Xırdalan şəhəri 30-cu məhəllədə məskunlaşan köçkünlərin yaşayış şəraiti

Köçkünlər şikayət edir, bu dəfə "uşaq bezi" problemi var

4979
(Yenilənib 11:09 18.05.2019)
Başlarına zibil atılmasın, tavanları qırılmasın, çay içdikləri zaman yuxarıdan başlarına "uşaq bezi" atılmasın

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 19 may — Sputnik. Xırdalan qəsəbəsi, 30-cu məhəllə sakinlərinin problemləri bitib-tükənmir. Burada Kəlbəcər, Laçın, Fizuli və digər rayonlardan köçkün düşən 60-a yaxın ailə yaşayır. Köçkünlərin yaşayış şəraiti yaxşı olmasa da, ərazidə çoxmərtəbli bina tikilənə qədər onların şikayətləri elə də çox olmayıb.

Xırdalan şəhəri 30-cu məhəllədə məskunlaşan köçkünlərin yaşayış şəraiti
© Sputnik / Irade JELIL
Xırdalan şəhəri 30-cu məhəllədə məskunlaşan köçkünlərin yaşayış şəraiti

Bina tikildikdən sonra sakinlərin qara günləri başlayıb. Əvvəl tikinti zamanı yaranan səs-küy, sonra da binaya köçən sakinlərin laqeydliyi.

Xocalı köçkünü Gülay Kərimovanın sözlərinə görə, 27 ildir ki, bu ərazidə yaşayır. Onun 61 yaşı var. Yaşayış şəraitləri pis olduğundan, oğlunu evləndirə bilmədiyindən şikayətlənir: "Hansı qızın qapısını döyürəm, gəlib evə baxırlar, deyirlər bu evə qız verməzlər. Evlərin üstü uçurdulanda hamı gəlmişdi. İnanın Allaha, oturduğun yerdə göydən başına uşaq bezi düşür. Çıxıb deyirəm ki, "ay adam, ay insan, mən də sənin kimi insanam, niyə atırsan?!", vecinə də alan olmur. Oturub həyətdə çay içirəm, niyə mənim çayıma, qəndimə uşaq bezi düşməlidir?! Bizim halımıza bir çarə qılsınlar".

Xırdalan şəhəri 30-cu məhəllədə məskunlaşan köçkünlər
© Sputnik / Irade JELIL
Xırdalan şəhəri 30-cu məhəllədə məskunlaşan köçkünlər

Köçkünlər deyir ki, ərazidə 6 ailə vaqonda - köçkün düşdükləri gündən məskunlaşdıqları qarajlarda yaşayır. Cəbrayıl rayonundan köçkün düşmüş Aybəniz Məmmədova da uzun illərdir vaqonda yaşayanlardandır. Elə qızını da bu vaqondan gəlin köçürüb. Hazırda bacısı ilə birlikdə yaşayır.

Köçkünlər iddia edir ki, binada yaşayan sakinlər onların üzünə baxa-baxa başlarına zibil tökürlər.

Qarabağ əlili İlhamə Rəcəbova bildirir ki, dəfələrlə yaşadığı birotaqlı mənzili təmir etsə də, yuxarıdan atılan əşyalar mənzili yaşamaq üçün yararsız  vəziyyətə salıb: "Şiferlərin üzərinə nə gəldi atırlar. Neçə dəfə təmir etdirmişəm. Yenə həmin vəziyyətdir. Dərdini kimə deyəsən bilmirsən".

Xırdalan şəhəri 30-cu məhəllədə məskunlaşan 80 yaşlı Dilşad nənə
© Sputnik / Irade JELIL
Xırdalan şəhəri 30-cu məhəllədə məskunlaşan 80 yaşlı Dilşad nənə

Qeyd olunan ərazidə yollar da sıradan çıxıb. Bir balaca külək olan kimi ərazi toz-dumana bürünür.

80 yaşlı Dilşad nənənin vəziyyəti isə daha çox acınacaqlıdır. Qadın 30 ilə yaxındır ayaqyolusu olmayan bir göz daxmada yaşayır.

Dilşad nənə deyir ki, bu günə qədər vəziyyəti birtəhər idarə edə bilib. Amma indi yaşlanıb, yerindən çətinliklə durur, qayğıya ehtiyacı var. Tək istədiyi isə, normal şəraitli birotaqlı mənzildir.

"Nə qədər yaşayacağam, bilmirəm. 3 il, 5 il... Amma heç olmasa ömrümün sonuna yaxın adam kimi yaşamaq istəyirəm. Tək yaşayıram. Daha gücüm yoxdur" - deyə yaşlı qadın bildirib.

Həyətində içməli su olmadığı üçün ahıl qadın suyu da başqa həyətlərdən daşıyır.

Burada yaşayan sakinlər mənzil və ya daha gözəl şəraitdə yaşamağı tələb etmir. Onların tək istəyi odur ki, rahatlıqları pozulmasın. Başlarına zibil atılmasın, tavanları qırılmasın, çay içdikləri zaman yuxarıdan başlarına uşaq bezi düşməsin. 

Qeyd edək ki, sözügedən çoxmərtəbəli bina (Freskonun binaları adlanır-red.) köçkünlərin məskunlaşdığı qarajlara, gecəqondulara bitişik vəziyyətdə tikilib. Tikinti zamanı həyət evlərinin divarlarında çatlar yarandığından, köçkünlər orada yaşamağa qorxurlar. 

Köçkünlərin başına zibil atan bina sakinlərinə gəlincə, onlar əməkdaşımızın suallarımıza cavab verməkdən yayınıblar.

4979