Sahildə ölü balıq, arxiv şəkli

Pirşağının ölü balıqları bazara çıxa bilər - qanun susur, qurumlar "oynayır"

931
(Yenilənib 19:20 10.07.2019)
Bələdiyyələr bu obyektlərə ərazini icarəyə verəndə sahibkarlıq subyektləri qarşısında şərt qoymalıdır ki, çirkab suların axıdılması üçün dənizdən xeyli aralıda quyular qazsınlar

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 11 iyul — Sputnik. Artıq bir neçə dəfədir ki, Bakının müxtəlif çimərliklərində ölü balıqların kütləvi ölüm hallarına rast gəlinir. Bu dəfə paytaxtın Sabunçu rayonunda, Pirşağı qəsəbəsi ərazisində yerləşən Qızılqum çimərliyində balıqların kütləvi ölümü qeydə alınıb. Məlumatlara görə, balıqların kütləvi ölümünə uzaq məsafədən gələn və birbaşa dənizə axıdılan kanalizasiya və çirkab suları yol açıb. Sputnik Azərbaycan-ın əməkdaşı son günlər çimərliklərdə tez-tez təkrarlanan balıqların kütləvi ölümü məsələsini araşdırıb.

Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, balıqların kütləvi ölümü ilə bağlı araşdırmalar aparılıb analizlər götürüləcək. Bundan sonra mətbuata balıqların son günlər tez-tez qeydə alınan ölüm hallarının səbəbi barədə məlumat veriləcək.

Pirşağı çimərliyində ölü balıqlar
Pirşağı çimərliyində ölü balıqlar

Xəzər Ekoloji Laboratoriyasının baş kimyaçısı Günay Mikayılova isə Sputnik Azərbaycan-ın əməkdaşı ilə söhbətində bildirib ki, balıqların kütləvi ölümünə suyun tərkibində ağır kimyəvi maddələrin normadan çox olması səbəb ola bilər. Həmsöhbətimiz deyir ki, bu gün kanalizasiya və çirkab suların Xəzərə axıdılması dənizdə yaşayan biomüxtəlifliyə təsirsiz ötüşmür. Onun sözlərinə görə, Xəzərin ekoloji baxımdan təmiz saxlanması çox vacib məsələdir: “Balıqların kütləvi ölümünün səbəbi ölü balıqlardan analizlər götürüldükdən sonra müəyyən ola bilər. Həmçinin balıqların kütləvi ölümü qeydə alınan çimərliklərdə də sudan nümunələr götürülməli, suyun tərkibi yoxlanılmalıdır. Amma ümumilikdə qeyd edim ki, balıqların kütləvi ölümünün ciddi səbəbi var.  Bu, dənizə çirkab suyun axıdılması da ola bilər. Əgər çirkab suyun tərkibində ağır metallar varsa, bu zaman balıqların kütləvi məhvi mümkündür. Ona görə də ilk növbədə Pirşağıda, eləcə də balıqların kütləvi ölümü qeydə alınan digər çimərliklərdə dənizə axıdılan suyun kanalizasiya suları, yaxud da istehsal müəssisələrinin tullantıları olub-olmadığına aydınlıq gətirmək lazımdır. İstehsal müəssisələrindən axıdılan tullantılarda kimyəvi ağır metallar olduğundan bu, balıqların kütləvi ölümünə yol aça bilər. Çünki istehsal müəssisələrinin tullantı sularında civə və digər kimyəvi maddələr olur. Həmin ərazilərdə suyun tərkibi mikrobioloji parametrlərinə görə də yoxlanılmalıdır”.

G.Mikayılova deyir ki, balıqların kütləvi ölümünün məhz çimərlik ərazilərində müşahidə olunmasının digər səbəbi kiçik balıqların sahilə tərəf gəlməsidir: “Xəzərin ekoloji durumunun yaxşılaşdırılması üçün vacib tələblərdən biri dəniz ətrafı yaşayış olan ərazilərdə, eləcə də istehsal müəssisələrinin kanalizasiya sisteminin çəkilməsi, təmizləyici qurğuların inşa edilməsidir. Çox təəssüf ki, əksər çimərlik zonalarında bu təmin edilməyib.

Ekoloq Fikrət Cəfərov isə bildirib ki, çimərliklərdə son günlər balıqların kütləvi ölüm halları həm havaların isti keçməsi, eyni zamanda dəniz suyunun normadan artıq tullantı suları ilə çirklənməsi üzündən baş verə bilər: “Mənim fikrimcə, çimərlik ərazilərində balıqların kütləvi ölümündə iki səbəb var. Birinci səbəb odur ki, havaların isti olması suda oksigen çatışmazlığı yaradıb. Amma dənizin suyu təmiz olsaydı, yəqin ki, balıqların kütləvi ölümü az-az hallarda qeydə alınardı. Deməli, suda çirklənmə səviyyəsi də yüksək olub. Bu gün etiraf etmək lazımdır ki, çimərlik ərazisindəki obyektlər çirkab suyu dənizə axıdır. Orada təmizlik işləri zamanı kimyəvi tərkibli yuyucu maddələrdən istifadə edilir. Bu maddələr suda oksigenin azalmasına səbəb olur. Ona görə də bir tərəfdən istilər, digər tərəfdən dənizə axıdılan çirkab sular hesabına suda oksigen çatışmazlığı yaranır. Bundan ən böyük zərbə kiçik balıqlara dəyir. Onlar kütləvi şəkildə məhv olurlar”.

F.Cəfərov bildirir ki, balıqların kütləvi ölümünün qarşısını almaq üçün çimərliklərdəki sahibkarlıq subyektlərinin çirkab suları dənizə axıtmasının qarşısı alınmalıdır: “Bələdiyyələr bu obyektlərə ərazini icarəyə verəndə sahibkarlıq subyektləri qarşısında şərt qoymalıdır ki, çirkab suların axıdılması üçün dənizdən xeyli aralıda quyular qazsınlar. Çirkab sular dənizə yox, o quyulara axıdılsın”.

Qeyd edək ki, çimərlik ərazilərində ölü balıqların qalması bu balıqların satışa çıxma riskini də artırır. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, sahilə çıxan ölü balıqların təcili utilizasiyası aparılmalıdır. E. Hüseynovun sözlərinə görə, ölmüş balıqların işbazlar tərəfindən satışa çıxardılması, eləcə də dondurularaq satılması istisna deyil: “Sahilə çıxan kiçik balıqlar olsa da, işbazlar satışa yararlılarını yığıb yenidən satışa çıxara bilərlər. Təcili olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölmüş balıqların utilizasiyasını aparmalıdır.

AQTA-dan isə çimərlik ərazilərində ölmüş balıqların utilizasiyasının onlar tərəfindən aparılmadığını, ölmüş balıqları almağın tövsiyə edilmədiyini söylədilər. Pirşağı Qəsəbə Bələdiyyəsindən və Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən də ölmüş balıqları sahildən təmizləməyin onların işi olmadığını bildirdilər.

Dövlət qurumlarının bu ötür-ötür oyunun qarşısının alınması üçün isə qanunvericilikdə konkret müddəa yoxdur.

931

Evlər "Suqovuşan"ın işığı ilə aydınlanacaq - VİDEO

6
(Yenilənib 14:24 05.12.2020)
"Hazırda KSES-lərə dəymiş ziyan hesablanıb və bərpa edilməsi üçün layihələndirmə işləri həyata keçirilib. Layihəyə əsasən, işlər 3 ay müddətində həyata keçirilərək elektrik stansiyaları istismara veriləcək" - "Azərenerji" ASC

BAKI, 5 dekabr — Sputnik. Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərdə yararlı və yararsız bir çox enerji obyektləri mövcuddur. Onlardan biri də Suqovuşanda yerləşən ümumi gücü 7,8 Meqavat olan "Suqovuşan-1" və "Suqovuşan-2" Kiçik Su Elektrik Stansiyalarıdır (KSES).

"Azərenerji" Açıq Səhmdar Cəmiyyətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, onlardan birinin gücü 4,8, digərinin gücü isə 3 Meqavatdır: "Erməni qəsbkarları bir çox sahələrdə olduğu kimi, bu KSES-lərə də zərər vurmağa, yararlı ehtiyat hissələrini söküb daşımağa, apara bilmədiklərini dağıtmağa macal tapsalar da, onların təmir və bərpa edilməsi mümkünsüz deyil. Belə ki, işğaldan azad edilən Suqovuşandakı su elektrik stansiyalarının maşın zalı, aqreqatları, generatorları, o cümlədən idarəetmə mərkəzinin binası, panellər, avadanlıqlar, yarımstansiyasının gərginlik və cərəyan transformatorları, açarlar, ayırıcılar zədələnib və ya sıradan çıxıb".

"Hazırda KSES-lərə dəymiş ziyan hesablanıb və bərpa edilməsi üçün layihələndirmə işləri həyata keçirilib. Layihəyə əsasən, işlər 3 ay müddətində həyata keçirilərək elektrik stansiyaları istismara veriləcək", - deyə məlumatda bildirilib.

"Suqovuşan" KSES-lərin mövcud vəziyyətini göstərən videonu təqdim edirik.

6
Teqlər:
"Azərenerji" ASC, SES, Suqovuşan
Qarabağ klubunun futbolçuları, arxiv şəkli

"Qarabağ"da koronavirusa yoluxan futbolçuların sayı artıb

10
Milli komandanın heyətində Lüksemburqda koronavirusa yoluxmuş Maksim Medvedev müalicəsini tamamlayaraq Bakıya qayıdıb.

BAKI, 5 dekabr - Sputnik. Azərbaycan çempionu "Qarabağ"da daha beş futbolçunun koronavirus testi müsbət çıxıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə klubun yaydığı açıqlamada deyilir.

Məlumata görə, "Qarabağ" Avropa Liqasının qrup mərhələsində "Makkabi" ilə matçdan geri döndükdən sonra Peşəkar Futbol Liqasının tələblərinə əsasən, Premyer Liqanın XII turunda qarşılaşacağı "Qəbələ" ilə matçın hazırlıqları çərçivəsində növbəti dəfə koronavirus testindən keçib
Testin nəticələrinə görə, futbolçular Qara Qarayev, Emil Balayev, İsmayıl İbrahimli, Toral Bayramov Kevin Medinada koronavirus aşkarlanıb.
Daha öncə testin nəticəsi pozitiv olan daha iki futbolçunun - Mahir Emreli Abbas Hüseynovun - müalicələri davam etdirilir.
Milli komandanın heyətində Lüksemburqda koronavirusa yoluxmuş Maksim Medvedev müalicəsini tamamlayaraq Bakıya qayıdıb.

Qeyd edək ki, komandanın baş məşqçisi Qurban Qurbanov da koronavirusa yoluxub. 

10
Teqlər:
test, Qarabağ FK, yoluxma, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Nikol Paşinyan, arxiv şəkli

Paşinyandan növbəti etiraflar: Aprel döyüşü şifahi vədlə dayandırılıbmış

0
Ermənistanın baş naziri Qarabağda müharibənin qarşısını ala bilməməsi barədə ittihamlara cavab verərkən müəyyən təfərrüatı da açıqlayıb

BAKI, 5 dekabr — Sputnik. 2016-cı ildəki Aprel döyüşləri Ermənistan hökumətinin Azərbaycana əraziləri qaytarmaq barədə şifahi vədi əsasında dayandırılıb. Sputnik Ermənistan yazır ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan özü və hökumətinin müharibəni dəf etmədikləri barədə ittihamlara cavab vermək məqsədli videomüraciətində deyib.

“Əgər siz müharibədən qaça bilərdinizsə, bunu 2016-cı ildə edəydiniz. Siz bunu edə bilmədiniz. Siz şifahi olaraq söz verdiniz ki, əraziləri təhvil veririk, o zaman dayandırdınız. Bəs bizə niyə eyni şey müyəssər olmadı? Çünki bizə deyildi ki, Ermənistan artıq bir neçə dəfə söz verib, amma yerinə yetirməyib, ona görə də söhbət ancaq yazılı surətdə və konkret müəyyənləşdirilmiş tarixlər əsasında baş tuta bilər”, - Paşinyan deyib.

O əlavə edib ki, müharibəni yalnız imzalanmış sənəd əsasında dayandırmaq mümkün idi və bu, noyabrın 9-da, yaxud müharibədən əvvəl və ya o başladığı ilk günlərdə baş tuta bilərdi. Nazir xatırladıb ki, müharibənin ilk günündə parlament tribunasında hansı şərtlər əsasında müharibəni dayandıra biləcəyini açıqlayıb, amma nə bu şərtlərlə razılaşan oldu, nə də bu barədə kütləvi çıxışlar edildi.

“İndi isə məlum olur ki, hamı ərazilərin 5+2 fotrmatda geri qaytarılmasına razı imiş. Əgər bu belə idisə, bunu 2016, 2017-ci illərdə edəydiniz. Müharibədən qaçaydınız. Problemi həll edəydiniz. Xüsusilə də Aprel müharibəsindən sonra nüansları bilirdiniz. Bəziləri elə bilirlər ki, Azərbaycan bu 5+2 formatını alqışlayır. Bu sadəcə müzakirə olunmalı təklif idi, Ermənistan bu varianta razı olan kimi isə Bakı daha çoxunu – Şuşa ilə Laçını - istəyəcəkdi”, - Paşinyan deyib.

Onun sözlərinə görə, hökumətin Türkiyənin Qarabağ münaqişəsinə müdaxiləsinə icazə verdiyi barədə ittihamları da anlamır. Paşinyan deyib ki, bu hadisə hələ 10 il bundan qabaq, erməni hökumtəi futbol diplomatiyası görüntüsünü yaradanda başladı və Ankara işğal olunmuş ərazilərin azad olunması barədə ilkin şərt irəli sürdü.

Qeyd edək ki, sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb, kəndlərin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görüb.

2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.
Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu) isə Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. Dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.
Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

0
Teqlər:
aprel döyüşləri, müharibə, etiraf, Nikol Paşinyan, Ermənistan, Türkiyә, Azərbaycan, Qarabağ