CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkəyə gələn turistlər hotelləri seçmirlər - SƏBƏB

CC0 / davidlee770924 / HotelBoş mehmanxana otağı, arxiv şəkli
Boş mehmanxana otağı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Azərbaycana gələn turistlərin bir qismi mehmanxanalar yerinə evlərdə qalmağa üstünlük verirlər"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 14 may — Sputnik. Bu ilin yanvar-mart aylarında Azərbaycanda mehmanxanaların birdəfəlik tutumundan istifadə səviyyəsinin ölkə üzrə orta göstəricisi 15,7% təşkil edib. Yəni ölkə üzrə mehmanxanalarda yerlərin 84,3%-i boş qalıb. "Marja" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici Naftalanda 42,6%, Şəmkirdə 38,2%, Beyləqanda 27,8%, Bakıda 27,7%, Qusarda 22,8%, Naxçıvanda 21,5%, Qəbələdə 20,7%, Şirvanda 16,3%, digər şəhər və rayonlarda isə orta ölkə göstəricisindən aşağı olub.

Məsələ ilə bağlı Regional İnkişaf Mərkəzinin sədri, professor Çingiz İsmayılov Sputnik Azərbaycan-a deyib ki, yalnız Sovet dövründə bütün göstəricilər daim yüksəlirdi: "Bu gün qonşu dövlətlərdə, iqlimdə, siyasi münasibətlərdə vəziyyətin dəyişməsi turist axınlarının sayının, istiqamətinin dəyişməsinə səbəb olur. Bu, təbii bir prosesdir, azala və ya çoxala bilər. Ancaq mehmanxanalarda yerlərin boş qalmasına təsir edən amillər də var. Burada dünyada iqtisadi böhranın davam etməsi, rəqabət və digər faktorlar mövcuddur".

Самир Дюбенди - Sputnik Azərbaycan
Turizmin inkişafı üçün hansı imtiyazlar tətbiq edilməlidir - Samir Dübəndi danışır

Ekspert bildirib ki, Azərbaycana gələn turistlərin bir qismi mehmanxanaların yerinə evlərdə qalmağa üstünlük verirlər: "Şəxsi evlər günə 15-20 manata, mehmanxana isə 80 dollardan 400 dollaradək yer təklif edir. Gələn turistlərin maddi durumu fərqlidir, zəngin şəxslər bahalı mehmanxanalarda qalırlar. Vizual müşahidələr göstərir ki, Azərbaycana gələn turistlərin böyük əksəriyyəti orta iqtisadi duruma malikdirlər. Onlar bahalı mehmanxanalarda yox, daha ucuz evlərdə, hostellərdə qalmağa üstünlük verirlər".

İsmayılovun fikrincə, xidmətin keyfiyyəti, qiymətlər, qonşu ölkələrlə rəqabət və s. ilə bağlı hərtərəfli təhlil aparılmalıdır. Ancaq göstəricilərin dəyişməsi təbii haldır, azala və ya çoxala bilər. Bu, bazar iqtisadiyyatının qanunudur. Amma hər bir sahə göstəricilərin yüksəlməsində maraqlıdır.

Qış və payız fəslində bahalı mehmanxanaların boş olduğunu vurğulayan ekspert, bunun dünyada və ölkəmizdə ümumi bir trend olduğunu deyib: "Qiymətlərin tələblərə uyğun olmaması yerlərin boş qalmasına gətirib çıxardır. Bazar, gələn turistlərin iqtisadi durumuna reaksiya verməlidir, tələblərə uyğun mehmanxanalar olmalıdır. Bazar iqtisadiyyatı şəraitində hər yerdə ancaq 4-5 ulduzlu mehmanxana olsa, təbii ki, onlar dolmayacaq. Üçulduzlu mehmanxanalar, motellər inşa edilsə, vəziyyətin müsbətə doğru dəyişəcəyini görmək olar. Bazar tələbata adekvat cavab verməlidir".

Miqrasiya və turizm üzrə ekspert Azər Allahverənov da Sputnik Azərbaycan-a deyib ki, ölkəyə gələn turistlərin sayı azalıb, amma aidiyyəti strukturlar turist axınını şərtləndirmək üçün bir çox tədbirlər həyata keçirir. Mehmanxanalarda yerlərin boş qalmasının digər səbəbi qiymətlərlə bağlıdır. Bölgələrdəki mehmanxanalarda isə qiymətlərə yenidən baxılmalıdır:

На территории Международного аэропорта Гейдар Алиев местных жителей и туристов будет обслуживать только одна компания такси - ООО Bakı Taksi Xidməti - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ölkəyə gələn turistlərin 60 faizi bu taksilərlə daşınıb

"Bəzi hallarda qiymətlər təklif olunan xidmətlərə adekvat deyil, yəni hansısa istirahət zonasında təklif olunan qiymətlər xaricdəki beşulduzlu mehmanxanada təklif olunan qiymətlərlə eynidir. Turist axınını təmin etmək üçün həyata keçirilən tədbirlərlə yanaşı, bölgələrdəki mehmanxanalarda qiymətlərə yenidən baxılmalıdır" deyən ekspertin sözlərinə görə, bu gün bir ailənin ölkə daxilində səfər etməsi üçün tələb olunan vəsaitlə Gürcüstana və ya Türkiyəyə də getmək olar.

"Qaldığımız istirahət zonalarında böyük məbləğdə vəsait tələb olunur, amma xidmət də o səviyyədə olmur. Bəzən isə istirahət zonasında eyni xidmət yerli əhaliyə bir qiymətə, əcnəbiyə isə başqa bir qiymətə təklif olunur. Axı əcnəbilər bunu görürlər və bu, xoşagələn deyil. Bu yanaşma dəyişməlidir. Bəzi ölkələrdə hətta əcnəbilər üçün müxtəlif bonus kampaniyaları keçirilir" - deyə Allahverənov bildirib.

Qeyd edək ki, 2018-ci ildə Azərbaycanda mehmanxanaların birdəfəlik tutumundan istifadə səviyyəsinin ölkə üzrə orta göstəricisi 21,4% (2017-ci ildə isə 17,1%) təşkil edib. Müqayisə üçün deyək ki, ötən il Türkiyədə mehmanxanalarda doluluq nisbəti 63,7% olub.

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2019-cu ilin yanvar-mart aylarında Azərbaycana dünyanın 157 ölkəsindən 610,8 min və ya 2018-ci ilin yanvar-mart ayları ilə müqayisədə 2,9% az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 28% Gürcüstan, 27,4% Rusiya, 11,3% Türkiyə, 9,2% İran, 3,5% Birləşmiş Ərəb Əmirlikləri, 1,8% Ukrayna, 1,7% Hindistan, 1,4% İraq, 15,6% digər ölkələrin vətəndaşları, 0,1% isə vətəndaşlığı olmayan şəxslər olub.

Xəbər lenti
0