Əmək haqqının ödənilməsi. Arxiv şəkli

Günün sosial prioritetləri: Minimum əmək haqqı, uşaq pulu icbari tibbi sığorta

5282
(Yenilənib 16:23 13.05.2019)
"Minimum əmək haqqının "2020 gələcəyə baxış inkişaf konsepsiyasında" hədəf olaraq orta aylıq əmək haqqının 60 faiz göstəricisinədək artırılması nəzərdə tutulurdu"

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 16 may — Sputnik. Bir müddət öncə Prezident İlham Əliyev problemli kreditlərlə bağlı vacib qərar verdi. Bu qərara əsasən, fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi geri qaytarılır. Artıq proses davam edir.

Prezidentin tapşırığına əsasən, aprelin 30-da daha vacib bir adım atıldı. Belə ki, Tarif Şurasının qərarı ilə mayın 1-dən təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1700 kubmetrdən 2200 kubmetrə qaldırıldı.

Maraqlıdır, bundan sora daha hansı vacib məsələlərin həllinə ehtiyac var? Gündəlikdə ilk sıralarda dayanan problemlər hansılardır? İqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a açıqlamasında mövzunu şərh edib.

R.Həsənov problemli kreditlərlə bağlı danışarkən bu istiqamətdə həllini tapmayan məsələyə toxunub: "Bu gün ən çox müzakirə olunan məsələlərdən biri 10 min ABŞ dollarından yuxarı olan kreditlərlə bağlıdır. Görünür ki, artıq hüquqi şəxslərlə bağlı müəyyən təkliflər paketi hazırlanır. Eyni zamanda, 10 min ABŞ dollarından yuxarı borcu olan fiziki şəxslərin problemləri də mütləq öz həllini tapmalıdır".

"Bu proqramlar dövlət vəsaiti hesabına həyata keçirildiyi üçün hər bir vətəndaşın bu imkanlardan yararlanmaq hüququ var. Çünki onun ödədiyi vergi əsasında formalaşmış büdcənin digər başqa istiqamətlərə yönəlməsi, həmin şəxslərin isə bundan kənarda qalması doğru deyil" - o bildirib.

Ekspertin fikrincə, uşaqpulu məsələsi bu gün ən ciddi problemlərdən biridir: "Ölkədə, təxminən 270 minə yaxın uşaq hansısa formada müavinət ala bilir. Lakin bu göstəricilər kifayət qədər kiçikdir. İl ərzində bu istiqamətdə dövlətin xərci cəmi 70 milyon manatdır. Elə istiqamətlər var ki, orada aylıq müavinətin orta göstəricisi 13 manat 40 qəpikdir. Faktiki olaraq bu gün Azərbaycanda demoqrafik və sosial siyasətin kombinasiyası fonunda daha effektiv sosial müdafiə mexanizmləri formalaşdırılmalıdır".

R.Həsənov icbari tibbi sığorta ilə bağlı atılacaq addımlardan da söz açıb: "Növbəti ildən icbari tibbi sığortanın tətbiqinə başlanılacaq. İcbari tibbi sığortada işləməyən vətəndaşlar üçün nəzərdə tutulan ödənişlərin müəyyən bir qisminə görə dövlət dəstəyi mexanizmi formalaşmalıdır. Təbii ki, burda da bəzi məqamlar nəzərdə tutulub".

"Təkmil icbari tibbi sığorta mexanizmi və səhiyyə sisteminin qurulması son nəticədə dövlət büdcəsində əhəmiyyətli dərəcədə vəsaitlərin qənaətinə şərait yarada bilər. Bu vəsaitlər son nəticədə icbari tibbi sığorta prosesinin maliyyələşməsi ilə işləməyən vətəndaşların tibbi sığorta ödənişlərinə yönəldilməklə əhalinin səhiyyəyə çıxış imkanlarını genişləndirməyə səbəb ola bilər" - deyə ekspert əlavə edib.

Həmsöhbətimiz hələlik görülən işləri tam qənaətbəxş hesab etmir: "Minimum əmək haqqı 180 manatadək artırıldı. Minimum əmək haqqının "2020 gələcəyə baxış inkişaf konsepsiyasında" hədəf olaraq orta aylıq əmək haqqının 60 faiz göstəricisinədək artırılması nəzərdə tutulurdu. Dünyada da bu göstərici, təxminən belə - 60 faiz civarında qərarlaşıb. Layiqli əməyin təmin olunması baxımından bu, çox gözəl addım olardı".

"Lakin hazırda Azərbaycanda minimum əmək haqqı orta aylıq əmək haqqının 30 faizi civarındadır. Bundan başqa, minimum təqaüdlərin miqdarının yaşayış minimumu ilə eyniləşdirilməsi də əhəmiyyətlidir" - iqtisadçı vurğulayıb.

"Əmək bazarının leqallaşdırılması istiqamətində atılan addımlar dərinləşdirməlidir. Çünki faktiki olaraq bu gün yaradılmış yeni mexanizmlər belə, hansısa formada həm işçi, həm də işəgötürən üzərində yük formalaşdırır. Bu isə əmək bazarının leqallaşma sürətinə neqativ təsir edir. Artıq bugünkü dönəmdə hər 3 nəfərdən 2-sinin illeqal, yəni qeyri-qanuni şəkildə əmək bazarının iştirakçısı olması qınanılasıdır" - deyən R.Həsənov qənaətincə, bu kimi problemlər təxirəsalınmaz şəkildə həllini tapmalıdır.

5282
Teqlər:
İqtisadçı-ekspert Rəşad Həsənov, icbari sığorta, əmək haqqı, müavinət, borc, kredit, hüquqi şəxs, fiziki şəxs, prezident
Əlaqədar
Minimum əmək haqqı artırıldı
Azərbaycanda minimum əmək haqqı ilə bağlı bir ilk baş verib - Üç fərqli istiqamət
Minimum əməkhaqqı ilə bağlı sərəncam bu gündən qüvvəyə minir
Prezident: “Minimum əməkhaqqının, pensiyanın artırılması gündəlikdədir”

Qəhrəmanlıq tariximizin "Ağ atlı oğlan"ı - Tiqana

163
(Yenilənib 21:15 23.10.2020)
Cəbrayıl sakini: "Cəbrayıla ayaqyalın gedəcəyəm. Kol-kos bassın, vecimə də deyil. Qurban olum Qarabağın kol-kosuna".

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 23 oktyabr — Sputnik. Hər kəs onu "Tiqana" adı ilə tanıyırdı. 15 yaşında oyuncaq avtomatını odlu silahla əvəzləyən Tiqana, yəni Samir Əliyev Cəbrayıl ərazisinin dağ, meşə yollarını yaxşı tanıdığı üçün kəşfiyyatçılara bələdçilik edirdi. O, eyni zamanda texniki vasitələrin olmadığı bir zamanda döyüşən əsgər və zabitlərin səhra poçtalyonu idi. Ailələrə, yaxınlarından xəbər tuta bilməyənlərə xəbər gətirib-aparırdı. Anası Aminə Əliyeva onun döyüş şücaətlərindən Sputnik Azərbaycan-a danışıb: "Biz Cəbrayılın Qaracallı kəndindənik. 1993-cü il idi. Səhər oğlum, yoldaşım, mən və balaca qızımla səhər yeməyi yeyirdik. Ermənilər atan kimi Samir tələsik çıxdı. Ayaqqabısının birinin ipini bağladı, heç o birisini bağlamadan qaçdı. Ona əsgər paltarı vermişdilər. Dedim, getmə. Dedi "gedəcəm". Ermənilər başımızdan güllələr tökürdülər. Kəndin üstünü sanki qara buludlar örtdü. Bizi maşına doldurub Arpadərəyə apardılar. Oradan da Mahmudlu stansiyasına apardılar. Bir müddət qaldıq orada".

Samirin valideynləri onu gecə saatlarına qədər gözlədilər. Amma ondan heç bir səs-soraq çıxmadı: "Gecə də evə gəlmədi. Neçə yerə zəng elədik, Samirdən xəbər ala bilmədik. Sən demə, saat 22-23 radələrində ermənilər onu vurublar. Samiri qan aparıb. Ermənilər oğlumu götürməyə imkan verməyiblərmiş. Onu güc-bəla ilə güllələrin altından çıxarıb xəstəxanaya aparıblar. Amma xəstəxanada can vermişdi".

Samiri xəstəxanaya gətirəndə həkimə deyib, "qoyma ölüm, mən müharibəyə getmək istəyirəm". Amma xeyri olmamışdı, vəfat etmişdi. Aminə xanım deyir ki, Samir birinci dəfə ayağından yaralananda qonşusu onu döyüşmək fikrindən daşındırmaq istəsə də, buna müvəffəq ola bilmir: "Qonşumuz xəstəxanada işləyirdi. Onun nəşini qonşumuz tanımışdı. Əvvəl də yaralanmışdı, ayağı və qolu yaralanmışdı. Qonşumuz deyib, "Samir, evin bir oğlusan, get evə". O da deyib, "yox, dağda yaralılar var. Özü yaralı ola-ola 60 yaralı, 40 meyit çıxarıb. Bir meyit qalmışdı, onu çıxaranda erməni Samiri vurmuşdu. Şişqayada yaralanandan sonra bizimkilər çətinliklə də olsa, onu çıxara biliblər. Xəstəxanada canını tapşırmışdı".

Tiqananın ağ atı onun ölümünə dözməyib qəbrinin üstündə can verib: "Samir meşədən ağ at tapmışdı, ermənilər atın bir gözünə güllə vurub çıxarmışdılar. Samir ölən gün at onun qəbrinin üstündə fırlandı, elə onun qəbri üstündəcə can verdi. Yoldaşım o atı da orada basdırdı, gəldik".

Qəhrəmanımız danışır ki, oğlu öz öləcəyi günü bilirdi: "Bir gün Samir gəldi ki, "mənim albomumu, paltarımı apar, Mahmudluya qoy". Bir gün də gəldi ki, heyvanları çıxardın. Heyvanları Beyləqana göndərdik. O bilirdi, amma demirdi. Samir öldüyü günü bilirdi. Qonşumuza demişdi ki, Mirələmin ilində mən öləcəm. Mirələm qonşumuz idi, 1992-ci ildə şəhid olmuşdu. Erməni ona 30 güllə vurmuşdu. O qədər güclü idi ki, 29 güllə vurulmuşdu, ölməmişdi, 30-cu güllədə canını tapşırmışdı. Onu erməni vurduqca "Qarabağ bizimdir" deyib. Ermənilər onun meyitini özləri ilə götürmüşdülər, bizimkilərin xeyli mücadiləsindən sonra onun nəşini aldılar. Onun əsl adı Sahib idi, ermənilər onu Sahib deyə çağırırdılar, amma biz ona Mirələm deyirdik. Ermənilər sonradan dedilər ki, bilsəydik, o, Sahibdir, verməzdik".

Oğlunun ölümündən bixəbər ana o anları danışdıqca göz yaşlarına hakim ola bilmədi. Aminə xanım tezliklə oğlunun məzarını görmək, ziyarət etmək arzusundadır: "Mənim heç nədən xəbərim yox idi. Hamı yığılmışdı Mahmudluya. Bir nəfər gəldi, baldızımı çağırdı, nəsə dedi. Baxdım ki, baldızımın rəngi sapsarı saraldı. Getdim yanına, dedim, "nə olub?" Heç nə demədi. Əlimi atdım üzümə, saçımı, başımı yoldum, dedim, "Samir ölüb". Elə bil, ürəyimə dammışdı. Ondan sonra camaat qarışdı bir-birinə. Oğlumu gətirib Mahmudlu stansiyasında dəfn etdik. 3 gündən sonra orada da atışma başladı, qaçdıq Beyləqana".

"Bir neçə gün Beyləqanda qalandan sonra gəldik Mahmudluya, hələ onda işğal olunmamışdı. Amma atışma davam edirdi. Gəldik, gördük, qəbrin bir tərəfi çöküb. Getdik İcra Hakimiyyətinə dedik, onlar da dedilər ki, sabah bir maşın, bir neçə kisə sement verərik, əsgərlərlə birlikdə qəbri düzəldərsiniz. Gəldik Beyləqana ki, səhər gedib qəbri düzəltdirərik. Səhər eşitdik ki, camaat İrana qaçıb. Qəbir elə qaldı orada. Beyləqanda bir müddət yaşadıqdan sonra Bakıya gəldik. Qızım bu hadisələrdən qorxub sarılıq xəstəliyinə tutuldu. Bir müddət yaşıllaşdırma idarəsində ərimlə mən az məvaciblə işləməyə başladıq. Sonra evlərdə qulluqçu işlədim".

© Sputnik / Shahperi Abbasova
Samir Əliyevin anası Aminə Əliyeva

Hər kəsin sevgisini qazanan Tiqana haqqında məqalələr, kitablar yazılıb, sənədli filmlər çəkilib: "15 yaşında könüllü getdi. Əvvəllər su, patron daşıyırdı. Sonradan digər döyüş yoldaşları kimi o da vuruşdu. Bir gün Şəmistan Əlizamanlı kəndə gəlmişdi. Kəndin ayağında bunu görür, istəyir, onunla görüşsün, bu qaçır dağa. Gedib əsgərlərə xəbər verir ki, Şəmistan gəlib. Şəmistan deyib ki, "mən onu dərədə gördüm, bu buraya haradan gəlib çatdı?" Samir o qədər cəld, qoçaq uşaq idi ki, heç nə gözünü qorxutmurdu. "Ağ atlı oğlan" filmi ona həsr olunub. Hər dəfə o filmə baxanda pis oluram, həm də fəxr edirəm".

Ona "Tiqana" ləqəbinin verilməsinin səbəbi barədə də danışdı şəhid anası: "Bəzən gecənin bir aləmi gəlirdi evə, rayondan kəndə. Ona o qədər deyirdik ki, "uşaqsan, getmə", amma bizi dinləmirdi. Onun qoçaqlığına və qara olduğuna görə Elmidar adlı həmkəndlimiz ona "Tiqana" ləqəbi qoymuşu. Fransız futbolçusu Jan Tiqanaya oxşayırdı, həm də çox yaxşı futbolçu idi Samir. Ona görə "Tiqana" deyirdilər. Rəhmətlik Həsən Turabov da çox istəyirdi onu".

Aminə nənə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində strateji cəhətdən əhəmiyyətli olan bir neçə nöqtələri, eləcə də bir neçə kəndimizin işğaldan azad olunması xəbərinə hədsiz sevinib: "Sevincdən az qala dəli olacaqdım. Kəndimiz Qaracallıya ayaqyalın gedəcəyəm. Deyirlər, "ayaqlarına kol batacaq, hər yer kol-kosdur". Deyirəm, "qoy batsın, vecimə də deyil. Qurban olum kəndimin kol-kosuna". Oralar cənnət idi. Torpaqları bərəkətli idi. O qədər gözəl, dadlı meyvələr yetişirdi ki, heç burada o meyvələr yoxdur, dadı o dad deyil. Ağzımızın dadı da gedib. Torpaqlar alınsın, hər şeyi burada qoyub gedəcəm. Heç nədə gözüm yoxdur. Necə ki, Bakıya gələndə 1 stəkan da gətirməmişdim, eləcə də Cəbrayıla qayıdacam. Gedəcəm, əkib-becərəcəm, toyuq-cücə saxlayıb özümü dolandıracam".

"Həyat yoldaşım Qarabağ deyə-deyə dünyadan köçdü. Onu burada dəfn eləmişik. Amma söz vermişəm, onun nəşini də burada saxlamayacam, aparıb kəndimizdə dəfn edəcəyəm. Köhnə xəstəxana təmir olunmuşdu. Orada yaşı mindən artıq olan çinar ağacı var idi, onun üstündə çayxana var idi, ikimərtəbəli idi, altında bulaq var idi. Bir möcüzə idi. Yoldaşım həmin restoranda aşpaz işləyirdi. Ermənilərin o ağacı məhv etdiyini eşidəndə yoldaşım heç dözmürdü", - deyə Aminə nənə əlavə edib.

Həmsöhbətimiz Cəbrayıl rayonunun gözəlliklərindən danışdı: "Xarı-bülbül Şuşada bitir deyirlər. Amma bizim kəndin hər tərəfində xarı-bülbül bitirdi. O qədər ağac var idi ki, evlər görünmürdü. Həyətimiz dolu idi meyvə ağacları ilə. Həyətimizdə narla əncir ağacının ortasında mis, alüminium, tunc qazanlarımı, şüşə çayniklərimi, samovarlarımı basdırmışam. Qismət olsun, torpaqlarımız azad olunsun, minalardan təmizlənsin, gedib qazım çıxarım onları. İnşallah, ermənilər o qabları tapmazlar. Oranı bu dəqiqə getsəm, taparam. Erməni atırdı, bilirdik ki, gec-tez gedəcəyik".

163
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Artıq qaçqın deyilik – Zəngilanlılar yurdlarına dönəcəkləri günü gözləyirlər - VİDEO
Cəbrayıllı alim: "Kəndimizi atəşə tutan Hadrut azad olunanda sevincim yerə-göyə sığmadı"
İyirmi yeddi il son ümidini sandıqda qoruyan köçkün: Daha dövlətə yük olmaq istəmirik
Bir igid ömrü torpağını gözləyənlər: "Ermənilər özləri orada yaşamağa ürək eləmirlər"
Qarabağa yol göründü: "Dişimlə-dırnağımla evimi tikərəm..." - FOTO

Operativ Qərargah vətəndaşlara müraciət etdi

32
2020-ci il 24 oktyabr saat 00:00-dan Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala rayonlarına və Mingəçevir şəhərinə operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, eləcə də yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla giriş-çıxış dayandırılır.

BAKI, 23 oktyabr - Sputnik. Nazirlər Kabineti yanında Operativ Qərargah karantin qaydalarının yenidən sərtləşdirilməsi ilə bağlı vətəndaşlara müraciət edib.

Sputnik Azərbaycan xəbər verir ki, müraciətdə deyilir:

"Hazırda dünya ölkələri üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmada artım müşahidə olunmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, bu günədək dünyada 42 milyondan çox şəxs COVID-19 infeksiyasına yoluxub, 1 milyondan çox insan isə bu xəstəlikdən vəfat edib.

Vətəndaşlarımızı COVID-19 virusu ilə mübarizə sahəsində mövcud karantin tələblərinə riayət etməyə, eləcə də qoruyucu maskalardan və digər zəruri tibbi-profilaktik vasitələrdən istifadə etməyə, ictimai yerlərdə kənar şəxslərlə minimum kontaktda olmağa çağırırıq".

Xatırladaq ki, ölkədə karantin qaydaları yenidən sərtləşdirilib. 2020-ci il 24 oktyabr saat 00:00-dan Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala rayonlarına və Mingəçevir şəhərinə operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, eləcə də yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla giriş-çıxış dayandırılır.

32

Cəbhəyanı bölgələrdə 175 partlamamış sursat, mərmi qalıqları dronlar zərərsizləşdirilib

0
Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 9 714 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

BAKI, 24 oktyabr - Sputnik. 23 oktyabr tarixində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Bərdə, Beyləqan, Füzuli, Goranboy, Naftalan və Tərtər rayonları ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən – 38 (otuz səkkiz) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 2 (iki) müraciət daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, daxil olmuş 40 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Arazbar, Böyük Kəhrizli, Hacılar, Qaradolaq, Yeni Qaradolaq, Yuxarı Qiyaməddinli kəndləri, Ağdam rayonunun Bəybabalar, Çəmənli, Mahrızlı kəndləri, Bərdə rayonunun Xantorpaq, Əlyanlı kəndləri, Beyləqan rayonunda “Mayak” adlanan əraziyə, Füzuli rayonunun Alxanlı, Böyük Bəhmənli kəndləri və Horadiz şəhəri, Goranboy rayonunun Tapqaraqoyunlu, Şəfəq, Səfibəyli, Hacalı kəndləri, Naftalan rayonunun Qaşaltı kəndi, Tərtər rayonunun Borsunlu, Yuxarı Sarıcalı kəndləri, Qızıloba qəsəbəsi, V.Orucov, H.Hacıyev, V.Hüseynov küçələrinə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 33 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılan əməliyyat-axtarış tədbirləri zamanı 175 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator və 35 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 1 ədəd raket, 1 ədəd 9N235 bombacığı və 2 ədəd dron zərərsizləşdirilib, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 9 714 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə