Qocaman ağaclarla dolu olan Hirkan Milli Parkı, arxiv şəkli

Şəki olayının ardı ilə: Qoruqların təhlükəsizliyi necə təmin olunur?

949
(Yenilənib 19:04 15.07.2019)
Bu cür hadisələrin təkrarlanmaması üçün mütləq ölkə üzrə qoruq ərazilərində təhlükəsizliklə bağlı monitorinq aparılmalıdır

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 15 iyul — Sputnik. Şəki Xan Sarayında baş verən faciə digər qoruq ərazilərində də turistlərin təhlükəsizliyi məsələsini gündəmə gətirib. Sputnik Azərbaycan mövzunun aktuallığını nəzərə alaraq ölkə ərazisindəki digər qoruq ərazilərində təhlükəsizlik mövzusunu araşdırıb.

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov Sputnik Azərbaycan-ın əməkdaşı ilə söhbətində bildirib ki, Şəki Xan Sarayında baş verən olay təbiət hadisəsi olsa da, qoruq ərazilərində monitorinqin aparılması vacibdir: "Şəkidə Xan Sarayında baş verən faciə göstərdi ki, qoruq ərazilərində turistlərin təhlükəsizliyi diqqətdə saxlanılmalıdır. Bu cür hadisələrin təkrarlanmaması üçün mütləq ölkə üzrə qoruq ərazilərində təhlükəsizliklə bağlı monitorinq aparılmalıdır. Bütün qoruqlarda turistlərin həyatına təhlükə yaradacaq məqamlar araşdırılmalıdır. Ümumiyyətlə, bütün dünyada turistlərin təhlükəsizlik məsələsi birinci yerdə dayanır. Turizm şirkətləri onlara müraciət edən turistlərin həyatları üçün təhlükə yaradacaq bütün məqamları incələyirlər. Bu istər otellərdə, istər də turizm məkanlarında diqqətdə saxlanılmalı məqamdır. Çünki ölkəmizə gələn turistlərin həyatına təhlükə yaradacaq istənilən hadisə Azərbaycana turist axınına təsir edə bilər".

M.Ağakərimov bildirir ki, eyni zamanda rayonlarda, xüsusilə insanların istirahət etdiyi ərazilərdə, qoruq ərazilərində yaşlı ağacların aşma təhlükəsinin olub-olmadığı araşdırılmalıdır.

Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Şəki Xan Sarayında baş vermiş hadisə sırf təbii fəlakətdir: 

Yasamal qəbiristanlığı
© Sputnik / Nigar Maharram.
"Odur ki, burada təhlükəsizliklə bağlı başqa məqamlar axtarmaq yersizdir. Amma qeyd edim ki, qoruq ərazilərinin təhlükəsizliyinə mütəmadi olaraq diqqət yetirilir. Qoruq ərazilərinin təhlükəsizliyi ilə bağlı monitorinqlər aparılır. Şəki Xan sarayında baş verən hadisənin təhlükəsizliyə qəti aidiyyatı yoxdur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərinin gəldiyi qənaət də belədir ki, hadisə sırf təbii fəlakətdir. Ağacın qopan budağı sağlam olub. Budaq yağışlı və küləkli havada ağırlığa tab gətirmədiyi üçün qırılıb. Bu məsələnin qoruq ərazilərində təhlükəsizliyə aidiyyatı yoxdur".

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Bakı şəhərində və şəhər ətrafında aşma təhlükəsi olan ağaclarla bağlı bələdiyyələrdən müraciət daxil olduğu halda bu məsələ araşdırılır. Rayonlarda isə bu iş bələdiyyələrlə yerli Yaşıllaşdırma Təsərrüfatı İdarələrinin üzərinə düşür.

949