Buzovna çimərliyi

Bakı çimərliklərində ölü balıqlar sahili "bəzəyir" - səbəb nədir?

175
(Yenilənib 12:31 01.07.2019)
Buna istilərin səbəb olduğu ehtimal olunsa da, hazırda səbəbi dəqiq araşdırılır

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 1 iyul — Sputnik. Ötən gün Xəzərin Novxanı, Pirşağı, Bilgəh və sair ərazilərində sahilə xırda ölü balıqların çıxması müşahidə olunub. Çimərlik ərazisinə gedən paytaxt sakinləri ölü balıqların sahilə çıxmasını əks etdirən görüntüləri sosial şəbəkələrdə paylaşıblar.

  Sputnik Azərbaycan sahilə ölü balıqların çıxmasının səbəbini araşdırmaq məqsədilə Su Hövzələrinin Bioloji Resurslarının Artırılması və Mühafizəsi Departamentinin direktor əvəzi Mehman Axundovla əlaqə saxlayıb. M. Axundov sahilə ölü balıqların çıxmasının bir neçə ərazidə müşahidə olunduğunu bildirib. M. Axundov deyib ki, buna istilərin səbəb olduğu ehtimal olunsa da, hazırda səbəbi dəqiq araşdırılır. Məsələ barədə mətbuata geniş açıqlama veriləcək.

Sputnik Azərbaycan-a mövzu barədə danışan ekoloq Telman Zeynalov isə bildirib ki, belə hallar iki səbəbdən baş verir: "Birinci səbəb o ola bilər ki, suda oksigen qıtlığı yaransın. Suda oksigen qıtlığı isə elə-belə yaranmır. Deməli, atmosferlə suyun arasında əlaqə pozulub. Bildiyimiz kimi, hava isti olduqca suda buxarlanma gedir. Neftlə çirklənmiş suda isə buxarlanma prosesi getmir. Bu zaman hava ilə su arasında əlaqə pozulur. 

Bu, bir səbəbdir. Ola bilər ki, brakonyerlər balıq tutarkən qumbaradan istifadə ediblər. Bu zaman xırda balıqlar ölür. Kiçik balıqları bazara çıxarıb satmaq mümkün olmadığından, onları dənizə atırlar. Güclü külək zamanı isə dalğa ölü balıqları sahilə çıxardır.

Məlumat üçün qeyd edək ki, Fransada da şiddətli istilər nəticəsində minlərlə balıq məhv olub. Bu ölkədəki Bolmon gölündə minlərlə ölü balığı dalğalar sahilə vurub. Balıqların həddindən artıq isti keçən havalar səbəbindən suda oksigen çatışmazlığı nəticəsində məhv olduqları güman edilir. 

175