Menyu oxuyan kişi, arxiv şəkli

İstirahət məkanlarında qanunsuzluq - Bir dəfə tələb etmək olar, amma bir neçə dəfə...

967
(Yenilənib 16:40 02.07.2019)
Müştəridən üç dəfə xidmət haqqı alınması özü qanunsuzluqdur

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan 

BAKI, 28 iyun — Sputnik. Bu günlərdə istirahət mərkəzlərində müştəriyə təqdim olunan qəbz sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub. Qəbzdə müştəridən xidmət haqqı üçün əlavə 22 manatın tələb olunması ölkəmizdəki turizm obyektlərində soyğunçuluq kimi qiymətləndirilib. Qeyd edək ki, dünya praktikasında istirahət məkanlarında müştəridən xidmət haqqı tələb olunması ənənəsi var. Amma yəqin ki, nadir hallarda müştəridən bir xidmətə görə üç dəfə xidmət haqqı tələb olunması praktikasına rast gəlinə bilər. Turizm sahəsi üzrə ekspertlər də bunun yolverilməz olduğunu söyləyirlər.

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qaydalara görə, müştəridən xidmət haqqı bir dəfə tələb oluna bilər. Bu isə ümimi hesabın ancaq 5 faizini təşkil edə bilər: "Əgər müştəridən hansısa istirahət məkanında dincələrkən üç dəfə xidmət haqqı tələb olunubsa, bu biabırçılıqdır. Dünyanın heç bir yerində istirahət məkrəzi öz müştərisinə qarşı belə addım atmaz. Çünki, turizm obyektləri sabahlarını düşünürlər. Bizdə isə turizm obyektlərinin sahibkarları bu gün üçün çalışırlar. Onlar sabah müştərilərinin qaçacağından qəti narahatlıq keçirtmirlər. Bu cür hallar varsa, mütləq aidiyyatı qurumlar mübarizə aparmalıdırlar. Müştəridən üç dəfə xidmət haqqı alınması özü qanunsuzluqdur. Bu gün bunu yerli vətəndaşlara qarşı edənlər, belə çıxır ki, sabah ölkəmizə gələn turistdən beş dəfə artıq xidmət haqqı alacaqlar".

İstirahət mərkəzində təqdim olunduğu iddia edilən çek
© Sosial şəbəkə
İstirahət mərkəzində təqdim olunduğu iddia edilən çek

M. Ağakərimovun sözlərinə görə, belə hallar Azərbaycanda turizmin inkişafına zərbə vurur: "Ölkədə turizmin yeni növü -"soyğunçluq turizmi" peyda olub. İstirahət məkanlarında dincələnlərə bir şiş kababı 25 manata satanlar var. Bir müddət əvvəl də turistə restoranların birində fantastik hesab təqdim etmişdilər. Bu cür hallar turistlərin ayağını ölkəmizdən bir dəfəlik kəsməyə xidmət edir".

Həmsöhbətimiz deyir ki, ölkəmizdə turizm sahəsində süni qiymət artımı əsassız aparılır: "Bu günlərdə turizm sahəsinə məsul şəxslər açıqlama verdi ki, biz Gürcüstana gedən turistləri Azərbaycana cəlb etməliyik. Amma bu gedişlə biz könüllü Azərbaycana gələnləri də ölkədən qaçaq salacağıq, nəinki, Gürcüstana üz tutanları ölkəmizə cəlb edə biləcəyik. Gürcüstanı seçən turistləri oraya cəlb edən yüksək xidmət və bunun qarşılığında münasib qiymətdir. Azərbaycanda isə turizm sahəsində xidmət səviyyəsi hələki arzuolunan səviyyədə deyil. Üstəlik qiymətlər də yüksəkdir. Digər tərəfdən istirahət məkanlarında aldatma faktları var. Belə bir şəraitdə biz Gürcüstana getmək istəyən turistləri fikirlərindən daşındırıb Azərbaycana cəlb edə bilmərik. Ona görə də, aidiyyatı şəxslər ilk növbədə Azərbaycanda turizmin inkişafına mane olan bu amilləri aradan qaldırmalıdırlar. Yalnız bundan sonra Gürcüstan və digər ölkələrə gedən turistlərin Azərbaycana yönləndirilməsi barədə düşünmək olar". 

Dövlət Turizm Agentliyindən isə bildirdilər ki, istirahət obyektlərində qiymət məsələsinə qurumun müdaxilə etmək imkanı yoxdur: "Əgər müştəri hansısa istirahət mərkəzində bu cür qanunsuzluqla üzləşibsə, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edə bilər".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları"nın təsdiq edilməsi haqqında 94 saylı qərarı var. Amma sözügedən qərarda bu məsələ qeyd edilməyib: "Çox təəssüf ki, ölkəmizdə ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər arasında alqı-satqı və digər xidmətlərin göstərilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən bu qərarda qeyd etdiyiniz məsələ barədə heç bir məlumat yoxdur. Ona görə də, sahibkarlıq subyektlərində vətəndaşlarla bu cür davranırlar". 

E. Hüseynov bildirir ki, sahibkarlıq subyektlərində vətəndaşlardan xidmət haqqı tələb olunmasına qanunvericilikdə məhdudiyyət olmasa da, bu bir neçə dəfə təkrarlana bilməz: "Əgər müştəridən xidmət haqqı tələb ediləcəksə, bu barədə mütləq əvvəlcədən ona məlumat verilməlidir. Bir xidmətə görə bir neçə dəfə xidmət haqqı tələb etmək isə tamamilə absurddur. İstirahət mərkəzində qeydə alınan hal qanunsuzdur. Birmənalı şəkildə deyə bilərəm ki, bu cür hallar ölkəmizdə turizmin inkişafına mənfi təsir edən amillərdən biridir".

967
Kompüter arxasında qız, arxiv şəkli

Azərbaycanda Kommunal Xidmətlər üzrə Vahid İnformasiya Sisteminin sınaqlarına başlanacaq

1
(Yenilənib 23:08 21.10.2020)
Bu, istehlakçıların bütün kommunal xidmətlər üzrə onlara aid məlumatları vahid şəxsi kabinet üzərindən idarə etmələrinə imkan yaradır

BAKI, 21 oktyabr — Sputnik. Kommunal Xidmətlər üzrə Vahid İnformasiya Sistemi və Vahid Çağrı Mərkəzinin yaradılması nəzərdə tutulur.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov deyib.

O qeyd edib ki, "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı"na əsasən, Kommunal Xidmətlər üzrə Vahid İnformasiya Sistemi və Vahid Çağrı Mərkəzinin yaradılması nəzərdə tutulur: “"Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Kommunal Xidmətlər Vahid İnformasiya Sisteminin operatoru funksiyaları Energetika Nazirliyinə həvalə edilib.

Cari ilin sonuna kimi "ASAN xidmət" tərəfindən sistemin test fazasına başlanması planlaşdırılır. Bu, istehlakçıların bütün kommunal xidmətlər üzrə onlara aid məlumatları vahid şəxsi kabinet üzərindən idarə etmələrinə imkan yaradır. Kommunal xidmətlər üzrə vahid informasiya bazasının yaradılması bu sahədə həyata keçirilən siyasətin mərkəzləşdirilməsi və sistemləşdirilməsi, müvafiq xidmətlər üzrə müraciətlərin vahid platformadan ünvanlanması, bu xidmətlərin hər kəs üçün daha əlçatanlığı və fasiləsizliyi, yaranan çətinliklərin operativ həlli baxımından faydalıdır”.

“Vətəndaş müraciətlərinin obyektiv araşdırılaraq cavablandırılması, xidmətlərin icrası zamanı sui-istifadə hallarının qarşısının alınması, xidmətlərin icra vəziyyətinə dair mərkəzləşdirilmiş təhlil və hesabatların aparılması, istifadəçilər tərəfindən xidmətin keyfiyyətinə dair təklif və iradların toplanması, həmçinin vətəndaş məmnunluğunun artırılması məqsədilə yaradılacaq Vahid Çağrı Mərkəzinin formalaşdırılması ilə bağlı Konsepsiya layihəsi də Nazirlər Kabinetinə təqdim edilib. Bütün bu tədbirlər açıqlıq, şəffaflıq və hesabatlılıq prinsiplərini əsas tutaraq dövlət xidmətlərinin təkmilləşdirilməsinə, ictimai nəzarətin gücləndirilməsinə xidmət edəcək”, - deyə nazir bildirib.

1
Azərbaycan bayrağı, arxiv şəkli

Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağla bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləyir

17
Xarici ölkələrin parlament nümayəndələri və beynəlxalq təşkilatların təmsilçiləri cəbhə xəttində gedən döyüşlərlə bağlı bəyanatlar verməkdə davam edirlər

BAKI, 21 oktyabr — Sputnik. Xarici ölkələrin parlament nümayəndələri və beynəlxalq təşkilatların təmsilçiləri cəbhə xəttində gedən döyüşlərlə bağlı bəyanatlar verməkdə davam edirlər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a bildirilib ki, Macarıstan Milli Assambleyasının Sədri Laslo Köver, Macarıstan-Azərbaycan Dostluq Qrupunun rəhbəri Atilla Tilki Ermənistan hərbi qüvvələrinin humanitar atəşkəsi pozaraq Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmasını pisləyib, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycana öz dəstəyini ifadə ediblər.

Həmçinin Avropa Parlamentinin Cənubi Qafqaz ölkələri üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Marina Kalyurand öz müraciətində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, beynəlxalq hüquq normaları və prinsipləri çərçivəsində, BMT Nizamnaməsi və ATƏT-in Helsinki Yekun Aktı əsasında həllinə tərəfdar olduğunu bildirib.

Özbəkistan Ali Məclisinin Azərbaycanla dostluq qrupunun rəhbəri Alişer Kadırovun məktubunda da Ermənistanın Azərbaycana qarşı son təxribatları, Ermənistan silahlı qüvvələrinin ölkəmizin ikinci böyük şəhəri olan Gəncəni, orada yaşayan dinc əhalini artilleriya və raket atəşinə tutması, mülki obyektlərin hədəfə alınması şiddətlə qınanılır, Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum tədbirləri təqdir edilir. Münaqişənin sülh yolu ilə beynəlxalq hüquq normaları çərçivəsində həllinə dəstək ifadə olunur.

17
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
XİN: "Ermənistan rəhbərliyi məsuliyyətsiz bəyanatları ilə öz xalqını uçuruma sürükləyir"
Ermənistan döyüşlərə ASALA üzvlərini də cəlb edir
Hikmət Hacıyevdən Paşinyana cavab: Münaqişənin danışıqlar yolu ilə həllini dəstəkləyirik
Ərdoğan yenə Azərbaycana dəstək verdi: Bizə uzadılan hər bir əli kəsirik və kəsəcəyik!
Bütün imkanlarımızla Azərbaycanı dəstəkləyəcəyik - Türkiyənin Milli Müdafiə naziri