Ana övladı ilə, arxiv şəkli

"Uşaq" nikahlarından doğulan körpələrin sayı açıqlandı

31
(Yenilənib 19:01 24.06.2019)
2009-cu ildə erkən nikahlardan 4 min 392 uşaq doğulmuşdusa, ötən il bu rəqəm 2 min 129 olub

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 24 iyun — Sputnik. "Son illər Azərbaycanda erkən nikahlarla bağlı statistikalarda azalma qeydə alınır. Burada iki nüansı xüsusilə vurğulamaq lazımdır. Bunlardan biri Ailə Məcəlləsinə edilən dəyişikliklər, qızların nikaha daxilolma yaşının kişilərin yaşı ilə eyniləşdirilərək 18 olması və Cinayət Məcəlləsinə edilən dəyişiklikdir. Sonuncuya əsasən, nikaha məcburetmədə xüsusi məsuliyyət müəyyən edilir. Bundan başqa, rəqəmlərin sayının azalmasında aparılan maarifləndirmə işlərinin də rolu danılmazdır. 2011-ci ildə 18 yaşadək nikaha girən qızların sayı 5 min 138 idisə, ötən ildə bu rəqəm 338 olub".

Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova deyib.

"Həmin 338 nəfərin nikaha daxil olmalarına müvafiq səbəblər göstərildiyi üçün icazə verilib. Eyni zamanda 15-17 yaşlı qadınlar tərəfindən doğulan uşaqların sayı ilə bağlı rəqəmlərdə də azalmalar qeydə alınıb. Belə ki, 2009-cu ildə 4 min 392 belə uşaq doğulmuşdusa, ötən il bu rəqəm 2 min 129 olub. Rəqəmlərdə iki dəfə azalma qeydə alınıb", - deyə komitə rəsmisi əlavə edib.

A.Veysəlova bildirib ki, qızların erkən yaşlarda təhsildən ayrılaraq nikaha cəlb edilməsi də ayrı-seçkiliyin bir növü hesab edilməlidir: "Biz çalışırıq ki, erkən nikahların fəsadları ilə bağlı qızları, valideynləri maarifləndirək. O səbəbdən bu istiqamətdə davamlı olaraq müxtəlif layihələr gerçəkləşdiririk".

31