keyfiyyətinin artırılmasına, vətənpərvər gəncliyin formalaşmasına xidmət edəcəklər.

M.Vəliyeva imtahan zamanı qeydə alınan texniki nasazlıqlar və suallarda yanlışlıqlara da toxunub. Ortaya çıxan istənilən problemə imtahan komissiyasının qətiyyətli mövqe nümayiş etdirdiyini deyib. Nazir müavini əlavə edib ki, indiyədək ortaya çıxan texniki problemlərin aradan qaldırıldığı müddət də namizədlərin imtahan vaxtına əlavə edilib. Nasazlıq və narazılıq barədə elə imtahan prosesindəcə məlumat verilməsinin lazım gəldiyini vurğulayan nazir müavini qeyd edib ki, imtahanlardan sonra namizədlərin hər hansı nasazlıqla bağlı narazılığı araşdırılsa belə, onun nəticəsi imtahanın nəticələrinə təsir göstərməz.

Müəllimlərin işə qəbulu
© AR Ministry of Education.
Müəllimlərin işə qəbulu

Nazir müavini mediaturda iştirak edən ictimaiyyət nümayəndələri ilə də tədrisi başqa dildə aparılan təhsil müəssisələrində kadr çatışmazlığı, Bolonya prosesinə keçiddən sonra mövcud qanunlara və sinifdə qarşılıqlı münasibətlərə dəyişiklik zərurəti barədə müzakirələr aparıb. Onlar ən yüksək nəticə göstərən namizədlərlə də görüşüb, hədəfləri ilə maraqlanıblar.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov müəllimlərin işə qəbulu müsabiqəsinin müəllimlər üçün əhəmiyyətini vurğulayıb. O bildirib ki, imtahanların bu şəkildə təşkil edilməsi şəffaflığın artırılmasına xidmət edir. Bunun nəticəsində müəllim olmaq istəyənlər özlərini sınamaq imkanına malikdirlər. Rektor qeyd edib ki, MİQ imtahanlarının ali təhsil müəssisələri üçün əslində keyfiyyət indikatoru rolunu oynadığı qənaətindədir. ADPU rəhbərinin fikrincə, istər məktəbin, istərsə də müəllim nüfuzunun artmasında imtahanların bu cür təşkil edilməsinin və prosesdə şəffaflığın qorunmasının rolu çox böyükdür.

İnfotur iştirakçıları imtahanın gedişini yaxından izləyiblər, onlara imtahan prosesi ilə bağlı ətraflı məlumat verilib. Bildirilib ki, bu il də müəllim olmaq istəyən namizədlərin sayında artım müşahidə edilir. İmtahanların mövcud qaydalara uyğun təşkili, obyektivliyin təmin edilməsi məqsədilə müvafiq işlər görülüb. İmtahan prosesinə xüsusi nəzarət edilir, namizədlərin qarşılaşdığı problemlərin həlli ilə bağlı yardım edilir. Məlumat verilib ki, bu il müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində 48 204 namizəd iştirak hüququ qazanıb. Bu günədək 24 456 nəfər imtahanlarda iştirak edib. Həmin namizədlərdən 8 nəfər 58 bal toplayaraq ən yüksək nəticə göstərib.

Müəllimlərin işə qəbulu
© AR Ministry of Education.
Müəllimlərin işə qəbulu

Biz də fürsət düşmüşkən imtahandan üzüağ çıxan, yüksək bal toplayan müəllimlərdən biri ilə söhbətləşdik. Arzu Kərimova Azərbaycan Dövlət Pedaqoji Universitetini 2017-ci ildə bitirib. Həmin il imtahan verib və Binəqədi rayonundakı 267 nömrəli tam orta məktəbdə tədrisi başqa dildə aparılan sinifdə müvəqqəti əsaslarla dərs deməyə başlayıb: "Bu il yenidən imtahan verdim. İxtisasımla bağlı sualları asan cavablandırdım. Kurikulum və məntiqə aid suallar isə orta çətinlik səviyyəsində idi. Əksəriyyətini cavablandırdım".

A.Kərimovanın sözlərinə görə, birinci imtahanla ikinci dəfə qatıldığı imtahan arasında fərq olub: "İlk dəfə qatıldığım müəllimlərin işə qəbulu üzrə müsabiqənin bütün mərhələlərində həyəcan keçirirdim. Bu dəfə həyəcanım azdır. Həm də indi özümə çox güvənirəm. Hazırlaşaraq həm biliyimi, iki il iş prosesində isə təcrübəmi artırmışam. Nəticədə yüksək bal topladım. Bu bal çalışdığım məktəbdə daimi əsaslarla çalışmağıma kifayət edər".

Müəllimlərin işə qəbulu
© AR Ministry of Education.
Müəllimlərin işə qəbulu

Daha sonra Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov jurnalistlərə imtahan prosesi ilə bağlı açıqlama verdi. Nazirlik səlahiyyətlisi bildirdi ki, müəllimlərin işə qəbul olması üçün bu il 7000-dən artıq vakansiya çıxarılacaq: "Artıq 10-cu gündür ki, müəllimlərin işə qəbulu müsabiqəsinin test mərhələsi davam edir. Bu günə qədər təxminən 28000 namizəd imtahan prosesində iştirak edib. Test mərhələsindən uğurla keçən namizədlər iyulun 24-dən sonra vakansiya seçimində iştirak edə biləcəklər. Bu günə kimi imtahanda iştirak edənlər arasında kifayət qədər yüksək bal toplayanlar mövcuddur. Amma təbii ki, imtahanda iştirak edən namizədlərin hamısının yüksək nəticə göstərməsi mümkün deyil".

İmtahanın keçirildiyi məkanda nəzarətçilərlə söhbət zamanı öyrənirik ki, həmişə şagirdlərdən imtahan prosesində şəffaflıq tələb edən müəllimlərin bəziləri bu dəfə qaydaları özləri pozmağa cəhd ediblər. Onların bəziləri qulağında qulaqcıqla imtahanın keçirildiyi zala daxil olmağa cəhd edib, bir qismi "şparqalka"nı bədənin müxtəlif əzalarına, bir qismi də manatların üzərinə məlumat yazmaqla əvəzləyiblər. Hətta aralarında başına hicab taxaraq başqasının yerinə "müəllim" olmaq üçün cəhd edənlər də olub. Bunu jurnalistlərə açıqlamasında Cəsarət Valehov da təsdiqləyib: "Təəssüf hissi ilə qeyd edim ki, imtahan zamanı qulaqcıqdan istifadə edən namizədlərə də rast gəlinib. Bəzi namizədlər rəfiqələri ilə birlikdə iştirak edib, yaxın masada əyləşirlər. Bu zaman onların hərəkəti diqqət yaratdıqda nəzarətçilər tərəfindən yerləri dəyişdirilir. Aralarında elələri olub ki, başına hicab taxaraq başqasının yerinə imtahan verməyə cəhd edib. Amma onların hər birinə bu cür halların müəllim adına yaraşmadığı izah olunaraq imtahandan uzaqlaşdırılıb. Barələrində məlumatlar aidiyyatı qurumlara verilib. Onu da bildirim ki, bu proses nəzarət kameralarının müşahidəsi ilə həyata keçirilir".

Müəllimlərin işə qəbulu
© AR Ministry of Education.
Müəllimlərin işə qəbulu

C. Valehov qeyd edib ki, son illər ərzində kişilərin müəllimlik sahəsini seçməklərində dinamika hiss olunur: "Bu il ərzində 10000-dən artıq müəllimin işə qəbul olunması gözlənilir: "Əlavə olaraq qeyd edim ki, ötən il bu rəqəm 12000 idi. Bu il də ən azı 12000 nəfər civarında gözlənilə bilər".

Nazir müavini Məhəbbət Vəliyeva da imtahan qaydalarını, qaydalara əməl etməyənlərə qarşı sərt mövqeni diqqətə çatdırıb. O təsdiqləyib ki, imtahanların keçirildiyi müddətdə 16 nəfər köçürmə halına yol vermə, telefon, planşet və digər vasitələrdən istifadə və imtahan qaydalarını kobud surətdə pozacaq hərəkətlərə yol vermə səbəbindən xaric olunaraq nəticələri ləğv edilib. Ötən 10 gün ərzində hətta şəxsiyyətini təsdiq edən sənədi başqasına "etibar" edənlərə belə rast gəlindiyini, amma belə cəhdlərin də qarşısının alındığını söyləyib: "İmtahan keçirilən 10 gün müddətində başqasının şəxsiyyət vəsiqəsi ilə imtahana girmək cəhdi də olub. Bu cəhdlərin qarşısı imtahan təşkilatçıları tərəfindən vaxtında alınıb və bununla bağlı Təhsil Nazirliyi müvafiq addımlar atacaq".

İmtahanda belə hallar müşahidə olunsa da, müəllim adını öz biliyi ilə qazanmaq istəyənlər çoxluq təşkil edirdi. Onların çoxu Təhsil Nazirliyinin müəllimlərin işə qəbul imtahanlarının belə şəffaf keçirilməsinin tərəfdarı olduqlarını, ümumiyyətlə müəllimlərin biliklərinin sınağa çəkilərək işə qəbul edilməsinin gələcək nəslin savadlı yetişməsi üçün mühüm əhəmiyyət kəsb etdiyini söylədilər. Biz imtahanın keçirildiyi məkanı tərk etsək də, müəllimlərin işə qəbul üçün imtahan prosesi hələ davam edirdi. Onların bu həyəcanı hələ iyulun 24-dək sürəcək...

786
Teqlər:
, imtahan, müəllim
Əlaqədar
Ekspert müəllimlərin işə qəbulunu tənqid etdi: "Bütün proseslər qüsurludur"
Ekspert: "Azərbaycanda müəllim peşəsinə tələbat artır"
Müəllimlərin işə qəbulu üzrə test mərhələsi başladı

Qabardılmış cizgilər, tanınan tipajlar: Lənkəranın yeganə keramika ustası

2
(Yenilənib 15:45 13.08.2020)
Keramika ustadan zövq, bacarıq, səbr və dəqiqlik tələb edir. Lənkəranda isə bu işi yalnız Tərlan Sadıqov bacarır. Onun buna necə nail olduğunu və ustanın maraqlı işlərini videomuzda izləyin.

Lənkəranlı keramika ustası Tərlan Sadıqovun işləri arasında maraqlı tipajlara rast gəlmək olar. Çox vaxt o, ilhamı elə yaşadığı Lənkəranda rast gəldiyi insanlardan alır. Onun işləri arasında müxtəlif lənkəranlı nənə və ya çayçı personajlarına rast gəlmək adi haldır. Rəssam maraqlı saydığı cizgiləri daha da qabarıq göstərir, beləliklə də onları daha yaddaqalan edir.

Hal-hazırda Tərlan Sadıqov daha çox sifariş əsasında rəsmlər və suvenirlər hazırlayır. Onlar çox vaxt bir nüsxədə olduğu üçün, hazırladığı keramika işlərini müəyyən qəliblə deyil, özü əli ilə işləyir.

Bütün ailənin “çörək təknəsinə” çevrilən dulusçuluq>>

Onun işlərini daha yaxından videomuzda izləyin.

2
Pandemiya zamanı imtahan, arxiv şəkli

Üç nəfər qəbul imtahanından xaric olundu

11
(Yenilənib 15:44 13.08.2020)
İmtahanlarda istifadə olunan qapalı və cavabları kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları isə (Azərbaycan və rus bölmələri) yaxın saatlarda DİM-in saytında yerləşdiriləcək.

BAKI, 13 avqust — Sputnik. Bugünkü qəbul imtahanında 3 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, imtahan prosesinin idarə olunması üçün operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub.

Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Avqustun 14-dən etibarən DİM-də imtahan protokollarının, cavab vərəqləri və kartlarının emalı aparılacaq.

İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

İmtahanlarda istifadə olunan qapalı və cavabları kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları isə (Azərbaycan və rus bölmələri) yaxın saatlarda DİM-in saytında yerləşdiriləcək.

11
Edvgerial.az saytının istifadəçisi, arxiv şəkli

Altı milyon manata yaxın ƏDV geri qaytarılıb

0
(Yenilənib 15:47 13.08.2020)
Pərakəndə ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsi istehlakçılara geri qaytarılıb.

BAKI, 13 avqust — Sputnik. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qlobal çağırışlara uyğun olaraq vergi inzibatçılığının rəqəmsallaşdırılması, xidmətlərin elektronlaşdırılması və yeni elektron məhsulların tətbiqi uğurla davam etdirilir. Naizlrikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu ilin may ayından etibarən pərakəndə ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması prosesi həyata keçirilir. Bu sistem vasitəsilə, həmçinin, supermarket və digər pərakəndə ticarət obyektləri, restoran və kafelərdən alınmış mallara, göstərilmiş xidmətlərə görə də ödənilmiş ƏDV-nin bir hissəsi istehlakçılara qaytarılır.

Qeyd olunan prosesin effektivliyini təmin etmək məqsədilə istehlakçıların müraciətlərinin qeydiyyata alındığı informasiya sistemi olan xüsusi portal da (www.edvgerial.az) yaradılıb. Bu mexanizmin işə salındığı vaxtdan avqustun 10-na olan məlumata əsasən, kimi keçən müddət ərzində artıq portalda 466.948 nəfər qeydiyyatdan keçib. Qeydiyyata alınmış istifadəçilərdən 375.536-sı və ya 80 faizi əldə etdiyi kassa çekləri barədə məlumatları portaldakı elektron kabinet vasitəsilə sistemə daxil ediblər.

Hesabat dövrü ərzində vətəndaşlar tərəfindən 20,6 milyondan çox kassa çeki barədə məlumat www.edvgerial.az portalında qeydə alınıb. Həmin çeklər üzrə geri ödənilməsi tələb olunan ƏDV-nin məbləği 9,8 milyon manat təşkil edir. Artıq təsdiq olunmuş çeklər üzrə 5,9 milyon manat ƏDV məbləği geri ödənilib və istehlakçıların elektron kabinetindəki virtual "pul qabı"na yerləşdirilib, qalan məbləğ isə geri ödənilmə müddəti üzrə gözləmədədir.

Xatırladaq ki, qaydalara əsasən, ƏDV-nin müəyyən hissəsinin qaytarılması zamanı bir neçə məqama diqqət yetirilməlidir. İlk növbədə, istehlakçı, yəni alış-veriş edən və ya xidmətdən yararlanan tərəf fiziki şəxs olmalıdır. İkincisi, satıcı və ya xidmət göstərən tərəf mütləq ƏDV ödəyicisi olmalıdır. Eyni zamanda, alınan mal və ya xidmətlər də ƏDV-yə cəlb edilməlidir. Digər məqam isə satıcının yeni nəsil kassa aparatlarından istifadə etməsidir. ƏDV-nin bir hissəsinin qaytarılması yalnız bu tip kassa aparatlarının tətbiq olunduğu obyektlərdə mümkündür.

İstehlakçı alınmış malların dəyərini nağd və ya nağdsız qaydada ödəyə bilər. Nağd ödəmələr zamanı satıcı istehlakçıya onlayn nəzarət-kassa aparatının çekini təqdim edir. İstehlakçı nəzarət-kassa aparatının çekini aldığı tarixdən 90 gün ərzində www.edvgerial.az portalına müraciət etməli və çek barədə məlumatları, yəni NKA çekinin 12 simvollu fiskal İD-sini elektron kabineti vasitəsilə sistemə daxil etməlidir. Həmçinin, BirBank tətbiqinə malik olan və onu müvafiq qaydada yükləyən bütün istifadəçilər bu tətbiq vasitəsilə də çekin QR kodunu (çekdə yerləşdirilmiş sürətli məlumat kodu) oxudaraq ƏDV-ni daha rahatlıqla geri qaytara bilərlər.

İstehlakçının sistemə daxil etdiyi nəzarət-kassa aparatı çeki barədə məlumatların Dövlət Vergi Xidmətinin məlumat bazasındakı məlumatlarla uyğunluğu yoxlanılır. Nəzarət-kassa aparatı çekinin təsdiqlənməsi istehlakçının elektron kabinetində dərhal əks olunur. Çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15 faizi, nağd ödənişlər üzrə 10 faizi müvəkkil bank tərəfindən alıcının elektron kabineti açılarkən yaradılmış virtual "pul qabı"na yerləşdirilir. İstifadəçilər toplanmış vəsait ilə kommunal, mobil, internet, TV, cərimə və sığorta ödənişlərini həyata keçirə, həmçinin ölkədaxili bank kartlarına köçürmələr edə bilərlər. Hər bir istifadəçi, balansına uyğun olaraq, bir tranzaksiya çərçivəsində minimum 5, maksimum 500 manat məbləğində vəsaiti kart hesabına köçürə bilər. Layihənin maliyyə partnyoru “Kapital Bank”dır.

0