Cins şalvarın cibində mobil telefon

Vətəndaşlara qarşı "şər ittifaqı" ya cibimizdə gizli əl gəzir

5401
(Yenilənib 17:24 16.05.2019)
Deputat: "Müraciətlərin sayı çoxalarsa, məsələyə Milli Məclis səviyyəsində baxıla bilər"

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 20 may — Sputnik. Bu günlərdə mobil operator abunəçilərinin ən çox qarşılaşdığı problemlərdən biri də müxtəlif şirkətlərdən onlara daxil olan reklam tipli xidmətlərlə bağlıdır. Abunəçilər mobil operatorların razılıq almadan onları bu xidmətlərə qoşduqlarını deyirlər. 

Bütün bu narahatlıqlar bir yana, bunun üçün gündəlik olaraq abunəçinin hesabından kifayət qədər vəsait də tutulur. Hər gün nə qədər abunəçi bu oyunun qurbanı olur.

Sputnik Azərbaycan-a belə şirkətlərdən biri olan "Sim Today" ilə bağlı şikayət daxil olub. Bununla əlaqədar şirkətin dörd rəqəmli qısa nömrəsi ilə əlaqə saxladıq. Lakin onlar, sadəcə olaraq abunəçiyə zəng etdiklərini, heç bir abunəçini məcburi olaraq bu xidmətə qoşmadıqlarını bildirdilər.

"Biz sadəcə olaraq məlumat vermək üçün abunəçiyə zəng etmişik. Abunəçi istəyi təsdiqlədikdən sonra bu xidmətə qoşulur. Çünki operator zəng etdikdə xidmətə qoşulmaq, yaxud da ondan imtina etmək üçün hansı əmrlərin icra olunmasının vacib olduğunu bildirir" - deyə "Sim Today"dən qeyd olundu.

"Bizim şirkət əlavə mobil xidmətlər provayderidir. Reklam xarakterli SMS və məlumatlar təqdim edirik" - deyə əlavə olundu.

Məsələ ilə bağlı müraciət etdiyimiz Baş Prokrorluqdan isə diqqətə çatdırıldı ki, yalnız belə şikayətlər daxil olacağı halda, onlar bu məsələni araşdıracaqlar.

Millət vəkili Tahir Kərimli Sputnik Azərbaycan-a açıqlamasında müxtəlif şirkətlərin bu yolla abunəçilərdən pul "qopart"dığını deyib. O qeyd edib ki, əgər belə müraciətlərin sayı çoxalarsa, bu məsələyə Milli Məclis səviyyəsində də baxıla bilər. 

İnformasiya, kommunikasiya və texnologiyalar üzrə ekspert Osman Gündüz Sputnik Azərbaycan-a açıqlamasında provayderlərlə müştərək işləyən belə şirkətlərin qanunsuz əməllərini qınayıb: "Vətəndaşın razılığı olmadan mobil nömrəsində hansısa xidmətlərin aktivləşməsi, ona lazımsız SMS-lərin gəlməsi qanunsuzdur. Abunəçinin xəbəri və icazəsi olmadan onun hesabından vəsaitin çıxılması isə oğurluqdur. Bu gün Azərbaycanda belə bir mühitin formalaşmasında mobil operatorlar maraqlıdır".

"Azərbaycanda gizli provayderlər var ki, onlar mobil operatorlarla müqavilə əsasında işləyir. Böyük pullardan söhbət gedir. Bu provayderlər hansısa xidmətə görə müştərilərdən 1, 2 yaxud 10, 20 qəpik pul çıxır. Həmin məbləğ abunəçi üçün kiçik göründüyündən bu işin ardınca getmir, detalları ilə maraqlanmır. Şirkətlər isə hər abunəçidən 1, 2, 10, yaxud da 20 qəpik tutmaqla kifayət qədər böyük məbləğ əldə edir. Əldə olunan bu məbləği isə yəqin ki, həmin provayderlər mobil operatorla bölüşür" – deyə ekspert əlavə edib.

O.Gündüz bildirib ki, 10-15 il öncə başqa ölkələrdə də bu cür problemlər var idi: "Lakin onlar bu problemdən çıxış yolunu tapıb, onun köklü olaraq həll etdilər. Azərbaycan isə bəlkə də yeganə ölkədir ki, bu problem hələ də qalmaqdadır. Yaranan problemdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti günahkardır".

"Düşünürəm ki, hökumət bu məsələni nəzarətə götürməli və belə provayder, operatorlara xəbərdarlıq edərək bildirməlidir ki, istehlakçının xəbəri olmadan onun hesabından vəsait çıxılarsa, onları böyük məbləğdə cəza gözləyir" – deyə həmsöhbətimiz əlavə edib.

5401
Teqlər:
Sputnik Azərbaycan, pul, provayder, şirkət, abunəçi, mesaj, sms, mobil operator
Əlaqədar
Mobil telefonlardakı hava proqnozuna inanmaq olarmı - Baş hidroloq danışır
Mobil telefon bazarında daha bir ilk
Əsrimizin bəlası: Uşaqlar məktəbdə mobil telefondan istifadə edə bilərmi
İmtahana mobil telefon gətirənlər, köçürənlər xaric olunub - DİM
Mobil telefon, avtomobilin sükanı və çantadakı qələm - Təhlükəli üçlük