Evlilik təklifi, arxiv şəkli

Əcnəbilərlə evlənmək istəyən qadınlara ciddi xəbərdarlıq: Sonrakı peşmançılıq fayda vermir

3170
(Yenilənib 10:36 24.05.2019)
"Qadınlar ailə qurmaq istədikləri əcnəbi şəxslər haqqında məlumat almaq üçün səfirliyə sorğu göndərməlidirlər"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 24 may — Sputnik. Son illər Azərbaycanda ölkə vətəndaşlarının xarici vətəndaşlarla nikaha girmə halları çoxalıb. Xüsusilə azərbaycanlı qadınlar əcnəbi kişilərlə ailə qururlar. Müxtəlif ölkə vətəndaşları ilə ailə quran qadınların əksəriyyəti, təbii ki, xoşbəxt, qayğısız həyat arzusu ilə izdivaca girir. 

Təəssüflər olsun ki, bəzi hallarda bu arzuları, necə deyərlər, "gözlərində qalır", xoşbəxtlik ümidi ilə çıxdıqları yolda bədbəxtliklə üzləşirlər. Qısa müddətdən sonra məlum olur ki, nikaha girdikləri bəyin öz ölkəsində və ya başqa bir respublikada ailəsi, hətta övladları var. Nəticədə də problemlər böyüyür və qadın boşanmağa məcbur olur.

Maraqlıdır, qadınlarımız belə xoşagəlməz halların baş verməməsi üçün əvvəlcədən nələrə diqqət etməlidirlər? Hər hansı bir qadın nikaha girəcəyi əcnəbinin ailəli olub-olmadığını necə öyrənə bilər? Bunun üçün hansı qurumlara müraciət etmək lazımdır? Sputnik Azərbaycan-ın əməkdaşı mütəxəssislərlə bu suallara cavab tapmağa, qadınlarımız üçün hələ də qaranlıq qalan məqamlara aydınlıq gətirməyə çalışıb.

Vəkil olaraq belə hallarla ara-sıra qarşılaşdığını deyən hüquqşünas Elyar Həsənov vurğulayıb ki, Azərbaycan Respublikasının qanunvericiliyi bir şəxsin, eyni zamanda iki şəxslə nikaha daxil olmasını qadağan edir: "Əgər adam evli ola-ola ikinci şəxslə qeyri-qanuni yolla ailə qurubsa, ikinci nikah etibarsız sayılır. Beləliklə, ikinci nikah ləğv edilir".

E.Həsənov qeyd edib ki, əgər başqa ölkənin vətəndaşı Azərbaycana gələrək burada Azərbaycan vətəndaşı ilə nikaha girmək istəyirsə, o, vətəndaşı olduğu ölkədən subay olub-olması haqqında arayış gətirir. Və bundan sonra nikah bağlanılır.

O, problemlərin hansı səbəbdən qaynaqlandığına da aydınlıq gətirib: "Dünyada 300-ə yaxın ölkə mövcuddur, hər ölkənin də bir qanunu var. Ən çox problemlər də buna görə yaranır. Məsələn, ABŞ vətəndaşı gedib başqa ölkədə nikaha girir, amma bu barədə ABŞ-a məlumat vermir. Ona görə də ABŞ sənədlərində subay görünür. Daha sonra gəlir Azərbaycana, buraya da ABŞ-dan subay olması barədə arayış gətirir və evlənir". 

Hüquqşünas Azərbaycan vətəndaşının evli olduğu halda, xaricə gedib əcnəbi ilə ailə qurmasından da danışıb: "Hər bir dövlətin öz qanunları var. Təbii ki, evli olan azərbaycanlı subaylıq barədə arayış tələb olunan ölkələrdə yenidən evlənə bilməz. Amma hansı ölkədə ki, qanununda bu nəzərdə tutulmayıb, orada evlənə bilər".

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyi rəhbəri Mehriban Zeynalova da buna bənzər halla qarşılaşdığını bildirib: "Qadınlara xarici vətəndaş evlilik təklif edəndə çox sevinirlər. Elə bilirlər ki, getsələr, dünya onların olacaq. Heç nəyi araşdırmadan ailə qururlar, sonra problemlər yaranır".

O qeyd edib ki, qadınlar ailə qurmaq istədikləri əcnəbi şəxslər haqqında məlumat almaq üçün səfirliyə sorğu göndərməlidirlər: "Bu zaman onlar kiminlə ailə qurduqlarını anlayacaqlar. Bir qadına Türkiyə vətəndaşı elçi düşmüşdü. Bizim təkidimizlə səfirliyə sorğu göndərdi. Məlum oldu ki, adam cinayətkar olub. Qadın onun evlilik təklifinə rədd cavabı verdi".

Zeynalova onu da əlavə edib ki, əcnəbilərlə nikaha girməkdən əlavə, onlarla qeyri-rəsmi şəkildə ailə quran qadınlarımız da var: "Onlar problemlərlə üzləşirlər. Ona görə də qadınları bu məsələ barədə maarifləndirmək lazımdır. Qadınlar öz hüquqlarını bilməyənə qədər həyatları ilə risk edəcəklər".

3170
Teqlər:
subay, kişi, əcnəbi, ailə, qadın, Azərbaycan
Əlaqədar
Qubada evli qadını qaçıran şəxsi döyüb öldürdülər
Gənc oğlanların evliliyi boykot etmə aksiyası genişlənir
Hindistanlı astroloq: "Azərbaycanlıları daha çox evlilik məsələsi maraqlandırır"
Toy günü gəlin ikinci evlilik təklifini alıb - VİDEO
Bakıda yaşlı kişi, arxiv şəkli

Cəlal İsayevdən bədbin proqnoz: "Hər payız-qış mövsümündə o bizi təhdid edəcək"

2
(Yenilənib 16:05 27.05.2020)
"Kim bu virusun varlığına şübhə ilə yanaşırsa, mən onu əyninə kombinezon geyindirib koronaviruslu xəstələrin müalicə aldığı xəstəxanaya apara bilərəm" - Cəlal İsayev

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 27 may — Sputnik. Azərbaycanda koronavirus pandemiyası ilə əlaqədar karantin rejimi davam etsə də, karantin tələblərinə əksər hallarda əməl edilmir. Milli Məclisin deputatı Kamran Bayramov da bildirib ki, Azərbaycanda pandemiyanın ikinci dalğasının olması ehtimalı ciddi şəkildə artır.

O deyib ki, insanların kütləvi şəkildə toplaşdığı qapalı və açıq hava məkanlarında (ictimai nəqliyyat, ictimai iaşə və ticarət obyektləri, park və bulvarlar) karantin rejiminin tətbiqi ilə bağlı şərtlərə yenidən baxılmalı, əhali arasında sosial məsafə tələbi ən geniş şəkildə təbliğ olunmalı, tibbi maskalardan istifadə məcburiyyətə çevrilməli, bu qaydaların pozulmasına görə cəzalar sərtləşdirilməlidir: “Əfsuslar olsun ki, karantin rejiminin yumşaldılmasını ölkəmizdə pandemiya təhlükəsinin tam səngiməsi, bu virusdan tam qurtulması kimi qəbul edənlər var və onların sayı da az deyil.

Sosial şəbəkələrdə “koronavirus yoxdur”, “koronavirus siyasi-iqtisadi oyundur”, “koronavirus dövlətlərin vətəndaşlara qarşı repressiv tədbirlər görməsi üçün bəhanədir” kimi marazmatik açıqlamaları paylaşanlar da var. Onlar anlamırlar ki, bu cür fikir və bəyanatlar ictimaiyyətdə çaşqınlıq yaradır, aidiyyəti qurumlarımızın pandemiya ilə apardığı mübarizənin səmərəliliyinə təsir göstərir. Nəticədə bəzi insanlarımız belə yanlış fikirlərə inanaraq arxayınlaşır, sanitar-gigiyenik qaydalara məhəl qoymur, tibbi maskalardan və dezinfeksiya vasitələrindən istifadə etmirlər.

Azərbaycan hakimiyyəti, dövlət qurumları və həkimlərin müstəsna əməyi nəticəsində koronavirusa yoluxma miqyasının maksimal dərəcədə məhdudlaşdırılmasına nail olunub. Lakin ölkədə pandemiyaya yoluxmaların sayının azaldılması və vəziyyətin nəzarətdə saxlanması üçün dövlət qurumları tərəfindən mövcud qanunvericilik çərçivəsində müvafiq sərt addımların atılması olduqca zəruridir”.

Bəs görəsən, koronavirus pandemiyası ilə əlaqədar qanunvericilikdə hər hansı sərtləşmələrin olması mümkündürmü?

Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, koronavirus pandemiyası davam etdiyi müddətdə insanların sosial məsafə gözləməsi, tibbi maskadan istifadə etməsi şərtdir: "Bu, qanuna salınmasa da, metodik göstərişlərdə öz əksini tapıb. Əslində insanlar vəziyyəti başa düşüb özləri tibbi maskadan istifadə etməlidirlər. Mütləq şəkildə sosial məsafəni qorumalıdırlar. Amma koronavirusa yoluxma sayının artması onu göstərir ki, karantin qaydalarında yumşalma insanları arxayınlaşdırıb.

Avtobusda, qapalı yerlərdə tibbi maskadan istifadə edənlər çox azdır. Bu mənzərə imkan verir ki, deputatın dediyi kimi, tibbi maskadan istifadə, sosial məsafənin qorunması məcburi olsun. Biz də tərəfdarıyıq ki, bu məsələ Milli Məclisdə qaldırılsın. Pandemiya dövründə tibbi maskanın istifadəsinə görə məsuliyyət müəyyənləşsin. İnsanlar anlamalıdırlar ki, tibbi maska onları hava-damcı infeksiyalarından qoruyur. Koronavirus bizi hər payız-qış mövsümündə təhdid edəcək".

C.İsayev deyir ki, koronavirusun varlığına inanmayanlar öz çevrələrini də məsuliyyətsiz davranmağa sövq edirlər:  "Çox təəssüf ki, hamı koronavirusa yoluxan qohumunu, "dayısı, xalası oğlunu" axtarır. Belə insanlar fikirləşirlər ki, virus olsaydı, ətraflarında ona yoluxan qohumları olardı. Bu gün Azərbaycanda koronavirusa yoluxanların sayı 4 mini keçib. Buna rəğmən, kim bu virusun varlığına şübhə ilə yanaşırsa, mən onu əyninə kombinezon geyindirib koronaviruslu xəstələrin müalicə aldığı xəstəxanaya apara bilərəm".

2
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Əlaqədar
"Yarasa qadın"dan bədbin proqnoz: Koronavirusdan da betəri olacaq
Koronavirus peyvəndinin testlərinin başlayacağı tarix açıqlandı
Koronavirusdan ölənlərin sayı psixoloji həddi keçdi
Baş nazir karantin rejimi elan edib dostları ilə piknikə getdi
Bakı Nəqliyyat Agentliyindən sərnişinlərə sərt xəbərdarlıq
Məktəblərin birində, arxiv şəkli

Məktəbdaxili qiymətləndirmənin aparılacağı tarix açıqlandı

5
(Yenilənib 15:33 27.05.2020)
Məktəbdaxili qiymətləndirmələr 15-25 avqust 2020-ci il tarixləri arasında ümumi təhsil müəssisələrinin rəhbərləri tərəfindən aparılır

BAKI, 27 may — Sputnik. Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva rayon (şəhər) təhsil şöbələrinə, nazirliyin birbaşa tabeliyində olan və olmayan ümumi təhsil müəssisələrinə məktub göndərib. Sputnik Azərbaycan-ın məlumatına görə, məktubda 2019-2020-ci il tədris ilində ümumi təhsil pilləsi üzrə təhsil alanların məktəbdaxili qiymətləndirilməsinin aşağıdaki kimi həyata keçirilməsi tapşırılıb:

1. I sinif şagirdlərinin məktəbdaxili qiymətləndirilməsi aparılmasın. Bununla bağlı olaraq I siniflərin sinif jurnalında heç bir qeyd aparılmasın.

2. II-XI sinif şagirdlərinin tədris ilinin birinci yarımili üçün yarımillik balları və qiymətləri onların tədris ili üzrə müvafiq olaraq illik balları və qiymətləri üçün qəbul edilsin. Məsələn, birinci yarımil üzrə müvafiq fənn üzrə balı "60" və qiyməti "3" olan təhsil alanın müvafiq olaraq illik balı "60", qiyməti "3" kimi müəyyən edilsin.

Ümumi təhsil müəssisəsi cari ilin 1-15 iyun 2020-ci il tarixlərində təhsilalanların illik balları və qiymətlərini sinif jurnalında qeyd edir. Eyni zamanda bütün şagirdlərə qiymətləndirmənin nəticələri barədə məlumat verir.

İllik bal və qiymətlər sinif jurnalında müvafiq fənlər üzrə "Qiymətləndirmələr" hissəsində, eyni zamanda "Şagirdlərin təlim nailiyyətləri haqqında yekun məlumat" hissəsində "illik" bölmədə qeyd olunur.

3. Bununla yanaşı, məlumdur ki, Təhsil Nazirliyinin 1 may 2014-cü il tarixli 522 nömrəli əmri ilə təsdiq edilmiş "Ümumtəhsil müəssisələrində şagirdlərin sinifdən sinifə keçirilməsi haqqında müvəqqəti qaydalar"a əsasən 1-3 fəndən (fənlərdən) illik "qeyri-kafi" qiymət almış V-VIII və X sinif şagirldərinə həmin fəndən (fənlərdən) yay tədris tapşırıqları verilir. Eyni zamanda 4 və artıq fəndən illik "qeyri-kafi" qiyməti alan, habelə dərs məşğələlərinə gəlmədiyi üçün biliyi qiymətləndirilməyən V-VIII-X sinif şagirdləri təkrar sinifdə saxlanılır.

Mövcud şəraitdə hər hansı fənn üzrə illik qiyməti "2" olan və bu qiymətlə razılaşmayan V-VIII və X sinif şagirdləri (onların valideynləri və ya qanuni nümayəndələri) illik qiymətin yazıldığı tarixdən 30 gün müddətində məktəbdaxili qiymətləndirmənin təşkili üçün ümumi təhsil müəssisəsinin rəhbərinə müraciət edə bilərlər. Həmin şagirdlərin qiymətləndirilməsi təhsil proqramında (kurikulumda) ikinci yarımil üzrə müəyyənləşdirilmiş məzmun standartları əsasında hazırlanmış qiymətləndirmə vasitələri ilə aparılır. Şagirdin həmin qiymətləndirmədə topladığı ballar onun tədris ili üzrə illik balları kimi qəbul edilir və müəyyən edilmiş müvafiq qiymətə uyğunlaşdırılır.

4. Hər hansı fənn üzrə illik qiyməti "3" və ya "4" olan bu qiymətlə razılaşmayan V-VIII və X sinif şagirdləri (onların valideynləri və ya qanui nümayəndələri) illik qiymətin yazıldığı tarixdən 30 gün müddətində məktəbdaxili qiymətləndirmənin təşkili üçün ümumi təhsil müəssisəsinin rəhbərinə müraciət edə bilərlər. Həmin şagirdlərin qiymətləndirilməsi təhsil proqramında (kurikulumda) ikinci yarımil üzrə müəyyənləşdirilmiş məzmun standartları əsasında hazırlanmış qiymətləndirmə vasitələri ilə aparılır. Şagirdin tədris ili üzrə illik balları onun həmin qiymətləndirmədə topladığı ballar və tədris ilinin birinci yarımilik ballarının ədədi ortası kimi hesablanır və müəyyən edilmiş müvafiq qiymətə uyğunlaşdırılır.

Məsələn, I yarımildə hər hansı fənn üzrə balı "60" olan şagird yenidən qiymətləndirmədə iştirak edərək "80" bal toplamışsa, onun illik balı "70" bal olur və müvafiq olaraq "4" qiymətinə uyğunlaşdırılır.

5. 2019-2020-ci tədris ilinin 1-ci yarımili üzrə ümumi təhsil müəssisələrində üzrlü və ya üzürsüz səbəbdən dərs məşğələlərində iştirak etmədiyi üçün fənn (fənlər) üzrə biliyi qiymətləndirilməyən II-VIII və X siniflər üzrə təhsilalanların məktəbdaxili qiymətləndirilməsi təhsil proqramında (kurikulumda) I yarımil üzrə müəyyənləşdirilmiş məzmun standartları əsasında hazırlanmış qiymətləndirmə vasitələrilə növbəti tədris ili başlayanadək ümumi təhsil ümumi təhsil müəssisələri tərəfindən təşkil edilir. Şagirdin həmin qiymətləndirmədə topladığı ballar onun tədris ili üzrə illikbalları kimi qəbul edilir və müəyyən edilmiş müvafiq qiymətə uyğunlaşdırılır.

6. 2019-2020-ci tədris ilinin I yarımili üzrə ümumi təhsil müəssisələrində üzrlü və ya üzürsüz səbəbdən dərs məşğələlərində iştirak etmədiyi üçün fənn (fənlər) üzrə biliyi qiymətləndirilməyən IX və X siniflər üzrə təhsilalanların illik balı "30" bal, qiyməti isə müvafiq olaraq "2" müəyyən edilir.

7. Beynəlxalq akkreditə edilmiş proqramlar üzrə və ya xarici ölkələrdə təhsil almış və 2019-2020-ci tədris ilinin II yarımilində dövlət ümumi təhsil müəssisələrində yerdəyişmə etmiş II-VIII və X siniflər üzrə təhsilalanların illik qiyməti ümumi təhsil müəssisələri tərəfindən növbəti tədris ili başlayanadək təşkil edilən qiymətləndirmə nəticəsində müəyyən edilir.

8. Məktəbdaxili qiymətləndirmələr 15-25 avqust 2020-ci il tarixləri arasında ümumi təhsil müəssisələrinin rəhbərləri tərəfindən aparılır.

Bu məktubun 3-7-ci bəndləri üzrə qiymətləndirmənin nəticələri (illik bal və qiymətlər) sinif jurnalında müvafiq fənlər üzrə "Qiymətləndirmə" hissəsində növbəti yanaşı sütunlarda, eyni zamanda "şagirlərin təlim nailiyyətləri haqqında yekun məlumat" hissəsində "Payız imtahanı" bölməsində qeyd olunur.

Bütün qiymətləndirmələr yekunlaşdıqdan sonra bütün təhsilalanların bal və qiymətləri sinif jurnalının "şagirdlərin təlim nailiyyətləri haqqında yekun məlumat" hissəsində "saatların miqdarı" bölməsində 2019-2020-ci tədris ilinin I yarımili üzrə dərs saatları qeyd olunur.

Qeyd olunub ki, illik qiymətləndirmənin qeyd olunması prosesi və məktəbdaxili qiymətləndirmələr ümumi təhsil müəssisələri tərəfindən "İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlərə nəzərə alınaraq təşkil edilməlidir. Yəni təhsilalanlar və təhsilverənlər ümumi təhsil müəssisəsinə gələrkən sanitar-epidemoloji qaydalara riayət etməlidirlər (tibbi maskadan istifadə, məsafənin saxlanılması, çox sayda insanın bir gündə gəlməməsi və s.).

Məktubda bildirilib ki, II-VIII və X siniflərdə məktəbdaxili qiymətləndirmənin nəticələrinə əsasən təhsilalanların sinifdən-sinifə keçirilməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 1 may 2014-cü il tarixli 522 nömrəli əmri ilə təsdiq edilmiş "Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinifə keçirilməsi haqqında müvəqqəti qaydalar"a əsasən tənzimlənir.

Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası ərazisində həyata keçirilən tədbirlər nəzərə alınaraq, Təhsil Nazirliyinin Kollegiyasının 21.05.2020-ci il tarixli KQ-03 nömrəli qərarı ilə "Ümumi təhsil pilləsində təhsil alanların attestasiyasının (məktəbdaxili qiymətləndirilmənin) aparılmasının müvəqqəti qaydası" təsdiq edilib. "Ümumtəhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirilmə) aparılmasının müvəqqəti qaydası" 2020-ci il oktyabrın 1-dək qüvvədədir.

5