I-ci qrup əlil Elşad Məmmədov

Azərbaycanda heyrətamiz taksi sürücüsü: Ayaqları işləmir, pedalları əllə idarə edir

16383
(Yenilənib 17:04 01.05.2019)
Elşad Məmmədov: "Maşın mənim həyatımdır, ana balasız qala bilmədiyi kimi mən də maşınsız qala bilmərəm"

İham Mustafa, Sputnik Azərbaycan

BAKI, 4 may – Sputnik. İnsanlar çox vaxt sahib olduqları şeylərin dəyərini bilmir, problemlər qarşısında tez ruhdan düşərək geri çəkilirlər. Lakin elə insanlar var ki, ən böyük sərvət olan sağlamlıqlarını itirsələr belə, bütün çətinliklərə sinə gərərək həyata bağlanmağı bacarırlar.

I-ci qrup əlil Elşad Məmmədov
© Sputnik / Ilham Mustafa
I-ci qrup əlil Elşad Məmmədov

Goranboy rayon Nərimanlı kənd sakini I qrup əlil Elşad Məmmədov da belə insanlardandır. O, 15 il əvvəl hər iki ayağından məhrum olsa da, ruhdan düşməyərək gəncliyindən məşğul olduğu sürücülük peşəsini davam etdirib.

Avtomobili idarə edə bilmək üçün pedalları əllə idarə ediləcək şəklə salaraq taksi fəaliyyəti ilə məşğul olan E.Məmmədov avtomobili sağlam sürücülər kimi idarə edir. Bu yolla həyatına rəng qatmaqla yanaşı ailəsinin dolanışığını təmin edir. O, hətta avtomobildə əksər təmir işlərini də özü aparır.

I-ci qrup əlil Elşad Məmmədov
© Sputnik / Ilham Mustafa
I-ci qrup əlil Elşad Məmmədov

Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində, 57 yaşlı Elşad Məmmədov hər şeyin heç də indi göründüyü kimi asan başa gəlmədiyini söyləyib. 1989-cu ildən səhhətində problemlər başlayan Goranboy sakini bütün müalicələrə baxmayaraq, 2004-cü ildə hər iki ayağını itirməli olub.

E.Məmmədova ayaqlarını itirmək çox pis təsir edib, hər an ölüm haqda fikirləşib: "Ölümü fikrimdən çıxara bilmirdim. Elə hey fikirləşirdim ki, bu gün öləcəm, sabah öləcəm. Sağ qalmağıma inamım yox idi".

"Sonradan qərara gəldim ki, maşın alım. Maşını aldıqdan sonra onda öz ideyamla əllə idarə etmək üçün düzəlişlər etdim. Yavaş-yavaş bu maşının köməyi ilə bütün problemlərimi yaddan çıxardım. İndi sükan arxasında oturanda özümü sağlam adam kimi hiss edirəm" - həmsöhbətimiz bildirib.

Dediyinə görə, hazırda avtomobili onunçün yaşam səbəbi, həyat mənbəydir: "Maşın mənim həyatımdır. Ana balasız qala bilmədiyi kimi mən də maşınsız qala bilmərəm. Axşamdan hiss edəndə ki, maşında nasazlıq var, həmin gün gözümə yuxu getmir. Sabah olan kimi çayımı içməmiş başlayıram nasazlığını düzəltməyə. Ona görə də 2004-cü ildən sürsəm də, məni yolda qoymayıb, 1 dəfə olsun benzini qurtarmayıb, təkəri belə, buraxmayıb".

Tək narahatlığının yol hərəkəti qaydalarını bilməyən, sürücülük mədəniyyəti olmayan sürücülər olduğunu deyən E.Məmmədovun müştəriləri də kifayət qədərdir. Qazaxdan tutmuş Şirvanadək bütün ətraf rayonlara hər gün müştəri aparan Goranboy sakini müştərilərin sağlam sürücülərdən daha çox ona etibar etdiklərini bildirib.

Elşad Məmmədovun istəyi fiziki məhdudiyyətli şəxslər üçün hazırlanmış avtomobilə sahib olmaqdır. 1985-ci il istehsalı olan "dəmir" dostunun artıq köhnəldiyindən, bir müddət öncə əlillər üçün nəzərdə tutulmuş avtomobil almaq üçün müraciət edib. Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinindən ona avtomobillərin yalnız Qarabağ və Böyük Vətən Müharibəsi əlillərinə verildiyi bildirilib.

16383
Teqlər:
Goranboy, ayaq, əl, insan, maşın, avtomobil, sürücü, taksi
Əlaqədar
Taksidə siqaret çəkmək mümkün olmayacaq – Fərman imzalandı
"London" taksisinin qadın sürücüsü: “Kişi kollektivində çalışmaq möhtəşəm hissdir”
Taksidə siqaret çəkməyə görə cərimələr necə müəyyən ediləcək - ekspert şərh edir
Ölkəyə gələn turistlərin 60 faizi bu taksilərlə daşınıb

Topçu Vüsal məsələsində son nöqtə qoyuldu - "Məqsədimiz..."

11
"Az-Granata" MMC-nin PR meneceri: "Bu şəkilin seçilməsində məqsəd Azərbaycan Ordusunun mərdliyini, cəsarətini nümayiş etdirmək idi".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 30 noyabr — Sputnik. Vətən müharibəsinin qəhrəmanlarından olan topçu Vüsal Şahkərimovu məşhurlaşdıran fotonun spirtli içki şüşəsinin üzərinə vurulması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. İctimaiyyətdə qəhrəman topçunun şəklinin spirtli içki şüşəsində əks olunması geniş narazılığa səbəb olub. Əsgərin atası İslam Şahkərimov bildirib ki, şərab istehsalçılarına şifahi şəkildə razılıq verib: "Bir az əvvəl həmin adamlar yenə mənə zəng etmişdilər. Dedilər ki, Vüsal özü bu məsələyə nə deyir, əsas odur. Mən də belə düşünürəm ki, razılıq verməklə səhv etmişəm. Görürəm ki, camaatdan da xeyli narazılıq var. Elə az əvvəl Vüsalla da danışdım. Dedi ki, fotomun içki şüşəsinin üstünə vurulmasına etiraz edirəm".

"Az-Granata" MMC-nin PR meneceri Ülvi Günəşli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, artıq topçu Vüsal Şahkərimovla bağlı məsələ bağlanıb: "Qeyd edim ki, üzərində topçu Vüsal Şahkərimovun şəkli olan spirtli içki istehsala verilməmişdi. Sadəcə olaraq bu barədə məlumat paylaşılmışdı. "Az-Granata" MMC Vüsalın valideyni ilə danışaraq həm şifahi, həmçinin də rəsmi razılığını almışdı. Sadəcə olaraq bu məsələdə ictimaiyyətin fikrini nəzərə aldıq. Həmçinin topçumuz özü də şəklinin spirtli içki şüşəsində olmasına razı olmayıb. Biz də bütün bunları nəzərə alaraq bu məsələni qapatdıq".

Ü.Günəşli iddia edir ki, əslində bu məsələdə şirkətin məqsədi tamamilə başqa olub: "Bizim fikrimiz ictimaiyyətə düzgün çatdırılmadı. Şirkətimiz Vüsalın şəklinin vurulduğu kitabların çapına da sponsorluq etmək niyyətində idi. Bizim qədim tarixi adları daşıyan məhsullarımız var. Həmin məhsullar gələn qonaqlara təqdim edildikdə tariximizlə bağlı məlumatlar da verilir. Bizim üzərində topçu olan spirtli içkini bir dəfə istehsal etmək fikrimiz vardı. Bu şəkilin seçilməsində məqsəd Azərbaycan Ordusunun mərdliyini, cəsarətini nümayiş etdirmək idi".

Qeyd edək ki, əslən Xaçmaz rayonundan olan 19 yaşlı topçu Vüsal Şahkərimov Vətən müharibəsinin minlərlə qəhrəmanından biridir.

11

Azərbaycanda minaların partlaması nəticəsində 535 mülki şəxs ölüb

4
Əhmədov qeyd edib ki, Agentlik tərəfindən vətəndaşların təhlükəli, naməlum əşyalara, hərbi sursatlara və qurğulara toxunmamaları ilə bağlı maarifləndirmə işləri aparılır.

BAKI, 30 noyabr — Sputnik. 1999-2020-ci illər ərzində Azərbaycanda minaların partlaması nəticəsində 535 nəfər mülki şəxs həlak olub, 2418 nəfər yaralanıb.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov deyib.

O qeyd edib ki, Agentlik tərəfindən vətəndaşların təhlükəli, naməlum əşyalara, hərbi sursatlara və qurğulara toxunmamaları ilə bağlı maarifləndirmə işləri aparılır.

Q.Əhmədov qeyd edib ki, bununla bağlı vətəndaşların rayon polis idarəsinə və icra hakimiyyətinə məlumat vermələri xahiş olunur.

4