Turistlər İçəri Şəhərdə, arxiv şəkli

"Şərqin qapısı"nı turistlər "baca"dan döyürlər ya "mavi bayraq"dan bizdə niyə yoxdur?

962
(Yenilənib 13:42 19.07.2019)
"Bu iş dənizin sahilində bir neçə istirahət obyekti açmaqla məhdudlaşmır"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 19 iyul — Sputnik. Gürcüstan turizmdən əldə etdiyi gəlirlərlə Cənubi Qafqazda öz liderliyini qoruyub saxlamaqdadır. Məlumatlara görə, bu ölkənin 2019-cu ilin ilk 6 ayı ərzində beynəlxalq turizmdən gələn gəlirləri 1,5 milyard dollar olub. Bu isə Gürcüstanın illik dövlət büdcəsinin təqribən 1/3-ni təşkil edir.

Qonşu Gürcüstanda turizmin sürətlə inkişafı, hətta büdcəsinin bir hissəsini bu sahədən gələn gəlirlər hesabına formalaşdırması turizm potensialı olan digər ölkələr üçün bir nümunə ola bilər. Elə Azərbaycan üçün də...

Öz turizm imkanlarına görə Gürcüstandan heç də geri qalmayan Azərbaycanda son illər turizmin inkişafı istiqamətində işlər görülsə də, hələ ki büdcəmizin bir hissəsini turizmdən əldə edilən vəsait hesabına formalaşdırmaq mümkün olmayıb. Turizm üzrə ekspertlər də Azərbaycanda xarici turizmdən əldə edilən gəlirlərin artması üçün görüləcək çox iş olduğunu söyləyirlər.

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, Gürcüstanın turizm sahəsində əldə etdiyi gəlirlərin ildən-ilə artmasının kökündə uğurlu turizm siyasəti dayanır: "Gürcüstanda turizm siyasətinə cavabdeh olan qurumlar bu işə çox böyük məsuliyyətlə yanaşırlar. Bunun sayəsində də vətəndaşları turizm səyahətinə üstünlük verən Rusiya, Ukrayna kimi ölkələr, demək olar ki, hər il seçimi Gürcüstan üzərində saxlayır. Hətta Azərbaycandan da bu ölkəyə turist axını var. Bunun səbəbi Gürcüstanda kütləvi turizmin inkişafıdır. Müxtəlif ölkələrdən Gürcüstana üz tutan turistlər üçün burada sərfəli istirahət imkanları yaradılıb.

Sual verdiniz ki, Azərbaycanın turizm potensialı Gürcüstandan geri qalmadığı halda, turizmdən əldə etdiyi gəlirləri niyə bu ölkə ilə müqayisədə azdır? Bunun çox sadə bir cavabı var.

Azərbaycanda indiyədək konqres turizminə üstünlük verilirdi. Yəni ancaq bahalı turizm inkişaf etdirilirdi. Halbuki turizmdən gələn gəlirləri artırmağın əsas yolu büdcə turizmini inkişaf etdirməkdən keçir. Gürcüstan buna nail olub. Azərbaycanın isə potensialı olmasına baxmayaraq, turizmin əsas növü olan çimərlik turizmini hələ də inkişaf etdirə bilməyib. Bu gün Rusiyadan, Belarusdan, eləcə də digər MDB ölkələrindən Gürcüstana axının səbəbi bu ölkədə turizmin bütün növlərinin, eləcə də çimərlik turizminin inkişafı və sərfəli olmasıdır.

Türkiyə də bu mənada örnək çəkilməlidir. Türkiyənin Antalya və digər yerlərində çimərlik turizmi "mavi bayraq" ala bilib. Ona görə də Rusiyadan olan turistlərin çoxu yay fəslində bu ölkəyə axışır. Azərbaycanın isə Xəzər dənizi kimi sərvəti olmasına baxmayaraq çimərlik turizmi nə "mavi bayraq" alıb, nə də orta səviyyədə inkişaf edib. Bir ölkədə kütləvi turizmi inkişaf etdirən əsas turizm növü isə çimərlik turizmidir ki, biz də bu sahədə hələ geri qalırıq".

Batuminin küçələri, arxiv şəkli
© Sputnik / Murad Orujov

M.Ağakərimov deyir ki, Azərbaycanın turizmdən əldə etdiyi gəlirlər ancaq idman oyunları keçirildiyi vaxtda artır: "Biz turizmdən əldə etdiyimiz gəlirləri artırmaq istəyiriksə, mütləq kütləvi turizm növü olan çimərlik turizmini inkişaf etdirməliyik. Bu iş dənizin sahilində bir neçə istirahət obyekti açmaqla məhdudlaşmır. Dənizin suyu təmizlənməli, çimərliklərə yaxın ərazidə çoxulduzlu otellərlə yanaşı, azulduzlu otellər inşa edilməli, qiymət xidmət səviyyəsinə uyğun olmalıdır və sairə. Çox təəssüf ki, Prezidentin imzaladığı sərəncam və tədbirlər planlarına rəğmən bizdə turizmin kütləvi növü olan çimərlik turizmi inkişaf etmir".

Qeyd edək ki, 2018-ci ildə Gürcüstana gedən hər beş turistdən biri (21%) rusiyalı olub. May ayında Gürcüstana 172,2 min rusiyalı səfər edib. İyun ayında səfər edənlərin sayı isə bundan 152 min nəfər çox olub. Nəticədə ruslar Gürcüstana səfər edən əcnəbilər arasında birinci yeri tutublar. Gürcüstanın Milli Turizm İdarəsinin rəhbəri Mariam Kvirişvili bildirib ki, 2019-cu ilin altı ayı ərzində ölkəni 700 min rusiyalı ziyarət edib. Məlum hadisələrə qədər il ərzində 2,7 milyon Rusiya vətəndaşının Gürcüstana turist səfəri edəcəyi gözlənilirdi. Kvirişvilinin sözlərinə görə, 2019-cu ilin sonuna qədər Gürcüstan bir milyon rusiyalı turist itirəcək ki, bu da təqribən 710 milyon dollar vəsaitin itirilməsi deməkdir.

M.Ağakərimov Gürcüstana Rusiyadan turist axınının bu iki ölkə arasında olan münasibətlərlə çox əlaqəli olduğunu deyir. Onun sözlərinə görə, Azərbaycan çimərlik turizmini inkişaf etdirsə, çox rahatlıqla Rusiya, Belarus, Ukrayna kimi ölkələrdən Gürcüstana gedən turistləri özünə cəlb edə bilər:

"Bunun üçün isə yenə də mütləq Azərbaycanda otellərin sayı artırılmalıdır. Təcrübə göstərir ki, ölkəmizdə beynəlxalq səviyyəli idman oyunları olanda otellərin hamısı dolur. Ona görə də turizmin inkişafı üçün otellərin sayının, xüsusilə büdcə otellərinin sayının artırılması vacibdir".

Statistik rəqəmlər sübut edir ki, Azərbaycan da Gürcüstana ən çox turist göndərən ölkələr sırasındadır. Təkcə ötən ilin 9 ayı ərzində Gürcüstana səfər edən azərbaycanlıların sayı 4 milyon 14,6 min nəfər olub.

M.Ağakərimov bildirir ki, Azərbaycan vətəndaşlarını Gürcüstana cəlb edən də bu ölkədə kütləvi turizmin inkişaf etməsi, qiymətlərin münasib olmasıdır.

Dövlət Turizm Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumatda isə bildirilir ki, Azərbaycana gələn turistlərin sayında artım müşahidə olunur. 2019-cu ilin birinci yarısında Azərbaycanı ziyarət etmiş xarici qonaqların sayı 1.4 mln-a çatıb ki, bu da ötən ilin eyni dövründə ölkəyə gəlmiş 1.3 mln xarici ziyarətçi ilə müqayisədə 86 min və ya 6.5% çox qonaq deməkdir. Gələnlərin böyük hissəsini 29.4%-lə Rusiya (414 min), digər böyük hissəsini isə 24.3%-lə Gürcüstan (342 min) vətəndaşları təşkil edib. Gürcüstan üzrə artım 22.8% və ya 64 min nəfər olub.

 Türkiyədən gəlmiş qonaqların sayı 3.7% artaraq toplam 148 minə çatıb. Cənubi və Mərkəzi Asiya ölkələrindən gələnlərin sayında yenə də sürətli artım müşahidə olunur - artım ilin ilk yarısı üçün uyğun olaraq 37.8% və 50.2% olub. Azərbaycan üçün Cənubi Asiyanın əsas turizm bazarları Hindistan (27 min; 80.2% artım) və Pakistan (19 min; 24.4% artım), Mərkəzi Asiyada isə Qazaxıstan (20 min; 15.1% artım) və Türkmənistandır (21 min; 85% artım). Səudiyyə Ərəbistanından gələnlərin sayında isə təxminən 80% artım müşahidə olunur ki, bu da 15 min nəfər artımla 34 mindən çox xarici vətəndaş deməkdir. 2019-cu ilin iyun ayında gələnlərin sayında əhəmiyyətli dərəcədə artım müşahidə olunub – bu artım 17.2% təşkil edib. Bu tendensiya özünü Azərbaycan turizmi üçün xarakterik olan bütün ölkələr üzrə göstərib.

Azərbaycanın turizm siyasətini həyata keçirən rəsmi qurumu inkişafın olduğunu desə də, nədənsə hələ özümüz belə tozlu meqapolisin narahatlıqlarından uzaqlaşaraq kiçik dağlıq ölkə olan Gürcüstanda istirahət etməyə can atırıq.

962
Teqlər:
Azərbaycan, otel, çimərlik, xidmət, turizm
Əlaqədar
Gürcüstanın turizm reallığı – Ölkəyə pul su kimi axır

Topçu Vüsal məsələsində son nöqtə qoyuldu - "Məqsədimiz..."

10
"Az-Granata" MMC-nin PR meneceri: "Bu şəkilin seçilməsində məqsəd Azərbaycan Ordusunun mərdliyini, cəsarətini nümayiş etdirmək idi".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 30 noyabr — Sputnik. Vətən müharibəsinin qəhrəmanlarından olan topçu Vüsal Şahkərimovu məşhurlaşdıran fotonun spirtli içki şüşəsinin üzərinə vurulması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. İctimaiyyətdə qəhrəman topçunun şəklinin spirtli içki şüşəsində əks olunması geniş narazılığa səbəb olub. Əsgərin atası İslam Şahkərimov bildirib ki, şərab istehsalçılarına şifahi şəkildə razılıq verib: "Bir az əvvəl həmin adamlar yenə mənə zəng etmişdilər. Dedilər ki, Vüsal özü bu məsələyə nə deyir, əsas odur. Mən də belə düşünürəm ki, razılıq verməklə səhv etmişəm. Görürəm ki, camaatdan da xeyli narazılıq var. Elə az əvvəl Vüsalla da danışdım. Dedi ki, fotomun içki şüşəsinin üstünə vurulmasına etiraz edirəm".

"Az-Granata" MMC-nin PR meneceri Ülvi Günəşli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, artıq topçu Vüsal Şahkərimovla bağlı məsələ bağlanıb: "Qeyd edim ki, üzərində topçu Vüsal Şahkərimovun şəkli olan spirtli içki istehsala verilməmişdi. Sadəcə olaraq bu barədə məlumat paylaşılmışdı. "Az-Granata" MMC Vüsalın valideyni ilə danışaraq həm şifahi, həmçinin də rəsmi razılığını almışdı. Sadəcə olaraq bu məsələdə ictimaiyyətin fikrini nəzərə aldıq. Həmçinin topçumuz özü də şəklinin spirtli içki şüşəsində olmasına razı olmayıb. Biz də bütün bunları nəzərə alaraq bu məsələni qapatdıq".

Ü.Günəşli iddia edir ki, əslində bu məsələdə şirkətin məqsədi tamamilə başqa olub: "Bizim fikrimiz ictimaiyyətə düzgün çatdırılmadı. Şirkətimiz Vüsalın şəklinin vurulduğu kitabların çapına da sponsorluq etmək niyyətində idi. Bizim qədim tarixi adları daşıyan məhsullarımız var. Həmin məhsullar gələn qonaqlara təqdim edildikdə tariximizlə bağlı məlumatlar da verilir. Bizim üzərində topçu olan spirtli içkini bir dəfə istehsal etmək fikrimiz vardı. Bu şəkilin seçilməsində məqsəd Azərbaycan Ordusunun mərdliyini, cəsarətini nümayiş etdirmək idi".

Qeyd edək ki, əslən Xaçmaz rayonundan olan 19 yaşlı topçu Vüsal Şahkərimov Vətən müharibəsinin minlərlə qəhrəmanından biridir.

10

Azərbaycanda minaların partlaması nəticəsində 535 mülki şəxs ölüb

2
Əhmədov qeyd edib ki, Agentlik tərəfindən vətəndaşların təhlükəli, naməlum əşyalara, hərbi sursatlara və qurğulara toxunmamaları ilə bağlı maarifləndirmə işləri aparılır.

BAKI, 30 noyabr — Sputnik. 1999-2020-ci illər ərzində Azərbaycanda minaların partlaması nəticəsində 535 nəfər mülki şəxs həlak olub, 2418 nəfər yaralanıb.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov deyib.

O qeyd edib ki, Agentlik tərəfindən vətəndaşların təhlükəli, naməlum əşyalara, hərbi sursatlara və qurğulara toxunmamaları ilə bağlı maarifləndirmə işləri aparılır.

Q.Əhmədov qeyd edib ki, bununla bağlı vətəndaşların rayon polis idarəsinə və icra hakimiyyətinə məlumat vermələri xahiş olunur.

2