Bakı Metropoliteninin loqotipi

Bakıda 76 metro stansiya olacaq, bəzilərinin adı ünvanı bəllidir

763
(Yenilənib 19:23 12.06.2019)
"Köhnə Günəşli, Yeni Günəşli, Qaraçuxur, Bakıxanov qəsəbələrində yeni metro stansiyalar istismara veriləcək" - Bəxtiyar Məmmədov

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 12 iyun — Sputnik. "2030-cu ilədək Bakının bəzi ərazilərində yeni metro xətləri istifadəyə veriləcək. 2020-ci ilə qədər hansı ərazilərdə metro stansiyaların fəaliyyətə başlaması isə yəqin ki, "B3" xəttinin istifadəyə verilməsindən sonra bəlli olacaq". Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

O, 2030-cu ilədək olan plan haqda da məlumat verib: "Ümumilikdə 76 metro stansiyanın fəaliyyət göstərməsi nəzərdə tutulur. Perspektiv inkişaf planının isə 2030-cu ilədək reallaşdırılması planlaşdırılır. Lakin bu plan gözlənilən müddətdən bir qədər tez, yaxud da gec reallaşa bilər. Bütün bu işlər tikintinin sürətindən, relyefin mürəkkəbliyindən asılıdır".

"Perspektiv inkişaf planına müvafiq olaraq Yeni Günəşli qəsəbəsində də bir metro xəttinin istismara verilməsi planlaşdırılır. Lakin hələlik bu istiqamətdə hər hansı işə başlanılmayıb. Sadəcə olaraq metrostansiyanın hansı ərazidə tikiləcəyi bəllidir" – deyə mətbuat katibi əlavə edib.

B.Məmmədov digər tikilməsi planlaşdırılan digər metro stansiyalarla bağlı da məlumat verib: "Ağ şəhər adlanan ərazidə "Y14", "Y15" metro stansiyasının tikilişi üçün bəzi ərazilər artıq hasara alınıb. Konseptual inkişaf sxemini götürsək, görərik ki, metro sxeminin yaşıl dairəvi xəttində "Xətai" metrostansiyasından sonrakı iki stansiya məhz "Y14" və "Y15"dir. Həmin dairəvi xətdə daha sonrakı stansiyanın isə "Nargilə kafesi" adlandırılan ərazinin yaxınlığında, yəni Xətai rayonunda tikilməsi planlaşdırılır. Bundan sonra isə "Həzi Aslanov 2" stansiyasının tikintisi nəzərdə tutulub. Tikintisi planlaşdırılan həmin stansiyadan da "Həzi Aslanov" xəttinə keçid olacaq".

"Daha sonra Köhnə Günəşli, Yeni Günəşli, Qaraçuxur, Bakıxanov qəsəbələrində yeni metro stansiyalar istismara veriləcək. Sonrakı planda isə "Koroğlu" metro stansiyasından Bakı Olimpiya Stadionuna da keçid olacaq. "1", "2", "3" adlandırdığımız bu stansiyalar "Dərnəgül" xəttinə birləşəcək. Beləliklə də dairəvi yaşıl xətt yaranacaq".

Qeyd edək ki, hazırda "Bakı Metropoliteni" QSC-nin 25 stansiyası fəaliyyət göstərir.

763